Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin
sosial iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclası keçirilib
Azərbaycan Prezidenti İlham
Əliyevin yekun nitqi
- Biz
2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik.
Bu, asan məsələ deyil. Xüsusilə
burada səslənən fikirlər və ümumiyyətlə,
keçən il müşahidə olunan mənzərə
deməyə əsas vermir ki, 2016-cı ildə dünyada
iqtisadi böhran başa çatacaq. Belə olan
halda biz daha da səmərəli işləməliyik və
iqtisadi inkişaf templərini daxili resurslar hesabına,
düşünülmüş siyasət, islahatlar, o cümlədən
struktur islahatları nəticəsində təmin etməliyik.
Xüsusilə qeyri-neft sektorunun inkişafı
böyük əhəmiyyət daşıyır. Son illər ərzində
bu istiqamətdə böyük işlər
aparılmışdır. Əgər biz
vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul
olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər
də uğurlu olmazdı. İqtisadi
şaxələndirmə, qeyri-neft sektorunun inkişafı
2016-cı ildə iqtisadi sahədə əsas prioritet
olacaqdır. Əminəm ki, biz bu il ərzində
bu istiqamətdə daha da böyük uğurlara nail
olacağıq.
Ümumiyyətlə, ümumi daxili məhsulumuzun
strukturu müsbətə doğru dəyişir, qeyri-neft
sektorunun çəkisi artır. Bu, müsbət
haldır. Neftdən asılılıq
azalır. Ancaq biz bu
asılılığı minimum səviyyəyə endirməliyik
ki, gələcəkdə neftin qiymətindən asılı
olmayaq. Vəzifə bundan ibarətdir.
Hesab edirəm ki, biz düşünülmüş siyasət,
gərgin iş nəticəsində buna nail ola
biləcəyik.
Bu il biz xarici investisiyaları Azərbaycana daha
böyük həcmdə cəlb etməliyik. Düzdür,
bu gün dünya miqyasında xarici investisiyalar uğrunda
mübarizə aparılır. Ancaq Azərbaycan
xarici sərmayə üçün çox gözəl
ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox
neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son
vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması
müşahidə olunur. Biz
çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə
cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə
ki, öz növbəsində bu sahələrin inkişafı
ixrac potensialımızı gücləndirəcək və
idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm
ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna,
xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim
üçün daha da məqbul sayıla bilər və
hökumət bu istiqamətdə ciddi iş aparmalıdır.
Əvvəlki illərdə daha çox bizə
olan müraciətlər əsasında xarici sərmayəni cəlb
edirdik. Xarici investorlar gəlirdilər, təkliflər
verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan
sonra qərar qəbul olunurdu. Ancaq indiki
şəraitdə biz özümüz fəal işləməliyik.
Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki
səfirliklərimiz də bu işlərə
qoşulmalıdırlar, potensial investorlara Azərbaycan
haqqında daha da geniş məlumat verilməlidir. Bizim
imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən
daxili bazarımız, eyni zamanda, regional bazarlar hesab edirəm
ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə
çox ciddi iş aparılmalıdır və nəticələr
olmalıdır.
Eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına
daha çox sərmayə qoymalıdırlar. Son vaxtlar biz
bunu görürük. Xüsusilə dövlət
tərəfindən verilən güzəştli kreditlər
hesabına biz bunu görürük. Əlbəttə,
bu, dövlət siyasətidir. Bu kreditlər
sahibkarlara verildikdə də onların qarşısında
şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər
sahəyə yatırsınlar. Ancaq bizim artıq
geniş biznes təbəqəmiz, iş
adamlarımız var. Onlar da öz sərmayələrini
ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk
növbədə sərmayəni iqtisadiyyatın real sektoruna -
istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına,
sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar.
Dövlət qurumları isə - həm mərkəzi
dövlət orqanları, həm yerlərdəki icra
orqanları onlar üçün bütün şəraiti
yaratmalıdırlar. Onların işinə
müdaxilə etməməlidirlər, əksinə, onları
təşviq etməlidirlər və mütəmadi qaydada məlumat
verməlidirlər ki, hər bir bölgə üzrə nə
qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir.
