“Bakı-2015” idmançılarımızın ən böyük qələbə meydanı oldu

 

Atletlərimiz 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq komanda hesabında 2-ci yeri tutdular

 

Yola saldığımız 2015-ci ilin ən möhtəşəm hadisələrindən biri tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının Bakıda keçirilməsi oldu. Avropa üçün bu oyunlar çoxsaylı idman növləri üzrə təşkil edilən maraqlı və innovativ yarışları ilə seçildi. Eyni zamanda idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Qitənin idman həyatı üçün əlamətdar olan “Bakı-2015”ə çox böyük uğurla yekun vuruldu. İyunun 12-28-də Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq komanda hesabında 2-ci yeri tutdular.

Ötən il dekabrın 23-də Milli Olimpiya Komitəsində ilin yekunları ilə bağlı idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Oyunlarında qazanılmış hər bir uğur, sadəcə olaraq, hansısa bir qələbə deyildir: “Əlbəttə ki, idmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. Əlli Olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yeri tutmuşlar. Əgər nəzərə alsaq ki, birinci yeri Rusiya komandası tutub, bu, təbii idi, başqa cür ola da bilməzdi. Ona görə hesab edirəm ki, biz ən yüksək zirvəyə qalxa bilmişik. Əlli altı medal qazanılıb, onlardan 21-i qızıl medaldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi. İdmançıları - bütün bu qələbələrdə, bu medalların qazanılmasında iştirak etmiş insanları bir daha salamlayıram, onlara öz təşəkkürümü bildirmək istəyirəm”.

 

Güləşçilərimiz növbəti dəfə etimadı doğrultdular

 

Avropa Oyunlarında tamaşaçıların maraq göstərdiyi idman növləri kifayət qədər idi. Onlar arasında güləş xüsusi yer tuturdu. İyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında təşkil olunan güləş yarışlarında 480 idmançı 24 medal dəsti uğrunda 18 çəki kateqoriyasında gərgin mübarizə aparıb.

Pəhləvanlarımız yunan-Roma güləşində 6 (2 qızıl, 2 gümüş, 2 bürünc), qadın güləşində 3 (2 qızıl, 1 bürünc), sərbəst güləşdə isə 6 (2 qızıl, 4 bürünc) olmaqla 15 medal qazanaraq rəqiblərə nəyə qadir olduqlarını nümayiş etdiriblər. İyunun 13-də Heydər Əliyev adına İdman Sarayında yunan-Roma üzrə güləş yarışlarında pəhləvanlarımız ilk gündə 3 medal qazanıblar.

71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev mübarizəyə 1/8 finaldan başlayıb. İlk mərhələlərin hamısını qalib başa vuran güləşçimiz finalda macarıstanlı güləşçi Balint Korpasi ilə qarşılaşıb. Rəqibindən daha güclü olan Rəsul 4:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qalibi adını qazanıb. Digər güləşçimiz Rafiq Hüseynov (80 kq) da yarışa 1/8 finaldan qatılıb. O, yalnız finalda rusiyalı Yevgeni Salayevə uduzaraq gümüş medala sahib olub. 59 kq çəki dərəcəsində dünya və ikiqat Avropa çempionu Elman Muxtarov isə bürünc medal uğrunda mübarizədə ermənistanlı Roman Amoyanla qarşılaşıb. 20 yaşlı güləşçimiz erməni rəqibini xalçaya çıxmağa peşman edib. O, özündən 12 yaş böyük olan titullu rəqibini 9:1 hesabı ilə məğlub edərək “Bakı-2015”in bürünc medalına layiq görülüb.

İyunun 14-də yunan-Roma güləşində 66 kq, 75 kq, 85 kq və 130 kq çəki dərəcələrində pəhləvanlar xalça üzərinə çıxıblar. Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqoya, rumıniyalı İonel Puskasuya, rusiyalı Çingiz Labazanova, gürcüstanlı Zurab Datunaşviliyə qalib gələrək finala çıxıb. Finalda serbiyalı Viktor Nemesdən üstün olub və mübarizəni qızıl medalla başa vurub.

Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti (130 kq) Mikola Kuçmi (Ukrayna), Yakobi Kaja (Gürcüstan) və İosib Çuqoşviliyə (Belarus) qalib gəlmiş, yalnız finalda türkiyəli Riza Kayaalpa uduzduğuna görə gümüş medalla kifayətlənib. 66 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gürcüstanlı Saçino Davitaya, xorvatiyalı Doniyel Yaneçiçə, belaruslu Mixail Simyonova qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə uduzan idmançımız bürünc medal uğrunda Aleksandr Maksimoviç (Serbiya) üzərində inamlı qələbə qazanıb. Nəticədə idmançılarımız yunan-Roma güləşində ümumi komanda hesabında 2-ci pillədə yer alıblar.

Qadın güləşçilər mübarizəyə iyunun 15-də qoşulublar. Komandamız 2 yarış günündə 3 medal (2 qızıl, 1 bürünc) qazanmaqla komanda hesabında 1-ci yeri tutub. 48 kq çəki dərəcəsində yarışda Azərbaycanı Mariya Stadnik təmsil edib. Dünya və dördqat Avropa çempionu Mariya portuqaliyalı Liliana Kosta dos Santosa, fransalı Julye Sabatyeyə, polşalı İvona Matkovskaya və bolqarıstanlı Eltsa Yankovaya qalib gələrək Avropa Oyunlarının qızıl medalına da sahib olub.

55 kq çəki dərəcəsində mübarizədə ölkəmizi təmsil edən Natalya Sinişin yarımfinalda İsveç güləşçisi Sofia Mattssona uduzsa da, o, bürünc medal uğrunda mübarizədə almaniyalı Tatyana Kitə qalib gələrək “Bakı-2015”i 3-cü yerdə başa vurub.

İyunun 16-da daha 4 çəki dərəcəsi üzrə yarışlar keçirilib. 53 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Anjela Doroqan türkiyəli Merve Kengeri, macarıstanlı Mersedes Denisi və rumıniyalı Natalya Budunu məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə isə polşalı Roksana Zasina qalib gələrək Avropa Oyunlarının qızıl medalına layiq görülüb.

İyunun 17-də 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər xalça üzərinə çıxıblar. 65 kq çəki dərəcəsində Olimpiya çempionumuz Toğrul Əsgərov yarışa ilk mərhələdən başlayıb. O, rusiyalı İlyas Bekbulatova, moldovalı Mixail Savaya, fransalı Maksim Fiqueyə və belaruslu Azamat Nurikova, finalda isə italiyalı Frank Kamizo Marquesə qalib gəlib. İlk Avropa Oyunlarında ölkəmizə 9-cu qızıl medalı qazandırıb.

97 kq çəki dərəcəsində Avropa və dünya çempionu Xetaq Qazyumov da mübarizəyə təsnifat mərhələsindən başlayıb. Güləşçimiz bütün rəqiblərinə - polşalı Radoslav Barana, moldovalı Nikolay Çebana, belaruslu İbrahim Saidova, rusiyalı Abdusalam Qadisova və gürcüstanlı Elizbar Odikadzeyə qalib gələrək ilk Avropa Oyunlarının çempionu olub.

74 kq çəki dərəcəsində ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov mübarizəyə 1/8 finaldan başlayıb. Macarıstanlı Mihali Haqini məğlub edən güləşçimiz sonrakı mərhələdə türkiyəli Soner Dəmirtaşa uduzub. Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz Avropa Oyunlarının bürünc mükafatına sahib olub.

İyunun 18-də I Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Heydər Əliyev adına İdman Sarayında 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Sərbəst güləşçilərimiz ölkəmizin aktivinə daha 3 bürünc medal yazdırıblar. Ölkəmizi 61 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev, 125 kq çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov və 70 kq çəki dərəcəsində Avropa çempionumuz Ruslan Dibirhacıyev “Bakı-2015” ilk Avropa Oyunlarının bürünc medalına sahib olublar.

