Azərbaycan beynəlxalq əlaqələrdə öz mövqeyini ifadə edir

 

Dövlət müstəqil siyasətini davam etdirmək əzmindədir

 

Bir neçə ildir ki, beynəlxalq münasibətlər sistemində açıq-aşkar gərginlik müşahidə edilir. Dünyanın güc mərkəzlərinin planetin müxtəlif regionlarında öz coğrafi-siyasi nüfuzunu möhkəmlətmək üçün başladığı mübarizə nəticə etibarilə bütöv xalqların taleyində yeni-yeni faciələrə yol açır. Silahlı münaqişələr, vətəndaş müharibələri yüz minlərlə günahsız insanın ölümünə, milyonlarla adamın yurd-yuvasından didərgin düşməsinə, humanitar fəlakətin geniş miqyas almasına gətirib çıxarır. Xüsusilə, Ukraynada, Şimali Afrika və Yaxın Şərqdə cərəyan edən mürəkkəb proseslər bu regionlarda vəziyyətin tezliklə normal məcraya qayıdıcağına ümid yeri qoymur.

Yola saldığımız 2015-ci ildə beynəlxalq aləmdə baş verən hadisələrin dramatikliyi nəinki azalmadı, əksinə, qlobal gərginlik daha da artdı. Rusiyanın Suriyada vətəndaş müharibəsinə qarışması, üstəlik, Rusiya-Türkiyə və İraq-Türkiyə münasibətlərinin gərginləşməsi, terrorçu təşkilatların Türkiyəni hədəfə alması Yaxın Şərqdə onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırdı. Doğrudur, ötən ay BMT Təklükəsizlik Şurası Suriya böhranının tənzimlənməsinə dair qətnamə qəbul etdi. Sənəd problemin həllini nəzərdə tutan tədbirləri - atəşin dayandırılması, münaqişə tərəfləri arasında danışıqların təşkil olunması, yeni konstitusiyanın hazırlanması, keçid hökumətinin yaradılması və seçkilərin keçirilməsini ehtiva edir. Bununla belə, qətnamənin icrası prosesinin rəvan gedəcəyi, heç olmasa, ölkədə qan axıdılmasına son qoyulacağı nikbinlik üçün elə bir əsas vermir. Məsələ burasındadır ki, istər güclü regional oyunçular, istərsə də dünyanın aparıcı dövlətləri Suriya münaqişəsinə yalnız öz maraqları prizmasından baxırlar və bu maraqlar çox vaxt üst-üstə düşmür. Belə bir şəraitdə suriyalıların, eləcə də regionun “ərəb baharı” yaşayan digər xalqlarının taleyi arxa plana keçir, on milyonlarla insanın gələcəyi tükdən asılı olaraq qalır.

Çox da uzaq olmayan regionda cərəyan edən proseslər istər-istəməz Azərbaycanı da narahat edir. Çünki qonşu ölkələr arasında münasibətlərin korlanması bu və ya digər dərəcədə regional əməkdaşlığa təsir edir. Odur ki, rəsmi Bakı mövcud gərginliyin aradan qaldırılması və qarşılıqlı münasibətlərin bərpa olunması naminə əlindən gələni etməyə hazır olduğunu bildirir. Təəssüf ki, hələlik bu çağırışlar cavabsız qalır.

Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. İlk növbədə belə bir prinsip diqqəti cəlb edir ki, dünyanın aparıcı güc mərkəzləri arasında davam edən geosiyasi mübarizəyə bu və ya digər şəkildə qoşulmaq Azərbaycan diplomatiyasının planlarına daxil deyil. Sirr deyil ki, rəsmi Bakını bu mübarizəyə cəlb etmək cəhdləri ötən il də olmuşdu. Amma Azərbaycan rəhbərliyi bu cəhdləri cavabsız buraxaraq regional və beynəlxalq əməkdaşlığa töhfə vermək yolu seçdi. Prezident İlham Əliyevin keçən ilki xarici səfərləri bu baxımdan səciyyəvi idi. Dövlət başçısı il ərzində 20 dəfə xarici səfərə çıxmış, bu səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Digər tərəfdən, xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin aparıcı istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Diplomatiyamız keçən il də bu sahədə xeyli iş görmüşdür. Bu baxımdan diqqəti daha çox iki hadisə cəlb edir. Onlardan biri 2015-ci ilin martında Türkiyənin Qars vilayətinin Selim rayonunda Transanadolu qaz boru kəmərinin - TANAP-ın təməlinin qoyulması idi. Xatırlatmaq yerinə düşər ki,”Cənub” qaz dəhlizinin tərkib hissəsi olan TANAP kəmərinin tikintisi haqqında Azərbaycanla Türkiyə arasında saziş 2012-ci ildə imzalanmışdır. Bir il sonra - 2013-cü ildə isə Transadriatik qaz boru kəməri (TAP) “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilmişdir. Beləliklə, Xəzərin Azərbaycan sektorunda hasil olunan təbii qazı Gürcüstan və Türkiyədən keçməklə Avropaya nəql edəcək “Cənub” qaz dəhlizinin bütün tərkib hissələri - “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri üzrə iş başlamışdır.