Çünki dövlət investisiyaları təbii
ki, dövlət tərəfindən qoyulur. Burada yerli və mərkəzi icra orqanlarının
fəaliyyəti o qədər də önəmli deyil. Ancaq əlbəttə ki, mərkəzi və yerli
dövlət qurumları özəl xarici və yerli
investisiyaları cəlb etməyə
çalışmalıdırlar.
Biz ölkəmizin valyuta ehtiyatlarını qoruyuruq və
qorumalıyıq. Əvvəlki illərdə Neft Fondundan
dövlət büdcəsinə böyük məbləğdə
transfert olunurdu. Bunun da təbii səbəbləri
var idi. Biz çalışırdıq ki, əsas
infrastruktur layihələrini maksimum tez bir zamanda icra edək və
buna nail ola bilmişik. Bu
gün deyə bilərəm ki, Azərbaycanda əsas
infrastruktur layihələri icra edilibdir. Elektrik
enerjisi ilə bağlı generasiya güclərimiz kifayət
qədər böyükdür, qazlaşdırma uğurla
aparılır, içməli su layihələri, yolların
tikintisi. Yəni, Dövlət Neft Fondunun transfertlərinin
məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin
inkişafı üçün daha yaxşı şərait
yaradılsın və biz buna nail ola
bilmişik. İndiki şəraitdə biz Neft
Fondunun vəsaitini qorumalıyıq. Əvvəlki
illərdə apardığımız siyasət davam etdirilə
bilməz. Neft Fondundan dövlət büdcəsinə
transfertlər bu il azalır və biz gələcəkdə
də xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə
baxmalıyıq və məhz ondan sonra qərar qəbul edilməlidir.
Vergi bazası genişləndirilməlidir. Buna nail
olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz
qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik
və bu istiqamətdə çox ciddi addımlar
atılmalıdır. Vergi Məcəlləsinə
edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə
minmişdir və daha da gözəl imkanlar yaradır.
Gömrük rəsmiləşdirilməsi və
bütün idxal-ixrac əməliyyatları tam şəffaf
aparılmalıdır. İnhisarçılığa
qarşı daha da ciddi mübarizə aparılmalıdır.
Hesab edirəm ki, bax, biz bu üç istiqamət
üzrə fəal işləsək büdcə gəlirlərimizin
məbləğini böyük dərəcədə
artıra bilərik. Hesab edirəm ki,
büdcəyə mövcud proqnozlardan daha çox vəsait
daxil olmalıdır.
2016-cı ilin Dövlət İnvestisiya Proqramı
yaxın günlərdə mənə təqdim edilməlidir. Bu proqramda əsas
infrastruktur layihələri öz əksini tapacaqdır. Həmçinin dövlət sərmayəsi ölkəyə
tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə
biləcək sahələrə qoyulmalıdır.
Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə
Hesablama Palatasının işi daha da səmərəli şəkildə
təşkil edilməlidir. Dövlət
qurumlarının, dövlət şirkətlərinin xərclərinə
çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə
nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət
şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər
edirdilər. Buna son qoyulmalıdır.
Burada maliyyə nəzarəti çox güclü,
ciddi olmalıdır. Pozuntulara yol verən
şəxslər ciddi cəzalandırılmalıdırlar.
Azərbaycanda bir neçə dövlət qurumu,
dövlət şirkəti var ki, onlar ölkə
iqtisadiyyatı üçün strateji əhəmiyyət
daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o
şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir.
Korporativ idarəetmə prinsipləri tətbiq
edilməlidir. Dünyanın inkişaf
etmiş ölkələrinin aparıcı
korporasiyalarının təcrübəsi öyrənilməli
və tətbiq edilməlidir. Bu şirkətlər
tam şəffaf fəaliyyət göstərməlidirlər.
Bununla yanaşı, ictimai nəzarət mexanizmləri
işə salınmalıdır. Mən dəfələrlə
ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm.
