Sirlər və möcüzələr ölkəsi

 

Vaxtilə Azərbaycan arxeologiya elminin dünya şöhrətli alimi, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynov yazırdı: “Arxeoloji mənbələr tarixin güzgüsüdür. Əgər yazılı mənbələri saxtalaşdırmaq mümkündürsə, arxeoloji mənbələrlə bu cür davranmaq qeyri-mümkündür. Məhz buna görə də dünya alimləri tarixin tədqiqində arxeoloji mənbələrə daha çox üstünlük verirlər. Lakin arxeoloji mənbələr bilikli, geniş məlumatlı və dərin savadlı arxeoloq əlinə düşəndə daha böyük elmi əhəmiyyət kəsb edir, tarixi həqiqətlər necə varsa, eləcə ortaya qoyulur. Arxeoloji mənbələr, tarixi abidələr savadsız, naşı tədqiqatçı-arxeoloq əlinə düşüb elmi dəyərini itirincə, yüzillər boyu toxunulmaz şəkildə, torpaq altında qalsa yaxşıdır...”

Həqiqətən, uzaq keçmişin tədqiqində ən mühüm mənbə arxeoloji tapıntılar hesab olunur. Arxeoloji mənbələr əsasında ilk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması, tarixi keçmişin ayrı-ayrı mərhələləri haqqında dəqiq fikir söyləmək olar. Məhz arxeologiya elminin aşkara çıxardığı maddi mədəniyyət qalıqları vasitəsilə bəşəriyyətin hansı yollarla inkişaf etdiyini, hansı dolanbaclardan keçdiyini, dünənə söykənərək sabaha necə getdiyini anlamaq mümkündür.

Bu yolda inamla addımlayan, Azərbaycan arxeologiya elminin inkişafında xüsusi xidmətləri olan Məmmədəli Hüseynov 1922-ci il aprelin 3-də Qazax rayonunun Mollacəfərli kəndində anadan olub, elə orada da orta məktəbi bitirib. Gözünü dünyaya açandan həmişə ətrafda sirli-sehrli sözlər eşidib, tarixi bilinməyən daşların, qayaların arasında uşaqlıq illəri keçib. Bəlkə də elə onlar ömrü boyu onu qorudu. Elə onların sayəsində 1941-1945-ci illərin qanlı döyüşlərindən M.Hüseynov vətənə sağ-salamat qayıtdı. O, 1951-ci ildə Azərbaycan (indi Bakı) Dövlət Universitetinin Tarix fakültəsini bitirərək Tarix muzeyində əmək fəaliyyətinə başladı. Elə həmin dövr onun arxeologiya elmi ilə - gizli tariximizlə daha yaxından məşğul olmasına bir təkan verdi və tezliklə onu Azərbaycan paleolit məktəbinin banisinə, dünya şöhrətli alimə çevirdi. Dünya arxeologiyasında böyük hadisə olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı da Məmmədəli Hüseynov olub. Onun Azıxda və digər düşərgələrdə apardığı arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində Azərbaycan ərazisində qədim insan düşərgələrinin tarixinin 1,2 milyon ildən artıq olduğu sübuta yetirilib. Bu xidmətlərinə görə o, Azərbaycan arxeologiya elminin patriarxı kimi xatırlanmaqdadır.

1953-cü ilin noyabr ayında Məmmədəli Hüseynovun görkəmli paleolitşünas alim, professor S.N.Zamyatinlə birlikdə Azərbaycanın Şamaxı, Mərəzə və Qazax rayonlarında daş dövrü abidələrini öyrənmək məqsədilə arxeoloji kəşfiyyat işləri aparılarkən mühüm bir elmi nəticə əldə edilib, daş dövrünün mustye, mezolitneolit mədəniyyətlərinə aid arxeolojipaleontoloji məmulatlar aşkar olunub. Beləliklə, hələ 1881-ci ildə Tiflisdə V arxeoloji qurultayda səslənən Azərbaycanda daş dövrü abidələrinin olmadığı haqqında qərarın əsassızlığı elmi faktlarla sübuta yetirilib. Bunun ardınca M.Hüseynovun rəhbərliyi altında 1958-ci ildə Qazax rayonu ərazisində Daşsalahlı mustye düşərgəsində zəngin elmi materiallar aşkara çıxarılıb.

