Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib

 

Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqub ilə vida mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Qurani-Kərimdən ayələr oxundu.

Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verdi.

Zəlimxan Yaqubun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salındı.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Ömrünün 66-cı ilində dünyasını dəyişən Zəlimxan Yaqub özündən sonra zəngin bədii irs qoyub. Şifahi xalq ədəbiyyatını dərindən bilən şair yaradıcılığında bu qaynaqdan məharətlə istifadə edərək, ümumbəşəri və milli dəyərləri özündə əks etdirən qiymətli əsərlər yaradıb. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

 

X X X

 

Xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olundu.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 12 yanvar.- S.6.