18 ölkənin
rəhbəri, 7 baş nazir, 6 parlament sədri, 30 beynəlxalq
təşkilat rəsmisi…...
Xarici
qonaqların Azərbaycana səfərləri 2015-ci ildə də
intensiv olub
Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu dövr oldu. Bu zaman kəsiyində Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin və ölkə rəhbərliyində təmsil olunan şəxslərin xarici ölkələrə rəsmi səfərləri ilə yanaşı, ayrı-ayrı ölkələrin də rəhbərləri 2015-ci ildə Azərbaycana səfərlər ediblər. Bu səfərlərin hər biri ikitərəfli əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yüksək mövqeyinin əsas göstəricilərindən biridir.
Azərbaycanın strateji əməkdaşlıq münasibətlərində olduğu ölkələrdən biri Pakistandır. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Pakistan Dağlıq Qarabağ problemi ilə əlaqədar daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, Ermənistanla münasibətlər qurmayıb. Azərbaycan dövləti bu siyasi dəstəyə görə ən çətin zamanlarında Pakistana dayaq olub, ona yardımlarını əsirgəməyib. 2015-ci ildə Azərbaycana ilk səfər edən Pakistan Prezidenti Məmnun Hüseynin Bakıda Prezident İlham Əliyevlə görüşü, apardığı danışıqlar, Azərbaycanla əlaqələrə böyük önəm vermələrini bəyan etməsi iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyini göstərdi. Görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi.
Aprelin 2-də Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Azərbaycana rəsmi səfərə gəlib. Geniş tərkibdə görüş zamanı Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında qardaşlıq münasibətlərini gücləndirəcəyini bildirib. Dövlət başçısı bildirib ki, xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev aprelin 14-də Serbiyanın Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Serbiyanın Baş naziri ilə Münxendəki görüşünü və tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı apardıqları səmərəli müzakirələri məmnunluqla xatırlayıb, bu səfərin uğurlu olacağına əminliyini ifadə edib. Aleksandr Vuçiç isə ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun vurğulandığı görüşdə bu istiqamətdə müxtəlif layihələrin uğurla həyata keçirildiyi bildirilib. Ölkələr arasında mövcud olan möhkəm siyasi əlaqələrin və qarşılıqlı anlaşmanın ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.
Aprel ayında Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov da ölkəmizə səfər edib. Qonağı qəbul edən Prezident İlham Əliyev Azərbaycanla Rusiya və onun subyektləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, Tatarıstan Prezidentinin ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlət başçısı əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət, sərmayə qoyuluşu, birgə layihələrin icrası və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Görüşdə maşınqayırma, neft maşınqayırması, Gəncədə avtomobilyığma, neft-kimya, informasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aprelin 25-də Fransa Respublikasının Prezidenti Fransua
Olland Azərbaycana işgüzar səfərə gəlib. Prezident
İlham Əliyevlə görüşdə iki ölkə
arasında ikitərəfli münasibətlərin
hazırkı səviyyəsindən məmnunluq ifadə
olunub, əlaqələrin dinamik inkişaf etdiyi bildirilib.
Son illərdə dövlət
başçılarının qarşılıqlı səfərlərinin
ikitərəfli münasibətlərin daha da inkişafına
təkan verdiyi vurğulanıb. Prezidentlər
əlaqələrin daha da genişlənməsində
maraqlı olduqlarını bildirərək, bunun
üçün böyük imkanların mövcudluğunu
qeyd ediblər. Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
danışıqların son vəziyyəti ilə
bağlı geniş fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Fransa Prezidentinin
münaqişənin həlli istiqamətində göstərdiyi
fəallıqdan məmnunluğunu ifadə edib. Görüşdə regional, beynəlxalq və
qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunub.
Aprel ayında Bakıda III Qlobal Bakı Forumu
keçirilib.
