Quba Soyqırımı Memorial
Kompleksi
Həqiqətlər üzərində
ucalan tarix
Bəşəriyyət bərqərar olandan torpaq
insanların inam və inanc yerinə çevrilib. O, son məkan olmaqla
yanaşı, həm də minlərlə sirrin gizləndiyi və
gizlədildiyi yerdir. Cismimizin əmanət
edildiyi torpaq qoynundakı sirləri əvvəl-axır
aşkara çıxarır. Öz mahiyyətinə,
törədilmə zamanına, gizlincə, cinayəti
ört-basdır etmə baxımından dəfn edilməsinə
görə Quba məzarlığı da sirlər
dünyası, dünyanın terrorla mübarizə
apardığı bir vaxtda istinad ediləcək məkan və
predmet ocağıdır.
Bəşər tarixində hər bir xalqın
böyüklüyü onun zəngin tarixi, digər xalqlara
nümayiş etdirdiyi dözümlülüyü -
tolerantlığı ilə ölçülür. Əsrlər
boyu torpaqlarımıza köçüb, burada yurd salan
müxtəlif millətlərin nümayəndələri
heç vaxt sıxıntıya, yerli əhali tərəfindən
təqiblərə məruz qalmayıblar.
Keçmişin darmacalları
Ötən əsrin əvvəllərindən
başlayaraq bolşevik-daşnak dəstələri
Bakının müxtəlif hissələrində Azərbaycan
türkləri əleyhinə mitinqlər və
yığıncaqlar keçirməyə başladılar. 1918-ci il
martın 31-də qırğınlar başladı. Səhər tezdən bolşevik-daşnak dəstələri
Azərbaycan türklərinin yaşadığı Kərpicxana,
Məmmədli və başqa məhəllələrə
hücum etdilər. Azərbaycanlıların
İçərişəhərdə rusları
qırmaları barədə erməni şayiəsinə
inanan matroslar da qırğına qoşulub hərbi gəmilərdən
müsəlman məhəllələrini bunun təxribat
olduğunu bilənədək bombaladılar.
Qeyri-bərabər döyüşdə
soyqırımına məruz qalan azərbaycanlıların
martın 31-də müqaviməti dayandırmalarına
baxmayaraq, erməni millətçiləri şəhərin
dinc əhalisinə divan tutur, qılıncdan keçirirdilər. Azərbaycan
türklərinin soyqırımı aprelin 2-si, gecədən
xeyli ötənədək davam etdi. Bolşevik-daşnak
birləşmələri Bakıda on minlərlə insanı
qətlə yetirdi, dini ocaqları darmadağın etdi.
1918-ci il sentyabr ayının ortalarına qədər
davam edən soyqırımında 50 mindən çox azərbaycanlı
həlak oldu. Azğın ermənilər kəndləri
viran qoyur, müsəlman əhaliyə xüsusi
amansızlıqla işgəncələr verirdilər. Bakı Sovetinin Qubaya göndərdiyi Hamazasp burada
“qayda-qanun” yaratmağa başladı. Onun gəlişindən
bir neçə həftə əvvəl yerli əhali onlara
divan tutan Muradyanın əsgərlərini tərksilah
etmişdi. Həbs edilənlərin qisasını alan Hamazasp çəkinmədən
özünü müsəlmanların düşməni
adlandırmış, Xəzər dənizindən
Şahdağına qədər olan ərazini onlardan təmizləyəcəyinə
and içmişdi. 1918-ci ilin beş
ayı ərzində daşnaklar Quba qəzasında
ağlasığmaz talanlar, amansız qətllər törətdilər.
Hamazaspın əsgərləri minlərlə
müsəlmanı və qeyri millətləri də
amansız işgəncələrlə məhv etmişlər.
Ermənilər Quba əhalisini meşələrə
qovur, sonra onları hissə-hissə güllələyir,
qılıncdan keçirirdi. Bu müddət
ərzində kənd yollarında və həyətlərdəki
ağaclardan asılan insan cəsədlərinin
sayı-hesabı yox idi. Azğın ermənilər
başqalarına dərs olsun deyə, heç kimi meyitlərə
toxunmağa qoymurdular. Ermənilərin
amansız qətllərinin qarşısını Azərbaycana
köməyə gəlmiş türk əsgərləri
alır.
