Aqrar sahənin inkişafına
dövlət dəstəyi artır
2015-ci il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafının yekunları göstərir ki, regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq ölkə iqtisadiyyatının inkişaf dinamikası davam edir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş kursun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində son illərdə dünyada baş verən dərin siyasi və iqtisadi böhranlara baxmayaraq ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi inkişaf göstəriciləri qorunub saxlanılmışdır.
Düzdür, beynəlxalq enerji bazarındakı əlverişsiz konyunktur, region ölkələrində dərin iqtisadi problemlər, tənəzzül, Azərbaycanın əsas ticarət partnyorlarının milli valyutalarının ucuzlaşması, Yaxın Şərqdə gərginliyin artması, eləcə də beynəlxalq maliyyə bazarlarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab oluna bilər. Lakin Azərbaycan bütün bu çağırışlara, neqativ hallara hazırdır. Milli iqtisadiyyatımızın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişafı Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Bu il Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamış, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu “sabit” saxlamışdır. Bu günlərdə həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.
Təbii ki, əldə olunan müsbət makroiqtisadi göstəricilərdə kənd təsərrüfatının öz payı var. Çünki respublikamızda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün uzun illərdir zəmin yaradılmışdır. Bu islahatlar “Kənd təsərrüfatı ili”ndə özünün yüksək bəhrəsini verməkdədir. Əslində, “Kənd təsərrüfatı ili” elan edilməsəydi belə, bu il aqrar sektorun inkişafına diqqət kifayət qədər yüksək olacaqdı. Çünki 2003-cü ildə xalqın yekdil səsi ilə ilk dəfə Prezident seçilən dövlət başçısı İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 12 ilin demək olar ki, hər biri “Kənd təsərrüfatı ili” hesab olunmağa layiqdir. Cənab İlham Əliyev prezidentliyinin ilk ilində aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkmişdir. Bu məsələni dövlət başçısı Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulamış və aqrar bölmənin inkişafı ilə bağlı mühüm sənədlər imzalamışdır.
Beləliklə, aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Bu illər ərzində ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmış, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırmışdır.
Bu ilin yanvar ayında 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi barədə qərarın qəbul edilməsi isə aqrar sektora göstərilən yüksək diqqət olmaqla yanaşı, həm də bu sahədə çalışanların öz öhdəliklərini layiqincə yerinə yetirmək üçün məsuliyyət idi. Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,8 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil etmişdir. Gələn ilin məhsulu üçün 993,6 min hektar sahədə şum qaldırılmış, 852,4 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 535,2 min hektar sahəyə buğda, 317,2 min hektar sahəyə isə arpa səpilmişdir.
Kənd təsərrüfatında əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Həm bu, həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə son illərdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilib. Sevindirici haldır ki, bu il ölkə üzrə yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Prezident İlham Əliyev bu barədə deyib: “Bu il “Kənd təsərrüfatı ili”dir. Qeyd etdiyim kimi, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki, 30 iri fermer təsərrüfatı yaradılmışdır, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılmışdır. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının - Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur”.
İl ərzində kənd təsərrüfatının inkişafının təşviq edilməsi ilə bağlı verilən sərəncamlar, bütövlükdə hüquqi bazanın daha da təkmilləşdirilməsi “Kənd təsərrüfatı ili”ndə həyata keçiriləcək tədbirlərə böyük töhfə oldu. Belə ki, dövlət başçısının “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırıldı. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” sərəncamla isə baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edildi.
Bunlardan başqa, Prezident İlham Əliyevin 19 avqust 2015-ci il tarixli “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” sərəncamı ilə ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrıldı. Dövlət başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 16 dekabr sərəncamı ilə isə 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun qazılması məqsədi ilə 10 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasına 2 milyon manat ayrıldı.
Prezident İlham Əliyevin aqrar siyasətinə Azərbaycan Milli Məclisi və Nazirlər Kabineti də mühüm dəstək verməkdədir. Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bir daha aydın olur ki, aqrar sahədə müəyyən edilmiş bütün hədəflərə çatmaq məqsədilə güclü maddi-texniki baza, o cümlədən qanunvericilik bazası mövcuddur. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi isə aqrar sferada dövlət siyasətinin yeni mərhələyə qədəm qoymasına impuls verib. Təbii ki, uğurlar bir ilə hesablanmayıb və əminliklə deyə bilərik ki, yaxın illərdə kənd təsərrüfatında daha möhtəşəm nailiyyətlərin şahidi olacağıq.
Eldar QULİYEV,
Milli Məclisin Aqrar
siyasət komitəsinin sədr müavini,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan. - 2016.- 6 yanvar.- S.4.