Beşinci çağırış Milli Məclisə seçkilər haqqında kitab nəşr edilib
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və
informasiya təminatı şöbəsi və Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzi tərəfindən “Parlament
seçkiləri-2015: mövqelər və rəylər”
adlı kitab Azərbaycan və rus dillərində tərtib
edilərək çap olunub.
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beşinci çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitq ilə başlayır.
Toplu iki fəsildən ibarətdir. “Seçkilərlə bağlı regionlar və ölkələr üzrə rəylər və şərhlər” adlı birinci fəsildə ötən il noyabrın 1-də ölkəmizdə keçirilmiş parlament seçkiləri haqqında beynəlxalq müşahidəçilərin fikirləri və şərhləri əksini tapıb. Avropa, Amerika, Asiya, Avstraliya və MDB ölkələrindən gəlmiş müşahidəçilərin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların mövqe və rəyləri oxuculara seçkiqabağı kampaniyanın gedişi, səsvermə və onun nəticələri ilə ətraflı tanış olmaq imkanı verir.
Nəşrin ikinci fəsli isə “Xarici kütləvi informasiya vasitələri 2015-ci il parlament seçkiləri haqqında” adlanır. Xarici ölkə KİV-lərində dərc olunmuş məqalələrin orijinal mənbələrə əsaslanaraq topluya daxil edilməsi müxtəlif ölkələrin ictimai-siyasi mərkəzlərinin Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibətilə bağlı dolğun təsəvvür yaradır.
Kitabın tərtibçiləri Tahirə Allahyarova, Nazim Mahmudov və Aqşin Məmmədovdur.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, beşinci çağırış Milli Məclisə seçkiləri izləmək üçün ümumilikdə 57656 yerli müşahidəçi qeydiyyatdan keçmişdi. Müşahidə prosesinə 36 beynəlxalq təşkilat və 53 ölkəni təmsil edən 465 beynəlxalq müşahidəçi də qatılmışdı.
Seçkilərdə 125 yer
uğrunda 767 namizəd mübarizə
aparıb. Namizədliyi irəli sürülən şəxslər
bitərəflərdən, 16 siyasi partiya və bir seçki blokunun təmsilçilərindən
ibarət olub.
AZƏRTAC
Azərbaycan. - 2016.- 10 yanvar.-
S.3.