Qubada
törədilən qətliamlar 1918-ci ildə
yaradılmış Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən
araşdırılmış, həmin qətllərin təşkilatçısı
və icraçısı olan Şaumyan, Korqonov, Selovani,
Ağacanyan, Hamazasp və digərlərinin qanlı əməlləri
nəticəsində minlərlə yerli sakinin məhv edildiyi
öz təsdiqini tapsa da, sonrada canilərin adı gizlədildi
və bəzilərinə isə hətta Azərbaycan
xalqının xilaskarı kimi əsərlər ithaf edildi,
filmlər çəkildi. Yüz ilə yaxın bir vaxtdan
sonra həqiqətin üzə çıxmasına, haqqın
qələbəsinə ölkəmizin müstəqilliyi təkan
verdi.
Həyatda təsadüfi heç nə
yoxdur
Quba
soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri
görülərkən aşkar edilmişdir. 2007-ci
ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
tərəfindən kütləvi məzarlıqda başlanan
geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında
yekun vurulmuşdur. Tədqiqat nəticəsində
məzarlığın 1918-ci ildə ermənilərin yerli
dinc əhaliyə qarşı törətdiyi
soyqırımının nəticəsi olduğu müəyyən
edilmişdir.
2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından
sonra Nazirlər Kabineti kütləvi qətl
qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə
dair tədbirlər planı hazırladı. Aşkar olunmuş kütləvi
məzarlığın yerləşdiyi ərazidə
monumental xatirə kompleksinin ucaldılmasına və
abadlıq işlərinin aparılmasına start verildi.
Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin
494 kvadratmetrində tədqiqat aparılmış, 20 kvadratmetr
sahə isə beynəlxalq tədqiqatçılar
üçün saxlanmışdır.
Qudyalçayın
sağ sahilində köhnə stadionun yerləşdiyi ərazidə
yeni idman kompleksinin tikintisi zamanı üzə çıxan
bu məzarlıqda iki quyuda üst-üstə qalaqlanan insan
sümükləri tapılıb. Böyük quyunun diametri 5,
kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük
quyuya yüzlərlə insan cəsədi doldurulub ki,
onların da əksəriyyəti uşaq və qadınlara
aiddir. Skeletlərin bütöv halda
olmaması onların öldürüldükdən sonra
şaqqalanaraq bura atıldığından xəbər verir.
Qurbanların sayı kəllə sümükləri
ilə müəyyən edilmişdir. Sümüklərin
tədqiqatı zamanı ölüm faktının nə vaxt
baş verdiyi dəqiqləşdirilib. Qubada
tapılan sümüklərin tərkibindəki nəmliyin
miqdarı ölüm tarixinin ötən əsrin ikinci
onilliyinə aid olduğunu üzə çıxarır.
Məzarlıqda azərbaycanlılarla birlikdə
ləzgilər, yəhudilər, tatlar və digər millətlərin
400-dən artıq nümayəndəsi də qətlə
yetirilərək basdırılmışdır.
Araşdırmalar nəticəsində müəyyən
edilmişdir ki, quyu və arxlarda basdırılan insan cəsədləri
1918-ci ildəki Quba qırğınının
qurbanlarıdır. Onlar erməni qatilləri tərəfindən
bura gətirilərək öldürülmüş, gizli
şəkildə basdırılmışdır.
Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev
Fondunun təşəbbüsü və Azərbaycan
Prezidentinin sərəncamı ilə erməni cəlladlarının
yüzlərlə günahsız insanı qətlə yetirib
quyulara doldurduğu yerdə ucaldıldı.
Dünəndən bu günə və
sabaha
Kompleksi ziyarət edənlərin üzündə həmişə
qəribə cizgilər olur. Elə bil pilləkənləri
addım-addım düşdükcə özünü
yüz illik bir tarixin əvvəlində hiss edirsən: dünənə
qayıdırsan - başı kəsilmiş, gözü
çıxarılmış, nizələrə
keçirilmiş körpələrin ahını, naləsini
eşidirsən. İnsanı 100 ilin bəlası
qarşılayır burada. Dost bilib
qapısını açan insanların məhz həmin
azğın ermənilər tərəfindən
öldürüldüyünü görürsən. İnsanlığa yaraşmayan əməllərin
şahidi olursan.
