Köhnə ilin yeni ünvanları
Bakı
Prezident
İlham Əliyev yanvarın 12-də “Azərsun Holdinq”
Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi
üzrə görülən işlərin gedişi ilə tanış olub. Dövlət
başçısına məlumat verilib ki, obyektin ərazisi
320 hektardır.
Bu, yüksək standartlara cavab verən
yaşayış, ticarət, əyləncə və idman sahələrini
əhatə edən layihədir. Layihənin
yaşayış sahəsində müasir tələblərə
cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli
ölçülərdə və konseptlərdə 300 villa
inşa olunur. “Xəyal Adası” layihəsi
burada yaşayacaq insanların bütün ehtiyaclarını
ödəməyə hesablanıb.
Layihənin reallaşmasında 2 mindən artıq yerli
işçi çalışır. “Xəyal Adası” ətraf
ərazidə yaşayan insanlar üçün eyni zamanda məşğulluq
mərkəzi olacaq. Belə bir layihənin
həyata keçirilməsi həm də turizm sektorunun
inkişafına mühüm töhfə verəcək.
* * *
Prezident
İlham Əliyev yanvarın 2-də Heydər Əliyev Beynəlxalq
Aeroportunda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə
məxsus, yeni gətirilmiş “Boinq-787-8” sərnişin təyyarəsinə
baxıb.
Son texniki nailiyyətləri özündə birləşdirən
layner daha uzaq məsafələrə uçuşlar həyata
keçirməyə imkan yaradır. Ən yeni
texnologiyaların tətbiq edilməsi nəticəsində təyyarədə
sərnişinlər üçün rahat şərait
yaradılıb. 210 sərnişin tutumuna malik layner fasiləsiz
15 saat uçuşu yerinə yetirərək birbaşa 15 min
700 kilometr məsafə qət edə bilir.
Sumqayıt
Prezident
İlham Əliyev 13 yanvar 2015-ci il tarixində
Sumqayıt şəhərinə səfər edib. Səfər
zamanı dövlət başçısı Nəsimi adına şəhər mədəniyyət və
istirahət parkında aparılan yenidənqurma işləri və
parkda inşa olunan “Yaşıl teatr”da yaradılan şəraitlə
tanış olub. Kütləvi tədbirlərin
keçirilməsi məqsədilə tikilən 350
tamaşaçı yeri olan bu teatr ən müasir standartlar səviyyəsində
inşa edilib.
Dövlət başçısı səfər
zamanı “Alyans Tekstil” tikiş fabrikinin
açılışında da iştirak edib. Müəssisə
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası çərçivəsində
inşa olunub. Fabrikin yerləşdiyi ərazi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan müəssisənin tikintisinə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1
milyon manat güzəştli kredit verilib. Müəssisə
ildə 100 min dəst müxtəlif işçi geyimləri
- gödəkçələr, kombinezonlar, kostyum və dəstlər
istehsal etmək gücünə malikdir. Müəssisədə
200 nəfər işlə təmin olunub.
Prezident Sumqayıtda Gənclər Evinin istifadəyə
verilməsi mərasimində də iştirak edib. Gənclər
Evi Prezidentin 2011-ci ildə imzaladığı sərəncamla
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramına əsasən tikilib.
Sumqayıtın sənaye xəritəsində yeni
ünvan olan Beton məmulatları zavodu da fəaliyyətə
başlayıb. Müəssisənin açılışında
iştirak edən dövlət başçısına məlumat
verilib ki, 11 min kvadratmetr istehsal və inzibati binadan ibarət
olan zavodun ümumi dəyəri 17,6 milyon
manatdır. Müəssisənin qurulmasına
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
500 min manat güzəştli kredit ayrılıb. Tikinti sənayesinin inkişafı və
istehsalçıların keyfiyyətli beton, borular və
döşəmə daşları ilə təmin edilməsi
məqsədilə zavod dünyanın ən aparıcı
şirkətlərinin son texnologiyaları əsasında
qurulub. Qeyd edək ki, 7 istehsal sahəsindən
ibarət olan zavod avadanlığın sayına və həcminə
görə Şərqi Avropada analoqu olmayan ən böyük
müəssisədir. Müəssisədə
ümumilikdə 200-dək yeni iş yeri yaradılıb.
