Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2015-ci ilin sosial iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Azərbaycan Prezidenti İlham
Əliyevin giriş nitqi
- Bu
gün biz 2015-ci ilin yekunlarını müzakirə edəcəyik.
Eyni zamanda, 2016-cı ildə görüləcək
işlər haqqında danışacağıq.
2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim
regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi
böhran müşahidə olunur. Əfsuslar
ki, mövcud olan münaqişələr 2015-ci ildə öz
həllini tapmadı. Əksinə,
dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə
ocaqları yaranmışdır. Əlbəttə
ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi
təsir göstərmişdir. Yaxın
Şərqdə - İraqda, Suriyada, Liviyada münaqişələr,
qanlı toqquşmalar, müharibələr davam edir.
Əlbəttə, bu, bizi ciddi narahat edir. Çünki
biz də bu regionda yaşayırıq və regionda baş verən
hadisələr istər-istəməz bizə də öz təsirini
göstərir. Xarici müdaxilə nəticəsində
Yaxın Şərqdən artıq qaçqın,
köçkün vəziyyətinə düşmüş
yüz minlərlə insan Avropaya pənah gətirir. Yüz minlərlə insan həlak olmuşdur. Milyonlarla insan qaçqın, köçkün vəziyyətində
yaşayır.
Əlbəttə, bu insanların aqibəti bizi narahat
edir. Çünki biz də vaxtilə çox
böyük humanitar fəlakətlə üz-üzə
qalmışdıq. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
bir milyondan çox Azərbaycan vətəndaşı
qaçqın, köçkün vəziyyətinə
düşmüşdür. Biz
yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan
bu humanitar fəlakətlə təkbaşına üz-üzə
qalmışdı. Bildiyiniz kimi,
adambaşına ən yüksək köçkün,
qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək,
öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən
çıxa bildik. Biz köçkünlərin,
qaçqınların yaşayış səviyyəsini
böyük dərəcədə yaxşılaşdıra
bilmişik.
Ancaq bu gün Avropada buna miqrant böhranı deyirlər. Mən dəfələrlə
demişəm ki, bu, ilk növbədə, vətənini, əmlakını,
doğmalarını itirmiş insanlar üçün
böhrandır. Onlar indi Avropaya
sığınacaq tapmaq, canlarını qurtarmaq
üçün pənah gətirirlər. Orada da onları nələr gözləyir,
hamımız yaxşı görürük. Bununla bərabər, yaranmış bu vəziyyət
istər-istəməz Avropada radikal qüvvələrin,
islamafobiya meyillərinin güclənməsinə gətirib
çıxarır. Bu da çox təhlükəli
meyildir.
Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Eyni zamanda,
bizi Avropa ölkələri ilə dərin əlaqələr
bağlayır. Biz siyasi, iqtisadi, enerji sahələrində,
başqa sahələrdə uğurla əməkdaşlıq
edirik. Biz həmişə
çalışırıq ki, dinlərarası,
sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermişik və
öz nümunəmizi ortaya qoymuşuq. Ona
görə bu gün dünyada yaşanan sivilizasiyalararası
anlaşılmazlıq bizi narahat edir. Bu,
çox təhlükəli meyillərdir. Azərbaycan
öz tərəfindən çalışacaq ki, bu meyillərin
yumşaldılması və müsbət məcraya yönəldilməsi
üçün öz səylərini göstərsin.
Keçən
il Türkiyə-Rusiya münasibətləri
gərginləşdi. Təbiidir ki, bu, bizi
çox narahat edir. Çünki hər
iki ölkə bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim üçün, əminəm
ki, Türkiyə və Rusiya üçün bu, arzuolunan vəziyyət
deyil.
Bununla bərabər, bu yaxınlarda İran-Səudiyyə
Ərəbistanı münasibətləri həddindən
artıq gərginləşdi və diplomatik əlaqələr
kəsildi.
İran və Səudiyyə Ərəbistanı bizim
üçün yaxın və dost ölkələrdir. İran ilə bizi birgə tarix, mədəniyyət
birləşdirir, bir çox layihələr birgə icra
edilir. Səudiyyə Ərəbistanı
bizim üçün çox önəmli tərəfdaşdır.
Yaxşı bilirsiniz ki, keçən il mənim
Səudiyyə Ərəbistanına rəsmi səfərim
yüksək səviyyədə keçmişdir. Mənə, eyni zamanda, Azərbaycan dövlətinə,
Azərbaycan xalqına çox böyük qonaqpərvərlik
göstərilmişdir. Müqəddəs
Kəbənin qapıları üzümüzə
açılmışdır. Eyni zamanda, Səudiyyə
Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində həmişə birmənalı
şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir,
nəinki dəstəkləyir, hətta bu münaqişəyə
və işğala görə Ermənistan ilə heç bir
əlaqə saxlamır, diplomatik əlaqələr
saxlamır. Yəni, İran-Səudiyyə
Ərəbistanı münasibətlərində
yaranmış gərginlik əlbəttə ki, bizi narahat edir.
Çünki hər iki ölkə ilə bizim
yaxın əlaqələrimiz var. Eyni zamanda, bu vəziyyət
istər-istəməz müsəlman aləmində baş verən
hadisələrə təsir göstərir.
Biz həmişə çalışmışıq və
öz səylərimizi göstərmişik ki, müsəlman
aləmi daha da sıx birləşsin. Bu gün də
çalışırıq və Azərbaycanda keçirilən
müxtəlif tədbirlər, o cümlədən gələn
il keçiriləcək İslam Həmrəylik Oyunları bu
məqsədi güdür ki, müsəlman aləmində əlaqələr
daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq
üçün daha yaxşı zəmin yaradılsın.
Yəni,
budur keçən il müşahidə
olunan mənzərə. Mən hələ MDB məkanında
baş verən iqtisadi və siyasi hadisələri demirəm.
Neftin qiyməti dünya bazarlarında kəskin
şəkildə, 3-4 dəfə aşağı
düşmüşdür. Bu, bizim gəlirlərimizə
mənfi təsir göstərmişdir. Yəni,
2015-ci ildə geosiyasi və geoiqtisadi mənzərə
çox narahatedici və ağırdır. Bu, reallıqdır. Biz real
dünyada yaşayırıq və reallıqla
hesablaşmalıyıq. Əlbəttə ki, bu
reallığı nəzərə alaraq öz siyasətimizi
bu il və bundan sonrakı illərdə
davam etdirəcəyik.
O ki
qaldı ölkəmizin inkişafına, Azərbaycan 2015-ci
ildə uğurla inkişaf etmişdir. Qarşıda
duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da
artmışdır. Mən keçən il
xarici ölkələrə 20 rəsmi və işgüzar səfər
etmişəm. Xarici ölkələrin dövlət
və hökumət başçıları Azərbaycana səfərlər
etmişlər, 15 dövlət və hökumət
başçısı Azərbaycanda olmuşdur. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz
çox uğurlu olmuşdur. Azərbaycan
bütün məsələlərlə bağlı öz
prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim
mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında
formalaşır.
Bu gün burada regionda gedən proseslərlə
bağlı öz fikirlərimi bildirərkən, eyni zamanda,
ictimaiyyətə çatdırmaq istəyirəm ki, Azərbaycan
bundan sonra da regionda sabitləşdirici rol oynamağa
çalışacaq. Çalışacaq ki, risklər
azalsın, əməkdaşlıq daha da dərinləşsin.
Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı heç bir irəliləyiş
olmamışdır. Deyə bilərəm ki,
danışıqlar istiqamətində durğunluq
müşahidə olunurdu. Sadəcə
olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin
görüşü keçirilmişdir. Bu
görüş də deyə bilərəm ki, formal xarakter
daşıyırdı - görüş naminə görüş.
Çünki 2015-ci ildə prezidentlər səviyyəsində
görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası,
yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan
sülh istəmir. Status-kvonu nə qədər çox
mümkündürsə saxlamaq istəyir, işğal
olunmuş torpaqlardan çəkilmək istəmir və
danışıqları sadəcə olaraq, bir proses kimi qəbul
edir, vaxt uzatmaqla məşğuldur və
danışıqları sonsuz bir proses kimi gələcəkdə
də görmək istəyir.
Bizim isə mövqeyimiz tam fərqlidir. Biz
münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri
də dəfələrlə bildirmişlər ki, onlar da
münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir.