Amma hesab edirəm ki, ictimai nəzarət
mexanizmləri işlənməlidir. Çünki
sadəcə olaraq, insanlardan tələb etmək ki, gedin o və
ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir.
Burada lazımi səviyyədə həm ictimai
fəallıq, həm də mexanizmlər olmalıdır.
İctimai nəzarət mexanizmləri mütləq
tətbiq edilməlidir. Hökumət bu məsələ
ilə bağlı öz təkliflərini təqdim etsin.
Təbii ki, heç bir vaxt israfçılığa
yol verilməməlidir, xüsusilə indiki şəraitdə
çox ciddi nəzarət olmalıdır.
Biz nağd pul dövriyyəsi sferasını
azaltmalıyıq. Nağdsız ödəmələr
genişləndirilməlidir. Müxtəlif vasitələr
var. Buna nail olmaq üçün, o
cümlədən fiskal təşviq mexanizmləri tətbiq
edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki,
nağdsız əməliyyatlar aparılsın.
Deyə bilərəm ki, bütövlükdə son illər
ərzində apardığımız islahatlar öz nəticəsini
verməkdədir. Beynəlxalq iqtisadi və maliyyə
qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti
yüksək qiymətləndirirlər. Dünyanın
ən böyük və mötəbər qurumlarından biri
olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə
40-cı yerə layiq görüb. Bu,
doğrudan da, böyük nailiyyətdir. Aparıcı
reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi
təsdiq ediblər. Bu, doğrudan da,
çox böyük nailiyyətdir. Ancaq
biz daha da səmərəli işləməliyik və
hansı sahədə qüsur varsa, o qüsurlar, nöqsanlar
aradan qaldırılmalıdır.
Biznes mühitinin yaxşılaşdırılması
istiqamətində əlavə tədbirlər görülməlidir. Ötən il
çox ciddi addımlar atılmışdır. Burada bu, səsləndi. Lisenziyaların
sayı azaldılıb. İcazələrin
sayı azaldılır. Bürokratik əngəllər
aradan götürülür. Bu il də
bu istiqamətdə daha da ciddi işlər aparılmalıdır
və biznes ictimaiyyətinin təklifləri də nəzərə
alınmalıdır. Onlarla mütəmadi
qaydada əlaqələr saxlanılır. Ancaq
indiki şəraitdə onların fikirləri hesab edirəm
ki, daha da böyük əhəmiyyət daşıya bilər.
Hansı problemlər var, onların biznes fəaliyyəti
üçün əngəllər nədən ibarətdir
ki, bunu biz aradan götürək və biznes mühitini daha da
yaxşılaşdıraq.
Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin
edilməlidir.
Keçən il güzəştli şərtlərlə
təxminən 250 milyon manat məbləğində kreditlər
verilmişdir. Bunun böyük əksəriyyəti
aqrar sektora, regionlara verilmişdir. 5 min 240
sahibkara güzəştli kreditlər verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir. Əlbəttə, indi bizim maliyyə
imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq
biz bu sahəyə mütləq vəsait təşkil etməliyik.
Çünki bu, iqtisadiyyatın real sektoruna
qoyulan sərmayədir. Bu sərmayə
qoyuluşunda dövlət siyasəti tam öz əksini
tapır. Çünki biz dövlət
üçün lazım olan sahələri inkişaf etdirməliyik
ki, idxalı əvəzləyə biləcək, ixrac qabiliyyətli
məhsulları yetişdirək.
Ona görə güzəştli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır. Nəzərə alsaq ki, verilən bu kreditlərin böyük hissəsi əvvəlcə götürülmüş və qaytarılmış kreditlər hesabına verilir, burada büdcə yükü o qədər də böyük olmayacaq. Olsa da yenə də bu, çox önəmli və öz səmərəsini verən sahədir.
Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək.
İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətlə, mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun.
Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır.