Forumda bir sıra ölkələrin sabiq liderləri,
dünya siyasətində əhəmiyyətli rol
oynamış ictimai-siyasi xadimlər, ekspertlər və
mütəxəssislər iştirak ediblər. Tədbirdə
iştirak etmək üçün Bolqarıstan Prezidenti Rosen
Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Maltanın Baş
naziri Cozef Muskat da Azərbaycana səfər ediblər.
2015-ci ildə Azərbaycana növbəti rəsmi səfərə
gələn dövlət başçısı Vyetnam
Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq
olub. May ayında ölkəmizə gələn Vyetnam
Prezidenti ilə görüşdə Prezident İlham
Əliyev bu səfərin münasibətlərimizin
inkişafı işində çox əhəmiyyətli
addım olacağını deyib. Söhbət
zamanı Azərbaycanın sovetlər dövründə
Vyetnama yardımı, xüsusilə neft-qaz sahəsində
kadrların hazırlanmasında köməyi yüksək qiymətləndirilib,
bu ənənələrin davam etdirilməsinin vacibliyi
bildirilib. Beynəlxalq təşkilatlarda
uğurlu əməkdaşlığın davam etdirildiyi
vurğulanıb, ölkələrimiz arasında ticarət
dövriyyəsinin artdığı diqqətə
çatdırılıb. Neft-qaz sahəsində
əməkdaşlığın gözəl perspektivə
malik olduğu bildirilib. Azərbaycanın
şəhərsalma və infrastruktur sahəsində
yaxşı təcrübəyə malik olması nəzərə
alınaraq, şəhər tikintisi, infrastruktur və nəqliyyat
sahələrində ölkəmizlə təcrübə
mübadiləsinin aparılmasının önəmi qeyd
edilib. Təhsil, kadr
hazırlığı, tikinti, infrastruktur, humanitar, turizm, idman
və digər sahələrdə əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb, bu sahələrdə əlaqələrin
genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu vurğulanıb.
May ayında Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik
naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilib. Bununla əlaqədar olaraq UNESCO-nun baş direktoru
İrina Bokova, ISESCO-nun baş direktoru Əbdüləziz bin
Osman əl-Tuveycri, İslam Əməkdaşlıq Təşkilatının
baş katibi İyad bin Amin Mədəni Azərbaycana gəliblər.
Prezident İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə
olan sədri, Serbiya Respublikasının Baş nazirinin
müavini və xarici işlər naziri İvitsa
Daçiçin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib. Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının
perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli
əlaqələrin müxtəlif istiqamətlərdə, o
cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər
sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı gedən danışıqlar prosesi, təmas xəttində
baş verən hadisələr, problemin həllinin
uzadılması, münaqişənin həllinə
yanaşmada ikili standartların mövcud olması və digər
məsələlərlə bağlı geniş fikir
mübadiləsi aparılıb.
İyunun 12-də Bakıda I Avropa Oyunlarının təntənəli
açılış mərasimi keçirilib. Mərasimdə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir
Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Monteneqro Prezidenti
Filip Vuyanoviç, Serbiya Respublikasının Prezidenti Tomislav
Nikoliç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Mladen İvaniç, Bolqarıstan Respublikasının
Baş naziri Boyko Borisov, Gürcüstanın Baş naziri
İrakli Qaribaşvili, Çex Respublikası parlamentinin
Deputatlar Palatasının sədri Yan Hamaçek, San-Marino
dövlətinin başçıları, San-Marino Regent
Kapitanları Andrea Belluzini və Roberto Venturuni, Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki, İslam Həmrəyliyi İdman
Federasiyasının prezidenti Şahzadə Abdullah bin Mosaad bin
Əbdüləziz Əl Səud iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də
Latviyanın yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə
görüşüb. Dövlət başçısı Raymonds Veyonisi
Prezident seçilməsi münasibətilə təbrik edib,
ona ali dövləti fəaliyyətində
uğurlar arzulayıb, Azərbaycan ilə Latviya arasında
ikitərəfli münasibətlərin bundan sonra da uğurla
inkişaf edəcəyinə əminliyini bildirib. Prezident
Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının
yaxşı səviyyədə olduğunu bildirib,
iş adamları, müxtəlif nazirliklər və qurumlar
arasında əlaqələrin genişləndirilməsi
üçün böyük imkanların mövcudluğunu
qeyd edib.
