Azərbaycan TRASEKA-nın keçdiyi ölkələr arasında aparıcı rola malik dövlətdir

 

Ümummilli lider Heydər Əliyevin ötən əsrin sonlarında uzaqgörənliklə həyata keçirdiyi siyasət ölkəmizə Asiya ilə Avropanı birləşdirən mühüm tranzit dövlət statusu qazandırdı. Bununla da Azərbaycan TRASEKA-nın keçdiyi ölkələr arasında aparıcı rola malik dövlətə çevrildi. Bu gün tarixi İpək yolunun ölkəmizdən keçməsi müxtəlif sahələrin inkişafına təkan verir. Asiya ilə Avropa arasında məsafə nə qədər uzaq olsa da, bir-biri ilə sıx iqtisadi-ticari əlaqələrlə bağlıdır və ölkəmiz bundan faydalanır.

Hazırda Asiyadan Avropaya daşınan yüklərin çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə həyata keçirilir. Əvvəllər bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcılara sərf etmirdi. Belə hal haqlı narazılığa səbəb olurdu. Lakin bir-biri ilə ciddi rəqabət aparan gəmiçilik şirkətləri bu vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər həyata keçirdilər. Onlar daşınan malların maya dəyərini aşağı salmaq üçün iritonnajlı, daha sürətli gəmilərdən istifadə etməyə başladılar. Nəticədə daşınan yüklərin maya dəyərini 3 dəfə aşağı salmağa nail oldular. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırırlar.

Rusiya bu istiqamətdə daşınan yüklərin bir hissəsinin öz ərazisindən keçməsinə çalışır. Bu məqsədlə Çin və digər Asiya ölkələrinə Transsibir marşrutundan istifadəni təklif edir, aparılan danışıqlarda bunun daha sərfəli marşrut olduğunu sübut etməyə çalışır.

Şimal qonşumuzun təklif etdiyi marşrut dəniz yolu ilə Süveyş kanalından keçən marşrutdan 10 min kilometr qısadır. Amma hazırda Asiyadan Avropaya daşınan yüklərin cəmi 1 faizi Rusiya ərazisindən tranzit olunur. Şimal qonşumuz bu rəqəmi 10-15 faizə çatdırmaq niyyətindədir. Məqsəd ənənəvi marşrutla daşınan 250 milyard dollar dəyərində yükün bir hissəsinin ölkə ərazisindən tranzitinə nail olmaqdır. Əgər bu istək baş tutarsa, daşımalardan Rusiya ildə milyardlarla dollar qazana bilər. Lakin Rusiya bununla da kifayətlənmək fikrində deyil. Çinlə danışıqlar apararaq ikinci Transsibir dəmir yolunun çəkilməsinə də nail olmaq istəyir. Ən maraqlısı isə budur ki, Rusiya Çinə ənənəvi Süveyş kanalı marşrutu əvəzinə yüklərin Şimal Buzlu okeanı ilə daşınmasını da təklif edir. Bu marşrutun çatışmayan cəhəti onun il boyu işlək olmamasıdır. Hazırda Rusiya tərəfi Çinə birgə elmi tədqiqatlar aparmaqla bu marşrutdan il boyu istifadənin mümkün olduğunu sübut etməyə çalışır. Şimal Buzlu okeanı marşrutunun Süveyş kanalı marşrutundan üstün cəhəti odur ki, malları bu yolla Çindən Avropaya ənənəvi marşrutdan 10 gün tez çatdırmaq mümkündür. Bu, ticarətdə xüsusi önəm daşıyan haldır. Yeri gəlmişkən qeyd edək ki, Misir də gözləmə mövqeyi tutmayıb. Hiss edəndə ki Süveyş kanalının yükləri tez keçirmək imkanı getdikcə məhdudlaşır, ikinci kanalın tikintisinə start verib.

Son zamanlar bir sıra Rusiya rəsmiləri dönə-dönə qeyd edirlər ki, Transsibir marşrutuna ən real rəqib kimi Çin, Orta Asiya və Avropanı birləşdirən TRASEKA nəqliyyat dəhlizini görürlər. Onlar bildirirlər ki, bu marşrut Transsibir və “Şimal-Cənub”la rahat rəqabət aparmaq imkanına malikdir. Buna görə də Rusiyanın bu marşrutlarla rəqabət aparması üçün bir sıra güzəştlərə getməsi vacibdir.

Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də AvropaAsiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi olan TRASEKA-nın keçdiyi dövlətlər sırasında ölkəmizin xüsusi yeri var. Buna görə də tarixi İpək yolunun bərpasına həsr olunmuş mühüm konfrans da 1998-ci il sentyabrın 8-də Bakıda keçirilmişdir. 9 dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən həmin konfransdaAvropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Bu layihənin icrası sayəsində Azərbaycan ərazisindən keçməklə daşınan tranzit yüklərin həcmi ildən-ilə çoxalır, ölkəmizin siyasi, strateji əhəmiyyəti artır. Azərbaycan bu sahədə də həm yük, həm də sərnişin daşımaları ilə artıq regional mərkəzə çevrilib.

Coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin olunmanı tələb edir. Bu məqsədlə həyata keçirilən layihələr - dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlıdır. Həmin dəhlizlər - Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Azərbaycan üzərindən keçməklə ölkədə yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm özümüzə, həm də qonşu ölkələrə xidmət göstərəcək.

Xəbər verildiyi kimi, ötən ilin yayından beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə iri həcmdə yüklərin daşınmasına start verildi. Avqustun 3-də Çinin Şixezi şəhərindən start götürən ilk sınaq konteyner qatarı Bakı (Ələt) Beynəlxalq Dəniz Ticarət Limanına daxil oldu. Həmin qatar 41 platforma vaqondan ibarət olmaqla 20 tonluq (FEU) 82 konteyner daşıyır. İlk sınaq konteyner qatarı iyulun 28-də Çinin Şixezi şəhərindən start götürərək iyulun 31-də Qazaxıstanın Aktau limanına, avqustun 3-də Azərbaycana - Bakı Beynəlxalq Ticarət Limanına çatıb. Bu, Şərqdən Avropaya gedən digər yollarla müqayisədə 550-600 kilometrlik qısa bir məsafə deməkdir. Bundan sonra konteyner qatarının mütəmadi olaraq Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Beləliklə, Beynəlxalq Transxəzər nəqliyyat marşrutu fəal dövrə qədəm qoyur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başlayandan sonra bu marşrut Şərqdən Avropaya kimi yüklərin qısa və təhlükəsiz daşınmasında ən əlverişlisi olacaq.

İlk sınaq qatarının ölkəmizə gəlməsi tarixi bir hadisə idi. Bu, Azərbaycanın beynəlxalq aləmdə tranzit ölkə kimi əhəmiyyətini daha da artırdı. Gələcəkdə yeni nəqliyyat dəhlizi ilə yüklərin daşınması dünya iqtisadiyyatında əhəmiyyətli rol oynayacaq. Təkcə Azərbaycanın deyil, regionun, eləcə də Asiya ilə Avropanın nəqliyyat xətləri ilə bir-birinə bağlılığı artacaq, yüklərin sərfəli tariflərlə və təhlükəsiz daşınması təmin ediləcək.

Sözsüz ki, qazanılan bu uğurlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, bu layihə ölkəmizə, regionumuza və ümumilikdə dünya iqtisadiyyatına mühüm töhfə verəcək.

Keçən ilin dekabrında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı digər mühüm məsələlərlə yanaşı, Çindən Avropaya Azərbaycan üzərindən yüklərin daşınması da müzakirə edilib. Çin tərəfi bu məsələyə xüsusi əhəmiyyət verir. Ona görə ki, bu marşrut digər nəqliyyat dəhlizlərindən məsafəcə az, yüklərin təhlükəsiz daşınması nöqteyi-nəzərindən, eləcə də qiymət tariflərinin aşağı olması ilə seçilir. Prezident İlham Əliyev bildirmişdir ki, Çin Xalq Respublikasının Sədri Si Sin Pinin irəli sürdüyü qədim İpək yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsü Azərbaycan tərəfindən dəstəklənir. Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyi, infrastruktur imkanları genişdir. Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Prezident İlham Əliyev həmçinin qeyd etmişdir ki, ölkəmiz həm Şimal-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynayır və artıq bu sahədə konkret addımlar atılır.

2015-ci ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 43,5 milyon ton, yük dövriyyəsi isə 9183,6 milyon ton-km olub. Yüklərin 25,3 milyon tonu avtomobil nəqliyyatı, 13 milyon tonu dəmir yolu nəqliyyatı, 5,2 milyon tonu dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınan yüklərin 18,4 faizini tranzit yüklər təşkil edib.

Bu ildən bu istiqamətdə daşınan yüklərin həcmi xeyli artacaq. Ona görə ki, Çindən Avropaya malların Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə çatdırılması barədə dövlətlərarası anlaşma mövcuddur. Əldə olunan razılıq nəqliyyat dəhlizi boyunca yerləşən bütün ölkələrə sərf etdiyi üçün onlar bundan məmnundurlar. Beləliklə, aşağı tariflə daha çox yüklərin daşınmasında tranzit ölkələrin hamısı ümumi razılığa gəlib. Bundan sonra Azərbaycan bölgədə təkcə enerji daşıyıcıları satan ölkə kimi deyil, həm də mühüm tranzit ölkə kimi özünün siyasiiqtisadi əhəmiyyətini artıracaq.

 

Rüstəm KAMAL,

 

Azərbaycan. - 2016.- 7 yanvar.- S.4.