Azərbaycandakı
multikultural mühit bütün dünyaya
örnəkdir
Azərbaycan Şərqin və Qərbin qovuşuğunda yerləşən, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı anlaşma şəraitində bir araya gəldiyi nadir ölkələrdəndir. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməyib, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlər mövcud olub. Ona görə bu gün sürətli inkişaf yolunda olan respublikamız həm də müxtəlif mədəniyyət və dəyərlərə malik olan xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı ən unikal məkandır.
Müsəlman aləmində
dünyəvi dövlətçiliyin nadir
nümunəsi
Öncə onu qeyd edək ki, Azərbaycan Konstitusiyasına əsasən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər bir şəxsin hüquq və azadlıqlarının qorunmasına təminat verilir. Respublikamızda yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və hüquqi-normativ aktlarla təmin olunur. Müxtəlif etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada əmin-amanlıq içərisində yaşayırlar.
Digər tərəfdən, Azərbaycan müsəlman aləmində əsl dünyəvi dövlətçiliyin nadir nümunələrindən biridir. Bakıda pravoslav kilsəsinin bərpa edilməsi, katolik kilsəsi tikilməsi, Vatikanın Apostol nunsisinin fəaliyyətə başlaması, vaxtilə ləğv edilmiş Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı bölgə Yeparxiyasının fəaliyyətinin bərpa edilməsi Azərbaycandakı dini tolerantlığın bariz nümunələridir. Hələ 2002-ci ildə Roma Papası II İoann Pavelin respublikamıza etdiyi tarixi səfər zamanı Azərbaycandakı dini dözümlülük ənənələrini xüsusi qeyd etmişdi. Azərbaycanın bir çox xalqların və dinlərin mədəni dəyərlərini özündə cəmləşdirdiyini deyən Papa bildirmişdi ki, xristianlar Azərbaycanda digər dinlərin nümayəndələri ilə sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşayırlar ki, bu da yalnız tolerantlıq və qarşılıqlı dözümlülük sayəsində mümkün olub.
Bəli, ölkəmizdə müxtəlif millətlərə, dinlərə, adət və ənənələrə mənsub olan insanlar arasında tarixən mehriban münasibətlər mövcud olub. Müstəqillik illərində isə bu mühüm ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Müxtəlif xalqların və konfessiyaların sülh və tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaları ölkəmizin sosial-mədəni yüksəlişində ən mühüm amillərdən hesab olunur. Bu sahədə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsi olaraq Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan dövləti xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Azərbaycan dünyada humanizm prinsiplərinə
sadiq ölkə kimi
tanınır
Göründüyü kimi, Azərbaycan dünyaya təkcə enerji resursları ilə zəngin bir ölkə kimi deyil, həm də bəşəriyyətin humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınmaqdadır. Azərbaycanda bu sahədə formalaşan münasibətlər göstərir ki, tolerantlıq və multikulturalizm hər bir dövlətin və xalqın keçdiyi inkişaf yolundan, qarşıya qoyduğu məqsədlərdən asılı olaraq yaranan mütərəqqi və bəşəri dəyərdir. Bu mənada multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, lakin buna baxmayaraq, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud idi. Bu gün isə reallıq odur ki, multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda multikulturalizmin inkişaf etməsi, yeni keyfiyyət mərhələsinə yüksəlməsi göz önündədir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət, yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir.
Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illərdə ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün bir mərkəzə çevrilib. Paytaxtımız isə qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır.
Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu “Bakı prosesi” dünyada təqdir olunur
Xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə ölkəmizdə 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu forum göstərir ki, mədəniyyətlərarasi dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə inkişafı yönündə Prezident İlham Əliyevin təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Çünki “Bakı prosesi” adı ilə məşhur olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı şəxsən Prezident İlham Əliyevdir. “Bakı prosesi”nin əsası 2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa Şurasının mədəniyyət nazirlərinin iclasında Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub.
