Azərbaycan dünya miqyasında əhəmiyyətli tranzit mərkəzinə çevrilir
“Nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparılmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni İpək yolu layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə, bundan sonra - bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir.
İlham ƏLİYEV
Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.
Şərq-Qərb
nəqliyyat dəhlizinin kəsişdiyi geostrateji
mövqe
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Bu potensialı böyük uzaqgörənliklə qiymətləndirən ümummilli lider Heydər Əliyevin siyasi məharəti və səyləri nəticəsində 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olunmuş və həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb.
İpək yolunun bərpasına həsr olunan Beynəlxalq Bakı konfransı başa çatdıqdan 2 gün sonra onun yekunları ilə əlaqədar ulu öndər Heydər Əliyev müşavirə keçirib. Ölkənin yüksək rəsmi dairələrinin iştirak etdiyi müşavirədə XXI əsrdə Avrasiya nəqliyyat dəhlizinin əhəmiyyətinin daha da artacağını nəzərə alaraq respublikamızda bu sahədə ciddi hazırlıq tədbirlərinin həyata keçirilməsinin, yeni nəqliyyat vasitələri alınmasının və müasir xidmət sahələrinin yaradılmasının vacibliyi qeyd edilib. Sonrakı illərdə Avrasiya nəqliyyat dəhlizinin, Transqafqaz dəhlizinin intensiv fəaliyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında böyük əhəmiyyəti olub. Bu, özünü əsasən yük daşınmalarından əldə olunan gəlirdə, dəniz və dəmir yolu nəqliyyatı, boru nəqliyyatı üçün uzun dövr ərzində etibarlı bazarın yaranmasında, respublikada yük daşınması ilə bağlı infrastruktur sahələrin bərpasında, yeni iş yerləri açılmasında, Azərbaycanın iqtisadi təhlükəsizlik məsələlərinin həll edilməsində, Bakının bu magistral xəttin mərkəzində və Xəzər sahilində yerləşən ən iri liman kimi inkişafında göstərib.
Şimal-Cənub
nəqliyyat dəhlizi ölkəmizin maraqları
baxımından əlverişlidir
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin uğurla nəticələnməsi alternativ layihələrin də inkişafına səbəb olub. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi ideyası buna nümunə ola bilər. Bu layihə Hindistan, Pakistan, Oman, İran, Rusiya tərəfindən irəli sürülüb. Dəhlizin fəaliyyəti Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi və ölkədə digər nəqliyyat növlərinin inkişafı baxımından əlverişli hesab edir.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma 2000-ci ildə Rusiyada əldə olunub. Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir.
Bu nəqliyyat dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruri edir. Bununla əlaqədar olaraq indiyədək bir sıra işlər həyata keçirilib. Ötən ilin dekabrında Prezident İlham Əliyev “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın icrası Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini və bu sahədə görülən işləri sürətləndirəcək, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
Müxtəlif
istiqamətlərə tranzit
daşımalarına etibarlı təminat
Bu gün beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər təklif etməklə, tranzit daşımaları sahəsində səmərəli idarəçiliyin təşkil olunması, müvafiq koordinasiya siyasətinin həyata keçirilməsi ilə bu sahədə ciddi irəliləyişlər əldə edə bilər. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin aparıcı tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq. Bu məqsədlə yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndiriləcək, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılacaq, sərnişindaşıma sahəsində gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyaların tətbiqi reallaşdırılacaqdır. Bununla əlaqədar avtomobil, dəmir yolu, su, hava nəqliyyatı sahəsində vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Artıq bu tədbirlərin bir qismi uğurla
reallaşıb. Ölkəmizdə nəqliyyat infrastrukturunun
inkişafı, tranzit
potensialının artırılması
istiqamətində bir
sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları
yönəldilib. Bakıda və
ölkə regionlarında
beynəlxalq hava limanlarının, Şərq-Qərb
və Şimal-Cənub
nəqliyyat dəhlizləri
istiqamətində beynəlxalq
əhəmiyyətli avtomobil
yollarının tikintisi
və dəmir yolu xətlərinin yenilənməsi ölkənin
xarici iqtisadi əlaqələrinin genişlənməsində
mühüm rol oynayır. Ən əsası bunlar
Azərbaycanın tranzit
potensialını və
tranzit daşımalarında
iştirak imkanlarını
genişləndirir. Digər
tərəfdən, İpək
yolu üzərində
geniş iqtisadi zolağın yaradılmasının
fəal dəstəkçisi
olan respublikamız digər dəhlizlərlə
müqayisədə yüklərin
Azərbaycan ərazisindən
keçməklə müxtəlif
istiqamətlərə tranzit
daşımalarının səmərəli
təşkilinə etibarlı
təminat verir, daha əlverişli şərtlərlə qısa
müddətdə, təhlükəsiz
və vaxtında çatdırılmasına, tranzit
daşımalarının həcminin
dəfələrlə artmasına
imkan yaradır. Prezident İlham Əliyevin nəqliyyat sektorunun ölkə iqtisadiyyatında artan rolundan danışarkən
qeyd etdiyi kimi: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən
körpüdür. Biz indi öz nəqliyyat
infrastrukturumuzu möhkəmləndiririk.