 

Karateçilərdən möhtəşəm çıxış

 

I Avropa Oyunlarında uğurlu çıxışları ilə karateçilərimiz də xalqımızı sevindirdilər. Karate idman növü üzrə yarışlar 10-u fərdi kumite və 2-si fərdi kata olmaqla 12 medal dəsti uğrunda keçirilib. Avropanın ən yaxşı 48 kişi və 48 qadın idmançısı “Baku Crystal Hall”da öz bacarıqlarını nümayiş etdiriblər. Karateçilərimiz 4 qızıl və 2 bürünc medalla komanda hesabında ilk pillədə yer alıb.

İyunun 13-də karatenin kumite növü üzrə yarışlar keçirildi. Kişilər 60, 67, 75, qadınlar isə 50, 55, 61 kq çəki dərəcəsində mübarizə apardılar. Azərbaycan karateçilərinin də iştirak etdiyi kumite yarışları idmançılarımızın əzmkar mübarizəsi ilə əlamətdar oldu. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev bütün mərhələləri inamla keçdi. Finalda italiyalı Luka Mareskanı məğlub edib I Avropa Oyunlarında ölkəmizin aktivinə ilk qızıl medalı qazandırdı. Azərbaycana ikinci qızıl medalı isə kumite yarışlarında 75 kq çəki dərəcəsində çıxış edən Rəfael Ağayev qazandırdı. Kişilər arasında 67 kq çəki dərəcəsində çıxış edən Niyazi Əliyev və kumite üzrə qadınlar arasında 55 kq çəki dərəcəsi üzrə yarışlarda İlahə Qasımova üçüncü yeri tutdular.

Karate yarışlarının ikinci günü Azərbaycan idmançıları üçün daha uğurlu oldu və onlar aktivlərinə iki qızıl medal yazdırdılar. Qızıl medallardan birini 68 kq çəki dərəcəsində İrina Zaretska qazandı. Karatedə 4-cü qızıl medala kişilər arasında kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev layiq görüldü.

 

Taekvondoda Azərbaycan Avropa birincisi oldu

 

“Bakı-2015” ilk Avropa Oyunlarında böyük maraqla izlənilən və medal qazandığımız idman növlərindən biri də taekvondo idi. Bu yarışlar da “Baku Crystal Hall”da keçirildi. 128 idmançı 4 gün ərzində 8 medal dəsti uğrunda gərgin mübarizə apardı. Bu növdə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan atletlərimiz də ölkəmizin idman şərəfini layiqincə qorudular və nəticədə onlar da komanda hesabında ilk pillədə yer aldılar. Ölkəmiz bu növdə 8 idmançı ilə təmsil olunub. İlk yarış günündə Patimat Abakarova (49 kq) Erika Nikoliyə (İtaliya) qalib gələrək Avropa Oyunlarının bürünc mükafatçısı olub.

İyunun 17-də taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. Kişilərin yarışında təmsilçimiz Ayxan Tağızadə (68 kq) finalda polşalı Karol Robaka qalib gələrək Avropa Oyunlarında taekvondo komandamıza ilk qızıl medalı qazandırıb.

İyunun 18-də isə daha 2 dəst medal sahibi müəyyənləşib. Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani finalda rusiyalı Albert Quanlaya 9:4 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qalibi olub.

Qadınların mübarizəsində isə 67 kq çəki dərəcəsində gənclər arasında dünya çempionumuz Fəridə Əzizova həlledici mərhələdə Anastasiya Barişnikovaya (Rusiya) uduzaraq Avropa Oyunlarını gümüş medalla başa vurub.

Komandamızın əsas favoritlərindən sayılan Radik İsayev (+80 kq) isə finalda Rusiya taekvondoçusu Vladislav Larinə qalib gələrək titulları sırasına Avropa Oyunlarının qızıl medalını da əlavə edib.

 

Boksda 6 qızıl medal qazanıldı

 

Boks üzrə yarışlarda 330 idmançı 12 gün ərzində 15 medal dəsti uğrunda mübarizə aparıb. Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında yarışlar keçirilib. Azarkeşlər bu yarışları da “Baku Crystal Hall”da maraqla izləyiblər. Boksçularımız 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında birinci yerə layiq görülüb. Xatırladaq ki, 11 Azərbaycan boksçusundan Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), Kollazo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) qızıl, Xaybula Musalov gümüş, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Anna Əlimərdanova (51-54 kq) və Yana Alekseyevna (57-60 kq) bürünc medala sahib oldular.

