Uğurlara zəmin yaradan islahatlar
Ötən
il ölkəmizdə həyatın bütün sahələrində
olduğu kimi, elm mərkəzlərinin flaqmanı sayılan
AMEA-da da uğurlu və fərəhli anlar
yaşanmışdır. Aparılan islahatlar
özünü doğrultmuş, konfrans və simpoziumlar,
yubiley tədbirləri keçirilmiş, xarici ölkələrdə
eyni profilli qurumlarla və ya onları təmsil edən
nümayəndə heyətləri ilə görüşlər
keçirilmiş, akademiyanın tabeliyində olan institutlarda
diqqətdən kənarda qalan araşdırmalar tədqiqata cəlb
edilmişdir.
2015-ci ildə neft kapitalının insan kapitalına
çevrilməsi sahəsində ardıcıl tədbirlər
gündəmə gətirilmiş, milli sərvətimizin
tükənməz hissəsi olan elmi potensialın qorunması
və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilmişdir. Ölkə Prezidentinin
bu sıradan olan çoxsaylı fərman və sərəncamları
arasında “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”
mühüm yer tutmuşdur. Əlamətdar haldır ki,
2015-ci il həm də Elmin İnkişafı
üzrə Milli Strategiyanın icra müddətinin başa
çatması ilidir. Milli Strategiyanın
müasir Azərbaycan elminin inkişafında rolu olduqca
böyük əhəmiyyət kəsb etmişdir. Bundan
əlavə, 2012-ci ildən fəaliyyətdə olan “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası
güclü və müasir dövlət quruculuğu yolunda
uğurlu elmi inkişaf proqramı olmaqla, cari ildə AMEA-da
idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi,
elmi müəssisələrin işinin səmərəliliyinin
yüksəldilməsi istiqamətində konkret tədbirlərin
həyata keçirilməsində müstəsna rol
oynamışdır.
AMEA-nın
intellektual beyin mərkəzinə çevrilmiş yeni tərkibli
akademiyanın rəyasət heyətində ən aktual elmi,
elmi-innovativ və elmi-təşkilati məsələlər
professional və multidissiplinar səviyyədə müzakirə
olunmuş, qabaqcıl texnologiyaların
araşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi,
elmi potensialın inkişafında dövlət, biznes və
qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin
təşkili və s. məsələlər barəsində
müvafiq qərarlar qəbul edilmiş, mühüm elmi-təşkilati
tədbirlər həyata keçirilmişdir.
Ölkə
Prezidentinin sərəncamına əsasən AMEA-nın Gəncə
Regional Elmi Mərkəzinin bazasında Gəncə Bölməsi
yaradılmış, idarəetmənin və aparılan
islahatların səmərəliliyinin artırılması,
aktual məsələlərin geniş müzakirəsi məqsədilə
AMEA-nın Direktorlar Şurası, habelə həyata
keçirilən tədbirlərin operativliyinin təmin edilməsi
üçün Rəyasət Heyətinin strukturunda Elm və
təhsil idarəsi yaradılmışdır. Respublika
Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc
alimlərinin Avropanın elmi mərkəzlərində
doktorantura təhsilinin maliyyələşdirilməsi
haqqında” sərəncamının icrası ilə əlaqədar
AMEA-nın gənc alimləri Avropanın elmi mərkəzlərinə
göndərilmişdir.
Uğurlara zəmin yaradan islahatlar nəticəsində
AMEA-nın elmi müəssisələrində əldə
olunmuş nəticələrin, mühüm nailiyyətlərin,
yeni innovativ istiqamətlərin gücləndirilməsi məqsədilə
Rəyasət Heyəti Mərkəzi Aparatının tərkibində
İnnovasiya şöbəsi yaradılmışdır. AMEA-nın elmi müəssisə
və təşkilatlarında aparılmış 55 elmi-tədqiqat
işi tətbiq olunmuş, ümumilikdə 48 patent
alınmışdır ki, onlardan da
5-i xaricidir. Akademiyanın müəssisə və təşkilatlarında
3000-dən çox gənci özündə birləşdirən
Gənc alim və mütəxəssislər
şurasının üzvlərindən bir neçəsi “Gənclər
üçün Prezident Mükafatı”na
layiq görülmüşdür. Akademiyada ilin
uğurlu yekunları sırasında elm və təhsilin
inteqrasiyası da mühüm yer tutur. Bu
sahədə əldə edilmiş mühüm nailiyyətlərdən
biri AMEA-da magistratura təhsilinin yaradılmasıdır.