1960-cı ildə Tbilisidəki Arxeologiya, EtnoqrafiyaTarix İnstitutunun Elmi Şurasında “Aveydağ paleolit düşərgələri” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alan M.Hüseynov ən böyük arzusunun ardınca Qarabağa üz tutur və tezliklə Quruçay və Köndələnçay sahillərində Azıx və Tağlar paleolit düşərgələrinin tədqiqinə başlayır. Füzuli şəhərindən 16 kilometr aralıda, Tuğ çökəkliyində yerləşən bu düşərgələrdə 1960-1986-cı illərdə aparılan kompleks arxeoloji tədqiqatlar zamanı 10 arxeoloji təbəqə qeydə alınıb. Elmi tədqiqatlar zamanı sübuta yetirilib ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olubbu, hələ 2,5 milyon il bundan əvvəl Quruçay vadisində sivilizasiyanın mövcudluğundan xəbər verir. 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insan çənəsi də tapılaraq tədqiqata cəlb edildi. Bununla əlaqədar professor D.Hacıyevin apardığı elmi tədqiqatlar nəticəsində həmin çənənin 350 min il bundan əvvəl burada yaşamış 18-22 yaşlı qadına məxsusluğu müəyyən edildi.

1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Parisdə yerləşən İnsan muzeyində təşkil olunan “Avropanın ilk sakinləri” adlı sərgidə dünyanın ən qədim insan düşərgələrindən aşkar edilən arxeolojipaleoantropoloji tapıntılar nümayiş etdirilirdiorada keçmiş SSRİ-dən ancaq Azıx və Tağlar paleolit düşərgələrindən tapılan maddi mədəniyyət qalıqları üçün ayrıca bir guşə ayrılmışdı.

Dünyanın heç bir paleolit düşərgəsindən buradakı əmək alətlərinə rast gəlinmədiyinə görə, Azıx və Tağlar mağaralarında bu tapıntılara Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab olunanQuruçay mədəniyyəti” adı verilib. Sübut olunub ki, burada qədim insanlar əmək alətləri hazırlamaq üçün çaydaşıdan istifadə edib və onları məhz Quruçaydan toplayaraq, Azıx düşərgəsinə gətiriblər...

Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı respublika ərazisində çoxlu tarixi abidə aşkar olundu və nəticədə Azərbaycan paleolit məktəbi ərsəyə gəldi. 1985-ci ildə Kiyevdə “Azərbaycanın qədim paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru oldu, 1987-ci ildə professor adını qazanan M.Hüseynov uzun illər ArxeologiyaEtnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etdi, eyni zamanda, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində Arxeologiyaetnoqrafiya kafedrasının müdiri oldu. Azərbaycanda arxeologiya elminin təşəkkülündən danışanda ilk yada düşən Məmmədəli Hüseynovdur. Onun bu sahədə gördüyü işlər misilsizdir və əvəzi yoxdur.

Onun gərgin zəhməti sayəsində Azərbaycan arxeologiya elmində yeni bir yol açıldı və onun davamçıları bu güno yolla irəliləməkdədirlər. Məmmədəli müəllimin ən böyük xidməti Qarabağda - Azıx paleolit düşərgəsində apardığı tədqiqatlardır. Bunlar həm də onun millət sevgisindən, böyük bir vətəndaş olduğundan xəbər verir. Qarabağ həm də onun arzularının məkanı idi. Məhz ona görə itirilən torpaqların ağrısı onu çox yaşatmadı. Uzun illər Məmmədəli Hüseynovla birgə çalışan AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun qeyd etdiyi kimi, o, “...yaradıcılığının ən məhsuldar bir vaxtında - 1994-cü il iyulun 5-də vəfat etdi. Lakin onun yaratdığı Azərbaycan paleolit məktəbinin məzunları bu günprofessor M.Hüseynovun xatirəsini əziz tutur, arzularını həyata keçirmək yolunda uğurlu tədqiqat işləri aparırlar. Təsadüfi deyildir ki, həmin məktəbin nailiyyətlərini Avropada və dünyanın digər ölkələrində yüksək qiymətləndirirlər. Elə bu sətirlərin müəllifinin 2001-2005-ci illərdə Beynəlxalq

INTAS-2000 proqramı üzrə Avropa alimləri ilə birgə apardığı elmi-tədqiqat işləri nəticəsində əldə olunmuş elmi nailiyyətlər də dediklərimizə əyani sübutdur”.

 

Bəxtiyar QARACA,

 

Azərbaycan. - 2016.- 14 yanvar.- S.7.