 

Gimnastikada tarixi uğur

 

“Bakı-2015”də gimnastlarımız 7 medal qazanaraq böyük uğura imza atıblar. Məlumat üçün qeyd edək ki, “Bakı-2015”də idman gimnastikası üzrə yarışlarda 37 ölkəni təmsil edən təxminən 180 gimnast iştirak edib.

Milli Gimnastika Arenasında bir həftə ərzində keçirilən yarışlar zamanı 14 dəst (8-i kişi, 6-sı qadın) medal uğrunda maraqlı mübarizənin şahidi olduq. Ölkəmizi təmsil edən Oleq Stepko yarışlarda bir qızıl, iki gümüş və iki bürünc medal qazanmaqla Azərbaycan gimnastikasında tarixi uğura imza atıb.

Oleq ilk medalını kişi idman gimnastikası üzrə komanda yarışlarında qazanıb. O, Petro Paxnyuk və Eldar Səfərovdan ibarət yığma komandanın tərkibində Avropa Oyunlarının bürünc medalına layiq görülüb. İyunun 20-si isə O.Stepkonun unuda bilməyəcəyi bir tarixdir. Çünki həmin gün Azərbaycan gimnastikası tarixinə qızıl hərflərlə yazılıb. O, paralel qollarda hərəkət üzrə ən yüksək nəticə göstərərək (15,733) qızıl medala layiq görülüb.

Dayaqla tullanma yarışında isə idmançımız üçüncü nəticə (14,966) göstərərək bürünc medala sahib olub. Oleq Stepko gimnastika atı üzərində hərəkət yarışlarında da uğurla çıxış edərək (14,600 xal) hesabına növbəti gümüş medalı yazdırıb.

Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb. Kişilərin yarışında çıxış edən İlya Qrişunin 58,765 xalla 3-cü olub. Bununla da bürünc medal qazanan təmsilçimiz Azərbaycanın 34-cü medalını rəsmiləşdirib.

Sevindirici hal odur ki, Avropa Oyunlarını bədii gimnastika yarışlarına medalla başa vurduq. Belə ki, iyunun 21-də təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Bu, Azərbaycan millisinin “Bakı-2015”də 35-ci medalı olub.

 

Paracüdoçularımız ənənəni davam etdirdilər

 

Müstəqilliyimizi bərpa etdiyimiz vaxtdan bu günə qədər müxtəlif səviyyəli beynəlxalq yarışlarda saysız-hesabsız medala layiq görülənlər arasında müxtəlif qüsurlu əlil idmançılar - paralimpiyaçılar da xüsusi yerə malikdirlər. Fərəhli haldır ki, paralimpiyaçılarımız get-gedə daha yaxşı çıxış edir və yeni-yeni milli rekordlar müəyyənləşdirirlər.

Belə bir xoş ənənə tarixdə ilk dəfə Bakıda təşkil olunan Avropa Oyunlarında da davam edib. İyunun 26-da “Bakı-2015” ilk Avropa Oyunlarında paracüdoçular əzmlə mübarizə aparıblar. İki çəki dərəcəsi üzrə təşkil olunan yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunub. Komandamızın heyətində tatamiyə çıxan bütün paracüdoçularımız çıxışlarını mükafatla başa vurublar. Millimizin aparıcı üzvü İlham Zəkiyev qızıl, Zakir Mislimov gümüş və Səbinə Abdullayeva bürünc medal qazanıb.

Kişilərin +90 kq çəki dərəcəsində mübarizəsində İlham Zəkiyev yarışı qızıl medalla bitirib. O, finalda ukraynalı Aleksandr Pominovla qarşılaşıb. Avropa Oyunlarının məşəldarı görüşü ipponla qalib başa vuraraq Avropa Oyunlarının qalibi olub.

Xatırladaq ki, sonda medalları ilk üç yerin sahiblərinə Prezident cənab İlham Əliyev təqdim edib. Mükafatlandırma mərasimi zamanı dövlət başçısı İlham Zəkiyevlə birlikdə fəxri kürsüyə qalxıb.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2016.- 13 yanvar.- S.3.