Azərbaycanda referendum azad, ədalətli və şəffaf
keçirildi
Bunu ümumxalq səsverməsinə dair beynəlxalq
müşahidəçilərin verdikləri müsbət rəylər
bir daha təsdiqlədi
Azərbaycanda keçirilən hər bir seçki
müstəqil dövlətimizin seçki təcrübəsində
mühüm irəliləyişlərlə yadda qalır. 1993-cü ilin
iyun ayından etibarən ölkəmizdə keçirilən
prezident, parlament, bələdiyyə seçkiləri, o
cümlədən referendumlar Azərbaycan Respublikasında
seçki praktikasının təkmilləşdirilməsi
baxımından da böyük əhəmiyyət kəsb
edir. Bu sahədə
qazandığımız nailiyyətlər əməkdaşlıq
münasibətlərini getdikcə inkişaf etdirdiyimiz
aparıcı dövlətlərdə, dünyanın ən
nüfuzlu beynəlxalq təşkilatlarında da rəğbətlə
qarşılanır.
Sentyabrın 26-da Azərbaycan Respublikasının
Konstitusiyasına əlavə və dəyişikliklər
edilməsi məqsədilə ümumxalq referendumu da azad,
demokratik və şəffaf şəraitdə
yekunlaşdı. Səsverənlərin yüksək fəallığı
ilə müşayiət olunan bu seçkilər, eyni zamanda
ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ
açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində
mühüm rol oynayacaq.
Ölkə vətəndaşları
Konstitusiya islahatlarına müsbət münasibət bildirdilər
Konstitusiyanın daha da təkmilləşdirilməsinə
və müasirləşdirilməsinə xidmət edən əlavə
və dəyişikliklərə ölkə vətəndaşları
müsbət münasibət bildirdilər. Əsas Qanunun
23 maddəsində dəyişikliyin, həmçinin 6 yeni
maddənin əlavə edilməsi çox mütərəqqi
addım oldu. Bu dəyişikliklər bir
sıra reallıqlarla şərtlənir. İnkişaf
etmiş dövlətlərin də təcrübəsi
göstərir ki, Konstitusiya ali qanun kimi
uzunmüddətli qüvvədə olması nəzərdə
tutulan, məzmun sabitliyi ilə səciyyələnən əsas
normativ-hüquqi aktdır. Bununla belə,
Konstitusiyanın ümumxalq referendumu ilə qəbul
olunması və sabitliyi onun daimi dəyişməzliyi
anlamına da gəlmir. Konstitusiya qəbul
olunduğu andan onun tənzimləmə predmetini təşkil
edən ictimai münasibətlərin inkişafı, sosial,
iqtisadi və siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin
baş verməsi Əsas Qanuna müvafiq dəyişiklik və
əlavələri zərurətə çevirir. Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin təmin olunması, ölkədə məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsi, Azərbaycan
Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin
daha da təkmilləşdirilməsi ilə bağlı
müddəaların Azərbaycan Konstitusiyasında təsbit
edilməsi məqsədilə hələ 24 avqust 2002-ci il və
18 mart 2009-cu il tarixlərində ümumxalq referendumunun
keçirilməsi də məhz dövrün reallıqları
ilə şərtlənmişdir. Son dərəcə
mütərəqqi xarakter daşıyan bu əlavə və
dəyişikliklər ölkədə insan hüquq və
azadlıqlarının daha yüksək səviyyədə təmini
məqsədinə xidmət etmiş, demokratikləşmə
prosesinə yeni nəfəs vermişdir.
26 sentyabrda Konstitusiyaya edilən əlavə və dəyişikliklər
də mütərəqqi xarakter daşıyır. İnsan hüquq və
azadlıqlarından sahibkarlıq fəaliyyətinə,
qanunverici hakimiyyətdən ali icra
strukturunda yeni yüksək postun yaranmasınadək
çoxsaylı sahələrə aid əlavə və dəyişikliklər
ölkəmizdə inkişafın davamlılığına
təminat yaradacaq. Əsas Qanunda edilən dəyişikliklərin
başlıca hədəfi dövlət idarəetmə
sistemini daha da təkmilləşdirmək, mərkəzi icra
hakimiyyətinin səmərəli fəaliyyətini təmin
etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni
çevik və effektiv idarəetmə mexanizmi
formalaşdırmaqdır.
