Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Sizi, eyni zamanda, Azərbaycanın bütün xristian icmasını müqəddəs
Milad bayramı münasibətilə ürəkdən
təbrik edir, bu əziz gündə
hər birinizə ən səmimi arzu və diləklərimi
yetirirəm.
Bu gün dünyada nümunəvi tolerantlıq
örnəyi, sivilizasiyalararası
və mədəniyyətlərarası
dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq,
qarşılıqlı hörmət
və etimad şəraitində fəaliyyət
göstərmiş, fərqli
mədəniyyətlərin təmsilçiləri olan
ayrı-ayrı xalqlar
və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi
ətrafında sarsılmaz
birlik və həmrəylik nümayiş
etdirmişlər.
Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin
qorunub saxlanılması,
multikulturalizmin dəstəklənməsi
və təşviq edilməsi müasir mərhələdə həyata
keçirdiyimiz dövlət
siyasətinin başlıca
məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif
xalqlara öz milli-mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini
inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin
ayrılmaz üzvləri
olan xristian etiqadlı həmvətənlərimiz
millətlərarası və
dinlərarası münasibətlərə
öz layiqli töhfələrini verərək
ictimai-siyasi həyatın
bütün sahələrində
yaxından iştirak edirlər.
Əziz
dostlar!
İsa peyğəmbərin mübarək
mövludu ilə əlamətdar olan və hər il Azərbaycanda
xüsusi coşqu ilə qeyd edilən
Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət
və şəfqət
duyğularının təntənəsini
təcəssüm etdirir.
Qoy bu əziz gün
ailələrinizə xoşbəxtlik,
süfrələrinizə bərəkət
gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 yanvar 2016-cı il.
Azərbaycan. - 2016.- 6 yanvar.- S.1.