Səfir Dan Stav: Azərbaycanın
tolerantlıq modeli unikallığı ilə
seçilir
Yanvarın
11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) sədri Mübariz Qurbanlı İsrail Dövlətinin
Azərbaycandakı səfiri Dan Stav ilə
görüşüb.
Komitə sədri Azərbaycan-İsrail
münasibətlərinin tarixindən, yəhudi
icmasının Azərbaycandakı fəaliyyətindən
danışıb. Ölkəmizdə multikultural
və tolerant mühitin
dərin tarixi köklərə malik olduğunu vurğulayan Mübariz
Qurbanlı Prezident İlham
Əliyev tərəfindən 2016-cı ilin
“Multikulturalizm ili” elan edilməsinin təsadüfi
olmadığını bildirib. O deyib ki, tolerantlıq
xalqımızın həyat tərzidir. Azərbaycanda bütün dinlərin nümayəndələri,
yəhudilər də daxil olmaqla
əsrlərdir sülh və
qardaşlıq mühitində yaşayırlar.
Səfir Dan Stav fəaliyyəti dövründə ölkəmizin
bölgələrinə səfərlər etdiyini,
multikultural və tolerant
mühitin bütün
ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün
şahidi olduğunu,
müxtəlif mədəniyyətlərin və dinlərin
nümayəndələrinin, etnik azlıqların harmoniya
halında, qarşılıqlı hörmət şəraitində
yaşadıqlarını bildirib. Ötən
ilin noyabr ayında
ABŞ-ın Kaliforniya ştatında yerləşən
Sinay sinaqoqunun üzvlərindən
ibarət 50 nəfərlik heyətin Azərbaycandan çox yüksək təəssüratla
qayıtdıqlarını bildirən səfir müxtəlifliyin
geniş yayıldığı bir dünyada millətlərin
birgə yaşamasını təşviq edən Azərbaycan
modelinin unikallığı ilə seçildiyini deyib. O qeyd edib ki,
bu baxımdan Azərbaycan tolerantlıq
ixracatçısı ola bilər.
Azərbaycan. - 2016.- 12 yanvar.- S. 7.