Qubaya gələn turistlərin sayı qışda da azalmır

 

Təkrarsız təbiətə, nadir flora faunaya malik Quba turistlərin ən çox üz tutduğu rayonlar sırasındadır. Bu yerlər təkcə təbiəti ilə yox, həm qədim abidələri, sənətkarlıq nümunələri ilə bölgəyə üz tutan hər bir turistin yaddaşında silinməz iz buraxır. İnsanı valeh edən meşələrin gözəlliyi, saf havası, zirvələrdən baş alıb gurultu ilə axan dağ çayları, şəlalələr, zümzümə edən bulaqlar Qubaya üz tutan təbiət vurğunlarını, turistləri özünə çəkir. Odur ki, istər isti yay günlərində, yaşıl meşələrə qızıl payız qonanda, istərsə dağlar, zirvələr bəyaz qara bürünəndə bura üz tutanların ardı-arası kəsilmir. Əcnəbi turistlərdən başqa, minlərlə paytaxt sakini burada əzəmətli dağların meşələrin sakitliyinə sığınır, dincəlir.

Quba hələ sovet dönəmində turizm istirahət mərkəzi kimi məşhur idi. İndi dövlət bu rayonun turizm potensialının gücləndirilməsi üçün ciddi tədbirlər görür. Quba Olimpiya İdman Kompleksi, istirahət mərkəzləri, açıq səma altında muzeyə çevrilən Xınalıq kəndi, rayona şöhrət gətirən xalçaçılıq ənənələri, müxtəlif millətləri təmsil edən insanların mehriban yaşayış tərzi hamı üçün xüsusi maraq kəsb edir. Eyni zamanda qonşu Qusarda inkişaf edən yeni turizm mühiti bu iki rayon arasında sağlam rəqabətin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradır.

Quba Mədəniyyət Turizm Mərkəzinin əməkdaşı Mətləb Şıxbabayev bildirdi ki, digər rayonlarda bir sıra istirahət mərkəzləri qışda müştərilərin azlığından fəaliyyətini dayandırmağa məcbur olsa da, Qubada belə deyil. İlin bütün fəsillərində əksər istirahət mərkəzi fəaliyyət göstərir: “Bizdə rayonun turizm sektorunda çalışanlar üçün mütəmadi  kurslar təşkil edilir, seminarlar, treninqlər keçirilir. Artıq rayonun turizm sektorunun təmsilçiləri yaxşı bilirlər ki, turistləri cəlb etmək üçün istirahət mərkəzləri müasir təcrübə biliklərə yiyələnməli, yüksək xidmət göstərməli normal qiymət tarifləri tətbiq etməlidirlər”.

Qubada əvvəllər qar yağanda yollar bağlanar, kənd-kəsəklə əlaqə zəifləyərdi. Qubalılar da zarafatyana qonaqlarına deyərdilər: “Yayın istisində gəldiniz, dincəldiniz, amma payız yağışları yollarda palçığı adamın kürəyinə qaldıranda, qışın şaxtası iliyə işləyəndə buralardan əl-ayağınız kəsilir”.

İndi isə Qubanın yağışlı payızının, şaxtalı qışının da öz pərəstişkarları var. Buna görə əksər istirahət mərkəzləri qış mövsümünün əvvəlindən soyuq, şaxtalı havalara, qarlı qışa hazırlaşır, bir qonağın belə gileyli qalmasına yol vermirlər.

M.Şıxbabayev deyir ki, istirahət mərkəzləri təbii qazdan savayı, odunla da təchiz edilib: “Axı yüzlərlə turist üçün sobada yanan odunun istisi, şöləsi uzaq uşaqlıq illərinin kövrək xatirələridir. Onlarda sobanın zümzüməsi, divarlarda rəqs edən alovun zəif şöləsi xoş duyğular oyadır. İndi istirahət mərkəzlərimizin çoxu Bakıdan xaricdən gələcək qonaqları qarşılamağa hazırlaşır. Elə hotellər, istirahət mərkəzləri var ki, yerləri artıq tutulub”.

Rayonun turizm sektorunda çalışanlar yaxşı bilirlər ki, ən yaxşı reklam agenti yüksək xidmətin şahidi olan turistdir. Turist yaxşı qulluq, yüksək xidmət gördükdə bunu dostlarına, tanışlarına danışır ki, bu da, bir növ, reklam deməkdir. Əcnəbi turistlər Şərq qonaqpərvərliyinin incəliklərinə heyran qalır yenidən geriyə, dost saydıqları insanların yanına qayıtmaq istəyirlər.

M.Şıxbabayev deyir ki, ofisiant plovu süfrəyə elə qoya bilər ki, müştəri qaçıb gedər, amma ən adi yeməyi qonağa elə təqdim edər ki, o,  təqdimata heyran qalar: “Hər bir turist üçün milli adət-ənənələrimiz, mətbəximiz, süfrənin tərtibatı, xörəklərin verilmə ardıcıllığı, yeməyin qaydaları xüsusi maraq kəsb edir. Əcnəbi qonaq olduğu ölkənin adətləri, qaydaları ilə hərəkət edir bundan zövq alır. Turizm mövsümünün əvvəllərində əməkdaşlarımızQuba”, “Məstərgah”, “Nazlı bulaq”, “Retro”, “Şane”, “Cənnət bağıistirahət mərkəzlərində baxış keçirmiş, müasir tələblərin yerinə yetirilmə qaydalarını yoxlamışlar. Nəticələr ürəkaçandır, çünki hələ keçən ildən başlayaraq yaradılan kurslarda təcrübə toplayan gənclərin əksəriyyəti yüksək xidmət qaydalarına yaxşı bələddir. Buna görə Qubada turizm sahəsində mövcud olmuş qüsurlar sürətlə aradan qaldırılır”.

Qubada həm yayda, həm qışda çantasını çiyninə atıb dağları gəzən turistlərə rast gəlmək mümkündür. Əllərində xəritə ya planşet olan belə turistlərin əksəriyyəti əcnəbilərdir. Onların arasında Rusiya, Türkiyə, İran, Ukrayna Gürcüstandan gələnlər daha çoxdur.

Qış aylarında, xüsusən şənbə bazar günləri Qubanın tanınmış hotellərində turistlər üçün xüsusi konsert proqramları təşkil edilir. Möhtəşəm Heydər Əliyev Quba seyrəngahları isə ilin istənilən fəslində qonaqlarla dolu olur. O da maraqlıdır ki, Qusara dincəlməyə gələnlər Qubaya, Qubaya gələnlər isə gecə gəzintilərinə Qusara gedirlər.

Qədim çin məsəli var: insan səyahət zamanı dəyişir. Bu, həqiqətən belədir - insan gördüyü, gəzdiyi yerlərdən isə götürür, öyrənir, zənginləşir. Quba da öz tarixi, qədimliyi, tolerantlığı ilə qonaqlarını təəccübləndirən, özünə çəkib geri çağıran belə məkanlardan biridir.

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2016.- 7 yanvar.- S. 5.