Konstitusiya islahatının mütərəqqi xarakter
daşıdığı, beynəlxalq hüquq normalarına
tamamilə uyğun olduğu, insan və vətəndaş
hüquq, azadlıqlarının təminatına yönəldiyi
ilk baxışda qabarıq görünür. Əsas Qanunda
23 dəyişikliyin 16-sının, yəni dörddən
üçünün sırf insan hüquq və
azadlıqlarının qorunması ilə əlaqədar
olması deyilənlərə əyani misaldır.
Mərkəzi
Seçki Komissiyasının (MSK) sentyabrın 26-da
keçirilən referendumun ilkin yekunları ilə
bağlı elan etdiyi nəticələrə əsasən dəyişikliklərə
rəy verənlər 91,2 faiz, seçici fəallığı
isə 69,7 faiz olub. Referendum günü səsvermənin
gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB
Parlament Assambleyasının, Türkdilli Ölkələrin
Parlament Assambleyasının müşahidə missiyaları,
Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya
və digər dövlətlərin parlamentariləri, xarici
ölkələrin ali seçki qurumlarının nümayəndə
heyətləri daxil olmaqla, 18 beynəlxalq qurumdan 117 beynəlxalq
müşahidəçi izləyib. Bunlar 33
ölkənin vətəndaşlarıdır. Səsvermə
prosesinin müşahidəsinə öz təşəbbüsləri
ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının,
referendum üzrə təşviqat qruplarının təşəbbüsü
ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi
qatılıb. Ümumxalq səsverməsinin
gedişini çox sayda həm yerli, həm də xarici KİV
nümayəndələri ətraflı
işıqlandırıblar.
Səslərin sayılması şəffaf
həyata keçirilib
Referenduma dair beynəlxalq müşahidəçilərin
verdikləri müsbət rəylər də tam təsdiqləyir
ki, Azərbaycanda vətəndaşların siyasi şüuru
və seçki mədəniyyəti kifayət qədər
yüksəlmişdir. Prezident İlham Əliyev sentyabrın 26-da Avropa
Seçkilərin Müşahidəsi Akademiyası
Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü
Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta
parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi
Akademiyası Missiyası müşahidə missiyasının
rəhbəri Farrugia Angelonun, eləcə də Malta, Serbiya,
İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya
parlamentləri deputatlarının və Avropa Şurası
Parlament Assambleyası üzvlərinin daxil olduğu nümayəndə
heyətini qəbul edib.
Dövlət başçısı Avropa Seçkilərin
Müşahidəsi Akademiyası Missiyası kimi önəmli
bir qurumu təmsil edən böyük nümayəndə heyətinin
ölkəmizə səfər etməsindən və
referendumun monitorinqi prosesində iştirakından məmnunluğunu
ifadə edib.
Referendum zamanı müşahidələr
aparmaq üçün 30-dan çox dövlətdən, həmçinin
mühüm beynəlxalq təşkilatlardan çoxlu sayda
müşahidəçinin Azərbaycana gəldiyini
vurğulayan Prezident İlham Əliyev onların səsvermənin
gedişini izləmələrinin önəmini
vurğulayıb. Dövlət
başçısı səsverməyə
çıxarılan hər bir məsələ ilə
bağlı ayrılmış müddət ərzində əhali
arasında maarifləndirmə işlərinin
aparıldığını, referendumun yüksək səviyyədə
təşkil olunması istiqamətində bütün
lazımi tədbirlərin görüldüyünü
bildirdi. Prezident İlham Əliyev Avropa
Seçkilərin Müşahidəsi Akademiyası
Missiyasının təkcə Bakıda deyil, bölgələrdə
də müşahidələr aparmasının əhəmiyyətini
qeyd edib.