Özü də “Cənub” qaz dəhlizi adi layihə deyil. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” XX əsrin layihəsi olduğu kimi, “Cənub” qaz dəhlizi də XXI yüzilliyin layihəsidir. Avropanın enerji xəritəsini tamamilə dəyişdirəcək yeni layihəyə 45 milyard dollar investisiya qoyulacaq. Boru kəməri sistemi 3600 kilometrlik məsafə qət edərək Xəzər dənizini Avropanın mərkəzi ilə birləşdirəcək. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası ilə “Cənub” qaz dəhlizinin birinci hissəsi istifadəyə verildi. Bununla, Azərbaycan dünya bazarında qaz ixracatçısı kimi tanınmağa başladı. 2014-cü ilin sentyabrında tammiqyaslı “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə Azərbaycan qazının Avropa bazarına nəqli üçün imkan yarandı. Yeni qaz kəmərinin inşası Xəzər, Qara dəniz və Aralıq dənizi hövzələrinin ölkələri üçün yeni imkanlar yaradacaq, geniş bir coğrafiyada regional iqtisadi inkişafa böyük töhfə verəcək. Həm də Xəzər hövzəsi ilə Avropa arasında təbii qaz təchizatı sahəsində yeni başlayan beynəlxalq əməkdaşlığın onilliklər boyu davam edəcəyi gözlənilir. Belə ki, Azərbaycanın qaz ehtiyatları çox zəngindir: təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr olsa da, proqnoz ehtiyatlar bundan iki dəfə çoxdur. “Cənub” qaz dəhlizinin hələlik yeganə resurs mənbəyini təşkil edən “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz var. Bununla yanaşı, Xəzərin Azərbaycan sektorunda təbii qazla zəngin olan “Abşeron”, “Ümid” və digər yataqlar da var. Həmin yataqlarda hasilat başladıqdan sonra “Cənub” qaz dəhlizi üçün əlavə resurs mənbəyi yaranacaq.

Belə bir məqamı da qeyd etmək lazımdır ki, “Cənub” qaz dəhlizinin genişləndirilməsi ilə Avrasiyada yeni əməkdaşlıq formatı yaranır. İndiyədək Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda həyata keçirilən beynəlxalq infrastruktur layihələrində üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bundan sonra isə format genişlənəcək, iştirakçı ölkələr çox olacaq, Cənub-Şərqi Avropanın bir çox ölkələri - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, perspektivdə isə Monteneqro, Bosniya, Xorvatiya və başqaları Xəzərdə başlamış əməkdaşlıq prosesinə qoşulacaq. Maraqlı cəhət odur ki, hazırda Avrasiya bölgəsində formalaşan yeni tərəfdaşlıq formatının iştirakçıları olan ölkələrin tarixi, mədəniyyəti fərqli olsa da, onları müştərək maraqlar, konkret layihələr birləşdirir. Ona görə “Cənub” qaz dəhlizi sadəcə olaraq enerji layihəsi kimi yox, həm də ciddi siyasi təşəbbüs kimi nəzərdən keçirilə bilər.