Ötən illər ərzində bu forum qloballaşdığı qədər müxtəlif olan dünya birliyini narahat edən ən mühüm məsələlərə dair fikir mübadiləsi aparmaq üçün hamı tərəfindən qəbul edilən platformaya çevrilib. Ona görə də “Bakı prosesi” artıq dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunur və dəstəklənir. Bu, dünyada keçirilən yeganə tədbirdir ki, burada, adətən, bir-biri ilə rəqabət aparan, bu sahədə işlər görən təşkilatların vahid bir platformada birləşdirilməsinə nail olunub. Forumun yüksək səviyyədə keçirilməsi artıq Bakıda bu mövzuya uyğun silsilə tədbirlərin təşkilinə də böyük maraq oyadır. 2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev deyib: “Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”.
2016-cı ilin aprelində isə Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Bununla bağlı qərar 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında qəbul edilmişdir. Bu, dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Eyni zamanda, bu tədbirin Azərbaycanda keçirilməsi barədə beynəlxalq təşəbbüs onu göstərir ki, tolerantlığın məkanı və multikultural ənənələrə sadiq olan Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafı, mədəni müxtəlifliyin qorunub saxlanması, sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi və mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur.
Ümumiyyətlə, Azərbaycanın əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti, öz növbəsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Xüsusilə qeyd etməliyik ki, artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Bu qəbildən bir neçə ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir.
Multikulturalizm dövlət siyasətinin ən
önəmli istiqamətlərindən birinə çevrilib
Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edildi. Eyni zamanda multikulturalizmi dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək olan beynəlxalq mərkəzin məhz Bakı şəhərində yaradılması bütün dünyada yüksək təqdir olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirməkdir. Eyni zamanda, Azərbaycan və dünya multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilməsi, multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda, keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq kimi nəcib fəaliyyətləri öz vəzifələrinə daxil etmişdir. Bu istiqamətlərdə müxtəlif layihələr həyata keçirən dünyanın məşhur universitetləri, elm ocaqları ilə birgə milli, dini, elmi, sosial mahiyyət kəsb edən, gələcək dünya düzənində əsas söz sahibi olacaq bugünkü gənc nəslin doğru-düzgün formalaşdırılması üçün layihələr həyata keçirilməsi də mərkəzin məqsəd və məramına daxildir.
Heydər
Əliyev Fondu multikultural
ənənələrimizin təbliği ilə bağlı
möhtəşəm layihələr həyata keçirir
Ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada tolerantlıq, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Ölkəmizin bu sahədə formalaşdırdığı zəngin ənənələr dünyanın ən nüfuzlu elmi mərkəzləri tərəfindən diqqətlə tədqiq edilir. Dünya bu qiymətli ənənələrdən bəhrələnməyə çalışır. Bütün bunlar xalqımızın mənəvi dəyərlərinin dünyada təbliğinin nəticəsidir.
Bu nəticələrin əldə olunmasında, xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən, öz xeyirxah əməlləri ilə əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var. Ona görə multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində indiyədək ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb.
Azərbaycan Prezidentinin siyasi iradəsi və dəstəyi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə bu gün ölkəmizdə multikulturalizm ideyası müstəvisində aparılan müzakirələr, Bakıda təşkil edilən humanitar forumlar çərçivəsində dünyanın nüfuzlu alimləri arasında bu mövzuda baş verən beyin fırtınaları bu istiqamətdə ortaya çıxan sualların aydınlaşdırılmasına, bəşəriyyət üçün daha nizamlı, sabit, qarşılıqlı hörmət ruhunun hakim olduğu dünyanın yaradılması amalına xidmət edir. Bütün bu tədbirlər, beynəlxalq konfranslar, forumlar artıq Azərbaycanı sivilizasiyaları birləşdirən bir məkana çevirib.
2016-cı il “Multikulturalizm ili”dir
Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərə, onun inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Sərəncamda bu barədə deyilir: “Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir”.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcəklər.
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Müasir cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycanın inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan. - 2016.- 13 yanvar.- S.5.