Mingəçevir
Prezident
İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri
zamanı məcburi köçkün ailələri
üçün yeni salınan yaşayış kompleksi ilə
tanış olub. Bu
yaşayış kompleksi 594 məcburi köçkün ailəsi
üçün salınıb. Mingəçevir
şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış
məcburi köçkün ailələrinin
köçürüləcəyi kompleks 12 hektar sahəni əhatə
edir. Burada 596 ev, 480 şagirdlik məktəb, 140 yerlik
uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi,
poçt binası tikilib. Su, elektrik və qaz təchizatı
şəbəkələri Mingəçevir şəhər
kommunikasiyalarına qoşulub.
Qeyd edək ki, bu, qaçqın və məcburi
köçkünlər üçün salınmış
sayca 89-cu yaşayış kompleksidir.
Dövlət
başçısı səfər zamanı şəhər
Mərkəzi xəstəxanasında aparılan yenidənqurma
işləri ilə də tanış
olub. Prezident İlham Əliyevin 2013-cü il
18 aprel tarixli sərəncamına əsasən, Mingəçevir
Şəhər Mərkəzi Xəstəxanasını
çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə
Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait
ayrılıb. Ümumi sahəsi 6 hektar olan xəstəxanada
yenidənqurma işlərinə 2013-cü ilin may ayında
başlanılıb və 2015-ci ilin fevralında sona
çatdırılıb. Xəstəxana
kompleksindəki şöbələrdə müxtəlif xəstəliklərin
müayinəsi və müalicəsi mümkün olacaq.
Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər,
anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul
şöbələri, konsultativ poliklinika, klinik laboratoriya, təcili
tibbi yardım stansiyası və əməliyyat blokları ən
son avadanlıq və cihazlarla təmin edilib. Səhiyyə
ocağında ilk dəfə olaraq 10 çarpayılıq
dializ otağı yaradılıb ki, bu da Mingəçevirdə
dializə ehtiyacı olan xəstələrin
hamısını əhatə edəcək.
Prezident səfər
zamanı Heydər Əliyev parkında aparılan yenidənqurma
işləri ilə tanış olub. Dövlət başçısına məlumat
verilib ki, ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və
qonaqların istirahəti üçün hərtərəfli
imkanlar yaradılacaq, yeni yaşıllıq zolaqları
salınacaq. Dövlət
başçısı həmçinin şəhərdəki
“Dostluq” parkında yaradılan şəraitlə də
maraqlanıb. Ümumi sahəsi 6 hektar olan
parkda müasir işıqlandırma sistemi və fəvvarə
quraşdırılıb, geniş yaşıllıq
zolaqları salınıb, dekorativ ağac və kollar əkilib.
Parkda yay konsert səhnəsi də tikilib.
Prezident
İlham Əliyev şəhərdə tikilən “Ağ saray”
hotelində tikinti işlərinin gedişi ilə tanış olub. 2,5 hektar
sahəsi olan hotel müasir səviyyədə inşa edilib. Bu hotel kompleksi 5 korpusdan ibarətdir. Ümumilikdə burada 55 otaqda qonaqlara xidmət
göstəriləcək. Burada restoran,
kafe-bar, əyləncə mərkəzi, konfrans zalı,
qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj
otaqları, günəş vannası qəbulu
üçün terraslar da qonaqların ixtiyarına veriləcək.
Kompleks istifadəyə verildikdən sonra
qonaqlara xidmət göstərmək üçün burada 40
nəfərdən ibarət personal çalışacaq.
Səfər zamanı Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Mingəçevirdə tikilən uşaq
bağçasının istifadəyə verilməsi mərasimində
dövlət başçısına məlumat verilib ki,
burada 120 uşaq təlim və tərbiyə alacaq. Bağçada
məşğələ, oyun, tibb otaqları fəaliyyət
göstərir, kompüter, rəsm, şahmat otaqları da
balacaların ixtiyarına veriləcək.
Qusar
Prezident
İlham Əliyev 29 yanvar 2015-ci il tarixində
Qusar rayonuna səfər edib. Dövlət
başçısının səfəri zamanı
“Şahdağ” Qış-Yay Turizm Kompleksində “Park Chalet”
hoteli istifadəyə verilib.