Ancaq əfsuslar olsun ki, işğalçıya
bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir.
Burada əlbəttə ki,
işğalçı ilə işğala məruz qalan
ölkə arasında fərq qoyulmalıdır. Bizim torpaqlarımız işğal altındadır
və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin
dövlət başçıları bir neçə dəfə
bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi
üçün heç bir konkret addım atılmır.
Status-kvonun dəyişdirilməsi o deməkdir
ki, işğala son qoyulacaq.
Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan
sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə
qəbul etmişdir ki, erməni işğalçı
qüvvələri torpaqlarımızdan dərhal və
qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında
buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik
Şurası heç bir qətnamə qəbul etməmişdir.
Ancaq işğala məruz qalan postsovet məkanının
digər ölkələri, onların vəziyyəti ilə
bağlı bəzi hallarda ərazi bütövlüyü
haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni
əhəmiyyət daşıyır. Heç
bir başqa ölkənin ərazi bütövlüyündən
aşağı əhəmiyyət daşımır və
bizim ərazi bütövlüyümüz bərpa edilməlidir.
Azərbaycan bu istiqamətdə öz siyasətini
aparacaq. Əlbəttə ki, diplomatik səylər
davam etdiriləcək. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bütün
üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir
və olmalıdır. Biz bu məsələni
bütün beynəlxalq tribunalarda qaldırırıq və
qaldıracağıq, diplomatik və siyasi səylərimizi
artıracağıq. Ermənistanı
bundan sonra da bu bölgədə bütün layihələrdən
kənarda saxlayacağıq, öz hərbi
gücümüzü artıracağıq.
Azərbaycanın hərbi potensialı 2015-ci ildə
böyük dərəcədə möhkəmlənmişdir. Biz bunu
döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam
üstünlük təmin etmişdir və öz iradəsini
diktə etmişdir. Onlarla
işğalçı məhv edildi, Ermənistan rəhbərliyi
panikadadır, isterikadadır, xarici qüvvələrə
müraciət edir ki, onları müdafiə etsinlər.
Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak
olurlar? Azərbaycan torpağında həlak
olurlar. Getsinlər, çəkilsinlər bizim
torpaqlarımızdan, bu zaman münaqişəyə son
qoyular, heç kim həlak olmaz və
sülh bərpa edilə bilər.
Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi,
diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik,
eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik
və beləliklə, münaqişənin həllini
yaxınlaşdıracağıq. Bir daha
demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə,
o cümlədən tarixi ədalətə və beynəlxalq
hüquqa əsaslanır.
2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf
etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan
inkişaf əldə edilməmişdir. Bu
da mümkün deyildi. Çünki qeyd
etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı
düşmüşdür. Manatın məzənnəsi
devalvasiyaya uğramışdır. Bu da
qaçılmaz idi. Çünki neftin
qiymətinin 3-4 dəfə aşağı düşməsi
imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə
qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə
də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə
devalvasiyaya uğramışdır. Belə
olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət
qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox
böyük təzyiq göstərilirdi. Sadəcə
olaraq, manatı əvvəlki səviyyədə saxlamaq
qeyri-mümkün idi. Yəni, bu,
qaçılmaz bir addım idi. Bunun səbəbi
Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsini mən şəxsən
iqtisadi amillərlə, sırf iqtisadi amillərlə
bağlaya bilmərəm. Çünki
dünya iqtisadiyyatı o qədər tənəzzülə
uğramayıb ki, neftin qiyməti 3-4 dəfə
aşağı düşsün. Mənim
fikrimcə, burada ilk növbədə siyasi amillər öz
rolunu oynayıbdır. Kimsə kiminləsə
mübarizə aparır, biz isə bundan əziyyət çəkirik.
Ona görə bu da əlbəttə ki, bizim
iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir.
Ancaq biz çalışacağıq ki, bu məzənnənin
dəyişməsi ilə bağlı mənfi fəsadların
aşağı salınması üçün daha da fəal
iş görək. Bu barədə mən bir qədər
sonra öz fikirlərimi bildirəcəyəm.
Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1
faizdən çox, sənaye istehsalı 2,4
faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki
bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı
deməkdir, aparılan islahatların nəticəsidir.
Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4
faiz artması bizim əsas göstəricimizdir.
Keçən
il ölkə iqtisadiyyatına 20 milyard
dollara yaxın sərmayə qoyulmuşdur. Bunun
yarısı xarici sərmayədir. Bu da
çox müsbət haldır. Azərbaycan
xarici investorlar üçün cəlbedici ölkə kimi
öz potensialını təqdim edir. Başqa
iqtisadi göstəricilər də müsbət dinamikanı
göstərir. Yəni, 2015-ci ildə bütün bu
geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi
inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.
Keçən
il bütün sosial proqramlar icra
edilmişdir. Heç bir ixtisar
olmamışdır. İnsanlara daha da
böyük məbləğdə ünvanlı dövlət
sosial yardımı verilmişdir. Bu sahədə də
islahatlar aparılıb və bu yardımı alan
insanların sayı azalıb. Bunun hesabına həqiqətən
bu yardıma möhtac olan ailələrə daha da
böyük məbləğdə yardım verilir. Bu
gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər
ay dövlətdən orta hesabla 152 manat yardım alır və
il ərzində verilən bu məbləğ 7 faiz
artmışdır. Sosial infrastruktur layihələri
icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz
azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə
bilmişik. Altmışa yaxın tibb
müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb
təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir
işləri aparılır. Uşaq
bağçalarının tikintisi davam edir. Yəni,
sosial infrastruktur layihələri Dövlət İnvestisiya
Proqramında nəzərdə tutulmuşdur və onlar icra
edildi, bu il də icra edilməlidir.
Regionların inkişafı 2015-ci ildə sürətlə
getmişdir. Mən dəfələrlə bölgələrdə
olmuşam. Vəziyyətlə tanış
olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi
var, yeni sənaye müəssisələri açılır.
Yüz mindən çox yeni iş yerləri
açılmışdır ki, onlardan 84 mini daimi iş
yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min
iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min
daimi iş yeri açılmışdır, 40 min iş yeri
bağlanmışdır. Yenə də burada
biz müsbət dinamikanı görürük. Ancaq
bununla bərabər, iş yerlərinin
yaradılması ilə bağlı əlavə tədbirlər
görüləcək. Bu gün biz bu barədə
də danışacağıq.
Azərbaycanda çox müsbət demoqrafik vəziyyət
mövcuddur.
Ötən il əhalinin sayı 114 min nəfər
artıb. Bu, çox müsbət haldır,
ümumi iqtisadi inkişafın təzahürüdür.
Eyni zamanda, bu, bizi daha da fəal işləməyə
sövq etməlidir. Çünki bir il
ərzində əhalinin sayının 114 min nəfər
artması gələcəkdə yeni iş yerləri, bir
neçə ildən sonra yeni uşaq bağçaları,
yeni məktəblər deməkdir. Biz bunları
etməliyik. Yəni, bizim
üstünlüyümüz ondan ibarətdir ki, əhali
artır. Eyni zamanda, bu, bizim
iqtisadiyyatımıza əlavə yükdür. Biz elə
işləməliyik ki, iqtisadi inkişaf, açılan
iş yerləri, yaradılan sosial infrastruktur demoqrafik
inkişafı üstələsin. Bax, hökumət
qarşısında bu vəzifə qoyulur və biz bu vəzifəni
icra etməliyik.
Keçən
il TANAP layihəsinin inşası
başlanmışdır. Bu, ölkəmiz,
region və ümumiyyətlə, Avropa üçün
çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət
daşıyan bir layihədir. Bu layihə
bizə imkan verəcək ki, zəngin qaz
resurslarımızı dünya bazarlarına çıxaraq.
Avropa isə alternativ qaz mənbəyi əldə
edəcək. Tranzit ölkələr, -
eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan
böyük mənfəət götürəcəklər.
Yəni, bu layihənin bütün
iştirakçıları böyük siyasi və iqtisadi
dividend əldə edəcəklər. Bu
layihənin təşəbbüskarı Azərbaycandır.
