Köhnə ilin yeni ünvanları
Mayın
5-də 70 il ərzində Bakının
sakinlərinə və
qonaqlarına xidmət
göstərmiş “İnturist”
hoteli yenidən istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə
Prezident İlham Əliyev iştirak edib.
Beşulduzlu bu hotel “Absheron Hotel Group”una aiddir. Yeni hotel vaxtilə
Bakıdakı “İnturist”
mehmanxanasının arxitektura
üslubunda inşa edilib. Bu “İnturist”
nəinki Azərbaycanda,
eləcə də keçmiş SSRİ-də
çox məşhur
idi. Yeni hotel köhnəsi barədə xatirələri
yaşatmaqla bərabər,
nadir memarlıq quruluşu
ilə də diqqəti cəlb edir. Beşmərtəbəli binada 150 standart
və suit nömrə
var. Otaqların hamısı
müasirliyi və rahatlığı ilə
seçilir. Hotelin özəlliyini
artıran cəhətlərdən
biri də otaqların eyvanlarından
Xəzər dənizinə
və sahil boyu Bakı bulvarına açılan
mənzərədir. Otaqların hamısı
sürətli internet, havalandırma
və digər zəruri sistemlərlə
təchiz olunub.
* * *
Mayın 15-də Bakının Nobel qardaşları
prospektinə paralel inşa edilmiş dənizkənarı yolun açılışı olub. Dövlət başçısı İlham
Əliyev tədbirdə
iştirak edib.
Yeni inşa
olunan 8 zolaqlı yol müasir tələblər səviyyəsində
və yüksək keyfiyyətlə salınıb. Hərəkət
zolaqlarının eni
3,75 metr olan yeni yol
“Ağ şəhər”
bulvarının yaxınlığında
yerləşir. Burada istirahət
edən insanların təhlükəsizliyi üçün
hər birinin eni 8 metr olmaqla
3 piyada keçidi inşa olunub. Yolun inşası sosial məna daşımır,
onu həm də Bakının dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilməsinə
töhfə kimi qiymətləndirmək olar.
Yeni yol həmçinin paytaxtın yol-nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi
və müasirləşməsi
istiqamətində görülən
işlərin tərkib
hissəsidir.
* * *
Mayın 22-də Bakının yeni istirahət mərkəzi olan Böyükşor bulvar və parkının açılış
mərasimi olub. Dövlət başçısı İlham
Əliyev obyektin açılışında iştirak
edib.
Layihənin birinci mərhələsində
gölün şərq
və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq
işlərinin sahəsi
15 hektardan çoxdur.
Ərazidə neftlə çirklənmiş
torpaqlar təmizlənib,
çirklənmiş yeraltı
suların gölə
axmasının qarşısı
tamamilə alınıb
və drenaj sistemi qurulub. Sahil boyu gəzinti
zolağının uzunluğu
2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq
meydançaları, velosiped
zolaqları salınıb,
minlərlə ağac
və bəzək kolu əkilib.
* * *
Mayın 25-də Bakıda I Avropa Oyunlarının Atletlər
və Media kəndlərinin
açılışı olub. Dövlət başçısı tədbirdə iştirak edib.
Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. O, Bakı Olimpiya
Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif
istiqamətlərinə gediş-gəlişin
rahat və sərfəli olduğu bir ərazidə yerləşir. Kompleks 13 yaşayış və yardımçı
binalardan ibarətdir.
Burada iki, üç və dörd otaqlı 1042 mənzil var.
Hər mənzil 2, 4 və 6 yataq otağından ibarətdir.
Burada ümumilikdə 7499 şəxs
yerləşə bilər.
Atletlər kəndində idmançılar
və komanda rəsmiləri üçün
təhlükəsiz, rahat
şərait yaradılıb.
Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var. Burada jurnalistlər üçün
ayrıca yeməkxana da nəzərdə tutulub. Yeməkxanada eyni vaxtda
500 nəfər qidalana
bilir.
* * *
Mayın 26-da Bakıda müasir istirahət və əyləncə mərkəzi
- “Dalğa Beahc-Aqua
Park” istifadəyə verilməsi
mərasimi keçirilib. Prezident İlham
Əliyev mərasimdə
iştirak edib.
Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilən “Dalğa Beahc-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. “Dalğa Beahc-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə Azərbaycanda ən böyük Aqua parkdır. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz var.
Təmiz hava və füsunkar dəniz mənzərəsinə malik “Dalğa Beahc-Aqua Park” yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanıdır. Bu obyektin istifadəyə verilməsi Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da əhəmiyyətlidir.
* * *
Mayın 29-da Prezident İlham Əliyevin iştirakı ilə I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş ofisinin açılışı olub. I Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, təhlükəsizlik və əməliyyatlar bu mərkəzdən idarə olunub.
Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışa bilir. Eyni zamanda, Oyunlarda iştirak etmiş bütün idmançıların, məşqçilərin yerləşdirilməsi və lazımi idman avadanlığı ilə təmin edilməsi, həmçinin onların təmsil olunduqları ölkələrin Milli Olimpiya komitələrin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə edilib. Yarışlar zamanı bütün təhlükəsizlik təbirləri də bu mərkəzdən idarə olunub.
* * *
İyun ayının 1-də Bakının görkəmini daha da gözəlləşdirən Bakı “Ağ şəhər” bulvarının açılışı olub. Dövlət başçısı İlham Əliyev tədbirdə iştirak edib.
Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazidə ən müasir standartlara uyğun şəkildə salınıb. Bakı “Ağ şəhər” bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə uşaq kinoteatrının inşası da nəzərdə tutulur. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına verilib.
* * *
İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin və “N” saylı hərbi hissənin açılış mərasimi olub.
Xəzər dənizi hövzəsində ən böyük və müasir obyekt olan Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissəsinin inzibati, xidməti binalarının və qurğuların inşasına 2010-cu ilin oktyabrından başlanılmışdır. Bu müddətdə şəxsi heyətin xidməti vəzifələrinin layiqincə yerinə yetirilməsi və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi obyektlərdə çox işlər görülüb. Hərbi Dəniz Qüvvələrinin bazasının qərargah binasında növbətçi, tədris, vətəndaşların qəbulu, qonaq otaqları, konfrans zalı, komplektləşdirmə, dəniz müşahidə və digər şöbələr, həmçinin feldyeger, poçt-rabitə stansiyası, bufet yaradılıb.
Yeni baza
Hərbi Dəniz Qüvvələrinin idarə
olunmasını həyata keçirir, Xəzər
dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda suüstü
şəraitə nəzarət etməyə hərtərəfli
imkan verir. Məntəqədə
suüstü şərait haqqında operativ məlumatlar Hərbi Dəniz Qüvvələrinə
məxsus sahil və ada
radio-texniki postlarda
yerləşən radiolokasiyalar
stansiyaları vasitəsilə alınır. Aşkar
edilən bütün hədəflər real vaxt rejimində monitorda əks olunur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü
şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin
sahil mühafizəsindən və Dövlət
Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində
toplanılır, təhlil olunur və
müvafiq qərar qəbul edilir. Burada ən müasir texnoloji yeniliklərə
əsaslanan avadanlığın quraşdırılması məntəqənin
işini yüksək səviyyədə qurmağa imkan verir.
Azərbaycan. - 2016.- 14 yanvar.- S.2.