Xalqın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədilər

 

1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixində  təkcə faciə kimi deyil, eyni zamanda, xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi, milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi daima yaşayacaqdır. 20 Yanvar həm də uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini şərəflə ucaltdığı, öz ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıq, mərdlik nümayiş etdirdiyi şərəfli bir gündür. Bu, həm də dostun düşməndən seçildiyi, imtahana çəkildiyi bir gün idi.

Həmin hadisələrdən illər keçməsinə baxmayaraq, o, xalqımızın qan yaddaşına əbədi həkk olunub. Sovet dövlətinin hərb maşınının o gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı, ümumilikdə, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Öz azadlığı uğrunda mübarizəyə qalxan insanlara divan tutulması, yüzlərlə günahsızın qətlə yetirilməsi sovet rejiminin təhdid və hədədən ibarət cinayətkar mahiyyətini bir daha bütün dünyaya açıb göstərdi.

Həmin gün vaxtilə Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana zorla qoşun yeridən sovet rəhbərliyi bunu müttəfiq respublikalardan biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. O vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzü ilə üz-üzə qalmışdı - Qarabağda hadisələr gündən-günə şiddətlənir, azərbaycanlılar kütləvi şəkildə deportasiya edilir, öz doğma ocaqlarından didərgin salınırdılar. Belə bir vaxtda sovet hökuməti münaqişənin qarşısını almaq, Ermənistanı işğalçılıq iddialarından çəkindirmək əvəzinə Bakıya qoşun hissələri yeritdi, Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri də hərbi əməliyyata  cəlb etdi.

Qoşun kontingentinə “doyüş tapşırığı”nı yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçirilmişdi. Sovetlər birliyinin rəhbərliyi “erməni kartı”ndan məharətlə istifadə edərək guya qoşunların hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridildiyini bəyan edirdi. Əslində isə bu, riyakarlıqdan və yalandan başqa bir şey deyildi. Çünki həmin vaxt burada daxili qoşunların əsgərləri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov  yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Bir gün əvvəl - yanvarın 19-da isə SSRİ  DTK-nın “Alfaqrupu Azərbaycan televiziyasının enerji blokunu partlatdı və bununla respublikada televiziya verilişləri dayandırıldı, əhali baş verənlərdən məlumatsız qaldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə girdi və əhaliyə divan tutmağa başladı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.

Hərbçilər hər yana atəş acır, insanlar küçədə, avtobusda,  öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Bir neçə gün ərzində 140-dan çox insan öldürüldü, 700-dək yaralandı, 800-dən çoxu qanunsuz həbs edildi.

İnsanlar xüsusi qəddarlıqla öldürülmüşdü. Şəhidlərdən birinə 21, digərinə 10-dan çox,  başqa birisinə isə 23 güllə vurulmuş, maşınlar atəşə tutulmuş, həkimlər belə qətlə yetirilmişdilər. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu.

20 Yanvar  və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 mindən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin məntiqi nəticəsi idi.

1990-cı ilin 20 Yanvarı nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. O müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifələr yazdı, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

 

Bəxtiyar QARACA,

 

Azərbaycan. - 2016.- 15 yanvar.- S. 6.