Mən manatın devalvasiyası ilə bağlı fikirlərimi artıq bildirdim. Bu, bizdən asılı olan məsələ deyildi. Bir daha demək istəyirəm ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, qonşu ölkələrdə milli valyutaların devalvasiyası bu addımı qaçılmaz etmişdir. Bizim vəzifəmiz bu vəziyyətdən minimum itkilərlə çıxmaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. Dediyim o məsələlər öz həllini tapmalıdır.
Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub.
Keçən il “Kənd təsərrüfatı ili” idi. Mən çox şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bax, bu vəziyyəti şərtləndirir. Bu islahatlar daha da dərinləşməlidir. Belə olan halda biz özümüzü ərzaq məhsulları ilə tam, yəni, 100 faiz təmin edə bilərik və ərzaq məhsullarının tərkibində yerli komponent daha da böyük həcmdə ola bilər. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir.
İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq. Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir.
Nəzərə alsaq ki, keçən il meliorasiya işləri ilə bağlı çox ciddi addımlar atılmışdır, biz yararsız torpaqları dövriyyəyə buraxmalıyıq və minlərlə, on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq. Artıq o torpaqlarda suvarma işləri təmin edilir və məhsuldarlığı, əkin sahələrini artırmalıyıq. Beləliklə, əminəm ki, biz bu il də kənd təsərrüfatında böyük artıma nail ola biləcəyik.
Dövlət İnvestisiya Proqramında infrastruktur layihələri öz əksini tapacaq. Onların içində içməli su layihələrini xüsusilə qeyd etmək istərdim. Çünki indi Azərbaycanda qazlaşdırma təxminən 90 faizə çatmışdır. Çox gözəl göstəricidir. “Azərişıq” indi bölgələrdə fəal iş aparır. Mən də bölgələrdə olarkən, vəziyyətlə maraqlanarkən yerli nümayəndələr, vətəndaşlar bildirirlər ki, son vaxtlar bölgələrdə elektrik enerjisi ilə təchizat daha da yaxşılaşdı. Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək.
Keçən il 300 subartezian quyusu
qazılmışdır. Bu da çox önəmli infrastruktur
layihəsidir.
Eyni zamanda, keçən il 60-a yaxın kənddə,
bugünə qədər isə 384 kənddə sutəmizləyici
qurğular quraşdırılmışdır. Çaylar
boyu yerləşən bu kəndlərdə insanlar təmiz
içməli sudan qıtlıq çəkirdilər.
Ümumiyyətlə, son illər ərzində
625 min nəfər bu yolla təmiz içməli su ilə təmin
edilib.
Sənaye
istehsalı istiqamətində çox ciddi iş
aparılmalıdır. Texnoparklar, sənaye
klasterləri yaradılmalıdır. Bütün
regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən əvvəlki
müşavirələrdə də öz fikirlərimi
bildirmişdim. İstəyirəm bu istiqamətdə
işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri
görək. Çünki artıq
neçə vaxtdır ki, biz bu barədə
danışırıq, işlər gedir, amma hələ nəticələr
yoxdur. Burada mərkəzi icra orqanları,
bu sahəyə cavabdehlik daşıyan orqanlar və xüsusilə,
yerli icra orqanları da fəal işləməlidirlər.
Onlar bunu təşkil etməlidirlər, yerlər
ayırmalıdırlar, şərait yaratmalıdırlar.
Onların işi bundan ibarətdir. Ona görə hesab edirəm ki, bizim yerli icra
orqanları daha da səmərəli işləməlidirlər,
təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş
gözləməməlidirlər. Bu,
onların gündəlik işidir. Hər
bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir.
Buna imkanlar var. Ancaq bizim əksər
rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki
illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz
var idi və bu dotasiyaları biz verirdik. Ancaq
nə üçün bizim rayonlarımız dotasiya ilə
işləməlidirlər? Bizim
rayonlarımızın orta hesabla əhalisi o qədər də
böyük deyil. Onlar özləri iqtisadi
cəhətdən daha səmərəli işləsələr,
bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər
vəsait ayrılacaq. Onsuz da vəsait
ayrılır. Bax, dövlət hesabına
yollar, qaz xətləri, su xətləri çəkilir, hətta
sayğaclar da qoyulur. Hansı ölkədə
dövlət hesabına sayğaclar qoyulur?
