50 il
və bir gün
1990-cı ildə Bakının
Səməd Vurğun
və Akademik Həsən Əliyev küçələrinin kəsişdiyi
yerdə yaşayırdım. Bu ərazi
ilə Təcili Yardım Xəstəxanası
arasında, necə deyərlər, bir addımlıq yol var. Odur ki, o müdhiş
20 Yanvar gecəsində
burada təcili yardım maşınlarının
vahiməli vıyıltısından
insanın bağrı
yarılırdı.
Ertəsi
gün səhər tezdən eşitdik ki, qonşu həyətdəki mənzillərdən
birində yaşayan Muxtar kişi
gecə yarı evdən çıxıb
və xəstəxanaya
tərəf üz tutub. Sonra məlum oldu
ki, qonşum “Təcili yardım”la gətirilən yaralıların
xəstəxanaya daşınmasına
kömək edirmiş.
Evinə
üst-başı onların
al qanına boyanmış
halda gəlib.
Muxtar kişi (təəssüf
ki, soyadını unutmuşam) Bakıya cəmi iki-üç il idi köçmüşdü.
Daha doğrusu, könüllü
köçməmişdi, mənfur
düşmənlərimiz onu
Ermənistanın dağlıq
bölgələrinin birindən,
öz ata-baba yurdundan, əlinin qabarı, alnının təri ilə tikib-qurduğu yuvadan didərgin salmışdılar.
Böyük ailəsi ilə
birlikdə Bakıda məskunlaşmışdı.
Bacarıqlı, nikbin insan idi. Yük maşını
sürür, ailəsini
halal zəhməti ilə yaxşı dolandırırdı. Eşitdiyimə görə, əvvəllər
də sürücü
işləmiş, hətta
keçmiş sovet məkanında respublikalararası
yükdaşımalar sahəsində
çalışmışdı.
Yaşı 50-dən azca çox olardı.
Uca qaməti, şux yerişi vardı. Dağlıq
ərazilərin əksər
sakinləri kimi çox sağlam görünürdü, necə
deyərlər, yanaqlarından
qan damırdı.
Amma 20 Yanvardan sonra kişinin elə bil rəngi solmuşdu.
Artıq 1990-ın yazı idi. Bir gün işdən qayıdanda Muxtar kişi ilə
həyət darvazasının
ağzında rastlaşdıq.
Az qala
qonşumu tanımadım.
Beli bükülmüş, rəngi
avazımış, səsi
tutulmuşdu. Üç
ayda kişi
elə bil 30 il qocalmışdı.
- Olmasın azar, Muxtar əmi... Necəsiniz?
- deyə halını xəbər aldım.
Qonşum
sakitcə həyətin
girəcəyindəki skamyaya
çökdü və
sonra asta səslə acı bir hekayət danışdı:
- Nə atamı xatırlayıram, nə də anam yadıma
gəlir. 1941-də birini müharibə apardı, o birini isə xəstəlik.
Yetimxanada böyüməli oldum. Amma xoşbəxtlikdən hansısa xeyirxah bir insan məni
Ermənistanda deyil, Azərbaycanın yaşadığım
bölgəyə yaxın
kəndlərindən birində
yerləşən uşaq
evinə vermişdi.
Orada çox isti münasibət gördüm.
Ağır illər idi.
Müharibə qurtarandan
sonra da çətinliklər az deyildi. Yeməyimizin,
geyimimizin biri çatırdı, biri çatmırdı. Amma böyüklərin
bizə göstərdiyi
doğmalıq, aramızdakı
mehribanlıq bizi yaşatdı. Mənim musiqiyə
çox həvəsim
vardı. Yadımdadır ki, uşaq evinin
müdiri haradansa mənə köhnə bir tar da tapıb
gətirmişdi. Çalıb-oxuyur, rəqs edirdik. Beləcə böyüdük...
Sonralar öz ata-baba yurduna qayıtmaq istəyi gənc Muxtarı rahat buraxmır. Doğma kəndinə
qayıdır. Sürücülük peşəsinə yiyələnir,
evlənir, dişlə-dırnaqla
ev-eşik düzəldir.
Həmin
topdağıtmaz ev-eşiyi
ki, mənfur ermənilər oradan onu bir çətən
külfəti ilə birlikdə didərgin salmışdılar.
...Muxtar kişi
danışdıqca gözlərində
yaş gilələnirdi.
İnanmaq çətin idi
ki, həyatda bu qədər çətinliklərə sinə
gərmiş insan belə kövrələ bilər. O isə qəhərlə, boğula-boğula
söhbətinə yekun
vurdu:
- Bələkdə ikən ata-anadan məhrum oldum, sınmadım. Yağı xanimanımı əlimdən
alıb məni didərgin saldı, sınmadım. Amma o
qaranlıq Yanvar gecəsində gördüklərim
məni yaman sarsıtdı...
İki-üç gün bundan sonra səhər-səhər
işə gedəndə
Muxtargilin həyətinin
qarşısında üstünə
qara atlas parça örtülmüş mafə
gördüm. Qonşum gecə keçinibmiş.
* * *
20 Yanvardan torpağın köksündə neçə-neçə şəhid qəbri qalıb. Şəhidlər xiyabanı, küçədə, yolda, xeyirdə-şərdə hər gün rastlaşdığımız bəzən əlsiz, bəzən ayaqsız 20 Yanvar əlilləri qəlbimizi göynədir. 20 Yanvar bizə gözlə görünən və ürəklərdə gizli sızıldayan çox yaralar vurdu. Amma o günlərdə bir çox milli dəyərlərimiz, mənəvi gücümüz də aydın, dolğun şəkildə özünü göstərdi. Biz bunu Muxtar kişi kimi insanlarımızın timsalında gördük.
Flora SADIQLI,
Azərbaycan. - 2016.- 13 yanvar.- S.6.