Müqəddəs
sevgi haqqında
İnsan ruhuna hakim kəsilən, onu digərlərindən fərqləndirən ali və müqəddəs bir hiss, duyğu mövcuddur. Bu, uşaq sevgisi deyil, yeniyetmə və gənclərin eşqinə də bənzəmir. O, Leyli ilə Məcnunun, Tristanla İzoldanın, Fərhadla Şirinin məhəbbətindən də ucada dayanır. Bu duyğu, bu hiss övladın valideynə, elin müqəddəs adətlərinə, Vətən dediyimiz bir ovuc torpağa, qarşısında diz çökdüyümüz bayrağa olan məhəbbətdən, sevgi və sədaqətdən başlayır.
1990-ci ilin yanvar hadisələrində bir qardaşım Laçında, biri də Bakıda idi. İki oğlundan xəbər tuta bilməyən atamın qanlı yanvar hadisələrinin sarsıntılarından səhhəti pisləşdi, ağır infarkt keçirdi. İndi belə xəstələri bir həftəyə sağlam həyata qaytara bilirlər. O zaman isə müalicə aylarla uzanırdı. Biz qardaşlar əl-ələ verib atamı əcəlin caynağından geri alanda sevinirdik ki, zəhmətimiz hədər getmir. Ancaq atam özünə gələndən sonra qəzəbləndi: “Qoymadınız kişi kimi ölüm. Kişiyə də qaşıqla xörək yedizdirərlərmi, çayını, çörəyini yastığının yanına yığarlarmı?” Onun üçün ölüm yatağa düşməkdən min dəfə şərəfli idi. Biz sevinirdik ki, o, tədricən sağalır, ayağa durub gündə bir addım ata bilir. O isə əksinə, narazı, qaraqabaq və dinməz olmuşdu, barışa bilmirdi düşdüyü vəziyyətlə.
İllər ötəndən sonra anladıq ki, ömrümüz boyu atamız üçün etdiklərimiz onun bizə görə tək 20 Yanvarda çəkdiyi iztirabların yanında sabun köpüyü qədər cılız və əhəmiyyətsizdir. Ona görə ki, atalar balalarını böyüdüb ərsəyə gətirmək üçün canlarını qoyurlar və uşaqlarının başı üstündə təhlükə asılanda misli görünməmiş çətinliklərə, sınaqlara hazır olurlar. Əfsus ki, bu həqiqətin böyüklüyünü biz oğullar ata olandan sonra anlayırıq.
Bu ali sevgidə nə qədər kamil, nə qədər mükəmməl olsaq, bir o qədər zaman və ayrılıqlar sevdiklərimizi əlimizdən almayacaq, ayrılıqlardan çəkilən sədlər çökəcək. Bayraq, torpaq və valideyn sevgisini ovcumuzda, ağlımızda və qəlbimizdə elə daşımalı, ruhumuzda elə yaşatmalıyıq ki, tale qismətimizə yazılan uğurların çələngini bizdən əsirgəməsin. Onda ayrılıqlar gücsüz, məhrumiyyətlər təsirsiz, hətta ölümün özü belə aciz olur. Qürbətə düşə bilərik, valideynlərimiz köçüb gedə bilər. Əlimizdə, ovcumuzda və yanımızda olmasalar belə, xatirələrə nəfəs verib canlandırmağı, uçan xalçanın naxışlarından yapışıb keçmişə qanadlanmağı bacarmalıyıq. Bilməliyik ki, Vətənə, xalqın müqəddəs saydığı ailəyə və bəşəri dəyərlərə biganə qalan hər bir kəs ilk növbədə kainatın və yaranışın qeybdən gələn bütün qaydalarının ziddinə gedən varlıq kimi özünü cəzalandırır, həyatına, işıqlı günlərinə heç vaxt zülmətindən qurtara bilməyəcəyi qaranlıqların ahını gətirir. Ayağı Vətən adlı torpaqdan üzülənlərin, atadan, anadan üzü dönənlərin aqibəti acı olur. Kim ki böyüklərinin - ata və anasının qədrini bilirsə, torpağını və sərhədlərini namusu kimi qoruyursa, içindəki məhəbbəti əhatəsindəkilərə bərabər paylamağı bacarırsa, mükafatsız qalmır. Və nə yaxşı ki, belə insanlar ətrafımızda kifayət qədərdir...
1992-ci ilin yayında Qarabağda Ağdərə uğrunda qızğın savaş gedirdi. Döyüşdən çıxarılıb hospitala aparılan yaralı əsgər videokameranın lentinə köçürüldüyünü görüncə əli ilə işarə edib bizi yaxına çağırdı və taqətsiz halda pıçıldadı:
- Üzümü çəkməyin. Qoy anam görməsin necə öldüyümü.
Vətən yolunda arzularını, gələcəyini, ilk məhəbbətini nakam qoyan, ölüm ayağında isə anasını düşünən həmin adsız qəhrəman bəlkə ömrümüzün son məqamında belə gözlərimizin qarşısında canlanacaq. Azərbaycan bayrağını bağrına basıb şəhidliyin səmalarına qanadlanan yüzlərlə igidimiz kimi. Milli Qəhrəman Mübariz İbrahimov - mərdliyin, igidliyin və şəhidliyin rəmzi olan oğullarımız kimi...