Bütün infrastruktur layihələri icra edilir,
böyük sərmayə qoyulur, turizm infrastrukturu
yaradılır. Kim bunu yaradır? Dövlət
və özəl şirkətlər. Amma
yerlərdə onlar daha fəal işləməlidirlər.
Onların qarşısında vəzifə qoyuram ki, hər
rübdə bir dəfə görülən işlərlə,
açılan yeni iş yerləri ilə, açılan
müəssisələrlə bağlı məlumat versinlər.
Yəni, onlar da nəticə
çıxarsınlar. Dövlət onsuz
da öz siyasətini aparacaq və lazımi sərmayəni
qoyacaq. Ancaq mən əminəm ki, bizim
bütün rayonlarımız daha səmərəli işləyə
bilərlər və daha da yaxşı nəticələr
olacaqdır.
Rayonlarda sənaye zonalarının yaradılması ilə
bağlı mən artıq bir neçə dəfədir ki,
məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra
edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə
bunlar icra edilmir? Çünki biganəlik
göstərirlər, buna yol vermək olmaz. Ona görə hər bir icra
başçısının vəzifəsi bundan ibarətdir.
Kim bu vəzifənin öhdəsindən gələ
bilmirsə, işdən kənarlaşdırılacaq.
Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik,
operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini
təkrarlayırlar. Buna yol vermək olmaz.
Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə
iş yerləri yaradılır. Misal üçün, insanlar
işləmirlər, amma onlara maaş
yazılır. Sonra o maaş onun-bunun cibinə
gedir. Bu hallara son qoyulmalıdır. Ona görə çox ciddi maliyyə nəzarəti,
ictimai nəzarət, dövlət nəzarəti
olmalıdır. Buna son qoyulmalıdır.
Lazım olmayan qurumlar ləğv edilməlidir və
bu istiqamətdə yaxın gələcəkdə addımlar
atılacaqdır.
İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində
daha da ciddi addımlar atılmalıdır. Bu sektorun
çox böyük potensialı var. Bu sahədə
inkişaf müşahidə olunur. Ancaq bu
sektorda da tam şəffaflıq təmin edilməlidir və
dövlət bu sektorun inkişafından gələn xeyrini
görməlidir. Çünki bugünə
qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər
verilir, informasiya-kommunikasiya istiqamətində layihələr
icra edilir. İki peykimiz var. Yəni,
dövlət artıq bunun faydasını, gəlirini görməlidir.
Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir
başqa ciblərə gedir, dövlət xeyir
götürmür, burada da tam şəffaflıq təmin
edilməlidir. Arada gəzən şirkətlər
burada əsassız qaydada böyük məbləğdə
pul qazanırlar, onların fəaliyyəti
dayandırılmalıdır. Yəni,
bütün gəlirlər dövlətə, büdcəyə
gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya
texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək.
Dövlət artıq bu sahəyə kifayət
qədər, artıqlaması ilə vəsait ayırıb.
Yoxlamalar göstərir ki, bu vəsaitdən
vicdansızlıqla istifadə olunub. Burada
israfçılıqdan söhbət getmir, burada böyük
cinayətdən söhbət gedir. İndi
prokurorluq ciddi məşğuldur. Bir
malın qiyməti bir neçə dəfə
şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə
xəyanətdir və bu əməlləri törədən
insanlar indi məsuliyyətə cəlb olunurlar və bu,
hamıya dərs olmalıdır, bütün qurumlara da dərs
olmalıdır. Ona görə əminəm
ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması
üçün yaxşı imkanlar yaradacaq.
İnformasiya-kommunikasiya texnologiyaları sektoru inkişaf
etməlidir, xarici şirkətlər də buna maraq göstərirlər. İndi Azərbaycanda
kompüter istehsalı başlanır. Bu da
çox müsbət haldır və bizim intellektual
potensialımızı göstərir. Eyni
zamanda, onu göstərir ki, xarici firmalar buna maraq göstərirlər.