2015-ci ildə burada ilkin olaraq 7 ixtisas üzrə
magistratura təhsili həyata keçirilmişdir.
“Akademiya şəhərciyi”ndə Şərq-Qərb
memarlıq elementlərini özündə ehtiva edən yeni
İnformasiya Resursları Mərkəzi, “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzi tikilib istifadəyə
verilmişdir.
Elmin inkişafına böyük töhfələr verən və
mühüm nailiyyətlər qazanan alimləri daha yüksək
səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək
məqsədilə AMEA-da “Nizami Gəncəvi adına
Qızıl medal”, həmçinin Nəsirəddin Tusi, Həsən
bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, akademiklər
Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Musa
Əliyev adına mükafatlar təsis edilmişdir.
Azərbaycan elmində baş verən müsbət
tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks
olunan konkret rəqəmlərlə də təsdiq olunur. Nüfuzlu beynəlxalq
informasiya bazalarından olan SCOPUS-un rəsmi hesabatına
görə, əvvəlki illərlə müqayisədə
Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlıq
fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər
müşahidə edilir. Azərbaycan alimlərinin
çap olunmuş elmi əsərlərinin ümumi sayında
xarici alimlərlə birgə dərc edilmiş elmi əsərlərin
payı 39,82 faizdən 45,34 faizə
yüksəlmişdir.
2015-ci ildə ölkəmizdə yeni dövrün tələblərinə
cavab verən islahatlar yolu ilə elm və təhsil sisteminin
müasirləşdirilməsi, Avropa təhsil məkanına
inteqrasiya yüksək səviyyədə davam etdirilmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun dəstəyi
ilə dünya standartlarına cavab verən yeni məktəblər
tikilmiş, neçə-neçə təhsil ocağı əsaslı
təmir edilmiş, institut və universitetlər
açılmış, mədəni-maarif müəssisələri
yaradılmışdır. Ötən il dövlət
büdcəsindən təhsilə 1 milyard 553,9
milyon manatdan çox vəsait xərclənmişdir. Bu da son
10 il ərzində 4,2 dəfə artım
deməkdir. Ayrılmış vəsaitlər “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı”na və “2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiya”ya uyğun olaraq təhsil sisteminin inkişafına
yönəldilmiş dövlət proqramlarının və
layihələrin həyata keçirilməsinə, təhsil
infrastrukturlarının müasir tələblərə
uyğun qurulmasına və informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə geniş maliyyə təminatı
yaratmışdır. 2014-cü ildə 573 nəfər
dünyanın aparıcı ali məktəblərində
təhsil almaq hüququ qazanıb. Dövlət proqramı
çərçivəsində indiyədək 3185 gənc
Dövlət Neft Fondu hesabına maliyyələşdirilərək
dünyanın 33 ölkəsinin 542 universitetinə təhsil
almağa göndərilib. Ölkənin elm və ali təhsil sistemində yeni mühitin
yaranmasına xidmət edən SABAH layihəsinin xətti ilə
burada təhsil alan tələbələrin sayı 1630 nəfəri
ötmüşdür.
Ölkəmizin
sosial-iqtisadi və mədəni inkişaf yollarını
müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının tələbləri
baxımından ənənəvi iqtisadiyyatdan “bilik
iqtisadiyyatı”na keçidin əsası
qoyulmuş, bunun üçün həlledici amil olan insan kapitalının
inkişafı ön plana çəkilmişdir. 2013-cü ildə
təsdiq olunmuş “Təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın prioritet
istiqamətləri yönündə tədbirlər
keçirilmişdir. Əvvəlki illərə
nisbətən müəllim peşəsinin ictimai nüfuzu
yüksəlmiş, icbari təhsilin keyfiyyəti
yaxşılaşmışdır. Yeniyetmələrin
vətənpərvərlik və milli-mənəvi ruhda
böyüməsi üçün müxtəlif proqramlar
reallaşdırılmışdır.
