Bölgələrə 19 səfər, 62 obyektin açılışı...

 

Regionların sosial-iqtisadi inkişafı 2015-ci ildə də Prezidentin fəaliyyətinin prioriteti oldu

 

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı yüksəlişinə, bölgələrdə kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yaxşılaşdırılmasına təkan verib. Yeni proqramlar, yenidənqurma və abadlıq-quruculuq işlərinin hansı formada icra edildiyini dövlət başçısı daim ciddi nəzarətdə saxlayır, tez-tez bölgələrə səfər edərək bütün proseslərlə tanış olur, görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verir.

Yola saldığımız 2015-ci ildə də dövlət başçısı respublikanın əksər şəhər və rayonlarına, eləcə də Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Prezident bu səfərlər çərçivəsində mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olmuş, təməlqoyma mərasimlərində iştirak etmiş, sakinlərlə görüşlər keçirmişdir.

Prezidentin 2015-ci ildə səfər etdiyi ilk şəhər Sumqayıt olmuşdur. Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edən dövlət başçısı sonra Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Prezident eyni zamanda şəhərdə “Alyans Tekstil” tikiş fabrikinin, gənclər evinin və beton məmulatı zavodunun açılışında iştirak edib.

Yanvar ayının 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonuna səfər ediblər. Dövlət başçısı “Şahdağ” qış-yay turizm kompleksinə baş çəkib, kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılış mərasiminə qatılıblar, eyni zamanda, “Park Chalet Shahdag” hotelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

Fevral ayının 24-də Mingəçevir şəhərinə səfərə gedən Prezident İlham Əliyev öncə Heydər Əliyev parkında yenidənqurma işlərinin gedişi ilə tanış olub. Şəhərdə 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş yaşayış kompleksində yaradılan şəraitlə tanış olan dövlət başçısı şəhər mərkəzi xəstəxanasında aparılan yenidənqurma işləri ilə də maraqlanıb. Sonra Prezident Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə tanış olub və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı həmçinin Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” hotelində aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb, Avropa Oyunlarına hazırlıqla bağlı həyata keçirilən yeniliklərlə tanış olmaq üçün “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə gedib.

Martın 12-də Azərbaycan Prezidenti Bərdə rayonuna səfər edib. Əvvəlcə şəhərdə yeni salınmış və ulu öndərin adını daşıyan park-bulvarın açılış mərasiminə qatılıb, sonra 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Sonra Prezident Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Mərkəzin fəaliyyətindən Bərdə də daxil olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Dövlət başçısı 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub. Bərdəyə səfəri çərçivəsində Prezident İlham Əliyev həmçinin 1 nömrəli Uşaq incəsənət məktəbinin, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı həmçinin yenicə istifadəyə verilmiş Aqrar Sənaye Parkına da baş çəkib.

Prezident İlham Əliyev aprel ayının 11-də cənub bölgəsinə səfərə çıxıb. Səfər çərçivəsində ilk olaraq Astara rayonuna baş çəkən dövlət başçısı 2010-cu ildə yaradılan “Astaraçay” MMC-nin çay emalı fabrikindəki şəraitlə maraqlanıb. Prezident İlham Əliyev rayonda yenidən qurulan dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olduqdan sonra Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılış mərasiminə qatılıb.

Dövlət başçısı elə həmin gün Lənkəran şəhərinə yola düşüb. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə, əsaslı şəkildə yenidən qurulan mədəniyyət mərkəzi ilə tanış olan ölkə rəhbəri yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Prezident həmçinin yeni yaradılan “Gilan aqro-sitrus” təsərrüfatı və yenidən qurulan Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə də tanış olub.

Avqustun 8-də respublikamızın şimal bölgəsinə səfərə çıxan Prezident İlham Əliyev öncə Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib. Sonra dövlət başçısı Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılış mərasiminə qatılıb.

Avqustun 11-də Prezident İlham Əliyev Cəlilabad rayonuna səfər edərək bir sıra obyektlərin açılışında iştirak edib, bəzi müəssisələrin fəaliyyəti ilə maraqlanıb. Heydər Əliyev Mərkəzinin, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının və Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edən dövlət başçısı həmçinin “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

Sentyabrın 4-də dövlət başçısı yenidən şimal bölgəsinə səfərə yollanıb. Öncə Prezident Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edərək adıçəkilən kanaldan Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə salıb. Sonra dövlət başçısı “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.

Sentyabrın 17-də Prezident İlham Əliyev Kürdəmir rayonuna səfərə çıxıb. Dövlət başçısı rayonda bir sıra obyektlərin açılış mərasiminə qatılıb, bəzi mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb. Səfər çərçivəsində Prezident Bayraq Meydanının, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının, Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəb binasının və Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılış mərasimində iştirak edib. Dövlət başçısı Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan tarix-diyarşünaslıq muzeyində yaradılan şəraitlə tanış olub.

Elə həmin gün dövlət başçısı Ağsu rayonuna yola düşüb. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən ölkə rəhbəri sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, idman kompleksinin, Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib, həmçinin Ağsuya içməli suyun verilməsi mərasiminə də qatılıb.