Qarşıdakı qapıdan keçərək yerin təkinə
doğru bir yola düşürsən. Burada səni
sakit bir həyat qarşılayır. Divardan
asılan şəkillər gözlərimiz
qarşısında XX əsrin əvvəllərini
canlandırır. Küçələrlə
sakitcə addımlayan insanlar, su dalınca bulağa yollanan
qızlar, təndirə çörək yapan nənələr,
bir sözlə, burada hər kəs öz işinin ardınca
gedir. Bir qədər sonra vəhşiliyin hər
üzü ilə rastlaşırsan: ocağa atılan körpə,
sinəsi parçalanmış ana, şaqqalanmış ata,
atlara bağlanıb sürüdülən hamilə
qadınlar, qorxudan dəli olmaq dərəcəsinə gətirilən
yeniyetmələr, daha nələr, nələr...
Bəli, sən əsl vandalizm və vəhşiliyin
şahidi olursan. Məncə, hər bir ölkə vətəndaşı
Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməyi
özünə borc bilməlidir. Unutmayaq
ki, burada xalqımızın başına gətirilən
müsibətlərlə yanaşı, vətənpərvərlik
duyğularının məcmuəsi yaşadılır.
İnsanların müxtəlifliyi burada vahidləşir,
hamının qəlbində həm də bir vətən
sevgisi formalaşır.
Təməli həqiqətlərə
söykənən abidə
Bu gün dünyanın hər yerindən minlərlə
insan respublikamıza səfəri zamanı yolunu Quba
Soyqırımı Memorial Kompleksindən salır. Burada çoxsaylı
görüşlər keçirilir, “dəyirmi masa”lar, diskussiyalar aparılır. Hər il alimlərimiz tariximizlə səsləşən
iclas və müşavirələrini canlı olaraq hadisələrin
və qətliama məruz qalanların ruhlarının
dolaşdığı ərazidə keçirirlər.
Quba Soyqırımı Memorial Kompleksindəki xatirə
kitabı minlərlə insanın ürək sözləri ilə
doludur. Burada alimin, idmançının, səyahətsevərlərin
imzaları, onların yazdıqları fikirlər neçə
qəlbin birliyinin görünməz qovuşuğudur.
Bu gün Qubaya gələn hər kəs möhtəşəm
bir sənət əsərinin, əsrlər boyu
xalqımızın yaşadığı faciələri
özündə əks etdirən mükəmməl bir abidənin
- Quba Soyqırımı Memorial Kompleksinin
ucaldığını görür.
Quba Soyqırımı Memorial Kompleksi həm də rayon
rəhbərliyinin gündəlik işinin tərkib hissəsidir. Onu da qeyd edək
ki, rayonda keçirilən tədbirlərin
iştirakçıları öncə kompleksi ziyarət edirlər.
İstər ölkə daxilində, istərsə
də xaricdə tanınan Quba Soyqırımı Memorial
Kompleksini ziyarət edənlər erməni vəhşiliyinin
bu vaxtadək heç yerdə açılmayan, canlı şəkildə
görünməyən cinayətlərinin şahidi olurlar.
Qərb təfəkküründə görmək
eşitməkdən daha vacibdir. Məzarlığın
üstündə ucaldılan kompleks erməni cəlladlarının
bəşəriyyətə sırıdığı
“zavallı, genosidə məruz qalan xalq” obrazını
darmadağın edir.
Erməni təbliğat maşını yalanların
üstündə qurulub, biz isə faciələrimizə,
reallıqlara söykənirik. Getdikcə onların
yalanlardan bəhrələnən təbliğatı zəifləyir,
nüfuzdan düşür, bizim həqiqətlərimiz isə
qalib gəlir.
Akif
ƏLİYEV,
Azərbaycan. - 2016.- 8 yanvar.- S. 5.