Şərqdən Qərbə böyük köç

 

Avropa qaçqın böhranı yaşayır

 

2015-ci il müasir tarixdə ən dramatik illərdən biri oldu. Dünyanın münaqişəli regionlarında qarşıdurma getdikcə gücləndi, rəqabətin bundan sonra da davam edəcəyi gözlənilir. Qərb-Şərq rəqabəti, daha doğrusu, Qərb-Rusiya gərginliyi beynəlxalq münasibətlərdə ən çox nəzərə çarpan fakt kimi özünü göstərir. Ukraynadan tutmuş Yaxın Şərqədək davam edən geosiyasi mübarizə pik vəziyyətinə çatıb. Tərəflərin heç biri geri çəkilmək fikrində deyil. Qərblə Rusiyanın “sanksiya müharibəsi” onsuz da ürəkaçan olmayan beynəlxalq iqtisadi əməkdaşlığın perspektivlərini sual altına qoyur.

Dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin ağırlıq mərkəzi daha çox Yaxın Şərqə doğru meyillənir. İş o yerə çatıb ki, yeni dünya müharibəsinin bu regiondan alovlanacağını proqnozlaşdıranlar da var. Vaxtilə ABŞ administrasiyasının irəli sürdüyüregion dövlətlərinin rədd etdiyiBöyük Yaxın Şərq” layihəsi - demokratiya, islahat pərdəsi altında yeni müstəmləkəçilik layihəsi hazırda “ərəb baharı” kimi reallaşdırılır. “Bahar”ın ilk “meyvə”ləri artıq özünü büruzə verir: regionda dövlət sərhədlərinin yeni konturları üzə çıxır. Artıq amerikalı strateqlər, məsələn, İraq və Suriyanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını şübhə altına alırlar. Bu iki ölkənin gələcəkdə dini-etnik baxımdan parçalanacağı labüd hesab edilir. ABŞ Müdafiə Nazirliyi kəşfiyyat idarəsinin direktoru Vinsent Srüartın fikrincə, İraq kürdləri yenidən Bağdaddakı mərkəzi hökumətə tabe olmayacaqlar. Suriya da gələcəkdə iki-üç hissəyə bölünəcək. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan da oxşar fikirdədir. O, belə bir məqamı vurğulayır ki, hazırda Suriyaİraq hakimiyyət orqanları İŞİD ekstremist qruplaşmasının aktiv fəaliyyəti ucbatından öz sərhədlərinin bir hissəsinə nəzarəti itirmişlər. MKİ-nin direktoru hesab edir ki, “yaxın 10-20 ildə Yaxın Şərq dəyişəcək və əvvəlki kimi olmayacaq”. Brennan qeyd edir ki, İraqSuriya sakinləri elə indidən özlərini bütöv, vahid ölkənin vətəndaşları kimi yox, daha çox buya digər dini, yaxud etnik qrupun üzvləri kimi təsəvvür edirlər. Yeri gəlmişkən, İraq Kürdüstanının rəhbərliyi indidən milli müstəqilliyin anonsunu verir, referendum keçirmək barədə düşünür.

Rusiyanın Suriya hadisələrinə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırmışdır. İndi siyasi müşahidəçilər yeni Sayks-Piko sövdələşməsindən (Birinci Dünya müharibəsindən sonra Yaxın Şərq və Türkiyə torpaqlarının bölüşdürülməsinə dair Britaniya-Rusiya-Fransa gizli sazişi - red.) söz açırlar.

Köç niyə başladı

Bütün bunlarla yanaşı, Yaxın Şərqdə cərəyan edən mürəkkəb geosiyasi proseslərin doğurduğu silahlı münaqişələr, vətəndaş müharibələri regionu humanitar fəlakət həddinə gətirib çıxarmışdır. Regionda yaşayan xalqların taleyi və gələcəyi burada hegemonluq uğrunda barışmaz mübarizə aparan böyük dövlətləri qətiyyən maraqlandırmır. Terrorçu qruplaşmalarla vuruşduğunu iddia edən bu dövlətlərin başçılıq etdiyi beynəlxalq koalisiyaların hərbi əməliyyatları dinc əhalinin başında çatlayır. Silahlı qarşıdurmanın davam etdiyi Əfqanıstanda, İraqda, Yəməndə, Liviyada, Somalidə, Suriyada həyat dözülməz hal almışdır. İnsanlar ölümdən xilas olmaq üçün yurd-yuvalarından baş götürüb getmək məcburiyyətində qalırlar. Təsadüfi deyil ki, hazırda dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə - 60 milyon nəfərə çatmışdır. Ən ağır humanitar vəziyyət Suriyada müşahidə edilir. Ölkənin 18,5 milyonluq əhalisinin 4 milyonu qaçqın, 8 milyonu məcburi köçkün taleyi yaşayır. Suriyalı qaçqınların ən çox üz tutduqları ölkələr qonşu İordaniya, Livan və Türkiyədir. Ən böyük yük isə Türkiyənin üzərinə düşür. Bu ölkəyə 2,2 milyon qaçqın sığınmışdır. Türkiyə hökuməti ev-eşiklərindən didərgin düşənlərin ehtiyaclarını ödəmək üçün indiyədək 8 milyard dollar vəsait sərf etmişdir. Dünya birliyi isə vur-tut 415 milyon dollarlıq yardım göstərmişdir.