Oktyabrın 6-da Prezident Ucar və Göyçay rayonlarına səfər edib. Dövlət başçısı öncə Ucar rayonunda fəaliyyət göstərən “Ucar Aqro” MMC-nin quş kəsimi və broyler fabriklərinin və “Fermer” yol-istirahət mərkəzində yaradılan şəraitlə tanış olub. Həmçinin səfər çərçivəsində Prezident Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının, rayon mərkəzi xəstəxanasının yeni binasının, gənclər mərkəzinin, Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılış mərasimlərinə qatılıb. Dövlət başçısı Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.

Həmin gün Göyçay rayonuna yola düşən dövlət başçısı burada bir neçə yeni obyektin açılışına qatılıb. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binası, gənclər mərkəzi, şəhər uşaq musiqi məktəbinin, şahmat məktəbinin, rayon mərkəzi xəstəxanasının binasının və “Göyçay” Su Elektrik Stansiyasının açılış mərasimlərində iştirak edən Prezident İlham Əliyev, həmçinin Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.

Oktyabrın 25-də Prezident il ərzində ikinci dəfə Sumqayıt şəhərinə səfər edib. Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışında və “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib. Eyni zamanda, Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasiminə qatılıb.

Noyabrın 4-də isə dövlət başçısı respublikamızın şimal-qərb bölgəsinə səfərə çıxıb. İlk olaraq Prezident Zaqatalada bir sıra yeni obyektin açılışında iştirak edərək öz xeyir-duasını verib. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının və Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edib. Dövlət başçısı həmçinin Yevlax-Balakən magistral yolu üzərində yerləşən, Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış olub.

Həmin gün Prezident İlham Əliyev Şəkiyə yola düşüb. Dövlət başçısı Şəki şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında iştirak edib. Prezident məhkəmə heyəti qarşısında ölkəmizin hüquq-mühafizə, məhkəmə sistemində aparılan yeni islahatlarla, məhkəmə qərarlarının icrası ilə bağlı geniş nitq söyləyib. Sonra Prezident 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının və Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Həmçinin dövlət başçısı Şəkidə “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Bununla da, dövlət başçısının şimal-qərb bölgəsinə səfəri başa çatıb.

Dekabrın 1-də isə dövlət başçısı Naxçıvan Muxtar Respublikasına səfərə yollanıb. İlk olaraq Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış olan Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Dövlət başçısı muxtar respublikada bir sıra mühüm obyektlərin açılış mərasimində iştirak edib, ictimaiyyət nümayəndələri ilə səmimi söhbət edib. Prezident yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin, şəhər 2 saylı uşaq musiqi məktəbinin, Naxçıvan Muxtar Respublikası xəstəxanasının açılış mərasimlərinə qatılıb, xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Səfər çərçivəsində dövlət başçısı Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində, Naxçıvan Sənaye Kompleksinin və Naxçıvan Günəş Elektrik Stansiyasının açılışlarında iştirak edib. Bununla da, Prezident İlham Əliyevin 2015-ci ildə bölgələrə səfərləri yekunlaşıb. Yola saldığımız 2015-ci ildə dövlət başçısı Naxçıvan Muxtar Respublikası daxil olmaqla respublikanın 17 şəhər və rayonuna səfər etmişdir. Ümumilikdə isə Prezident İlham Əliyevin 2015-ci ildə respublikamızın şəhər və rayonlarına (Sumqayıta-2 dəfə, Siyəzənə- 2 dəfə, Qusar, Mingəçevir, Bərdə, Astara, Lənkəran, Şabran Cəlilabad, Xızı, Kürdəmir, Ağsu, Ucar, Göyçay, Zaqatala, Şəki və Naxçıvan MR) 19 səfəri baş tutub.

Bu səfərlər çərçivəsində dövlət başçısı 62 yeni obyektin açılış mərasimində iştirak edib. Bu obyektlər sırasına 1 Heydər Əliyev Mərkəzi, 1 Bayraq Meydanı, 5 istehsal müəssisəsi, 4 turizm istirahət obyekti, 3 park-bulvar, 1 “ASAN xidmət” mərkəzi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 6 körpələr evi-uşaq bağçası, 3 mərkəzi xəstəxana, 12 yol-nəqliyyat infrastrukturu, 3 gənclər evi, 6 su təchizatı, infrastrukturu 3 orta məktəb, 6 inzibati bina, 2 elektrik (Su və Günəş) stansiyası, 1 muzey, 4 (musiqi, şahmat və uşaq incəsənət) məktəb və 1 beynəlxalq hava limanının yeni terminalının açılış mərasimi daxildir.

Prezident İlham Əliyev həmçinin yeni istifadəyə verilən və yenidənqurma işləri aparılan 18 obyektdə olub. Bu obyektlər sırasına 5 istehsalat müəssisəsi, 4 park, 3 muzey-mədəniyyət mərkəzi, 1 Bayraq Meydanı, 1 mərkəzi xəstəxana, 1 hotel, 1 istirahət mərkəzi və 2 şəhərdə ümumilikdə 1182 məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış kompleksləri daxildir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan. - 2016.- 7 yanvar.- S.3.