Əsas iqtisadi yük bizim üzərimizə
düşür və biz bu layihəni icra etməyə tərəfdaş
ölkələrlə başlamışıq. Keçən
il Türkiyənin Qars şəhərində
TANAP layihəsinin təməl daşı qoyulub və işlər
uğurla davam etdirilir. Bu il artıq kəmərin
inşası başlayır.
2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə
baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları
keçirilmişdir. Azərbaycan bu
Oyunları ən yüksək səviyyədə keçirə
bilmişdir. Baxmayaraq ki, Oyunların keçirilməsi
üçün cəmi 2 il yarım
vaxtımız var idi, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində
keçirdik. Bütün Avropaya və
dünyaya müstəqil ölkəmizin imkanlarını,
xalqımızın qonaqpərvərliyini, gözəl
Bakı şəhərimizi göstərdik. Azərbaycan reallıqlarını 6 min
idmançı, minlərlə qonaq öz gözləri ilə
görə bilmişlər. Bu reallıqlar
bizim nüfuzumuzu daha da artırır və gələcəkdə
Azərbaycana qoyulacaq investisiyaların həcmini, Azərbaycana
gələcək turistlərin sayını artıracaq.
Yəni, Avropa Oyunları sadəcə olaraq,
dünyaya bizim təqdimatımız deyildi. Onun çox böyük praktiki nəticələri
olacaqdır. Biz müasir idman, xidmət və
nəqliyyat infrastrukturu yaratmışıq. Yəni, bütün bunlar Azərbaycan
xalqının sərvətidir və bu Oyunlar əlbəttə
ki, müstəqil ölkəmizin qüdrətini göstərmişdir.
Bu Oyunlar göstərdi ki, biz ən mötəbər
beynəlxalq tədbiri ən yüksək səviyyədə
keçirə bilərik. Əlbəttə
ki, idmançılarımız da bizi sevindirdilər. Azərbaycan komanda hesabında ikinci yeri tutub. İdmançılarımız 56 medal
qazanmışlar ki, onlardan 21-i qızıl medaldır. Biz idman gücümüzü də göstərdik.
Əslində idman hər bir ölkənin
ümumi inkişafını əks etdirir. İnkişaf etmiş ölkələr idman
meydanlarında daha çox qələbə qazanırlar.
Azərbaycan idman dövlətidir, inkişafda
olan dövlətdir və biz bu tarixi missiyanı şərəflə
yerinə yetiririk.
2015-ci ildə parlament seçkiləri
keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar
hadisə idi. Parlament seçkiləri ədalətli,
şəffaf və demokratiya şəraitində
keçirilmişdir. Bütün beynəlxalq
müşahidəçilər, o cümlədən Avropa
Şurasının nümayəndələri, MDB ölkələrinin
nümayəndələri və digər müşahidəçilər
parlament seçkilərini birmənalı şəkildə
yüksək qiymətləndirmişlər ki, seçkilər
ədalətli, şəffaf şəkildə və demokratik
şəraitdə keçirilmişdir. Bütün
beynəlxalq rəy sorğuları da rəsmi nəticələri
təsdiqləyir. Yəni, bu, çox
önəmli hadisədir. Çünki biz
demokratiya yolu ilə gedirik, demokratik cəmiyyət qururuq.
İnsan haqları, demokratik inkişaf daim bizim
prioritet istiqamətlərimizdir. Seçkilər,
istənilən seçkilər bu istiqamətdə bir
sınaqdır. Biz bu sınaqdan şərəflə
çıxdıq. Azərbaycan
xalqının iradəsi parlament seçkilərinin nəticələrində
tam şəkildə ifadə olunmuşdur. Eyni zamanda, aparılan siyasətə xalq tərəfindən
yüksək qiymət verilmişdir. Çünki
mən seçkilərin nəticələrini belə qəbul
edirəm. Bir tərəfdən Azərbaycan
dövləti demokratiyaya sadiq olduğunu bir daha nümayiş
etdirmişdir, digər tərəfdən, parlament seçkilərinin
nəticələri aparılan siyasətə xalq tərəfindən
verilən böyük dəstəkdir. Mən
bu dəstəyə görə Azərbaycan vətəndaşlarına
minnətdaram və bəyan etmək istəyirəm ki, bundan
sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq.
Bütün çətinliklərə, beynəlxalq
iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan
inamla irəliyə gedəcək. Azərbaycanda
sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir.
Azərbaycanda xalqla iqtidar arasında birlik
möhkəmlənir və bu amillər bizim uğurlu
inkişafımızı şərtləndirir.
Maliyyə
naziri Samir ŞƏRİFOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
iclas iştirakçıları!
Yola
saldığımız 2015-ci il qlobal
maliyyə-iqtisadi qurumlarının proqnozlarına rəğmən
dünya iqtisadiyyatının inkişaf templərinin
artımı ilə deyil, gözlənilməz azalması ilə
səciyyələnib.
Belə
ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu 2015-ci ilin
qlobal iqtisadi artım tempi üzrə 3,8
faiz artım proqnozunu azaldaraq hazırda 2,4 faiz təşkil edəcəyini
bəyan ediblər ki, bu da 2014-cü illə müqayisədə
1 faiz azalma deməkdir. 2008-ci ildə
başlamış və daha çox inkişaf etmiş
ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini
sarsıtmış qlobal maliyyə-iqtisadi böhranın mənfi
fəsadlarının beynəlxalq miqyasda əlaqələndirilmiş
səylərə baxmayaraq, tam aradan qaldırılmasına
nail olunmayıb.
İnkişaf
etmiş ölkələr son 6 il ərzində
olduqca yumşaq monetar və ucuz pul siyasətinin
yürüdülməsi hesabına iqtisadiyyatlarının
böhrandan çıxmasına yenicə nail olur.
İnkişaf etməkdə olan ölkələr isə
böhranın residivləri və 2016-cı ilin ilk həftəsində
dünya fond birjalarında yaşanan təlatümlərə
nəzər salsaq, hətta böhranın yeni dalğası ilə
üz-üzə gəlirlər. Qlobal böhranın
yeni fazasının əsas cəhəti dünya
istehlakının artım templərinin və qlobal ticarətin
zəifləməsi, bununla əlaqədar qiymət
şoklarının, əsasən də xammallar üzrə
qiymətlərin kəskin enməsinin ərsəyə gəlməsidir.
2015-ci ildə enerji, metal və bitki əmtəələrinin
qiymətlərində son 5 ilin ən yüksək səviyyəsi
ilə müqayisədə orta hesabla 45 faiz geriləmə
müşahidə olunub.
Ölkəmizin əsas ixrac məhsulu və xarici valyuta
daxilolmalarının mənbəyi olan xam neftin qiyməti 3 dəfədən
artıq azalıb, 2000-ci illərin əvvəllərindəki
səviyyələrədək enib.
Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin
yaratdığı yeni çağırışlara, Azərbaycanın
yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına
baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının
artımı, büdcə - fiskal
dayanıqlılığı təmin edilib. Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyəsi əvvəlki illərdəki
artımla müqayisədə az olsa da, mürəkkəb
xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə
artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə
azalan xarici valyuta gəlirləri şəraitində əldə
edilib. Buna görə qənaətbəxş
hesab edilə bilər.
Möhtərəm Prezident, hökumətin qarşısında
qoyduğunuz vəzifələrə uyğun olaraq 2015-ci ildə
dövlət büdcəsi ilə maliyyələşdirilməsi
nəzərdə tutulan bütün sosial öhdəliklər,
əsas dövlət proqramları və prioritet kəsb edən
layihələr tam həcmdə maliyyələşdirilib.
Hesabat
ilində dövlət büdcəsinin gəlirləri nəzərdə
tutulduğundan 2,3 milyard manat və ya 11,6
faiz az olub.
Gəlirlərin azalmasının əsas səbəbi
neftin qiymətinin dünya bazarlarında kəskin
aşağı düşməsi nəticəsində
hökumət tərəfindən Dövlət Neft Fondundan
dövlət büdcəsinə nəzərdə tutulan transfertin
azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına
qənaət etməsi qərarı olub.
Vergilər
Nazirliyi və Dövlət Gömrük Komitəsi xətləri
ilə təmin edilən daxilolmalar 100,1 faiz səviyyəsində
icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin
41,5 və 9,3 faizini, mütləq ifadədə isə 7 milyard
118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib.