İyul ayında Avropa İttifaqı Şurasının
prezidenti Donald Tusk ölkəmizə rəsmi səfərə
gəlib. Prezident İlham Əliyevlə görüşdə
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın
indiki vəziyyəti və perspektivləri barədə geniş
fikir mübadiləsi aparılıb. Qeyd
olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında
indiyə qədər həm Avropa İttifaqı
strukturları, həm də Avropa ölkələri ilə
geniş və çoxtərəfli əməkdaşlıq həyata
keçirilir. Azərbaycan ilə Avropa
İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni,
idman və digər sahələrdə əməkdaşlıq
məmnunluq doğurur. Bildirilib ki, Avropa
İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın
məzmunu və forması daha da dəqiqləşdirilməli
və konkretləşdirilməlidir. Söhbət
zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında
strateji tərəfdaşlıq haqqında sənədin
tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd
olunub.
Sentyabr ayında isə Çex Respublikasının
Prezidenti Miloş Zeman Azərbaycana rəsmi səfərə gəlib. Prezident
İlham Əliyevlə görüşdə ikitərəfli
münasibətlərin siyasi, iqtisadi, humanitar və digər
sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu səfərin ikitərəfli münasibətlərin
genişləndirilməsi baxımından əhəmiyyəti
qeyd edilib, əlaqələrimizin möhkəmləndirilməsi
üçün yaxşı perspektivlərin olduğu
vurğulanıb. Söhbət zamanı
ikitərəfli münasibətlər və
qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev oktyabrın 10-da
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul
edib. Görüşdə Azərbaycan ilə
Gürcüstan arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi, humanitar və digər sahələrdə
uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, ölkələrimizin
enerji, nəqliyyat, infrastruktur sahələrində həyata
keçirdiyi birgə layihələrin əhəmiyyətinə
toxunulub. Gürcüstanın Baş naziri
İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin
əməkdaşlığımızın perspektivləri ilə
bağlı məsələlərin müzakirəsi
baxımından önəmi qeyd edilib.
Prezident İlham Əliyev oktyabrda ölkəmizə gələn
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri
Ramazan Abdulatipovu da qəbul edib. Görüşdə
dövlət başçısı Rusiya Federasiyası
Dağıstan Respublikasının rəhbəri Ramazan
Abdulatipovun ölkəmizə səfərinin ənənəvi
qardaşlıq əlaqələrinin müzakirəsi
üçün yaxşı imkan yaratdığını
vurğulayıb.
Oktyabr ayında Monteneqronun Baş naziri Milo
Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti
ölkəmizə səfər edib. Nümayəndə heyətini
qəbul edən Prezident İlham Əliyev iki ölkə
arasında yaxşı dostluq münasibətlərinin
qurulduğunu, Monteneqronun Baş nazirinin
başçılıq etdiyi nümayəndə heyətinin
Azərbaycana səfərinin əməkdaşlığımızın
inkişafı ilə bağlı məsələlərin
müzakirəsi üçün yaxşı imkan
yaratdığını bildirib. Əlaqələrimizin
genişləndirilməsində tez-tez həyata keçirilən
yüksək səviyyəli səfərlərin önəmini
qeyd edən dövlət başçısı bu əlaqələrin
bütün istiqamətlərdə, o cümlədən siyasi
və iqtisadi sahələrdə davam etdiriləcəyinə
ümidvar olduğunu vurğulayıb.
