Qlobal iqtisadi
böhranın ağır fəsadlarından Azərbaycan
sığortalanır
Prezident İlham
Əliyev: “İctimai nəzarət
mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət
bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol
verilməməlidir, xüsusilə indiki
şəraitdə çox ciddi nəzarət olmalıdır”
Azərbaycan dövləti dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinlikləri qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlayıb. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.
Dünyada dərin iqtisadi və maliyyə böhranının yeni mərhələyə keçməsi bir sıra problemlərə də yol açıb. Xüsusilə də Avrasiya məkanında bu böhran daha ciddi formalar alıb. Avropa İttifaqına üzv ölkələr böyük humanitar fəlakətlə üzləşiblər. Avropaya pənah gətirən yüz minlərlə qaçqın hazırda ən ağır şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Sığınacaq tapmaq, adi yaşayış şəraitini təmin etmək üçün hazırda onlar böyük problemlərlə qarşılaşırlar.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə də toxunub: “Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı. Bildiyiniz kimi, adambaşına ən yüksək köçkün, qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik.
Ancaq bu gün Avropada buna miqrant böhranı deyirlər. Mən dəfələrlə demişəm ki, bu, ilk növbədə, vətənini, əmlakını, doğmalarını itirmiş insanlar üçün böhrandır. Onlar indi Avropaya sığınacaq tapmaq, canlarını qurtarmaq üçün pənah gətirirlər. Orada da onları nələr gözləyir, hamımız yaxşı görürük. Bununla bərabər, yaranmış bu vəziyyət istər-istəməz Avropada radikal qüvvələrin, islamafobiya meyillərinin güclənməsinə gətirib çıxarır. Bu da çox təhlükəli meyildir”.
Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə - fiskal dayanıqlılığı təmin edilib. Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə qənaətbəxş hesab edilə bilər.
Dövlət başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından iba-rətdir. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Aparıcı reytinq agentlikləri 2015-ci ildə müsbət reytinqlərimizi təsdiq ediblər. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Son illər ərzində qeyri-neft sektorunun inkişafı aparılan uğurlu islahatların nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun da yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir.
Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu sənədlərlə start verilmiş, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri artmışdır. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 12 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.
Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. “Əsl siyasət konkret real iş görməkdir” devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının qayəsində hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə inamlı addımlar atır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər.
Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır”.
Ölkə başçısı manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsini zəruri sayıb. Prezident İlham Əliyev bildirib: “Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”.
Manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı Azərbaycanda istehsal olunan məhsulların qiymətinin süni şəkildə artırılması hallarının da qarşısı qətiyətlə alınacaq. Bütün müvafiq qurumlara göstəriş olub ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir.
Hər bir məmur üzərinə düşən tarixi məsuliyyəti dərk etməli, fəaliyyətini hər zaman Prezidentin elan etdiyi mütərəqqi prinsiplər əsasında qurmalıdır. Eyni zamanda, ölkə başçısının qeyd etdiyi kimi, dövlət qurumları üzərində ictimai nəzarət möhkəmləndirilməlidir. Bütün bunlar həm də onu göstərir ki, dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədədir. “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır” - bu sözlərin müəllifi cənab İlham Əliyevin xarizmasına olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.
Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Ən nəhayət, Prezident İlham Əliyevin məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır.
Elnur HACALIYEV,
Azərbaycan. - 2016.- 13 yanvar.- S.2.