Qeyd edilməlidir
ki, 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə
daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103,0 faiz icra
edilməklə proqnozla nəzərdə tutulduğundan 200,0
milyon manat, 2014-cü illə müqayisədə isə 694,0
milyon manat və ya 9,5 faiz çox təşkil edib.
Ümumən
vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların
xüsusi çəkisi 40,5 faiz təşkil
edib ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd
çoxdur.
Ölkə
iqtisadiyyatının məruz qaldığı xarici qiymət
şoklarının qısa və ortamüddətli təsirlərinə
cavab olaraq büdcə yığcamlaşdırılması
siyasətinin davam etdirilməsi və təsdiq olunmuş
büdcə xərclərinin 3,1 milyard
manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib.
Bununla belə,
sosialyönümlü xərclərin prioritetliyi
saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin
32,1 faizi və ya 5 milyard 752 milyon manatı
yönəldilib ki, bu da 2014-cü illə müqayisədə
5,0 faiz çoxdur.
2015-ci ildə
dövlət büdcəsindən təhsil xərclərinə
1 milyard 605 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki
illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3 faiz
çoxdur.
Ayrılmış
vəsaitin 190,0 milyon manatı bu sahə
üzrə nəzərdə tutulan dövlət
proqramlarının və tədbirlərinin maliyyə təminatına
yönəldilib.
Azərbaycan
Prezidentinin müvafiq fərmanının icrası olaraq
ümumi təhsil müəssisələrində
çalışan müəllimlərin əməkhaqlarının
artırılması və onların maddi rifahının
yaxşılaşdırılması məqsədilə
müəllimlərin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmaqla onların həftəlik
dərs yükünün norması 1,5 dəfə, aylıq vəzifə
maaşları isə orta hesabla 2 dəfə
artırılmasına Bakı şəhərində hesabat
ilində başlanılıb, cari ildən isə digər 12
şəhər və rayon bu sistemlə əhatə olunacaq. Bu artımlar ümumi təhsil müəssisələrində
çalışan 52 min nəfər müəllimə
şamil olunub.
2015-ci
ilin dövlət büdcəsində səhiyyə xərclərinə
708,0 milyon manat və yaxud 2014-cü illə müqayisədə
6,4 faiz çox vəsait yönəldilib, səhiyyə sahəsi
üzrə 13 dövlət proqramı və tədbirlərin
maliyyələşdirilməsinə 161,0 milyon manat sərf
edilib.
Ölkə
əhalisinin sosial rifahının
yaxşılaşdırılması və sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində Prezident İlham
Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il
dövlət büdcəsindən sosial müdafiə və
sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait
yönəldilib.
Qaçqın
və məcburi köçkünlərin sosial müdafiəsinin
gücləndirilməsi, onların yaşayış şəraitinin
yaxşılaşdırılması üçün
keçən ildə icmal və dövlət büdcələrindən
bütövlükdə 378,0 milyon manat, o cümlədən
dövlət büdcəsinin cari və əsaslı xərclərindən
228,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən
150,0 milyon manat vəsait sərf olunub.
Şəffaflığın
təmin edilməsi məqsədilə aztəminatlı ailələrə
ünvanlı dövlət sosial yardımının təyinatı
zamanı ilk dəfə olaraq elektron qaydalar qəbul edilib və
yeni qaydalarla 415 min nəfər şəxsdən ibarət olan
ailələrə dövlət büdcəsinin vəsaiti
hesabına 206,0 milyon manat ünvanlı sosial yardım verilib.
Əfqanıstanda
sovet qoşunlarının tərkibində beynəlmiləl
borcunu yerinə yetirərkən həlak olmuş və itkin
düşmüş hərbi qulluqçuların ailələri
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü
təsis edilib, 18 yaşa çatmış və valideyn himayəsindən
məhrum olmuş uşaqların mənzil problemlərinin
aradan qaldırılması üçün “Məzun Evi”
Sosial Müəssisəsi yaradılıb.
Möhtərəm
Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin
təhlükəsizliyinin və müdafiə qabiliyyətinin
artırılması, hərbi qulluqçuların sosial
müdafiəsinin təmin edilməsi dövlətimizin ən
ümdə vəzifəsi kimi gündəmdə
qalmaqdadır. Bu məqsədə 2015-ci ildə dövlət
büdcəsi xərclərinin 17,9 faizi həcmində
və yaxud 2014-cü illə müqayisədə 2,7 faiz-bənd
çox vəsait ayrılıb.
Ölkə
Prezidentinin müvafiq fərmanının icrası olaraq Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət
etmiş hərbi qulluqçuların mülkiyyətinə 744
mənzil verilib.
Naxçıvan
Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən 331,0 milyon manat vəsait
ayrılıb ki, bunun da 33,0 milyon manatı muxtar respublikada həyata
keçirilən investisiya layihələrinə sərf edilib.
Hesabat
ilində 3 milyard 659 milyon manat dövlət əsaslı vəsait
qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə,
mədəniyyət, idman və digər sosial-mədəni və
məişət təyinatlı obyektlərin, ölkənin əsas
enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal,
meliorasiya infrastrukturlarının tikintisi və yenidən
qurulması layihələrinin icrası davam etdirilib.
Ötən
il dövlət əsaslı vəsait qoyuluşu xərcləri
hesabına ölkənin 25 məktəb, 10 uşaq
bağçası, 50 məktəbdə əlavə korpuslar,
sinif otaqları, 1 incəsənət məktəbi tikilib
istifadəyə verilib, 27 məktəb, 24 uşaq
bağçası və 1 kollecin binalarının yenidən
qurulması həyata keçirilib.
Əlillərin
və şəhid ailələrinin sosial-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
gözdən əlillər üçün 132 mənzilli ev, respublikanın digər şəhər və
rayonlarında əlillər və şəhid ailələri
üçün 82 fərdi ev və 199 mənzil inşa edilərək
onların istifadəsinə verilib.
Ötən
il səhiyyə müəssisələrinin
tikintisi və yenidən qurulması işləri davam etdirilib,
Ağsu Mərkəzi Rayon Xəstəxanasının tikintisi,
Gəncə, Mingəçevir və Göyçay şəhər
və rayon xəstəxanalarının əsaslı təmiri
başa çatdırılıb.
2015-ci ildə
hökumət tərəfindən cəlb olunmuş kredit xətləri
hesabına 1,7 milyard manat, Dövlət Neft
Fondunun vəsaiti hesabına 994,0 milyon manat məbləğində
vəsait iri infrastruktur layihələrinin maliyyələşdirilməsi
üçün istifadə edilib.
Regionlarda,
xüsusilə də kəndlərdə yaşayan əhalinin
ticarət-iqtisadi münasibətlərində mühüm yer
tutan və həmçinin əhalinin rahat hərəkətini
təmin edən yol infrastrukturlarının təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən layihələrin
bir qisminin icrası ötən il başa
çatdırılıb, ölkənin müxtəlif
regionlarını, kənd və qəsəbələrini birləşdirən
ümumi uzunluğu 348 kilometr olan avtomobil yolları əhalinin
xidmətinə verilib.
Bakı
şəhərində və Abşeron yarımadasında
yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili
hərəkətində mühüm əhəmiyyət kəsb
edən Bakı-Sumqayıt-Bakı dəmir yolu xəttinin yenidən
qurulması, metro “Elmlər Akademiyası” stansiyasının
ikinci çıxışının inşası, Bakı
şəhərində avtomobillərin hərəkətinin
asanlaşdırılması tədbirləri çərçivəsində
Ziya Bünyadov prospektinin tikintisi və genişləndirilməsi,
yeni bulvar yolunun və Qala-Pirallahı yollarının tikintisi
kimi iri layihələr 2015-ci ildə başa
çatdırılaraq istismara verilib.
Yuxarıda
qeyd edilənlərlə yanaşı, “Cənub” qaz dəhlizi
layihəsinin icra qrafikinə uyğun maliyyələşdirilməsi
davam etdirilib, habelə qeyri-neft gəlirlərində əsas mənbələrdən
ola biləcək “Yeni İpək Yolu” dəhlizinin fəaliyyətə
başlanılması tədbirləri çərçivəsində
Ələt qəsəbəsində yerləşən beynəlxalq
dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin tərkib hissəsi olan Bakı-Böyük Kəsik
dəhlizinin tamamilə yenidən qurulması və dəhlizin
enerji təchizatının və işarəvermə sisteminin
yenilənməsi, habelə Bakı-Ələt-Qazax-Gürcüstan
sərhədi avtomobil yolunun birinci kateqoriyaya uyğun genişləndirilməsi
istiqamətində işlərin icrası sürətləndirilib.
