ABŞ
senatorları Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzində olublar
Azərbaycanda səfərə gələn ABŞ senatorlarından ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.
Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Yuta ştatının senatoru, Ştat Senatında azlıq fraksiyasının sədri Cin Deyvis, Vaşinqton ştat senatoru, Ştat Senatının sədr müavini Pamela Rouç, Alyaska ştatı nümayəndələr palatasının üzvü, palata təhsil komitəsinin sədri Ves Keller, Havay ştatının senatoru, Senatın çoxluq fraksiyasının sədri Kalanin İnqliş, Arizona senatorları Don Şuter və Karlayi Biqeyin təmsil olunduğu nümayəndə heyətini salamlayaraq onları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu ifadə edib.
Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu və tolerantlıq ənənələrindən söz açaraq deyib: “Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Multikulturalizm Azərbaycanda tarixən olub və bu gün də var. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Bu gün Portuqaliyadan İndoneziyaya qədər ən müxtəlif ölkələrin universitetlərində, intellektual dairələrində və ictimai-siyasi qurumlarında Azərbaycan dəyərləri müzakirə edilir”.
Dövlət müşaviri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə yaradılan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və BBMM-in fəaliyyətindən danışıb. O deyib: “Dövlət müşaviri xidməti ölkəmizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatı, dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi, Azərbaycan multikulturalizminin dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün ardıcıl ideoloji-siyasi, həmçinin praktik fəaliyyət göstərməklə məşğuldur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi isə ikiillik müddət ərzində ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin həyata keçirilməsi, beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Multikulturalizm terrora qarşı”, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsis olunması, ölkənin 28, dünyanın 20 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, multikulturalizmlə bağlı kitabların hazırlanması və nəşri kimi önəmli layihələr həyata keçirib”.
Don Şuter çıxışında İpək yolunun üzərində yerləşən Azərbaycanda tarixən müxtəlif xalqların qaynayıb-qarışıb dostluq şəraitində yaşadığını təqdirəlayiq fakt kimi qeyd edib. ABŞ-da da multikultural dəyərlərin mövcud olduğunu və yüzlərlə xalqın birgə yaşadığını vurğulayan senator dünyada sülhün bərqərar olması üçün multikulturalizmin qorunmasının vacibliyini deyib. Azərbaycanda üçüncü dəfə olduğunu deyən Don Şuter hər səfərində ölkədə yeni inkişaf meyillərini müşahidə etdiyini diqqətə çatdırıb. Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən işləri təqdir edən senator bu istiqamətdə gələcək əməkdaşlıqların mümkünlüyünü də bildirib.
Pamela Rouç multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycanda yaşayan bütün xalqların bərabər hüquqlara malik olmasının diqqətəlayiq fakt kimi dəyərləndirərək deyib: “Bizi birləşdirən dəyərlər azadlıqlarımız, bərabər hüquqlarımızdır. Multikulturalizmin mahiyyəti də bizi fərqləndirən dəyərlərlə birləşməyimizdir. Mən bunu Azərbaycanda görməkdən çox məmnun oldum. Bildiyimə görə, burada dünya xəritəsində yalnız Azərbaycanda yaşayan bir neçə xalq məskunlaşıb, onlar öz dillərində danışırlar, burada etnik azlıqlar öz dillərində təhsil almaq imkanına malikdirlər. Amerika ilə müqayisədə götürsək, orada yalnız ingilis dilində təhsil verilir, etnik azlıqların dilində təhsil məsələsi hələ də həllini tapmayıb. Bu baxımdan Azərbaycanın multikulturalizm təcrübəsi alqışalayiqdir”. Senator gələcəkdə bu istiqamətdə əməkdaşlıqların hər iki ölkə üçün faydalı olacağına inandığını söyləyib.
Ves Keller Azərbaycanın tarixi, multikultural ənənələri və inkişaf mərhələləri ilə bağlı geniş məlumat verdiyinə görə Dövlət müşavirinə dərin minnətdarlığını ifadə edib. Senator bildirib ki, dünya ölkələri mənasız rəqabət aparmaqdansa, bir-birilərini dəstəkləsələr, bir-birilərinin dəyər anlayışlarına qarşılıqlı hörmətlə yanaşsalar sülhün, əmin-amanlığın qorunmasına böyük töhfələr verə bilərlər.
Səmimi şəraitdə davam
edən görüşdə hər iki
ölkənin multikulturalizm təcrübəsinin
qarşılıqlı mübadiləsi məsələləri
müzakirə edilib. Qonaqlara
BBMM-in nəşrləri hədiyyə olunub.
Azərbaycan.-2016.- 30 sentyabr.- S.8.