Bizim dəniz nəqliyyatına,
dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat
sektoru gələcəkdə
böyük rol oynayacaqdır. Regionda digər
mühüm işlər
də məhz bununla bağlıdır”.
Azərbaycanın tranzit imkanlarını
artıracaq möhtəşəm
layihələr
Son illər ölkəmizin
nəqliyyat infrastrukturunda
həyata keçirilən
yenidənqurma işləri,
beynəlxalq layihələr,
qəbul olunan dövlət proqramları
bu sahənin inkişafına təkan verib, Asiya ilə
Avropanın qovuşuğunda
yerləşən Azərbaycanın
nəqliyyat dəhlizi
kimi önəmini daha da artırıb. Beləliklə, Avrasiya məkanının
mühüm logistik mərkəzlərdən birinə
çevrilən Azərbaycan
həm də öz tranzit imkanlarını artırmağa
yol açan yeni təşəbbüslərin
müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Tarixi İpək yolunun bərpası çərçivəsində
nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsində böyük addım olan bu layihə
Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin yeni səviyyədə inkişafına
şərait yaradır.
Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın
inkişafında yeni mərhələnin başlanması
deməkdir. Çünki
iqtisadi baxımdan səmərəli, dayanıqlı,
təhlükəsiz və
ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb
nəqliyyat dəhlizinin
əsas elementlərindən
olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə
Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində
sıx əməkdaşlığa,
regionda sosial-iqtisadi artımın sürətlənməsinə,
eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının
genişlənməsinə böyük töhfə verəcək.
Beynəlxalq standartlara uyğun
tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz,
vaxtında və təhlükəsiz daşınmasını
təmin edərək,
daşımaların həcminin
artmasına, tariflərin
əhəmiyyətli dərəcədə
azalmasına gətirib
çıxaracaq, nəqliyyat
infrastrukturunun geniş
miqyasda inkişafına,
nəqliyyat əlaqələrinin
səmərəliliyinin artmasına,
beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin
olunmasına əlverişli
şərait yaradacaq.
BTQ dəmir yolu
xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları
daha da inkişaf
edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm
rol oynayır.
Bu tarixi layihənin həyata keçirilməsi
yük və sərnişinlərin Avropa
və Asiyaya çatdırılması ilə
yanaşı, ixrac mallarının Azərbaycan
ərazisindən tranzitinin
artmasına, Xəzər
hövzəsi regionunun
Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına,
Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə,
əmtəə və
xidmətlərin nəqli
yollarının diversifikasiyasına
xidmət edəcək,
Azərbaycanın və
region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini
daha da yüksəldəcək.
Beləliklə, bu dəmir
yolu Avropa və Asiya ölkələri
arasında yüklərin
daşınmasında əvəzsiz
rol oynamaqla bərabər, Azərbaycanın
tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
Ölkəmizin tranzit imkanlarını artıran digər mühüm layihələrdən
biri də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Ələt qəsəbəsində tikilməkdə olan liman regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə
nöqtəsinə çevriləcək.
Limanın inşasının birinci fazası 2017-ci ildə başa çatacaq və Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini
verəcək. Birinci mərhələdə
limanın yükaşırma
qabiliyyəti ildə
10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə
limanın yükaşırma
gücü 17 milyon
ton yük və 150
min konteynerə, üçüncü
mərhələnin yekununda
isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə
üzrə logistika mərkəzinin yaradılması
da mühüm əhəmiyyət kəsb
edir.
Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində beynəlxalq nəqliyyat logistika mərkəzinin tikintisi nəzərdə tutulur. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilib. İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək logistika mərkəzində 80 min kvadratmetr xüsusi anbar və sahələr yaradılaraq burada 100 min ədəd konteynerin saxlanılması, yük sahiblərinə və mallara xidmət göstərilməsi kiçik və orta biznesin müasir durumda inkişafına münbit şəraiti təmin ediləcək. Bu mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir. Bu liman Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzi olacaq, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına böyük töhfə verəcək, qədim İpək yolu üzərində olan ölkəmizin tarixi ticarət qovşağı mövqeyini özünə qaytaracaq.
Azərbaycanın tranzit və yükdaşıma potensialı genişdir. Əlverişli coğrafi mövqe, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan. - 2016.-9 yanvar.- S.1.