Yaxın Şərqdəki suriyalı qaçqınların vəziyyəti daha ağırdır. Məsələn, İordaniyaLivanda məskunlaşmış hər 10 suriyalıdan 9-u yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Qaçqın uşaqlarının yarısı məktəbə getmir. Bundan əlavə, qaçqınların sığındıqları ölkələrdə işləməsi qadağandır.

Silahlı qarşıdurma davam etdikcə insan köçü də güclənir. Tunelin sonunda işıq görməyən qaçqınlar Avropaya yol axtarmaq məcburiyyətində qalırlar. Odur ki, qoca qitə İkinci Dünya müharibəsindən bəri ilk dəfə qarşılaşmadığı kütləvi insan axını ilə üz-üzə qalıb.

Son iki ildə Avropaya qaçqın axını geniş miqyas almışdır. 2014-cü ildə Avropa İttifaqının (Aİ) sərhədlərini qanunsuz keçənlərin sayı 280 min nəfər olmuşdur. Ötən il isə həmin rəqəm təxminən dörd dəfə artmışdır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, keçən ilin ilk on bir ayı ərzində Yaxın Şərq, Şimali AfrikaAsiya mənşəli

1 milyon nəfərdən çox qaçqın və miqrant Avropa sərhədlərini keçmişdir. Onlardan 972 min nəfəri dəniz yolu ilə Yunanıstan, İtaliya, Bolqarıstan, İspaniya, Malta və Kiprə getmişdir. 34 min nəfər isə Türkiyə ərazisindən keçərək quru yolu ilə Avropaya çatmışdır. Gələnlərin 450 min nəfərdən çoxu suriyalı qaçqınlardır. Siyahıda ikinci yeri Əfqanıstan vətəndaşları tutur - təxminən 190 min nəfər. Təqribən 70 min qaçqın İraqdan gəlmişdir.

Özü də Aİ ölkələrinə gələnlərin təxminən 70 faizdən çoxu kişilərdir. Onların əksəriyyəti ailəlidir və nəticə etibarilə Avropada rəsmi status alandan sonra ailələrini də gətirəcəklər. Başqa sözlə, Aİ-yə üz tutanların sayının xeyli artacağını proqnozlaşdırmaq mümkündür.

Dəniz qəbiristanları

Avropaya gələnlərin mütləq əksəriyyəti keçid yolu kimi Aralıq və Egey dənizlərini seçməyə məcbur olur, çünki qitəyə qurudan keçmək praktik olaraq qeyri-mümkündür; Türkiyədən Yunanıstan və Bolqarıstana, yaxud İspaniyanın Şimali Afrikadakı anklavlarına düşmək son dərəcə çətindir, çünki gələnlər avropalı sərhədçilərlə üz-üzə qalıb geri qayıtmalı olurlar. Dəniz yolu isə olduqca risklidir. Odur ki, “Köhnə dünyaya üz tutanların heç də hamısı sondayanacağa gedib çata bilməmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il təqribən 3,7 min nəfər Aralıq dənizini keçərkən gəmi qəzasına düşüb həlak olmuşdur. Müqayisə üçün qeyd edək ki, ötən il Aralıq dənizində 3,5 min qaçqın batmışdır.

