Gədəbəyin
Qız qalası
Turistlər dağlar diyarı Gədəbəyə böyük maraq göstərirlər. Bu da təbiidir. Gədəbəy ulu tarixi, hünərvər keçmişi olan qədim diyardır. Bu yerlər Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi də tarixə düşüb.
Burada 1 dünya, 31 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Koroğlu qalası, Cənnət qala, Qız Qalası, Zəngin qala, kurqanlar, məbədlər, zağalar, körpülər, mağaralar... Hərəsi bir sənət əsəri, tarixin əvəzsiz yadigarıdır.
Qonaqlar Söyüdlü kəndinə də həvəslə gedirlər. Dünya əhəmiyyətli Böyük Qalaça abidəsi burada yerləşir. Əslində bu, nəhəng daşlardan hörülmüş uca bir qala-dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilib, müdafiə məqsədi daşıyırmış.
Söyüdlünün digər bir möcüzəsi IX əsrin yadigarı Qız qalasıdır. Yüksək qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və düzülüşünə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim şəhəri xatırladır. Qalaya tərəf gizli bir cığır qalxır. Ətrafı yaşıllıq və meşəlik bürüyən bu möhtəşəm abidəyə yalnız piyada yol ilə qalxmaq mümkündür.
Qalaya bitişik vəziyyətdə iki istiqamətdə olan hörgülərin qalıqları hələ də qalmaqdadır. Bu, qalanın müdafiə məqsədli olduğundan xəbər verir. Digər tarixi abidələrdən fərqli olaraq, sırf kərpiclə hörülmüşdür. Qırmızı kərpiclər əsasən kvadrat formasındadır.
Qız qalasının qalın divarlarının və onun sıldırım qayalıqda ucaldılmasının şübhəsiz ki, müəyyən səbəbi olub. Görünür, müşahidəçi, gözətçi rolunu oynayırmış. İndi də Qız qalası bu yerlərin əvəzsiz incisi, tacıdır.
Əhməd
İSAYEV
Azərbaycan. - 2016.- 13 yanvar.- S.7.