Avropa Seçkilərin Müşahidəsi
Akademiyasının Missiyasının Azərbaycanda
keçirilmiş Konstitusiya referendumunun nəticələri ilə
bağlı yekun bəyanatı açıqlanıb. Missiyanın rəhbəri,
Malta parlamentinin spikeri Anglu Farrugia keçirdiyi mətbuat
konfransında bildirib ki, 12 Avropa ölkəsindən olan 35
parlamentari və ekspert Avropa Seçkilərin Müşahidə
Akademiyası beynəlxalq qeyri-hökuməti təşkilatının
nümayəndəsi qismində referendumu müşahidə
edib. O deyib ki, referendum səsvermənin azad və ədalətli
keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə
əsasən təşkil edilib: “Referendum günündən 1
ay əvvəl 29 düzəlişin hamısı poçt
kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına
çatdırılıb. Müşahidəçilər
Bakıda və ətrafda 20 dairə üzrə müşahidə
aparıb. Seçkilər dinc
keçirilib və səsvermə məntəqələrinə
sərbəst və maneəsiz giriş təşkil olunub.
Polis və yerli icra nümayəndələrinin
müdaxiləsi baş verməyib. Səsvermə
gizli keçirilib və bununla bağlı problem
müşahidə edilməyib. Barmaqların
mürəkkəblənməsi prosesi düzgün qaydada
keçirilib, müşahidə kameraları səsvermənin
onlayn izlənməsinə şərait yaradıb. Ümumilikdə səsvermə beynəlxalq
standartlara müvafiq olaraq təyinatlı heyət tərəfindən
peşəkarcasına və mütəşəkkil
aparılıb. Bir neçə seçki
məntəqəsində cüzi texniki problemlər olsa da, bu,
səsverməyə təsir göstərməyib. Səsvermədə xeyli sayda yerli müşahidəçi
iştirak edib. Səslərin
sayılması azad və şəffaf həyata
keçirilib”.
A. Farrugia
bəyan edib ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə
dəstəyini açıq-aydın nümayiş etdirib: “Bu,
referendum günü beynəlxalq müşahidəçilərə
müraciət edən bir çox seçicilər tərəfindən
ifadə olunub”.
Avropa
Şurası Parlament Assambleyasının Azərbaycanda
keçirilmiş referendumla bağlı qiymətləndirmə
missiyasının rəhbəri Aleksandr Nikoloski də heyətin
ilkin rəyini açıqlayıb: “Biz Azərbaycan
xalqını sakit keçən səsvermə günü ilə
bağlı təbrik etmək istəyirik. AŞPA
nümayəndə heyəti belə nəticəyə gəlib
ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası qanuni və legitim hesab
olunur. Səsvermə prosesi yaxşı təşkil
olunub, şəffaf, səmərəli və sakit keçib.
Səslərin sayılması zamanı ciddi
pozuntular qeydə alınmayıb. Biz Azərbaycan
xalqının iradəsinə hörmətlə
yanaşırıq. Referendumun nəticələri
Azərbaycan xalqının iradəsini əks etdirir”.
Azərbaycan
xalqı öz iradəsini müstəqil və azad şəkildə
ifadə etdi
Avropa İttifaqının (Aİ) Regional Komitəsinin
üzvlərindən ibarət müşahidə qrupu Azərbaycan
Respublikasının Konstitusiyasına təklif olunan əlavə
və dəyişikliklərlə bağlı keçirilən
ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bəyanat
yayıb. Qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen
sentyabrın 26-da Azərbaycanda keçirilən referendumda
müşahidə apardıqlarını deyib. O bildirib
ki, müşahidə qrupu səfər öncəsi referenduma
çıxarılan Konstitusiya dəyişikliklərinin məzmununu
araşdırıb, sentyabrın 26-da ümumxalq səsverməsi
günü 2 seçki dairəsinin 10 seçki məntəqəsində
səsvermə prosesinin müşahidəsini aparıb. Qrup apardığı araşdırmalar və
müşahidələr əsasında referendumun keçirilməsinin
suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə
aid və bu barədə qərarın verilməsinin milli
qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib.
Həmçinin referenduma çıxarılan məsələlər
ölkədə idarəetmə sisteminin gücləndirilməsinə,
insan hüquqlarının müdafiəsinin rəsmiləşdirilməsinə
xidmət edir.