Hesabat
dövründə dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur
layihələrinin həyata keçirilməsi, şəhər,
rayon və qəsəbələrdə abadlıq və
quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının
dəstəklənməsi, kəndlərarası yolların
tikintisi üçün üst-üstə 228,0 milyon manat vəsaitin
ayrılmasına dair sərəncamlar imzalanıb.
Sahibkarlığın inkişafı diqqət mərkəzində
qalmaqdadır.
Sahibkarlığın inkişafına mənfi təsir edən
süni maneə və əngəllərin aradan
qaldırılması istiqamətində Azərbaycan
Respublikası Prezidentinin tapşırıqlarının
icrası sürətlə davam etdirilib, 2 il müddətinə
sahibkarlıq sahəsində əsassız yoxlamaların
aparılması dayandırılıb, sahibkarlıq fəaliyyətinin
xüsusi razılıq tələb olunan növlərinin
sayının 59-dan 37-dək azaldılmasına və sənədləşmə
prosedurlarının sadələşdirilməsinə, bu
işlərin “ASAN xidmət” mərkəzlərində həyata
keçirilməsinə, həmçinin “Elektron lisenziya”
portalının yaradılmasına başlanılıb.
Vergilər
Məcəlləsinə edilən dəyişikliklərlə
ticarət, ictimai iaşə, mülki tikinti sahələrində
sahibkarların fəaliyyəti üçün sadələşdirilmiş
vergi rejiminin tətbiqinə 2016-cı il
yanvarın 1-dən başlanılıb.
2015-ci
ilin ilkin yekunlarına görə ölkə sahibkarlarına
dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil
kredit təşkilatları üzrə kredit portfeli 1 milyard 15
milyon manat, o cümlədən Sahibkarlığa Kömək
Milli Fondu üzrə 945,0 milyon manat, Kənd Təsərrüfatı
Layihələri və Kreditlərinin İdarə Edilməsi
üzrə Dövlət Xidməti üzrə 70,0 milyon manat təşkil
edib.
Ötən
il həmin mənbələrdən və dövlət
büdcəsindən ayrılmış vəsait hesabına
5243 sahibkara 249,0 milyon manat məbləğində
güzəştli kredit verilib.
Verilən
kreditlərin 40,0 faizi və yaxud 100,0 milyon manatı dövlət
büdcəsindən, 60,0 faizi və yaxud 149,0 milyon manatı
isə kredit portfelinin vəsaiti hesabına, yəni,
qaytarılmış kreditlər hesabına olub.
Bütövlükdə
ayrılan güzəştli kreditlərin 85,6
faizi aqrar sektorun, 14,4 faizi müxtəlif sənaye və digər
sahələrin inkişafına yönəldilib.
Bununla
yanaşı, 2015-ci ildə 5160 sahibkara 56,0
milyon manat məbləğində kiçikhəcmli güzəştli
kredit verilib.
2015-ci
ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə
əlaqədar kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət tərəfindən
maliyyə dəstəyinin verilməsi işi davam etdirilib,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nın icrası üçün
dövlət büdcəsindən 186,0
milyon manat vəsait ayrılıb. Onu da qeyd etmək istərdim
ki, proqramın əhatə etdiyi dövr ərzində isə
bütövlükdə 914,0 milyon manat vəsait
ayrılıb. “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyətinə
71,0 milyon manat, o cümlədən iribuynuzlu damazlıq
heyvanların idxalının həyata keçirilməsi
üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan 15,0 milyon manat və kənd təsərrüfatı
texnikasının alınması üçün 16,0 milyon
manat, yüksək keyfiyyətli sortluq toxum və tinglərin
yetişdirilməsi məqsədilə toxumçuluq və
tinglik təsərrüfatlarına dövlət büdcəsindən
subsidiya qismində 5,3 milyon manat vəsait ayrılıb.
2015-ci ildə
meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi
işlərinin maliyyələşdirilməsi diqqətdə
saxlanılıb, bu məqsədə dövlət büdcəsinin
cari xərclərindən 275,0 milyon manat, dövlət əsaslı
vəsait qoyuluşu xərclərindən 116,0 milyon manat,
xaricdən və daxildən cəlb edilmiş kreditlər
üzrə isə 100,0 milyon manat, cəmi 491,0 milyon manat vəsait
sərf olunub.
Son illərin ənənəsinə uyğun olaraq 2015-ci
ildə ölkəmiz bir çox mötəbər beynəlxalq
səviyyəli tədbirlərə yüksək səviyyədə
evsahibliyi edib və xarici ölkələrdə keçirilən
tədbirlərdə təmsil olunub.
Təkcə yola saldığımız ilin yox,
müasir tariximizin ən əlamətdar idman hadisələrindən
biri ölkəmizin ilk Avropa Oyunlarına evsahibliyi etməsi
olub.
Ümummilli həmrəyliyin göstəricisinə çevrilən
bu möhtəşəm idman bayramı Prezident İlham
Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq
aləmdə artan nüfuzunun göstəricisi olmaqla
yanaşı, respublikamızın mədəniyyətlərarası
və dinlərarası dialoqun mərkəzi, qlobal siyasi,
iqtisadi, humanitar problemlərin müzakirə olunduğu məkan
kimi rolunu və əhəmiyyətini təsdiqləməkdədir.
Ölkəmizdə
və xaricdə keçirilən digər beynəlxalq tədbirlərin
maliyyə təminatı üçün 2015-ci ilin dövlət
büdcəsindən 21,5 milyon manat, o cümlədən
Bakı şəhərində beynəlxalq əhəmiyyət
kəsb edən Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər
Şurasının 48-ci illik toplantısının, 3-cü
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun, məktəblilərin 47-ci Beynəlxalq Kimya
Olimpiadasının, şahmat üzrə Dünya Kubokunun
keçirilməsinə, “Milan EXPO-2015” Beynəlxalq Sərgisində
ölkəmizin iştirakına, BMT-nin Təhsil, Elm və Mədəniyyət
Məsələləri üzrə Təşkilatı (UNESCO)
ilə əməkdaşlıq çərçivəsində
fəaliyyətin həyata keçirilməsinə və bu
kimi digər tədbirlərin maliyyələşdirilməsinə
vəsait ayrılıb.
Möhtərəm cənab Prezident, dünya
bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində
xarici valyutada daxilolmaların azalması ölkənin tədiyyə
balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və
manatın məzənnəsinin əhəmiyyətli enməsini
qaçılmaz edib.
Qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadi
inkişafına mənfi təsirləri ilə əlaqədar
hökumətin və Mərkəzi Bankın atdığı
kəsərli addımlar yaranmış makroiqtisadi duruma
adekvatdır.
Bunu oxşar təsirlərə məruz
qalmış digər neft istehsal və ixrac edən dövlətlərin
timsalında da görə bilərik.
Qlobal kredit reytinq agentlikləri Azərbaycanda gedən
iqtisadi prosesləri yaxından izləyir. Sevindirici
haldır ki, agentliklərin üçü də - “Standard
& Poor's.”, “Moody's” və “Fitch” kredit reytinq agentlikləri
ölkəmizin uzunmüddətli yerli və xarici valyutada
reytinqlərini investisiya səviyyəsində saxlayıblar.
Neftin qiymətinin
ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi
Bank tərəfindən yeni məzənnə siyasətinə
keçid 2016-cı il üçün təsdiq
olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin
edilməsini şərtləndirir.
Bu dəyişikliklər icmal və dövlət büdcəsi
gəlirlərinin yeni şəraitə
uyğunlaşdırılması, son illər
aparılmış büdcə
yığcamlaşdırılması siyasətini davam etməklə
büdcə xərclərinin səmərəliliyinin
artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi,
qeyri-neft sektorunun və sahibkarlığın inkişafına
əlavə təkan verilməsi kimi hədəfləri
güdməlidir.
Bu zaman
manatın məzənnəsinin enməsi ilə əlaqədar
gündəlik tələbat malları qiymətlərinin
inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin
neytrallaşdırılması tədbirlərinin Sizin
tapşırığınıza əsasən həyata
keçirilməsi planlaşdırılır.