Dekabrın 3-də Türkiyə Respublikasının
Baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfər
edib. Türkiyə Baş nazirinin Prezident İlham
Əliyevlə görüşündə ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə uğurlu inkişafından məmnunluq
ifadə edilib. Əlaqələrimizin
genişləndirilməsi baxımından bu səfərin
önəmi xüsusi vurğulanıb. Münasibətlərin
bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik
bildirilib, qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
2015-ci ildə ölkəmizə sonuncu rəsmi səfər
edən dövlət başçısı Əfqanıstan
İslam Respublikasının Prezidenti Məhəmməd
Əşrəf Qani olub. Məhəmməd Əşrəf Qaninin
Prezident İlham Əliyevlə görüşündə ikitərəfli
münasibətlərin siyasi sahədə uğurla inkişaf
etdiyi bildirildi. İqtisadi əlaqələrin
inkişafı üçün yaxşı potensialın
olduğu vurğulandı. Əlaqələrimizin
möhkəmləndirilməsi baxımından bu səfərin
əhəmiyyəti qeyd olundu.
Ötən
il dövlət və hökumət başçıları
ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin
sədri İsmayıl Qəhrəman, Sloveniya Respublikası
parlamenti Milli Şurasının sədri Mitya Bervar,
Macarıstan Respublikasının Milli Assambleyasının sədri
Laszlo Köver, Lixtenşteyn parlamentinin sədri Albert Frik, Malta
parlamentinin spikeri Anqlu Faruca da ölkəmizdə səfərdə
olublar.
Bundan
başqa ötən il Sosialist İnternasionalının
baş katibi Luis Ayala, Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransı Daimi Komitəsinin həmsədri Jose de Venesia, Beynəlxalq
Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi
Sinq, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Etnik
Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru İsmail Serageldin, Asiya
İnkişaf Bankının prezidenti Takehiko Nakao, Avropa Yenidənqurma
və İnkişaf Bankının prezidenti Suma Çakrabarti,
Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini
Mitsuhiro Furusava, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının baş direktoru Jose Qratsiano Da Silva,
BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş
katibinin müavini Babatunde Osotimehin, Dünya Gömrük Təşkilatının
baş katibi Kunio Mikuriya, Mədən Hasilatı üzrə
Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin
sədri Kler Şort, Beynəlxalq Mülki Aviasiya Təşkilatının
prezidenti Olumuiva Benard Aliun, Dövlətlərarası Aviasiya
Komitəsinin sədri Tatyana Anodina, Dünya Bankının
Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril
Müller, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili
Şestakovu, Beynəlxalq İdman Atıcılıq
Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, Dünya Skaut
Komitəsinin sədri Joao Armando Qonsalves, Beynəlxalq “Fair Play”
Komitəsinin prezidenti Jeno Kamyuti, Avropa “Fair Play” Hərəkatının
prezidenti Kristian Hinterberqer və vitse-prezidenti Erdoğan
Arıpınar, Avropa Stolüstü Tennis Birliyinin prezidenti
Ronald Kramer Azərbaycana səfər ediblər.
Beləliklə,
ötən il ərzində Azərbaycana 18 ölkə
(Pakistan, Fransa, Bolqarıstan, Makedoniya, Vyetnam, Türkiyə,
Rusiya, Belarus, Türkmənistan, Monteneqro, Serbiya, Bosniya və
Herseqovina, San-Marino, Latviya, Çex Respublikası,
Əfqanıstan, Dağıstan, Tatarıstan) rəhbəri, 7
baş nazir (Birləşmiş Ərəb Əmirlikləri,
Serbiya, Malta, Bolqarıstan, Gürcüstan, Monteneqro, Türkiyə),
6 parlament sədri (Çex Respublikası, Türkiyə,
Sloveniya, Macarıstan, Lixtenşteyn, Malta) və 30 beynəlxalq
təşkilatın rəhbər şəxsləri səfər
ediblər.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan. - 2016.- 15 yanvar.- S.3.