P.Haijanen
deyib: “Qrupun üzvləri olduqları məntəqələrdə
çoxsaylı müşahidəçinin səsvermə
prosesinin gedişini müşahidə etdiklərinin şahidi
olublar. Səsvermə prosesi texniki və təşkilati
baxımdan çox yaxşı təşkil edilmişdi.
Məntəqələrdə seçici fəallığı
yüksək idi və səsvermə prosesi dinc şəraitdə
keçdi. Hər hansı bir zərurət
olmadan polisin və ya yerli icra hakimiyyəti orqanının
nümayəndələrinin seçki məntəqələrinə
daxil olmalarını və səsvermə prosesinə
müdaxilə etmələrini müşahidə etmədik.
Səs verənlər müstəqil və
heç bir kənar müdaxilə olmadan səsvermə
prosesində iştirak edərək öz iradələrini
ifadə etdilər”.
Qrupun rəhbəri əlavə edib ki, səsvermə
prosesi başa çatdıqdan sonra müşahidə qrupunun
üzvləri bir məntəqədə bülletenlərin
sayılması prosesini izləyib və digər müşahidəçilərə
də bülletenlərin sayılması prosesini izləməyə
hər hansı maneçiliyin törədilmədiyinin
şahidi olublar. Müşahidə qrupu belə bir qənaətə
gəlib ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklərlə
bağlı referendum tam şəffaf şəraitdə
keçib. Referendumun nəticələri
Azərbaycan xalqının öz iradəsini müstəqil və
azad şəkildə ifadə etdiyini əks etdirir.
Avropa Xalq Partiyasının müşahidə
missiyası Azərbaycanda keçirilən referendumla
bağlı bəyanat verib. Bəyanatda bildirilir
ki, sentyabrın 26-da Konstitusiyaya təklif edilən əlavə
və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi
azad, sərbəst, açıq və ən mütərəqqi
beynəlxalq standartlara uyğun keçirilib.
“26 sentyabrda keçirilmiş referendum Azərbaycan
xalqının iradəsini əks etdirir. Referendum
zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun
olub. Avropa Xalq Partiyasının nümayəndələri
20-yə yaxın məntəqədə səsvermə
prosesini müşahidə ediblər” - deyə bəyanatda qeyd
olunub.
Bəyanatda
bildirilir ki, nümayəndə heyəti səsvermə
günündən əvvəl bəzi seçki məntəqələrində
hazırlıq işləri ilə tanış
olub və Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının rəhbərliyi ilə
görüşüb: “Mərkəzi Seçki Komissiyası vətəndaşların
ətraflı məlumatlandırılması, eləcə də
səsvermə günü üçün nəzərdə
tutulmuş prosedurlarla bağlı bütün hazırlıq
işlərindən ibarət geniş təhlil təqdim edib. Nümayəndə heyəti səsvermə məntəqəsində
açılış prosedurlarında iştirak etdi və səsvermə
müddətində digər məntəqələrə
baş çəkdi, eləcə də səsvermə məntəqələrindən
birinin bağlanması prosesini müşahidə etdi. Baş çəkilən bütün məntəqələrdə
prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə
müvafiq kömək göstərilirdi, əksəriyyət
prosesin mahiyyəti və səsvermə proseduru barədə
yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər,
yaxud polis işçilərinin olmadığı qeydə
alındı”.
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə
ümumxalq səsverməsini (referendum) müşahidə edən
Türkdilli Dövlətlərin Parlament Assambleyasının
(TürkPA) Beynəlxalq Müşahidə Missiyası mətbuat
konfransı keçirib. TürkPA-nın baş katibi Jandos Asanov
deyib ki, TürkPA Azərbaycanda dördüncü dəfədir
ki, səsvermə prosesini izləyir.