Azərbaycanın dünya iqtisadiyyatına sıx inteqrasiyası istiqamətində ötən il baş vermiş digər mühüm hadisə isə qədim İpək yolunun bərpası və onun potensialının işə salınması naminə görülən növbəti tədbirlər oldu. Belə ki, 2015-ci ilin avqustunda Çindən ilk konteyner qatarı bərə ilə Xəzər dənizini keçərək ölkəmizə gəldi. Bu, sözün həqiqi mənasında, tarixi hadisə idi. Hələ 1988-ci ildə Avrasiyanın 32 ölkəsinin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirakı ilə Bakıda tarixi İpək yolunun bərpasına dair beynəlxalq konfrans keçirildi. Konfransın yekunlarına görə, Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı və Bakı Bəyannaməsi qəbul edildi. Əsas Çoxtərəfli sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alındı və beləliklə, ilk dəfə beynəlxalq təşkilatlardan birinin mənzil-qərargahı Azərbaycan paytaxtında fəaliyyətə başladı.

Sonrakı mərhələdə qədim İpək yolunu dirçəltmək məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində ardıcıl işlər görüldü, o cümlədən TRASEKA nəqliyyat dəhlizi ilə yük daşımalarının həcmini artırmaq üçün nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirildi, avtomobil magistralları, dəmir yolu xətləri və körpülər müasir tələblər səviyyəsində yenidən quruldu, yaxud yeniləri inşa edildi, dəmir yolu nəqliyyatı vasitələri, gəmilər, bərələr, liman qurğuları təmir olundu. Bakı şəhərində ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan yaradan neftboşaltma limanı istifadəyə verildi. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı inşa olundu. Hazırda başqa bir mühüm layihə - Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tamamlanma mərhələsindədir. Bununla, Avropanı Asiya ilə birləşdirən dəmir yolu nəqliyyatı istismara hazır olacaq. Nəzərdə tutulan digər tədbirlər də həyata keçirildikdən sonra Avrasiyada ticarətin həcmini artıracaq yeni İpək yolu formalaşacaq, malların Çindən Avropaya, Avropadan Çinə gətirilməsi üçün ən qısa ticarət yolu işə başlayacaq. Azərbaycan isə tranzit ölkə, nəqliyyat qovşağı kimi beynəlxalq əməkdaşlıqda əhəmiyyətli rol oynayacaq.

Göründüyü kimi, Azərbaycan XXI əsrin ən böyük beynəlxalq inkişaf layihələrinin reallaşdırılmasına əvəzsiz töhfə verir. Bununla belə, nə qədər paradoksal olsa da, özünü etibarlı tərəfdaş kimi təsdiqləmiş ölkəmiz əməkdaşlıq etdiyi bir sıra Avropa dövlətləri və təşkilatları tərəfindən mütəmadi olaraq təzyiqə məruz qalır. Ötən il də təzyiq, tənqid isterikası səngiməmişdi. Özü də Azərbaycanda hansısa əhəmiyyətli tədbir həyata keçirilən kimi antiazərbaycançı qüvvələr dərhal səfərbər olub baş qaldırırdı. Xüsusilə, I Avropa Oyunları ərəfəsində və idman tədbirinin gedişində sözügedən qüvvələr “meydan sulayır”, ölkəmizdə insan hüquqları sahəsində yaranmış vəziyyətdən dərin “narahatlıq” hissi keçirdi. Halbuki Avropanın ayrı-ayrı ölkələrində ksenofobiya, islamofobiya təzahürləri baş alıb gedirdi. Bu təzahürlər köhnə dünyanın bəyan etdiyi dəyərlərlə bir araya sığmır. Elə isə Azərbaycana münasibətdə ikili standartların tətbiqi nədən qaynaqlanır?

Artıq hamıya məlumdur ki, insan hüquqları “carçı”larını insan hüquqları qətiyyən maraqlandırmır. Əslində, insan hüquqları Qərbin “söz”ünə baxmayan, yəni, müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsindən başqa bir şey deyil. Odur ki, rəsmi Bakı bu qarayaxma kampaniyasına əhəmiyyət verməyərək milli maraqlara əsaslanan xarici siyasət xəttini davam etdirir və bu xətdən imtina etmək niyyətində deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Beynəlxalq arenada biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu bizim siyasətimizə heç bir təsir edə bilməz. Belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də artıq başa düşməlidir ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Antiazərbaycançı qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb, əlbəttə ki, məyus olurlar. Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə, bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə, kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur, biz sözümüzü deyəcəyik”.

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan. - 2016.- 10 yanvar.- S.1.