Bununla
yanaşı, möhtərəm cənab Prezident, Sizin
tapşırığınıza uyğun olaraq ölkə
daxilində və xaricində investisiya qoyuluşu xərcləri
də nəzərə alınmaqla 2016-cı il və
sonrakı üç il üçün ciddi qənaət
rejimini təmin edəcək tarazlaşdırılmış
gəlir və xərclər smetası hazırlanmalı,
dövlət vəsaitlərindən qənaətlə istifadə
edilməklə maliyyə nizam-intizamı gücləndirilməli,
israfçılığa, izafi xərclərə yol verilməməli,
həmçinin dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi,
dövlət mülkiyyətində olan şirkətlərin
idarəetməsində islahatların aparılması, dövlət
mülkiyyətinin özəlləşdirilməsi prosesinə
əlavə təkan verilməsi, bank sisteminin köklü
şəkildə konsolidasiyası və ona olan etimadın
artırılması kimi məsələlərin həllinə
nail olunmalıdır.
Cənab
Prezident, icazə verin çıxışımın sonunda
Sizi əmin edim ki, bugünkü iclasda verəcəyiniz
tapşırıqlar da nəzərə alınmaqla, qlobal
iqtisadi çağırışların ölkə
iqtisadiyyatına mənfi fəsadlarının
yumşaldılması, 2016-cı ilin dövlət və icmal
büdcələrinin prioritetləri üzrə müəyyən
etdiyiniz hədəflərə nail olunması, çətinliklərə
baxmayaraq, müəyyən etdiyiniz iqtisadi inkişaf hədəflərinin
təmin olunması üçün Maliyyə Nazirliyinin
kollektivi səylərini əsirgəməyəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Azərbaycan
Respublikası Baş nazirinin müavini Əli HƏSƏNOV çıxış edərək
dedi:
-Zati-aliləri,
möhtərəm cənab Prezident!
Dünyanı silkələyən maliyyə
böhranı, idarə olunmaz həddə çatan miqrasiya
prosesləri ilə yadda qalan 2015-ci ildə Sizin
balanslaşdırılmış xarici və daxili siyasətiniz,
qətiyyətiniz, Heydər Əliyev Fondunun çoxşaxəli
səmərəli fəaliyyəti nəticəsində
ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi,
siyasi-iqtisadi potensialı daha da artdı.
Azərbaycanda siyasi, iqtisadi sabitlik qorunub
saxlanıldı, ölkəmizdə heç bir sosial sahə
maliyyə çətinlikləri ilə üzləşmədi. Bunun əsas səbəbi
həyata keçirdiyiniz düzgün iqtisadi perspektiv
proqnozlaşma və 2009-cu ildə neftdən
asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf
etdirmək barədə göstərişiniz və onun
icrası oldu.
Azərbaycan bütün istiqamətlərdə akademik təhlillərə
əsaslanan stabillik meyarları ilə idarə olunan,
davamlı inkişaf edən, müstəqil siyasət
yürüdən, parlament seçkilərini tam şəffaf,
demokratik şəraitdə keçirən ölkə kimi bir
daha tanındı. İstər Avropa siyasi qurumlarının,
istərsə də bəzi dövlətlərin ölkəmizə
qərəzli hücumlarının qarşısı məharətlə
alındı.
Ölkədə və beynəlxalq aləmdə
apardığınız uğurlu işlər
qısqanclıq yaradıb. Bunun nəticəsi
olaraq bəzi dövlətlər, beynəlxalq təşkilatlar
ölkəmizin əleyhinə qərəzli işlər
aparırlar. Yaranmış şəraitdən
istifadə edən dünya erməni diasporları ermənipərəst
konqresmenləri bu çirkin işə cəlb edirlər.
Möhtərəm cənab Prezident, 2015-ci ildə ölkəmizdə
həyata keçirilən çoxsaylı sosial layihələrdən
məcburi köçkünlər də bəhrələniblər. Bütün
çətinliklərə baxmayaraq, son illərdə məcburi
köçkünlərin sosial müdafiəsinə diqqət
artırılıb. Büdcədən
2016-cı ildə sosial sahəyə yönəldilmiş vəsaitin
həcmində hətta 2014-cü ilə nisbətən
artım var.
Ölkənin
ən həssas qrupu olan məcburi köçkünlərə
Sizin yüksək diqqətiniz sayəsində 2015-ci ildə
Mingəçevir, Şirvan şəhərlərində,
Hacıqabul, Saatlı, Abşeron, Bərdə, Sabirabad, Qazax,
Zaqatala, Bakının Qaradağ, Sabunçu rayonlarında məskunlaşan
15 min məcburi köçkünün mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
üçün tikinti işləri aparılıb, 5 yeni qəsəbə
salınaraq yaşayış massivlərinin sayı 94-ə
çatdırılıb.
2015-ci il fevralın 24-də Mingəçevir şəhərində,
martın 12-də isə Bərdə rayonu ərazisində məcburi
köçkün ailələri üçün
salınmış yeni yaşayış komplekslərinin
açılışında şəxsən iştirak
etdiniz.
Heydər
Əliyev Fondunun bilavasitə təşəbbüsü və
dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi
köçkün üçün inşa edilmiş
binanın 2015-ci il mayın 10-da
keçirilmiş açılışında fondun prezidenti
Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə
iştirak etdi.
Zati-aliləri,
Sizin dövlət büdcəsindən ayrılan vəsaitlərin
təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi
barədə tapşırığınıza uyğun olaraq
bildirmək istəyirəm ki, məcburi köçkünlərin
istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş
normativlər üzrə mərkəzləşmiş qaydada,
birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına,
müavinətlər isə plastik kartlarla ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin
ödənişində canlı təmas amili tam aradan
qaldırılıb.
Bu sahədə işlərin təkmilləşdirilməsi
həm müvafiq icra hakimiyyətləri, həm də xidmət
təşkilatları ilə birlikdə həyata
keçirilir.
Qaz və elektrik enerjisi sahəsində
sayğaclaşma işləri tam başa
çatdırılıb.
Möhtərəm
cənab Prezident, dünyada baş verən haqsızlıq və
ədalətsizliklər yüz minlərlə insanın həyatını
itirməsinə, il ərzində
miqrantların sayının 10 milyondan çox artmasına səbəb
olub. Dünyaya demokratiya, insan hüquqları dərsi
keçənlərin özləri bu gün dünyanı
sanksiyalarla idarə edirlər. Onların
demokratiyası, insan hüquqlarının müdafiəsi
bundan ibarətdirmi? 550 milyon əhalisi olan
Avropa bu gün bir neçə yüz min miqrantın əlində
əsir-yesir, çaşbaş qalıb, vəziyyəti idarə
edə bilmirlər. Bəs kiçik əraziyə
və azsaylı əhaliyə malik Azərbaycan dövləti
və onun Prezidenti bir milyon iki yüz min qaçqın, məcburi
köçkün problemini necə idarə edir?
Cənab
Prezident, məcburi köçkünlərlə bağlı
bir problemi diqqətinizə çatdırmağı
özümə borc bilirəm: 150 min nəfər məcburi
köçkün Bakıda istismara yararsız yataqxana,
pansionat, yarımçıq tikililərdə olduqca çətin
şəraitdə yaşayır. Vaxtilə təklifimiz
nəticəsində Abşeron rayonunun Qobu qəsəbəsində
yaşayış massivinin layihələndirilməsinə
başlanıldı. Hesab edirəm ki,
Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin
çıxış yolu, imkan yarananda, həmin
yaşayış massivinin layihələndirilməsi və
tikilməsidir.
Tapşırığınız əsasında məcburi
köçkünlərə nəzərdə tutulan güzəştlərin
tam təhlili aparılıb, 2016-cı ildə komitəyə
ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə
qənaət edilməsi üçün təkliflər
hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə
müzakirədən sonra yaxın vaxtlarda Zati-alinizin diqqətinə
təqdim ediləcək.
Məlumat üçün bildirirəm ki, 2015-ci ildə
komitəyə ayrılmış büdcədən,
yaranmış maliyyə çətinlikləri nəzərə
alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.
Cənab
Prezident, bu gün ölkəmizdə əsas problem Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. İnanırıq
ki, apardığınız çoxşaxəli və qətiyyətli
işlər öz nəticəsini verəcək. Buna görə də öz qüvvəmizə
güvənmək, iqtisadiyyatımızı, hərbi qüvvəmizi
daha da artırmaq siyasətiniz ən doğru yoldur.