Müşahidə missiyasının üzvü Haluk
İpək missiyanın hesabatını təqdim edib. H.İpək referendumun
yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin
nəticələrinin xalqın iradəsini əks etdirdiyini
bildirib: “Referendumun nəticələrinə təsir edəcək
hər hansı pozuntu müşahidə olunmayıb. Bəzi texniki çatışmazlıqlar qeydə
alınıb, bu da referendumun nəticələrinə təsir
etməyib. Referendum beynəlxalq standartlara
uyğun keçirilib”. Müşahidə
missiyasının tərkibinə Qazaxıstan, Türkmənistan,
Türkiyə, Qırğızıstan millət vəkilləri
daxil idi.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik
Mərkəzi və Polis üzrə Araşdırma Mərkəzinin
üzvlərindən ibarət müşahidə qrupu Azərbaycanda
keçirilən referendumla bağlı birgə bəyanatla
çıxış ediblər. Avropa Strateji Kəşfiyyat
və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti
Villyam Rasimora ölkəmizdə keçirilən ümumxalq səsverməsini
Azərbaycanda siyasi sabitliyin zəmanəti kimi dəyərləndirib.
Diqqətə çatdırıb ki,
Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər
vətəndaş azadlıqlarını gücləndirəcək
və demokratiyanı müdafiə edəcək. Bu yeni mərhələdə ölkədə fərqli
institutların sabitliyi təmin ediləcək.
V.Rasimora vurğulayıb ki, Avropa İttifaqının tərəfdaşı
olan bir ölkədə siyasi sabitliyin hökm sürməsi və
vətəndaş azadlıqlarının qorunması beynəlxalq
əlaqələrin inkişafının mühüm
elementidir. O
deyib: “Müşahidə apardığımız bütün
məntəqələrdə səsvermənin ədalətli
və düzgün keçirildiyinin şahidi olduq. Səslərin hesablanması zamanı heç bir
qanun pozuntusuna rast gəlmədik. Hesab
edirik ki, referendum Azərbaycan vətəndaşlarının
gözləntilərini doğruldub. Digər
tərəfdən, referendum günü ölkədə
ümumi vəziyyətin sakit olduğunu müşahidə
etdik”.
“Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf
keçdi. Hər dəfə Azərbaycana gələndə məcburi
köçkünlərə baş çəkirəm”.
Bu sözləri isə sentyabrın 26-da ölkəmizdə
keçirilən ümumxalq səsverməsində
müşahidəçi qismində iştirak edən Fransa
Senatının üzvü Natali Qule jurnalistlərə
açıqlamasında deyib.
Natali Qule
deyib: “Azərbaycanda görülən işlər məni
çox sevindirir. Hər dəfə Bakıya gələndə
yeniliklərin şahidi oluram. Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
inkişaf edir. Bilirəm ki, ölkənizin
uğurlarında birinci xanım Mehriban Əliyevanın da xidmətləri
çoxdur”.
“Məntəqələrdə səsvermə prosesi
yüksək səviyyədə təşkil olunub və deyə
bilərəm ki, Azərbaycanda səsvermə
İtaliyadakından da intizamlı keçir”. Bu fikri isə
ölkəmizdə keçirilən ümumxalq səsverməsində
müşahidəçi qismində iştirak edən
İtaliya parlamentinin üzvü Divina Sergio jurnalistlərə
açıqlamasında deyib.
D.Sergio bildirib ki, səhər saatlarından səs verməyə gələn vətəndaşların sayı kifayət qədər olub. O bildirib: “Biz ATƏT, Avropa Şurasının nümayəndəsi kimi, müxtəlif ölkələrdə seçkiləri müşahidə etmişik. Azərbaycanda da bundan əvvəl seçki proseslərini izləmişəm. Azərbaycanda keçirilən səsvermə Avropa standartlarına daha çox uyğun gəlir. Hətta bəzən Avropa standartlarını da ötüb keçir”.
Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, bəzi hallarda hətta milli barışın təminatçısı kimi çıxış edən Konstitusiya dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Əsas Qanun bütün hüquq sisteminə xas olan hüquqi tənzimləmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyaları da həyata keçirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklər məhz vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafelərinin səmərəli təminatına xidmət edir. Konstitusiya islahatları həm də dövlətimizin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.
Elnur HACALIYEV,
Azərbaycan.-2016.- 30 sentyabr.- S.9.