Burada tam şəffaflıq
yaradılmalıdır.
Biz turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəni cəlb etməliyik. Dövlət artıq kifayət qədər böyük işlər görübdür. Biz dövlət hesabına “Şahdağ” kurort zonasını yaratmışıq. Düzdür, sonra özəl qurumlar da orada hotellər, mehmanxanalar tikiblər. Ancaq bütün infrastruktur və birinci hotel dövlət hesabına tikilib. Nəyə görə? İnsanlara şərait yaratmaq, o bölgəni - şimal bölgəsini inkişaf etdirmək, iş yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün. Budur məqsəd. Burada həm sosial, həm regional, həm də iqtisadi siyasət birləşir. Ona görə turizm üçün bütün başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir. İndi bizim belə zonalarımız var. “Şahdağ” mərkəzi, Qəbələ beynəlxalq turizm zonasına çevrilib. İndi Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq, yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin.
Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli
işləməsi ilə bağlı çox ciddi addımlar
atılmalıdır. Keçən ilin sonunda ciddi addımlar
atılmışdır. Tranzit yüklərin Azərbaycan ərazisindən
daşınması üçün Koordinasiya Şurası
yaradılmışdır. Bu, çox ciddi bir addımdır.
Koordinasiya Şurasında nəqliyyatla bağlı olan
bütün qurumlar birləşir. Vahid taarif siyasəti
aparılır və aparılmalıdır. Eyni zamanda,
Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu
məsələlər müzakirə edildi. Azərbaycan təklif
etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz
üçün vahid taarif siyasəti aparsınlar. Bütün
müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha
da cəlbedici olsun. Çünki əgər biz sadəcə
olaraq, burada taarif siyasətində güzəştlər etsək,
qonşu ölkələr etməsə bunun səmərəsi
olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə
də çox ciddi danışıqlar
aparılmışdır. Mənim keçən
ilin sonunda Çinə dövlət səfərim çərçivəsində
bu məsələlər geniş şəkildə müzakirə
edilmişdir və artıq Çindən Azərbaycana bu dəhliz
ilə birinci konteyner qatarı da göndərilmişdir.
Əminəm ki, biz gələcəkdə bu dəhlizin daha da
böyük həcmdə işləməsinə nail
olacağıq. Çünki ən qısa yol Azərbaycan ərazisindən
keçən yoldur. İnfrastruktur var, bunu biz
yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı,
yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə
verilib. Eyni zamanda, ictimaiyyət yaxşı bilir ki, Türkiyə-Rusiya
münasibətlərinin gərginləşməsi nəticəsində
Türkiyənin böyük tır maşınlarının
Orta Asiyaya, Qazaxıstana çıxışı çətinləşdi.
Azərbaycan dərhal öz imkanlarını ortaya qoydu,
güzəştlər edildi və bu gün bu istiqamətdə
də dəhliz işləyir. Biz buna daha da hazır
olmalıyıq və Xəzər sahilinin şərqində
yerləşən infrastruktur da əlbəttə ki, buna daha
hazır olmalıdır. Ancaq bu, bizim üçün yeni
imkanlar yaradır. Çünki bu gün biz tranzit
potensialımızdan istənilən səviyyədə istifadə
etmirik. Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat
qurumlarının, - Xəzər gəmiçiliyi, dəmir
yolu, liman, - hərəsi öz korporativ maraqlarını
güdür, ortada isə Azərbaycan maraqları zərər
görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq
olmalıdır. Gəlirlər dövlətə gəlməlidir
və biz bu gəlirlər hesabına daha çox investisiya
qoyacağıq, daha çox infrastruktur yaradacağıq. Yəni, bir daha demək istəyirəm ki, son vaxtlar
sürətli inkişafımız bəzi hallarda bu məsələlərə
diqqətimizi azaltmışdır. Çünki biz neftdən
gələn gəlirləri çalışırdıq ki,
tezliklə lazım olan sahələrə yönəldək.