2005-2015-ci illərdə 1898 məktəb inşa
edilmişdir.
Ötən 10 ildə məktəb tikintisi sahəsində həyata
keçirilən tədbirlər nəticəsində 900-ə
yaxın məktəb müasir avadanlıqla təmin
edilmiş, 250, o cümlədən Bakı şəhərində
30-a yaxın ümumtəhsil məktəbində 370 kimya,
fizika, biologiya laboratoriyası yenidən qurulmuşdur. Bu gün Azərbaycanın elə bir regionu yoxdur ki,
orada məktəb binası tikilməsin, yaxud mövcud məktəblər
təmir edilməsin.
Cari ildə
ölkə başçısının 15 may tarixli sərəncamı
ilə Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Bakı filialı
yaradılmışdır. Filialın tədris
binası qısa müddətdə təmir olunaraq müasir tədris
avadanlıqları ilə təchiz edilmişdir. Bu
gün həmin ali məktəbdə 100 nəfər
azərbaycanlı tələbə təhsil alır. Ölkə Prezidentinin digər sərəncamı ilə
regionların sosial-iqtisadi inkişaf proqramlarına uyğun
olaraq yeni istehsalat və xidmət sahələrinin ixtisaslı
kadrlara ehtiyacını təmin etmək məqsədilə
Mingəçevir Dövlət Universiteti yaradılmış
və bu ildən fəaliyyətə
başlamışdır.
2015-ci ildə yeni təhsil müəssisələrinin
tikintisi əsasən bölgələrdə
aparılmışdır. Gədəbəydə Moruxlu, Bərdədə
Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə
Qaratorpaq, Lerikdə Anbu və Sim, Cəlilabadda İncilli,
Qubada Əspərasti və Məskə-Xacə kənd, Şəmkir
şəhərində müasir standartlara cavab verən orta məktəb
binaları tikilib istifadəyə verilmişdir. Bundan başqa,
Balakən rayonu ümumi orta internat məktəbinin, Bakı
Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris
binasının, Bakı Texniki, Bakı Rabitə və Nəqliyyat
kolleclərinin, kimya-biologiya təmayüllü respublika
liseyinin, valideyn himayəsindən məhrum olmuş uşaqlar
üçün Bakı şəhəri Xəzər rayonu 2
nömrəli ümumi orta internat məktəbin əsaslı
təmiri yekunlaşdırılmışdır. Respublikanın 50 məktəbində gənclərin
çağırışaqədərki hərbi
hazırlıq otaqları təmir edilmiş, müvafiq tədris
silah və sursatları ilə təchiz olunmuşdur. İlk peşə ixtisas təhsili müəssisələrinin
son 25 ildə ilk dəfə olaraq 2015-ci ildə texniki
avadanlıqla, ləvazimatlarla təchizat məsələləri
həll olunmuşdur. Həmin təhsil
müəssisələrinə təlim avtomobilləri,
müasir kənd təsərrüfatı texnikası, əyani
və texniki təlim vasitələri verilmişdir. Elmi və
pedaqoji ictimaiyyətə yaxşı məlumdur ki, son illər
təhsil infrastrukturunun yeniləşdirilməsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən
Azərbaycana yeni məktəb”, “Uşaq evləri və
internat məktəbləri” proqramları çərçivəsində
son 10 ildə 300-dən çox yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi tikilib
istifadəyə verilmiş, əsaslı təmir və bərpa
olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.
Son bir neçə ildə olduğu kimi, 2015-ci ildə də
Azərbaycanda uğurlu və davamlı siyasətə nail
olmaq üçün insan kapitalının inkişafı
maksimum təmin edilmiş, qloballaşan dünyanın tələbləri
nəzərə alınmaqla elm və təhsil dövlət
qayğısı ilə əhatə olunmuşdur.
Rəhman SALMANLI,