Lakin bu məlumatların dəqiqliyi şübhə doğurur. Ölənlərin dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki gəmi qəzalarından sonra bütün cəsədləri aşkarlamaq mümkün olmur, həm də sərnişinlərin siyahısı əvvəlcədən tərtib edilmir. Ona görə də ölənlərin sayını müəyyənləşdirmək üçün yalnız sağ qalmış şahidlərin dediklərinə əsaslanmaq lazım gəlir. Qəzaların başlıca səbəbləri gəmilərin sərnişin daşımaq üçün lazımi tələblərə cavab verməməsi və həddən artıq yüklənməsidir.

Digər tərəfdən, Aralıq və Egey dənizlərində baş vermiş gəmi qəzalarının hamısından xəbər tutmaq mümkün olmur. İtaliya və Yunanıstan sahil mühafizəsi və sərhəd xidməti yalnız qarşılaşdığı qəzalar barədə məlumat verirlər, digər qəzalardan isə heç kim xəbər tutmur. Çünki qaçqın daşınması ilə yalnız qaçaqmalçılar məşğul olurlar və təbii ki, sonuncular heç kimə hesabat vermirlər.

Xüsusilə Aralıq dənizində qaçqın daşınması ilə bağlı vəziyyət son dərəcə fəlakətlidir. Ən çox ölənlər bu dənizin payına düşür. Ötən il baş vermiş bir sıra qəzalar çoxsaylı insan tələfatı ilə nəticələndi. Aprelin 13-də göyərtəsində 550 nəfər olan Liviya gəmisi Afrika sahilindən 60 mil məsafədə batdı. 400 nəfərdən çox adam həlak oldu. Üç gün sonra Liviyadan İtaliyanın Siciliya adasına istiqamət götürmüş qaçqın qayığı qəzaya uğradı. Cəmi 4 nəfəri xilas etmək mümkün oldu, qalan 41 nəfər itkin düşdü. Aprelin 19-da gecə İtaliyanın Lampeduza adasından 190 kilometr cənubda başqa bir gəmi aşdı. Göyərtəsində 850 qaçqın var idi. İtaliya sərhəd xidməti və sahil mühafizəsi xilasetmə əməliyyatına başladı. Əməliyyata 18 kater cəlb olunsa da, yalnız 27 nəfəri xilas etmək, ölənlərdən isə cəmi 24-nün meyitini tapmaq mümkün oldu. Bu, Aralıq dənizində baş vermiş ən böyük fəlakətlərdən biridir.

Başqa bir məqamı da diqqətdən kənarda saxlamaq olmaz. Aralıq dənizində qaçqın axını ilə mübarizə aparmaq üçün Avropa İttifaqının təşəbbüsü ilə keçirilən “Triton” və “Poseydon” əməliyyatlarının gedişində nə qədər adamın həlak olması barədə məlumat yoxdur. Halbuki hərbi gəmilərin və təyyarələrin cəlb olunduğu əməliyyatlarda hədəflərdən biri qanunsuz olaraq miqrant daşıyan qaçaqmalçıların gəmi və qayıqlarıdır. Bir müddət əvvəl dünya KİV-i Egey dənizində qaçqın daşıyan rezin qayığın sahil mühafizəsinin əməkdaşları tərəfindən deşildiyini xəbər vermişdi.

Son ümid yeri kimi Avropaya üz tutan minlərlə binəsib sulara qərq olub son mənzilə dənizdə qovuşur. Beləcə, dənizdə hələlik heç kimin tanımadığı qəbiristanlar yaranır.

Avropa həll yolu axtarır

Suriyada vətəndaş müharibəsi dörd ilə yaxındır davam edir. Dünya birliyi bu ölkədə, ümumən Yaxın Şərqdə cərəyan edən qanlı hadisələri sadəcə olaraq izləyirdi. Nəhayət, qaçqın dalğası Avropanı bürüyəndə Aİ rəhbərliyi hansı problemlə üzləşdiyinin fərqinə varmağa başladı. Qoca qitə qaçqın böhranı kimi ciddi məsələ ilə qarşı-qarşıya qalmışdı və açıq-aşkar buna dərhal reaksiya verməyə hazır deyildi.