Bəli, belə oğullarımız minlərlədir. Təbii ki, onların hamısını tanımırıq, adlarını bilmirik. Lakin onlar xalqımızın genofondunu təşkil edirlər. Onlar təvazökar olur, vətən sevgilərini qabartmır, bunu sadəcə vətəndaş mövqeyi, övlad borcu sayırlar və başqalarından nə ilə seçildiklərini, nədə üstün olduqlarını düşünməyi belə ağıllarına gətirmirlər.
Bizim ən yaşlı daimi oxucularımızdan 100 yaşlı akademik İsmayıl İbrahimov da qibtəolunası bir taleyin sahibidir. Bilirsinizmi dünyanın hər üzünü görmüş bu insanın həyatda ən çox sevdiyi kimdir? Valideynləri! Halbuki Ordubadda atasının müəmmalı şəkildə güllələnmiş nəşi işlədiyi çörəkxanadan evlərinə gətiriləndə heç 2 yaşı yox idi, anası dünyasını dəyişəndə isə cəmi 12 yaşı vardı. Atasının şəkli yoxdur, üzü də yadında qalmayıb, o vaxtdan az qala bir əsr keçir! Amma Azərbaycanın məşhur akademiki bütün uğurlarını bu iki insanın - atasının və anasının adı ilə bağlayır. 100 illik yubileyi ərəfəsində valideynlərinin Ordubaddakı qəbirlərini ziyarət etmək isə onun ən böyük arzusudur:
- Hesabat verməliyəm yaşadığım ömrə görə. Deyəcəyəm ki, ata, ana, sizi ziyarətə gəlmişəm, özü də əliboş gəlməmişəm, 100 illik bir ömrün hesabatını gətirmişəm. Sizin verdiyiniz tərbiyə, sizin qanınızdan və irsinizdən miras qalan mübarizlik mənə - kasıb, arxasız və 12 yaşından yetim qalan bir uşağa ən yüksək titullara nail olmağa imkan verdi. Ana, ata, sizin məzarınızın ayağında duran oğul Sovet İttifaqının Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanıdır. Mən hədər və mənasız ömür yaşamadım. Azərbaycan hökumətində yüksək vəzifəyədək ucaldım, uzun illər institut rektoru işlədim. Biləsiniz ki, adınızı daim uca tutdum və ömrüm boyu sizə layiq övlad olmağa çalışdım, ömrüm boyu sizə səcdə etdim.
100 yaşlı akademiki bugünəcən yaşadan, ömrünü uzadan bəlkə də haqq dünyaya ötən əsrin əvvəllərində köçən valideynlərinin alqışlarıdır. İndi elmdə yeni nəzəriyyələr ortaya çıxır. Yazırlar ki, iki dünya arasında əlaqələr mövcuddur, biz görməsək də, bizi görürlər, sevincimizə, kədərimizə şərik olurlar...
Bir neçə
ay bundan əvvəlin
söhbətidir. Qusarda Milli Məclisin
deputatı Azər Badamovun atası dünyasını dəyişmişdi.
Gecə eşidib xəbər tutanlar həyətə gəlirlər. Azər müəllim
yad adamları görüb onların kimliyini soruşur. Cavab verirlər ki, yuyucular rəhmətliyi axirət evinə hazırlamağa gəliblər.
Etiraz edir ki, ehtiyac
yoxdur, getsinlər, o işi özüm görərəm. Məni böyüdüb
boya-başa çatdıran
insanı sonuncu səfərə hazırlamaq
övlad borcumdur.
Azər müəllim 80 yaşlı
əmisi və bacısı oğlu ilə birlikdə öz oğulluq borcunu yerinə yetirir. Hələ o vaxt bu fakta
yazılarımdan birində
toxunmaq istəyəndə
A.Badamov etiraz etmişdi ki, qəzet mövzusu deyil, burada qeyri-adi,
qələmə alınası
heç nə yoxdur: “Bu, gözlənilməz
itkinin ağırlığından
doğan kədərli
bir istək, oğul borcu idi. Biz belə
vidalaşdıq, təskinliyim
də odur ki, atamı son mənzilə özüm yola saldım. Bu, hər bir
kişinin boynunda olan müqəddəs vəzifədir”.
Əlbəttə, qeyri-adi heç nə yoxdur, lakin nümunədir, üstündən keçmək
olmur. Biz də
bilirik ki, əzizini itirən hər bir kəs
hərəkətlərinə kənardakıların nə
qiymət verəcəyini
düşünüb addım
atmır. Ona görə
belə edir ki, başqa cür bacarmır, başqa cür mümkün deyil.
Ömür adlı uca bir
dağın sonuncu zirvəsini fəth edən yorğun səyyahlar kimi, indi özüm də anlayıram ki, bizim Vətənə,
Bayrağa, Valideynlərimizə
məhəbbətimiz bütün
sevgilərin tacıdır. Bu, insanın
ruhuna təntənə
və fərəh gətirən ali
və müqəddəs
bir duyğudur. Böyüyünü, bayrağını, elini və torpağını
qənirsiz və təmənnasız eşqlə
sevə bilən hər kəs Vətənini, ev-eşiyini
və bir dəfə qəlbən bağlandığı insanı
da ömrünün sonunadək sədaqətlə
sevəcək, övladlarını
qaldıracaq, acılardan
və xəyanətlərdən
sarsılmayacaq. Çətin məqamda sərvətlərini,
yüksəldiyi mərtəbələri
düşünmədən ölümünü gözünün
altına alıb vətən naminə, torpaq naminə əcəlin üstünə
yeriyəcək və
heç bir döyüşdə heç
vaxt geri çəkilməyəcək.
Bahadur İMANQULİYEV,
Azərbaycan. - 2016.- 13 yanvar.- S.6.