Azərbaycanın
müstəqilliyi 2015-ci ildə daha da möhkəmləndi
Prezident İlham
ƏLİYEV: “Heç bir
kənar qüvvə bizim iradəmizə
təsir edə bilməz. Azərbaycan müstəqil siyasət
aparır. Bu siyasət Azərbaycan
xalqının maraqlarını müdafiə edir”
Yola saldığımız 2015-ci ildə dünyada hərbi münaqişələrin, təhlükəsizliklə bağlı yeni risklərin artdığı bir şəraitdə Azərbaycan balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq milli mənafeyini lazımi səviyyədə müdafiə edə bildi. Ölkəmizin ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması aparılan xarici siyasətin uğurlarından xəbər verir.
Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışmışdır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. “Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır”, - deyən cənab İlham Əliyev milli maraqları maksimum dərəcədə qorumaqla yaxın və uzaq dövlətlərlə münasibətləri yüksək səviyyədə qurmağa çalışmışdır. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.
Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycanın diplomatiyasının ən mühüm uğurlarından biridir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.
Prezident İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlara doğru inamla irəliləyir. Ölkə rəhbəri mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Bu gün bölgədə strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib: “2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mənim xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2015-ci ildə rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə olmuşam, 20 xarici səfər həyata keçirmişəm və bu il Azərbaycanda 15 dövlət və hökumət başçısı rəsmi və qeyri-rəsmi səfərlərdə olmuşlar. Eyni zamanda, bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır.
Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir”.
Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunu qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.
Ölkə rəhbərinin elə bir vədi yoxdur ki, ötən 12 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, bu dövrdə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Azərbaycan bu zaman kəsiyində sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu müddətdə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə, “TAP”, “TANAP” kimi enerji layihələrinin icrasına başlanılmış, yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.
Ümummilli liderin milli dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 12 ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir.
Müstəqil Azərbaycan aparıcı beynəlxalq təşkilatlar çərçivəsində özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Ölkəmiz qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. Bu gün müstəqil Azərbaycan bütün sahələrdə inamla irəliləyir və əminliklə demək olar ki, növbəti ildə dövlətimiz daha da güclənəcək və dünya miqyasında öz layiqli yerini möhkəmləndirəcək.
Azərbaycan. -
2016.- 7 yanvar.- S.1.