Bir müddət Aİ qurumları müxtəlif səviyyələrdə fikir mübadiləsi apardı, cürbəcür bəyanatlar verildi, amma problemi həll etmək üçün konkret mövqe ortaya qoyulmadı. Aİ Şurasının sədri Donald Tusk söz verdi ki, üzv ölkələr 40 min qaçqını könüllü olaraq bölüşdürüb məskunlaşdıracaq. Amma söhbət Avropanın sərhədini keçmiş 40 min yox, yüz minlərlə adamın taleyindən gedir. Nəhayət, keçən il sentyabrın 22-də Aİ Xarici İşlər Nazirləri Şurasının miqrasiya problemlərinə dair iclası keçirildi. Nazirlər səs çoxluğu ilə Yunanıstana və İtaliyaya gəlib Aİ-də sığınacaq axtaran 120 min qaçqının Aİ ölkələrinə paylanması barədə qərar qəbul etdilər. Çexiya, Slovakiya, Macarıstan və Rumıniya qərarın əleyhinə çıxdılar, Finlandiya isə bitərəf qaldı. Qərara uyğun olaraq, sözügedən qaçqınlar Aİ-nin üzvü olan buya digər ölkənin ÜDM-inin həcminə və əhalisinin sayına görə bölüşdürüləcək. Məsələn, Almaniya 31 min, Çexiya 3 min, Slovakiya 1,5 min qaçqın qəbul etməlidir. Beləliklə, yaxın iki il ərzində Avropada 160 min nəfərə yaşamaq üçün yer tapmaq lazım gələcək.

Lakin Aİ ölkələrinin heç də hamısı qaçqınları öz ərazisində yerləşdirmək niyyətində deyil. Çexiyanın Baş naziri Boquslav Sobotka bəyan etdi ki, qaçqınların bölüşdürülməsi sistemi təklif olunan şəkildə işləməyəcək. Onun slovakiyalı həmkarı Robert Fitso isə bildirdi ki, Brüsseldə qəbul olunmuş qərarı icra etməyəcək.

Sentyabrın 23-də qaçqın probleminə dair Aİ-nin növbədənkənar sammiti keçirildi. Avropa liderləri yaranmış böhranın aradan qaldırılması yollarını müzakirə etdilər. Müzakirələrdən sonra Aİ-nin xarici sərhədlərinin mühafizəsini gücləndirmək qərara alındı. Yunanıstan və İtaliyada qaçqınları qəbul edib bölüşdürmək üçün əlavə mərkəzlər yaratmaq barədə razılaşma əldə edildi. Eyni zamanda sammit suriyalı qaçqınların sığındığı Türkiyə, Livanİordaniyaya yardımı artırmağı qərarlaşdırdı. Bu məqsədlə həmin ölkələrdə məskunlaşmış qaçqınlara kömək üçün BMT-nin agentliklərinə əlavə olaraq 1 milyard avro ayrılacaq. sammiti digər istiqamətlərdə də maliyyəni artırmağı qərara aldı. Həmçinin Aİ Makedoniyaya 700 milyon avro və Aİ ölkələrinə 100 milyon avro məbləğində təcili yardım ayıracaq, 2016-cı ildə Avropa agentliklərinə 600 milyon avro, BMT Ərzaq Proqramına 200 milyon avro və qaçqınlara birbaşa humanitar yardım göstərmək üçün 300 milyon avro ayırmağı razılaşdırdı.

Lakin bütün bunların problemin qəti həlli yolu olduğuna elə Avropa liderlərinin özləri də əmin deyildilər. Ən azı ona görə ki, növbədənkənar sammitdə qəbul olunmuş qərarların icrası çətin görünür. Belə ki, Aİ Şurasının sədri Donald Tuskun etiraf etdiyi kimi, əldə olunmuş razılaşmalara baxmayaraq, “bəzi mübahisəli mövzular mübahisəli olaraq da qalır”. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də vurğuladı ki, qaçqın böhranını yoluna qoymaq üçünbizaz, nə çox - kiçik bir addım atdıq”.

Odur ki, Avropa liderləri başqa vasitələrə də əl atmaq məcburiyyətində qaldılar. Bu vasitələrdən biri ən çox suriyalı qaçqın qəbul edən Türkiyə ilə əməkdaşlığa getməkdir. Almaniya Kansleri Angela Merkel Ankaraya səfər edib Türkiyə rəhbərləri ilə təmasa keçdi. Noyabrın 29-da Brüsseldə təcili olaraq Aİ-Türkiyə sammiti keçirildi. Sammitin nəticələrinə görə, Aİ ilə Türkiyə arasında Avropaya qaçqın axınını dayandırmaq üçün miqrasiya üzrə fəaliyyət planı qəbul edildi. Plana uyğun olaraq Aİ Türkiyədəki suriyalı qaçqınlara kömək üçün 3 milyard avro məbləğində xüsusi yardım ayıracaq. Bu məbləğin 500 milyon avrosunu Avropa Komissiyası, 2,5 milyard avrosunu isə üzv ölkələr öz büdcələrindən ayıracaq. Bununla belə, Türkiyə rəhbərliyi 3 milyard avroluq yardımı alandan sonra da qaçqın axınını dayandıracağına söz vermədi. Baş nazir Əhməd Davudoğlunun vurğuladığı kimi, “Suriyada müharibə getdikcə, terror aktları və bombardmanlar davam etdikcə heç nəyə zəmanət verə bilmərik. Amma sərhədlərə nəzarət üzərində işləyəcək, insan alverinin və qaçqınlara qarşı cinayətlərin kökünü kəsməyə, habelə Avropaya üz tutan qaçqınların sayını azaltmağa çalışacağıq”.

