Fransanın bəzi
şəhərlərinin Azərbaycanın işğal
altındakı şəhərləri ilə
imzaladığı “xartiyalar” ləğv
ediləcək
Bir
müddət əvvəl Ermənistan kütləvi informasiya
vasitələrində Fransanın bəzi şəhərlərinin
Azərbaycanın işğal altında olan şəhərləri
ilə “qardaşlaşması” və əməkdaşlıq
haqqında “sənədlər” imzalanması haqqında məlumatlar
verilmişdi.
AZƏRTAC-ın Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bununla əlaqədar nə kimi tədbirlər görülməsinə ilə bağlı sualını nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavablandırıb.
H.Hacıyev bildirib ki, qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın 2015-ci il mayın 17-19-da Fransaya səfəri və bu səfər zamanı Fransanın vilayət və şəhərləri ilə “əməkdaşlıq xartiyası”nın imzalanması ilə əlaqədar Xarici İşlər Nazirliyinin təlimatı əsasında Fransadakı səfirliyimiz tərəfindən davamlı fəaliyyət həyata keçirilir. Aparılan işin nəticəsində Fransa hökuməti tərəfindən rəsmi cavab addımı kimi xarici işlər və daxili işlər nazirləri səviyyəsində yerli prefekturalar və ali komissarlara iyulun 2-də sirkulyar təlimat göndərilib. Yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edən həmin sənəddə mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma “Dağlıq Qarabağ rejimi” ilə beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulub. Həmçinin artıq imzalanmış qeyri-qanuni “əməkdaşlıq xartiyaları”nın ləğvi istiqamətində hüquqi müstəvidə zəruri addımların atılması davam etdirilir. Belə ki, səfirliyin əməkdaşlıq etdiyi vəkil tərəfindən Azərbaycanın işğal altında olan şəhərləri ilə qeyri-qanuni sənədlər imzalamış Fransa şəhərlərinin yerləşdiyi vilayətlərin prefektlərinə müvafiq sorğular göndərilib və Fransanın mövcud qanunlarına əsaslanaraq, imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi məqsədilə onların İnzibati Məhkəməyə təqdim edilməsi məsələsi qaldırılıb. Sorğuya cavab olaraq, Drom vilayətinin prefekti Didye Loqa bu günədək nə “Valans və “Stepanakert” (Xankəndi) şəhərləri arasında dostluq xartiyası” və “Burq-Le-Valans və Şuşa şəhərləri arasında dostluq xartiyası” sənədinin, nə də belə bir sənədlərin imzalanmasına icazə verən hər hansı məlumatın ona təqdim edilmədiyini vurğulayıb və bu səbəbdən də sözügedən sənədin qüvvəyə minmədiyini və beləliklə də onun icra edilmə imkanının olmadığını bildirib.
Prefekt Valans şəhəri tərəfindən sözügedən “dostluq xartiyaları”nın və ya ondan irəli gələn hər hansı sənədin ona təqdim ediləcəyi təqdirdə həmin sənədlərin ləğv edilməsi üçün onu dərhal İnzibati Məhkəməyə təqdim edəcəyini bildirib.
Göründüyü kimi, Ermənistanın Fransada olan erməni lobbi dairələri və onların təsiri altında olan bəzi şəxslər Fransanın qanunlarını və beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini pozmaqdan belə çəkinməyərək Fransanın rəsmi dövlət siyasətinə qarşı fəaliyyət aparırlar.
Bir daha bildirmək istərdik ki, ölkəmizin Ermənistan tərəfindən
işğal edilmiş
ərazilərində həyata keçirilən hər bir qeyri-qanuni fəaliyyət
Xarici İşlər Nazirliyi
tərəfindən dərhal ciddi nəzarətə
götürülür və
araşdırılır. Burada hər hansı dövlətin hüquqi
və fiziki şəxslərinin fəaliyyəti
müəyyən edildiyi halda
isə aidiyyəti diplomatik nümayəndəliklərimizə
təlimat verilir və həmin ölkə
qarşısında bu məsələ
qaldırılır, zəruri diplomatik və
hüquqi addımlar atılır.
Azərbaycan. - 2016.- 14 yanvar.- S.4.