Dövlət bütün yükü öz üzərinə
götürmüşdür. Ona görə bəzi dövlət
qurumları, şirkətlər passiv fəaliyyət
aparırdılar, təşəbbüs göstərmirdilər.
Hər ilin sonunda daha çox sifariş edirdilər ki, mənə
filan qədər vəsait ayırın, mən burada yol tikəcəyəm,
bunu tikəcəyəm, onu tikəcəyəm. Birincisi, tikinti ilə
bağlı.
Burada da yeni qaydalar tətbiq edilməlidir. Açıq tenderlər elan olunmalıdır. Tenderlərdə qalib gələn şirkətlər
bu və ya digər layihəni icra etməlidir. Çünki bizdə adət olub, dəmir yolu
çəkilir, gərək bunu dəmir yolu idarəsi tiksin.
Nəyə görə? Orada
monopoliya, inhisarçılıq yaranır, qiymətlər
şişirdilir. Açıq tender elan
olunmalıdır. Mən artıq göstəriş
vermişəm. Yerli şirkətlərə
üstünlük verilməlidir, xarici şirkətlər
iştirak etmək istəyirlərsə, onlar da iştirak
etsinlər. Kim daha ucuz qiymətə daha
keyfiyyətli tikərsə tiksin.
Bizdə su xətlərini “Azərsu” çəkir. Birincisi, o qədər
böyük layihələri icra etmək üçün
onlarda texniki imkan yoxdur. Burada da müxtəlif
şirkətlər cəlb edilməlidir. Belə
olan halda biz bunu daha da ucuz qiymətə, daha böyük səmərə
ilə şəffaf, açıq şəkildə icra edəcəyik.
Həmçinin yolların tikintisi. Bizim bir qurumumuz var ki, yollar tikir. Açıq
olmalıdır, bizdə indi kimin imkanı, texnikası, təcrübəsi
var, yerli, xarici şirkətlər iştirak etsinlər. Burada şəffaflıq tam təmin
olunmalıdır. Xahiş edirəm,
hökumət buna çox ciddi nəzarət etsin.
Nəqliyyat dəhlizlərinə gəldikdə, bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir. Orada qalan hissə 8 kilometrdir. Bu il bu, tikilməlidir. İran ilə artıq danışıqlar aparılıb və bu yolun əhəmiyyəti çox böyükdür. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək. Ona görə bir daha demək istəyirəm, ən azı bu il o qalan 8 kilometr yol tezliklə tikilməlidir və burada bütün müvafiq qurumlarla koordinasiya işləri də aparılmalıdır.
Keçən il şəhər nəqliyyatının
tənzimlənməsi üçün lazımi tədbirlər
görülüb. Ölkəmizə yeni müasir avtobuslar gətirilib.
Yeni marşrutlar açılıb. Yeni idarəetmə
qaydaları tətbiq edilir. Şəhər nəqliyyatı
vahid bir sistem olmalıdır, inteqrasiya edilmiş sistem. Burada
da biz sadəcə olaraq, inkişaf etmiş şəhərlərin
təcrübəsini tətbiq etməliyik. Metro, avtobus, digər
vasitələr vahid sistem şəbəkəsinə
qoşulmalıdır. Müvafiq göstərişlər
verilmişdir. Yeni qurum yaradılmışdır. Tezliklə
bu qurumun işi təşkil edilməlidir ki, şəhər
nəqliyyatı Bakıda ən yüksək standartlara cavab
versin. İndi bizim texniki vasitələrimiz var, müasir
avtobuslar alınıb, yenə də almaq lazımdır. Sistem elə
olmalıdır ki, yollar, dayanacaqlar, işıqforlar, metro,
avtobus vahid sistem kimi işləməlidir. Bakıdan
çəkilən yeni yollar bax bu ümumi siyasətin tərkib
hissəsi olmalıdır.