Zati-aliləri, dövlətin gücü xalqla Prezidentin
birliyindədir. Bu gün ölkədə xalqla Prezident
arasında monolit birlik var.
Dünyada
gedən siyasi oyunlar nəticəsində, yəqin ki,
2016-cı il də çətin il olacaq. Ancaq, cənab Prezident, Sizin çox təkmil dünyəvi
idarəçilik sisteminiz, təcrübəniz sayəsində
bu çətinliklər dövlətimiz və
xalqımızdan yan keçəcək.
Diqqətinizə görə minnətdaram.
* * *
Kənd təsərrüfatı
naziri Heydər ƏSƏDOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, hörmətli müşavirə
iştirakçıları!
BMT tərəfindən 2015-ci ilin “Beynəlxalq torpaq ili”
bəyan edilməsi və bu qlobal
çağırışlara qoşularaq həmin ilin Zati-aliləriniz
tərəfindən Azərbaycanda “Kənd təsərrüfatı
ili” elan olunması aqrar sektora göstərilən dövlət
qayğısının təzahürü olmaqla, aqrar sahədə
inkişafın keyfiyyətcə yeni mərhələsinə
keçid üçün təməl yaradıb. Uzaqgörənliklə
verdiyiniz tarixi qərarları və onun nəticəsi olaraq
hesabat ilini aşağıdakı kimi xarakterizə etmək
olar.
Birincisi,
hesabat ili qlobal miqyasda büdcə xərclərinə
qənaət rejiminin tətbiq olunması fonunda ölkəmizdə
kənd təsərrüfatının inkişafına
dövlət dəstəyinin artırılması və əhatə
dairəsinin genişləndirilməsi ilə yadda qalıb. Bu
məqsədlə “Aqrolizinq” ASC tərəfindən lizinqə
verilən kənd təsərrüfatı texnikalarının
ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub
ki, nəticədə bir il ərzində 4100 nəfər
texnika istifadəçisi yerlərdə “ASAN xidmət” prinsipi
ilə 50 milyon manatadək güzəşt əldə edib. Bu isə onların həmin sahəyə investisiya
imkanlarını xeyli artırıb. Sabit
büdcə ayırmaları, yığımın kəskin
şəkildə artırılması və dövriyyənin
sürətləndirilməsi hesabına son 2 ildə əsasən
Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı
texnikası alınaraq lizinqə verilib ki, bu göstərici də
ASC-nin yarandığı tarixdən gətirilən
texnikaların 62 faizini təşkil edir. Fermerlərə
satılan gübrənin qiymətinə tətbiq edilən
güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin
yuxarı həddi isə hər hektara görə 50 manatdan 80
manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki
illərlə müqayisədə ölkəyə gətirilən
gübrənin həcmi 85 min tondan 150 min tona
çatdırılmaqla, inkişaf etmiş dövlətlərdəki
səviyyəyə uyğunlaşmaq üçün ciddi
addım atılıb. Yanacaq və motor yağlarına görə
verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50
manata yüksəldilib ki, bununla da həmin məqsədlə
büdcədən verilən subsidiyanın həcmi 22 faiz
artırılıb.
Cari
mövsümdən etibarən verilən subsidiya və güzəştlərin
ikinci əkinə də şamil olunması, yəni, il ərzində iki dəfə əkin aparana
ikinci dəfə subsidiyanın verilməsi qərara
alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının
gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən
etibarən müasir suvarma sistemlərinin dəyərinin 40
faizi dövlət tərəfindən ödəniləcək
ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və
torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb
olan selləmə üsulu ilə suvarma metodundan su
resurslarına qənaət edən müasir suvarma
üsullarına keçid üçün mühüm rol
oynayacaq. Məhsul istehsalçılarını
keyfiyyətli, potensial məhsuldarlığı yüksək
toxumlarla təmin etmək üçün Dövlət
Taxıl Fondu yaradılıb ki, bu da ölkədə
toxumçuluğun inkişafının səmərəli tənzimlənməsinə,
bitkiçilik sahəsində məhsuldarlığın
yüksəldilməsinə hədəflənib.
Süni mayalanma yolu ilə alınmış hər buzova
görə heyvan sahiblərinə 100 manat həcmində
subsidiya müəyyən edilib. Bu dövlət dəstəyinin
tətbiqi yüksək məhsuldar, genetik potensialı olan
heyvanların baş sayının artırılmasına və
sözügedən sahəyə marağın gücləndirilməsinə,
eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına
çox mühüm töhfə verəcək.
Möhtərəm
cənab Prezident, son iki il ərzində kənd
təsərrüfatı məhsulları
istehsalçılarına göstərdiyiniz dövlət
qayğısına və onun həcmini əhəmiyyətli dərəcədə
genişləndirdiyinizə görə bölgələrdə
olarkən minlərlə fermer Sizə ən səmimi minnətdarlığını
çatdırmağı xahiş edib.
Qeyd etmək lazımdır ki, dövlət dəstəyi
gücləndirilməklə yanaşı, onun tətbiqi
mexanizminin təkmilləşdirilməsi üçün aqrar
sektor üzrə 100-ə yaxın normativ sənəd qəbul
olunub, subsidiyanın verilməsi sahəsində şəffaflığın
artırılması üçün ciddi tədbirlər
görülüb. Bununla yanaşı, ictimai məlumatlılığı
artırmaq məqsədilə yardım alan
bütün fermerlərin adı, torpaq sahəsi,
yardımın məbləği və sair məlumatlar hər
bir rayon, kənd üzrə nazirliyin rəsmi internet
saytında yerləşdirilib. Nəticədə yerlərdən
məlumatlar alınaraq bu sahədə ciddi intizamın
yaradılmasına nail olunub.
İkincisi,
hesabat ili kənd təsərrüfatında
institusional potensialın gücləndirilməsi, struktur dəyişikliyinin
aparılması ilə də xarakterizə olunur. Belə ki, 52 rayon və şəhər idarəsi
üçün inzibati laboratoriya binalarının tikintisi
artıq başa çatmaq üzrədir. Burada
inzibati heyətlə yanaşı, əsasən aqrokimya və
toxum laboratoriyalarının, diaqnostik kabinetlərin, toxum
müfəttişlərinin, texniki nəzarətçilərin
və digər struktur vahidlərinin vahid məkanda yerləşdirilməsi,
eləcə də zəruri informasiya texnologiya və
infrastrukturunun yaradılması aqrar sektor qarşısında
qoyulmuş vəzifələrin icrasına xüsusi təkan
verəcək. Bu dəyişikliklər
çərçivəsində İSO tələblərinə
cavab verən Baytarlıq Şəhərciyi yaradılıb,
eyni tələblərə uyğun Dövlət Fitosanitar Nəzarəti
Xidmətinin inzibati laboratoriya binasının yenidən
qurulması isə başa çatmaq üzrədir.
Üçüncüsü, elektron kənd təsərrüfatı
informasiya sisteminin yaradılması ilin prioritetlərindən
olub. Bu məqsədlə
tapşırığınıza əsasən, Avropa
İttifaqının təcrübəsinə uyğun
inteqrasiya olunmuş nəzarət sisteminin prinsipləri əsasında
torpaq sahələrinin indentifikasiya sistemi, fermer təsərrüfatlarının
reyestri və digər modullar üzrə yaradılan proqram təminatının
test sınağı aparılıb və Xaçmaz rayonu
üzrə sistemin pilot tətbiqinə başlanılıb.
Kənd təsərrüfatı ərazilərinin
mövcud vəziyyətinə uyğun aero və peyk təsvirlərinə
əsaslanan məkan məlumatlarının, habelə bitki
örtüyünün müəyyən edilməsinə xidmət
edən orto-foto xəritələrinin tərtibi
üçün Aerogeodeziya müəssisəsi ilə birlikdə
praktiki fəaliyyətə və Azərsky peyki ilə çəkilişlərə
başlanılıb. Həmçinin “Aqrolizinq” ASC tərəfindən
aparılan bütün əməliyyatların elektron uçot
sisteminə keçilməsi başa
çatdırılıb, texniki nəzarət müfəttişliyində
avtomatlaşdırılmış informasiya sistemi istismara verilərək,
bütün növ kənd təsərrüfatı
texnikalarının qeydiyyata alınması,
çıxarılması, ipoteka yüklülüyü,
sürücülük vəsiqəsinin verilməsi və sair
əməliyyatlar elektron qaydada təşkil edilib. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən
bitkiçilik məhsullarının idxalına, ixracına, təkrar
idxalına sertifikatların verilməsi, habelə nazirlik tərəfindən
göstərilən 19 xidmət elektron hökumət portalına
inteqrasiya edilib.