Kompleks dünyadakı bu tipli komplekslərdən nadirliyi
və universallığı ilə fərqlənir. “Şahdağ”
Qış-Yay Turizm Kompleksi ölkəmizdəki ilk dağ-xizək
kurortudur. Kompleksin inşası bir neçə
mərhələdə aparılır.
Həmin səfər çərçivəsində
Prezident “Şahdağ” Qış-Yay Turizm Kompleksinin 1 nömrəli
kanat yolunun və xizək enişinin açılışında
da iştirak edib. Kompleksdə inşası nəzərdə
tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan
başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça
cığırı” və ümumi uzunluğu 12 min 430 metr
olan 11 dağ-xizək enişi inşa olunub.
Bərdə
Prezident İlham Əliyev martın 12-də Bərdə
rayonunda səfərdə olub. Dövlət başçısı
Heydər Əliyev adına park-bulvarın
istifadəyə verilməsi mərasimində iştirak edib. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə
47 hektar ərazini əhatə edir və gələcəkdə
daha da genişləndiriləcək.
Parkın giriş qapısı öz əzəməti
ilə diqqəti cəlb edir. Eni 36, hündürlüyü 12 metr
olan giriş qapısı milli memarlıq üslubunda ilə
ucaldılıb. Kompleksə əlavə
6 istiqamətdə giriş qapısı tikilib.
* * *
Həmin
gün dövlət başçısı Bərdədə
588 məcburi köçkün ailəsi üçün yeni
salınan yaşayış kompleksində yaradılan şəraitlə
tanış olub. Məcburi
köçkünlərin müvəqqəti
yaşayış yerləri və çadır şəhərciklərindən
müasir tələblər səviyyəsində inşa edilən
qəsəbələrə köçürülməsi
dövlətin insanlara göstərdiyi diqqətin təzahürüdür.
Görülmüş tədbirlər nəticəsində
ölkədə çadır şəhərciyi qalmayıb.
Belə yerlərdə yaşayan əhalinin
hamısı müasir tipli qəsəbələrə
köçürülüb.
* * *
Dövlət başçısı səfər
zamanı “ASAN xidmət” mərkəzinin
açılışında da olub. Bərdə regional
“ASAN xidmət” mərkəzinin binasının inşasına
2013-cü ilin aprel ayında başlanılmışdı.
Dördmərtəbəli binanın tikintisi ən
yüksək standartlara uyğun həyata keçirilib. Bu mərkəzin xidmətindən Bərdə də
daxil olmaqla, Ağdam, Ağcabədi, Laçın, Yevlax və
Tərtər rayonlarının 800 minə yaxın sakini istifadə
edir.
* * *
Prezident Bərdə
türbəsində aparılan təmir işlərinin
gedişi ilə də tanış olub. Bu türbə 1322-ci ildə Əcəmi memarlıq
məktəbinin nümayəndələrindən olan Əhməd
bin Əyyub əl-Hafiz Naxçıvani tərəfindən
inşa olunmuşdur. Hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi
üç əsas memarlıq quruluşundan ibarətdir.
Bərpaçılar tarixi abidəni əzəli
görkəminə qaytarmaq üçün qiymətli tikinti
materiallarından istifadə edirlər. Türbənin
ətrafında səliqə-sahman yaradılması
üçün abadlıq-tikinti işləri də həyata
keçirilir.
* * *
Dövlət başçısı səfər zamanı Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib. Yeni avtomobil yolunun tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5,8 milyon manat vəsait ayrılıb. Bu yol 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirir.
* * *
Səfər çərçivəsində
Prezident 1 nömrəli Uşaq İncəsənət Məktəbinin
açılış mərasimində də iştirak edib. Məktəbin
32 sinif otağı və digər yardımçı
otaqları var. Burada xalq çalğı alətləri,
fortepiano və nəzəri fənlər, rəsm və rəqs
şöbələri fəaliyyət göstərir, bir
neçə ixtisas - tar, kamança, nağara, fortepiano,
skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər
keçilir.
Azərbaycan. - 2016.- 9 yanvar.- S.2.