Biz Bakıda son vaxtlar şəhər nəqliyyatının
təkmilləşdirilməsi üçün çox
böyük işlər görmüşük. Körpülər
salınıb, yollar genişləndirilib,
yolötürücüləri tikilib. Çox
böyük işlər görülmüşdür. Əgər biz bu işləri görməsəydik,
indi şəhər tıxac içində boğulardı.
Ancaq bundan sonra daha da məqsədyönlü və
düşünülmüş işlər aparılmalıdır.
Proqram şəklində, yəni pərakəndə
qaydada yox. Hansı yollar harada
açılmalıdır, harada köçürmələr
olmalıdır. Bu il bax bu sahəyə
çox ciddi diqqət verilməlidir.
Ekoloji tədbirlər daim aparılır. Keçən il 4 milyondan çox ağac əkilmişdir. Bu siyasət davam etdirilməlidir. Ağacəkmə. Yadımdadır,
əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə
biz bu işə fəal başlamışdıq. Ancaq hələ
o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi
proses olmalıdır. Bakıda və Abşeron
yarımadasında ağacəkmə daimi proses
olmalıdır. Çirklənmiş yerlər
təmizlənməlidir. Böyükşor
gölünün təmizlənməsinin birinci mərhələsi
keçən il həyata
keçirilmişdir. Çirklənmiş və
üfunət iyi verən bu ərazi indi artıq adamın
gözünü oxşayır. Təmizlənmiş
gölə köçəri quşlar qonur. Burada böyük bulvar salınıb.
Böyükşor gölünün təmizlənməsinin
ikinci hissəsi də bu il icra edilməlidir.
Zığ gölünün təmizlənməsi layihəsi
də icra edilməlidir. Dövlət büdcəsində
bu məqsədlər üçün vəsait tapmaq
lazımdır.
Bu il iki yeni “ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq. Bundan əlavə, səyyar xidmət göstərilir, on avtobus ölkəmizi dolaşır. “ASAN xidmət” Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələr də bu təcrübədən istifadə edirlər. Düzdür, bəzi hallarda “ASAN xidmət”in təcrübəsinə istinad edilmir. Ancaq eybi yoxdur, bizim üçün əsas məsələ odur ki, Azərbaycan vətəndaşları bu xidmətdən yararlansınlar. İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində, doğrudan da, inqilabdır. Eyni zamanda, könüllülər sinfi yaradılıb. Fəal vətənpərvər gənclər könüllülər kimi fəaliyyət göstərirlər. Yəni, bu təşəbbüsün çox böyük müsbət mənası var. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də “ASAN xidmət”də öz həllini tapacaq. Ona görə hökumət bu məsələ ilə bağlı əlavə təkliflər versin ki, biz hansı xidmətləri “ASAN xidmət”ə əlavə edə bilərik.
Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi, doğrudan da, həm bizə verilən böyük qiymətdir, həm də ki bizim üçün böyük şərəfdir.
Azərbaycan sivilizasiyalararası dialoqun genişlənməsi üçün əlindən gələni edir. Əfsuslar olsun ki, getdikcə bu iş daha da çətinləşir. Mən giriş sözümdə bu məsələyə toxundum, bir daha demək istəmirəm. Biz nə qədər çalışsaq da əfsuslar olsun ki, sivilizasiyalararası dialoqu daha az görürük. Biz daha çox sivilizasiyalararası, dinlərarası anlaşılmazlıq, inamsızlıq, toqquşmalar görürük.
Ancaq biz bu yoldan dönməyəcəyik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, - necə ki, bu, bu gün belədir, - regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin.
Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini,
ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və
əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq mən
bu ili Azərbaycanda “Multikulturalizm ili” elan edirəm. Azərbaycan
multikulturalizmlə bağlı çox böyük işlər
görüb. Azərbaycan nümunəsi göstərir ki,
multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər
deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə
haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və
bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də
daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur.
2016-cı ildə biz fəal işləməliyik. Dediyim bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq. Sağ olun.
AZƏRTAC
Azərbaycan. - 2016.-12 yanvar.- S.3, 4.