İnvestisiyalar, turizm və ümumi keçmiş Rusiya ilə Azərbaycanın birgə gələcəyinin
rəhnidir
Siyasətçilər və politoloqlar bildirirlər ki, 2016-cı il Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində yeni mərhələ olacaq.
Ötən il dünya üçün Yaxın Şərqdə dini ekstremizmin eskalasiyası, neftin qiymətinin düşməsi, iqtisadi böhranın istisnasız olaraq bütün ölkələrə, o cümlədən Rusiya və Azərbaycana təsir göstərməsi kimi xeyli problem yaradıb. Buna baxmayaraq, yenicə qədəm qoyan il Rusiya-Azərbaycan münasibətlərinin inkişafına ilk növbədə iqtisadi əlaqələrin daha da möhkəmlənməsi fonunda kömək edəcək. AZƏRTAC-ın müxbiri və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) jurnalistləri tərəfindən rəyi soruşulan siyasətçilər bu barədə danışırlar.
Məsələn, Dövlət Dumasının Büdcə və vergilər komitəsi sədrinin müavini Aleksandr Tarnavski hesab edir ki, mədəni və ticari əlaqələri inkişaf etdirmək üçün yeni təmas nöqtələri tapmaqda Rusiya və Azərbaycana əsası əvvəlki onilliklər ərzində qoyulmuş dostluq ənənələri kömək edəcək. Deputat deyib: “Həyat spiralvari inkişaf edir, Biz nə vaxtsa bir ölkədə yaşamışıq, indi mehriban qonşularıq. Hesab edirəm ki, 2016-cı ilin sonuna potensialımızı artırmağa və xalqlarımızın rifahı naminə irəliyə doğru hərəkət etməyimizə imkan verən sanballı nailiyyətlərlə yaxınlaşacayıq”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də bu nikbin əhval- ruhiyyəni dəstəkləyərək qeyd edib ki, ötən il üzən məzənnəyə keçən milli valyutaların devalvasiyası iki ölkənin iqtisadiyyatlarını daha rəqabətə davamlı edəcək. Deputat deyib: “Rublun və manatın üzən məzənnəyə keçməsi qiymət fərqi amilini tarazlaşdırır. Düşünürəm ki, biz Azərbaycan iqtisadiyyatında Rusiyanın rolunun, Rusiya iqtisadiyyatında Azərbaycanın rolunun güclənəcəyini gözləyə bilərik. Azərbaycan məhsul təchizatına görə artıq Rusiyada ilk yerlərdən birini tutub. Rusiya kənd təsərrüfatı maşınlarının, ağır maşınqayırma məhsulunun ixracı hesabına respublikada iştirakını genişləndirəcək və əlbəttə, biz yeni investisiya layihələrinin həyata keçməsini görəcəyik”.
Dövlət Dumasının deputatı Roman Xudyakov da iki ölkənin liderləri arasında dərin qarşılıqlı anlaşmadan danışaraq, diqqəti belə bir məsələyə cəlb edib ki, güc amili mövqeyi ilə müqayisədə dialoqun səmərəsiz olduğuna inanan bir çox digər ölkələrdən fərqli olaraq, Rusiya Azərbaycanın öz siyasətini yeritməyə və maraqlarını qorumağa çalışmasına hörmətlə yanaşır. O əmindir ki, son illərdə istər Rusiyanın, istərsə də Azərbaycanın siyasi təzyiqlərə məruz qalması bu ölkələrin yalnız yaxınlaşmasına kömək edəcək. R.Xudyakov vurğulayıb: “Azərbaycan ilə Rusiya öz səmimi münasibətləri ilə ilk növbədə Qərb dünyasını qıcıqlandırırlar. Hazırda Azərbaycan da həm Avropanın, həm də Amerikanın gözündən düşüb. Nə üçün? Çünki İlham Əliyev heç vaxt və heç kəs qarşısında diz çökməyəcək bir şəxsiyyətdir. O, Qərbə necə yararlanmaq barədə deyil, ilk növbədə öz xalqı barədə düşünür. Rusiya ilə Azərbaycanın arasını vurmaq üçün bütün cəhdlər nəticəsiz qalacaq, çünki ölkələrimiz bizi birləşdirən ümumi keçmişlə bağlıdır”.
Rusiya-Azərbaycan münasibətlərinin perpekstivlərini qiymətləndirən deputat Valeri Raşkin də sovet dövründə ölkələrimiz arasında formalaşan əlaqələrə müraciət edərək deyib: “Mən SSRİ-də doğulmuşam və tərbiyə olunmuşam. Hesab edirəm ki, Sovet İttifaqı xalqlar arasında əsl dostluğun əsasını qoyub. Birlikdə biz həmişə güclüyük. Düşünürəm ki, bu il Rusiya ilə Azərbaycan ölkələrimizin potensialını birgə səylərlə inkişaf etdirməyə kömək edəcək imkanları axtaracaqlar”.
Təhsil sahəsində əməkdaşlıq və turizm bunun üçün ən perspektivli sahələr sırasındadır. RADM direktorunun müavini Denis Yakimenko xatırladıb ki, ötən il Bakıda Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılıb və bu, Rusiya ilə Azərbaycanın vahid təhsil məkanının formalaşmasına doğru yeni addım olub. Ekspert əmindir: “Bunu yaratmaq üçün hər cür zəmin var: Azərbaycan rus dilinə son dərəcə qayğı ilə yanaşır, orada rus dilində təhsil tam həcmdə saxlanılıb. Bu amil milli valyutaların devalvasiyası nəticəsində qiymətlərin tarazlaşması ilə yanaşı, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın ən ümidverici istiqaməti olan turizmə də müsbət təsir göstərəcək”.
Dəfələrlə, o cümlədən birinci Avropa Oyunları zamanı Azərbaycanda olmuş Dövlət Dumasının deputatları da onunla razıdır. Roman Xudyakov deyib: “Mən 15 illik siyasi karyeram ərzində dəfələrlə Azərbaycanda olmuşam. O, hər dəfə heyrətləndirir. Avropa Oyunlarına gəldiyim zaman yenə də mat qaldım. Ölkə getdikcə daha da çiçəklənir, maraqlı və öyrəniləsi məqamlar da getdikcə çoxalır. Azərbaycan hər bir turist üçün, xüsusən Rusiyadan olan turistlər üçün açıq ölkədir. İndi orada hər cür şərait yaradılıb ki, hər bir adam ora gələrək, özü üçün maraqlı nəsə tapsın: bax bu dənizdir, bu, dağ xizəyi kurortudur, bu da relaksdır... Bu, Azərbaycan rəhbərliyinin böyük nailiyyətidir. Onlar öz xalqı və aramızdakı qardaşlıq münasibətlərinin qorunub saxlanılması üçün çox iş görüblər”.
Ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan əlaqələrinin formalaşmasında böyük rol oynadığını xatırladan Rusiya Federasiyası İctimai Palatasının üzvü, müfti Albir Krqanov vurğulayıb ki, böyük siyasi xadim olan bu şəxsiyyətə Rusiyada ehtiramla yanaşırlar. Dini lider deyib: “İndi biz vətəndaşlarımızın sülh və dostluq şəraitində necə yaxşı yaşadığının şahidiyik. Qadir Allahdan istədiyim budur ki, köməyini və dəstəyini heç vaxt bizdən əsirgəməsin, aramızda həmişə anlayış və məhəbbət hökm sürsün”.
Fəridə
ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan. - 2016.- 15 yanvar.- S.5.