Eyni zamanda tərəflər Türkiyənin Aİ-yə qoşulması prosesinə yeni impuls vermək barədə razılığa gəldilər. Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqlarda 17-ci başlığın açılması qərarlaşdırıldı. Həmçinin 2016-cı ilin payızında Aİ ilə Türkiyə arasında vizasız rejimin tətbiqi nəzərdə tutulur.

Digər tərəfdən, Aİ xarici sərhədlərini möhkəmlətmək niyyətindədir. Aİ-nin ötən il dekabrın 17-də keçirilmiş sammitində 28 üzv ölkənin hamısı xarici sərhədlərin mühafizəsinin yeni sistemini tətbiq etmək qərarına gəldi. Qərara görə, quru və dəniz sərhədlərinin mühafizəsinə dair Avropa Komissiyasının irəli sürdüyü təkliflər 2016-cı ilin birinci yarısında reallaşdırılmalıdır. Özüxarici sərhədlərin möhkəmləndirilməsi tədbirləri, hətta bəzi ölkələrin etirazına baxmayaraq, həyata keçiriləcək.

Beləliklə, Aİ qaçqın böhranının nizama salınması yolunda mümkün addımları atdı. İndisə qəbul olunmuş qərarların icrası qalır. Yuxarıda qeyd olunduğu kimi, Aİ iki il ərzində 160 min qaçqını məskunlaşdırmağı öhdəsinə götürmüşdür. Amma fakt budur ki, indiyədək vur-tut 200 qaçqın Avropada rəsmən sığınacaq almışdır. Məsələ burasındadır ki, Aİ ölkələri hər qaçqını qəbul etmir; avropalılar qaçqınlara ehtiyac duyduqları ixtisaslı işçi qüvvəsi və öz iqtisadi gücünü artırmaq üçün ələ düşmüş fürsət kimi baxırlar. Ona görə də qaçqınları saf-çürük edib yalnız lazım olanları seçəcəklər. Lazım olmayanlar isə ya miqrant qəbulu mərkəzlərində taleyin ümidinə qalacaq, ya da geri göndəriləcəklər. Yeri gəlmişkən, Almaniya inişil 18363 nəfər, 2015-ci ilin ilk on bir ayında isə 10884 nəfər qaçqını deportasiya etmişdir.

Vəziyyəti ağırlaşdıran başqa bir məqam isə odur ki, indi havalar soyuq olduğundan qaçqın axını dayansa da, qış çıxandan sonra proses yenidən başlayacaq. Çünki Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsi altı ay vaxt aparacaq.

Digər tərəfdən, münaqişə bölgələrində, xüsusilə Suriyada müharibənin dayanması az ehtimal edilir. BMT-nin qaçqınların işləri üzrə ali komissarı Antonio Qutyerreş indidən həyəcan təbili çalır. O, Suriyada müharibəni tezliklə dayandırmağa çağırır: “Bu müharibə nə qədər çox çəksə, onun fəsadları o qədər ağır olacaq. Münaqişə tezliklə dayandırılmasa, bizim tanıdığımız Suriyanın sonu gələcək. Eyni sözləri İraq barədə də demək olar”.

Qutyerreş başqa bir təhlükəli məqama da toxunur. BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının İdarəsi 1200 suriyalı qaçqın arasında sorğu keçirmişdir. Məlum olmuşdur ki, ölkədə güclübeyin axını” baş verir. Respondentlərin 86 faizinin orta təhsili var. Onların yarısı ali məktəbdə təhsil alırmış. Bu halın münaqişədən sonra Suriyanın bərpası perspektivləri üçün hansı fəlakətli nəticələr doğuracağını indidən təsəvvür etmək olar.

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan. - 2016.- 7 yanvar.- S. 6.