Azərbaycan-Pakistan
hərbi əməkdaşlığı dostluq
və qardaşlıq münasibətləri üzərində
qurulub
Yanvarın
14-də Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə
olan Pakistan İslam Respublikasının Hərbi Dəniz
Qüvvələri komandanı, admiral Muhammad Zakaullah ilə
görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq qonaq “Şərəf kitabı”nı imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Nazir bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və xalqımızın haqq işinə kömək etməyə hazır olduğu xüsusi qeyd edilib.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətlərini müzakirə ediblər. Habelə döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin inkişafının vacibliyini xüsusi vurğulayıblar.
Ölkəmizə səfərdən məmnunluğunu
bildirən qonaq Azərbaycan-Pakistan
münasibətlərinin möhkəmlənməsində belə
görüşlərin, qarşılıqlı əlaqələrin
genişləndirilməsinin zəruriliyini qeyd
edib.
Azərbaycan. - 2016.- 15 yanvar.- S.2.