Sosial infrastrukturun
yaradılması yenə də diqqət mərkəzində olacaq
Bu fikir Nazirlər
Kabinetinin son
iclasında qətiyyətlə səsləndi
Ötən ilə yekun vurularkən və qədəm qoyduğumuz ilin əsas vəzifələrinə nəzər salarkən infrastruktur layihələrinin də diqqət mərkəzində olduğu aydın görünür. İnsanların rahat yaşayışına xidmət edən sosial infrastrukturun yaradılması xüsusi önəm daşıyır. Elektrik enerjisi qurğularının tikilməsi, ən ucqar kəndlərə qaz xətlərinin çəkilməsi, yeni yolların salınması, məktəblərin, tibb müəssisələrinin inşa edilməsi - bunlar sözügedən infrastrukturun yalnız bir hissəsidir.
Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev həm giriş, həm də yekun nitqində bu məsələdən ətraflı bəhs etmişdir. Yaradılmış sosial infrastrukturu qeyd etməklə yanaşı, bu işin davamlı olduğunu demişdir: “Sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir”.
2015-ci ildə 3 milyard 659 milyon manat əsaslı dövlət vəsaitləri qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması layihələrinin icrası davam etdirilib. Ötən il əsaslı dövlət vəsaitləri hesabına eləcə də 25 məktəb, 10 uşaq bağçası, 50 məktəbdə əlavə korpuslar və sinif otaqları, bir incəsənət məktəbi tikilib istifadəyə verilib. Neçə-neçə məktəb, kollec və uşaq bağçasının binaları yenidən qurulub.
Bu siyahını xeyli artırmaq da olar. Çünki sosial infrastruktur layihələri ölkənin hər yerində və bütün sahələrdə həyata keçirilib. Məsələn, qazlaşdırma təxminən 90 faizə çatıb. “Azərişıq” bölgələrdə fəal iş aparır. Nəticədə son vaxtlarda rayon və kəndlərdə elektrik enerjisi ilə təchizat daha da yaxşılaşıb. Hədəf isə bölgələrin işıq təminatının paytaxtın səviyyəsinə çatdırılması, elektrik enerjisinin insanlara fasiləsiz çatdırılmasıdır. Məhz buna görə də ölkədə yeni generasiya gücləri yaradılıb.
Keçən il 300 subartezian quyusunun qazılması Azərbaycan əhalisinin su ilə təminatının ildən-ilə daha da yaxşılaşmasının göstəricisidir. Bundan əlavə, 2015-ci ildə 60-a yaxın kənddə sutəmizləyici qurğular quraşdırılıb. Beləliklə, indiyədək işə salınmış sutəmizləyici qurğuların sayı 384-ə çatıb. Nəticədə kəndlərdə sudan korluq çəkən minlərlə insan təmiz su ilə təmin olunub.
Su xətlərini “Azərsu” çəksə də, bu qurumun olduqca böyük layihələrin icra edilməsində texniki imkanları kifayət etməz. Odur ki, Prezident İlham Əliyevin dediyi kimi, “burada da müxtəlif şirkətlər cəlb edilməlidir. Belə olan halda biz bunu daha da ucuz qiymətə, daha böyük səmərə ilə şəffaf, açıq şəkildə icra edəcəyik”.
Bu, yolların tikintisinə
də şamil olunur. İmkanı olan şirkət
- istər yerli, istərsə də xarici - bu işdə
iştirak etməlidir.
Dövlət başçısı hökumətin həmin məsələlərə ciddi
nəzarət etməsini
tapşırmışdır.
Yeri gəlmişkən
vurğulayaq ki, regionlarda, xüsusilə kənd yerlərində yaşayan əhalinin ticarət-iqtisadi münasibətlərində,
rahat hərəkətinin
təmin edilməsində
yol infrastrukturunun necə olması mühüm əhəmiyyət
daşıyır. Bu baxımdan
keçən il Azərbaycanın müxtəlif regionlarını,
kənd və qəsəbələrini birləşdirən,
ümumi uzunluğu
348 kilometr olan avtomobil yollarının əhalinin istifadəsinə
verilməsi önəmli
faktdır.
Paytaxtda və Abşeron yarımadasında yaşayan
əhalinin gediş-gəlişində
və şəhərdaxili
hərəkətində mühüm
rol oynayan Bakı-Sumqayıt-Bakı dəmiryol
xəttinin yenidən qurulması, metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının inşası və digər tədbirlər də bu qəbildən
olan yeniliklərdir. Keçən
il eləcə
də Bakıdakı Ziya Bünyadov prospektinin tikintisi və genişləndirilməsi
avtomobillərin hərəkətini
asanlaşdırıb. Qala-Pirallahı yolları yenidən tikilərək istismara verilib.
Neftin ucuzlaşması
nəticəsində ölkənin
gəlirlərinin azalmasına
baxmayaraq, dövlət
Azərbaycan vətəndaşının
rifahına və sağlamlığına xidmət
edən infrastruktur layihələrinə diqqəti
azaltmayıb. Məsələn,
keçən il ölkədə səhiyyə müəssisələrinin
tikintisi və yenidən qurulması da ardıcıllıqla davam etdirilib. 60-a qədər tibb
müəssisəsi inşa
edilib və təmir olunub. Ağsu Rayon Mərkəzi
Xəstəxanasının tikintisinin, Gəncədə,
Mingəçevirdə və
Göyçayda xəstəxanaların
əsaslı təmirinin
keçən il başa çatdırılmasını misal göstərmək olar.
Lakin dünyada
neftin qiymətinin aşağı düşməsi
və Azərbaycanın
özündən asılı
olmayan səbəblərdən
ölkədə ortaya
çıxan çətinliklər
hazırkı mərhələdə
digər məsələlər
kimi infrastruktur layihələrinin həyata
keçirilməsinə də
yaranmış vəziyyət
baxımından yanaşmağı
tələb edir. Prezident
İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu barədə ətraflı
bəhs edərək demişdir: “Biz çalışırdıq
ki, əsas infrastruktur layihələrini
maksimum tez bir zamanda icra
edək və buna nail ola
bilmişik. Bu gün deyə bilərəm ki, Azərbaycanda əsas infrastruktur layihələri
icra edilibdir. Elektrik enerjisi ilə bağlı generasiya güclərimiz kifayət
qədər böyükdür,
qazlaşdırma uğurla
aparılır, içməli
su layihələri, yolların tikintisi. Yəni, Dövlət Neft Fondunun transfertlərinin
məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılsın və biz buna nail ola
bilmişik. İndiki şəraitdə biz Neft Fondunun vəsaitini
qorumalıyıq. Əvvəlki illərdə apardığımız
siyasət davam etdirilə bilməz.
Neft Fondundan dövlət büdcəsinə transfertlər
bu il azalır
və biz gələcəkdə
də xüsusilə hər bir layihəyə,
onun əhəmiyyətinə
baxmalıyıq və
məhz ondan sonra qərar qəbul edilməlidir”.
Bu isə o deməkdir
ki, dövlət xalqa xidmət edən sosial infrastrukturun yaradılmasını
yenə də diqqət mərkəzində
saxlayır, bu sahədə nəzərdə
tutulan işləri həyata keçirmək üçün əlavə
yollar və imkanlar axtarır. Bütün bunlar
dövlətin siyasətinin
mərkəzində Azərbaycan
vətəndaşının dayandığını bir
daha təsdiqləyir.
Flora SADIQLI,
Azərbaycan. - 2016.- 13 yanvar.- S.2.