Azərbaycan Avropanın əsas enerji təminatçılarından biri olaraq qalır

 

“Cənub” qaz dəhlizi layihəsi çərçivəsində işlər qrafikə uyğun davam edir

 

Azərbaycandan başlanan və Avropanın ən iri infrastruktur layihəsi olan “Cənub” qaz dəhlizi layihəsi üzrə işlər hazırda uğurla davam etdirilir. Bu qaz dəhlizi “Şahdəniz-2” və sonrakı layihələr çərçivəsində Azərbaycanda çıxarılacaq təbii qazın Avropa ölkələrinə daşınması məqsədilə yaradılan nəhəng infrastrukturdur. Layihə çox sayda müxtəlif maraqlı tərəfləri və 3 min 500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir.

Xatırladaq ki, Avropa Komissiyası “Cənub” qaz dəhlizini ortaq maraqlara xidmət edən əsas enerji infrastrukturu layihələri siyahısına daxil edib. Bu barədə Avropa Komissiyasının hesabatında bildirilir ki, ortaq maraqlara xidmət edən layihələr enerji mənbələrini və marşrutlarını şaxələndirərək Avropanın enerji bazarlarına inteqrasiya üçün enerji birliyinin təmin olunmasına imkan verəcək. Həmin layihələr tez bir zamanda həyata keçirildiyindən və investorlar üçün daha cəlbedici olduğundan 2014-2020-cil illəri əhatə edən CEF (Connecting Europe Facility) proqramının maraqlarına uyğundur.

Sonuncu dəfə 2013-cü ilin oktyabrında açıqlanan ortaq maraqlara xidmət edən layihələrin siyahısı yenilənərək 108 elektrik, 77 qaz, 7 neft və 3 smart şəbəkə layihələri kimi qəbul edilib. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizi layihəsi də yenilənən siyahıda yer alıb. Həmçinin “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.

“Cənub” qaz dəhlizi layihəsi Xəzər regionundakı qaz təchizatını ilk dəfə olaraq Avropa bazarları ilə birləşdirəcək, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. İlk növbədə Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz Boru Kəməri genişləndiriləcək. Hazırda bu kəmərlə “Şahdəniz” qazı Gürcüstana və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırda buna paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaq.

Qeyd edək ki, “Cənub” qaz dəhlizi Azərbaycanda reallaşdırılan layihələri qabaqlayır. Səngəçal terminalında, o cümlədən də “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə həyata keçirilən işlər vaxtından əvvəl başa çatdırılır. Bütövlükdə “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycan götürdüyü öhdəlikləri uğurla yerinə yetirir və işlərin 50 faizi artıq görülüb. Başqa sözlə, layihənin icrası ilə bağlı heç bir problem yoxdur. Gürcüstandakı işlər də qrafik üzrə həyata keçirilir.

“Cənub” qaz dəhlizinin əsas komponentlərindən olan Transanadolu qaz boru kəməri - TANAP ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə qət edəcək. TANAP layihəsində olduqca çətin ərazilərdə yolların açılması, boruların təhlükəsiz sahəyə daşınması, düzülməsi və qaynaq işləri davam etdirilir, gecikmə yoxdur. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdəhan vilayətinin Posof mahalından başlayaraq 21 vilayət, 67 rayon və 600 kənddən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la ildə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazı nəql ediləcək. Kəmərin tutumunun 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və BP şirkəti - 12 faiz.

Yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev TANAP-la bağlı deyib: “Keçən il TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni bu layihənin bütün iştirakçıları böyük siyasiiqtisadi dividend əldə edəcəklər. Bu layihənin təşəbbüskarı Azərbaycandır. Əsas iqtisadi yük bizim üzərimizə düşürbiz bu layihəni icra etməyə tərəfdaş ölkələrlə başlamışıq. Keçən il Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulub və işlər uğurla davam etdirilir”.

Bu gün TANAP beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. Layihənin icrası isə vaxtında, bəlkə də tez icra ediləcək. Bununla da Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Ümumiyyətlə, bütün tərəflər bu layihənin icrasından fayda görəcəklər. Layihənin əsas investoru isə Azərbaycandır. Layihə imkan verəcək ki, Azərbaycan zəngin qaz resurslarını bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdırsın.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən Transadriatik (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniyaİtaliyadan keçməklə Avropaya çatdıracaq.

“Cənub” qaz dəhlizi layihəsinin hər bir komponenti üzrə işlər qrafikə uyğun davam edir. Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Ən əsası isə odur ki, bu layihənin icrası Azərbaycanın beynəlxalq imicini artırmaqla yanaşı, ölkəmizin gələcək inkişafına, siyasiiqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfə verəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.- 14 yanvar.- S.1.