Dördüncüsü,
2015-ci il kənd təsərrüfatı
üzrə yeni bazar infrastrukturunun yaradılması və
inkişafı ili olub. Topdansatış
bazalarının genişləndirilməsi, yeni “yaşıl
market”lər şəbəkəsinin və fermer
mağazalarının yaradılması, müasir standartlara
uyğun ət kəsimi məntəqələrinin tikilməsi,
logistik mərkəzlərin qurulması bazar infrastrukturunun
effektivliyini daha da artırmaqla əlverişli bazar mühiti
formalaşdırıb.
Beşincisi, kənd təsərrüfatı
inkişafı müasir metodlar müstəvisinə keçirilib. Ölkəmizin
bütün sahələrinin modernləşməsi ilə
bağlı həyata keçirdiyiniz siyasətə uyğun
olaraq, aqrar sahədə müasir biznes texnologiyası olan
aqroparkların yaradılması ilə bağlı praktiki
addımlar atılaraq Şəmkir və Yalama
aqroparklarının tikintisinə, habelə Xızı
aqroparkında müxtəlif təyinatlı təsərrüfatların
yaradılmasına başlanılıb. Ölkədə
intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində
son iki ildə 9500 başdan çox iribuynuzlu damazlıq heyvan
gətirilərək güzəştli lizinq şərtləri
ilə fermerlərə satılıb ki, bu da əvvəlki illərdə
bu məqsədlə gətirilmiş heyvanların 110 faizinə
bərabərdir.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində zəruri institusional bazanın formalaşdırılması məqsədilə ən modern süni mayalanma mərkəzinin tikintisi yaxın 3-4 ay ərzində başa çatdırılacaq ki, bunun hesabına məhsuldarlığın yüksəldilməsi sahəsində olduqca sürətli dəyişikliyə nail olunacaq. İntensiv ailə fermer modeli layihəsi çərçivəsində pilot olaraq seçilmiş Ağcabədi, Bərdə və İmişli rayonlarında müvafiq pay torpaqlarına malik layihə tərəfdaşı kimi seçilmiş 69 ailəyə güzəştli kredit hesabına 516 baş “Simmental” cinsli qara malın lizinq yolu ilə verilməsinə başlanılıb.
Nazirliyin tabeliyində olan elm və təhsil müəssisəsinin laboratoriyası köklü surətdə yenilənib. Məhsul istehsalçılarının problemlərinin həllinə yardım məqsədilə fermer evlərinin yaradılmasına başlanaraq, regionlarda əsas diqqət informasiya məsləhət xidmətinin təşkilinə yönəlib. Müasir tələblərə cavab verən, hər biri 514 yerlik iki yataqxana kompleksindən birinin tikintisinin başa çatdırılması, xüsusi ehtiyac duyulan ixtisaslara qəbul zamanı yüksək nəticələr göstərən tələbələrə daxili imkanlar hesabına 100 manat əlavə təqaüdlərin verilməsi tədbirləri əksər ixtisaslar üzrə əvvəlki illərdə böyük kəsirlə yerinə yetirilən qəbul planının hesabat ilində demək olar ki, tam həyata keçirilməsinə imkan verib.
Möhtərəm cənab Prezident, məlum olduğu kimi, aqrar sahədə aparılan islahatların köklü nəticələri adətən bir neçə ildən sonra özünü büruzə verir. Bununla belə, birbaşa dəstəyiniz hesabına görülən işlər qısa müddətdə artıq öz bəhrəsini verməyə başlayıb, texnika və gübrə təminatında olan çətinliklər, demək olar ki, tamamilə aradan qaldırılıb. Eləcə də hesabat ilində bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıma nail olunub. Bu artım pambıq, yumurta, günəbaxan istisna olunmaqla, bütün növ kənd təsərrüfatı məhsullarını əhatə edib.
Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması istiqamətində verdiyiniz tapşırığın icrası olaraq, hesabat ilində 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib. Onu da qeyd etmək lazımdır ki, hesabat ilində aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib, hər hektardan 50 sentnerdən artıq məhsul götürən təsərrüfatlar nümunə göstərildiyi halda, hesabat ilində belə təsərrüfatların sayı onlarla olub.
Tapşırığınıza əsasən, kənd təsərrüfatı məhsullarının müasir satış yarmarkalarının infrastrukturunun genişləndirilməsi və bu işlərin əksər bölgələrdə təşkil edilməsi məhsulların bazara çıxışını asanlaşdırmaqla bərabər, qiymətlərin süni artımının qarşısının alınmasında da müstəsna rol oynayıb. Devalvasiyanın bayrama təsadüf etməsi və bununla əlaqədar bazarlarda məcmu tələbin yüksəlməsi hesabına qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də, hazırda bu sahədə vəziyyət keçən ilin eyni dövrü ilə müqayisədə tənzimlənmək üzrədir.
Möhtərəm cənab Prezident, Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, dünya iqtisadiyyatında baş verən hadisələr bizi də bu qlobal çağırışlara adekvat reaksiya verməyə, çevik və cəld qərarlar qəbul etməyə vadar edir. Bu tapşırığın icrası olaraq, istifadəsiz torpaqların əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə tərəfimizdən dünya təcrübəsi öyrənilərək hazırlanmış qanun layihələrinin qəbulu torpaqlardan istifadənin səmərəliliyinin yüksəldilməsində və əkin dövriyyəsinə qaytarılmasında müstəsna rol oynaya bilər. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da gəlirlərin artması, urbanizasiya prosesləri və insanların qida rasionunu genişləndirməsi ərzağa tələbi artıran əsas amillərdəndir. FAO-nun hesablamalarına görə, 2030-cu ilə qədər bu tələbatın ödənilməsi üçün məhsuldarlığın həmin dövrdə 67 faiz artırılması nəzərdə tutulur. Bununla yanaşı, itkilərin azaldılması da tələbatın ödənilməsinin mühüm şərti kimi çıxış edir. Məhz bu baxımdan FAO-nun hesablamalarına əsasən, ölkəmizdə meyvə-tərəvəz, ərzaq, xüsusilə də çörək məhsulları üzrə itkilərin 25 faizdən çox təşkil etməsi narahatedici məqamlardan birinə çevrilir. Ona görə də bu itkilərin müxtəlif mərhələlərdə, xüsusən istehlak zamanı azaldılması üçün çörəkdən istifadəyə milli-mənəvi adət-ənənələrimizlə yanaşılması məqsədilə geniş maarifləndirmə işlərinə də ehtiyac duyulur.
Möhtərəm cənab Prezident, dəfələrlə vurğuladığınız kimi, iqtisadi və siyasi həyatımızda yaranmış yeni şərait daxili bazarın qorunmasında da bir sıra addımların atılmasını zəruri edir. Apardığınız uzaqgörən siyasət nəticəsində bir sıra ərzaq, meyvə-tərəvəz və quş əti məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi onların bir qisminin idxalı zamanı müxtəlif tənzimləmə alətlərindən (kvota, mövsümi rüsumlar, keyfiyyətə nəzarətin sərtləşdirilməsi və s.) tətbiq edilməsini şərtləndirir. Eləcə də bir sıra qonşu dövlətlərin sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq etməsi daxili ərzaq bazarımıza idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər. Sizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyə münasibətdə tutduğunuz olduqca müdrik mövqe bizə bu tədbirləri asanlıqla icra etməyə imkan verir.
Möhtərəm cənab Prezident, “Kənd təsərrüfatı ili” başa çatsa da, il ərzində bu sahədə qoyulmuş təməl üzərində bundan sonra da Sizin rəhbərliyinizlə aqrar sektorun ölkə iqtisadiyyatının aparıcı həlqələrindən birinə çevrilməsi üçün bütün gücümüzlə çalışacağıq.
Diqqətinizə görə təşəkkür
edirəm.
Azərbaycan. - 2016.-12 yanvar.- S.1-3.