Bir cüt qərənfil...

 

Yaxud Larisa ilə İlqarın “20 Yanvar”dan boş qalan partası

 

Qanlı-qadalı, odlu-alovlu illər, deyəsən, bəşər tarixində zaman-zaman təkrarlanıb. Xalqımız da bu od-alovların içərisindən az keçməyib. Bax elə buna görə azadlıqsevərdir, mətindir, iradəli, dözümlüdür! Ölümün gözünə belə, dik baxmaq isə şərəfdir. Bu, xalqımızın hünərilə qazandığı şərəf, alın yazısı və tale payıdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımız şanlı tarixini yaşadı - qədim Bakını qan çanağına döndərən imperiya cəlladları ilə üz-üzə dayananda onların arasında 13 yaşlı İlqarla Larisa, 14 yaşlı Nərimanla 16 yaşlı Vera, eləcə də səksəni haqlayan Sura BabayevaYunus Rəhimov da vardı.

idi bu ixtiyar yaşlı nənə ilə babanın, eləcə də məktəbli balaların günahı?! O müdhiş gecənin şahidləri olmaqmı? Yoxsa azadlıq aşiqlərinin necə gülləbaran edilməsini görüb qaniçən cəlladlara nifrətlə baxmaqlarımı?

26 ildir ki, müqəddəs ziyarətgaha çevrilən Şəhidlər xiyabanında yan-yanaşı düzülən, eyni biçimli məzarlarda yatanların hər biri xalqımızın doğması, əzizi kimi anılır, yad edilir, xatırlanır, yaddaşlara yazılır. Amma İlhamla Fərizə kimi, İlqarla Larisanın... məzarları üzərinə əyiləndə bir cüt göz yaşı yanaqlardan aşağı süzülür. Axı, elə 13 yaşındaca ömrü daşlaşan bu məktəbli balaların məsum baxışları sinə dağlayır, ona görə hər kəs ağlayır. Larisanın məzarının üstündən oyuncaqlar əskik olmayıb: saralıb-solsalar da...

Larisa Fərman qızı Məmmədova o zaman Bakıdakı Tofiq Hüseynov adına 134 nömrəli rus məktəbinin VII “v” sinfində oxuyurdu. Sinif yoldaşları Larisanı heç zaman solmayacaq çiçəyə bənzədiblər. Onların Larisa haqqında yazdıqları xatirələrdə göstərilir ki, Şəhidlər xiyabanında alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Çünki bu məşəl öz alovunu, odunu xiyabanda uyuyan şəhidlərin vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürüb. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə daima yaşayacaqonlar unudulmayacaq. Larisa Məmmədova və İlqar İbrahimov kimi fidan şəhidlərimiz isə Azərbaycan xalqının yaddaşında 13 yaşlı məktəbli kimi əbədi qalacaqlar.

1977-ci il avqustun 11-də Bakı şəhərində anadan olmuşdu Larisa Məmmədova. Musiqi təhsili də alırdı. O müdhiş gecədə xalqımızın müxtəlif yaşlı insanları içərisində Larisanın hər dəfə xatırlanması səbəbsiz deyil. Görün bu yaşda qızcığaz nə deyib atasına: “Mən mübariz xalqımızı və üçrəngli bayrağımızı görmək istəyirəm!”

O gecə atası Fərmanın işlədiyi avtomobil parkının işçiləri ilə birlikdə L.Şmidt adına zavodun yanında “İkarusavtobusunda oturduqları yerdə gülləbarana tutulurlar. Qaniçənlər, imperiya cəlladları Vətən, xalq üçün döyünən bapbalaca ürəyini susdurmaq üçün Larisanı hədəf seçdilər. Ürəyini nişan aldılar. Ata-bala al qana bələndilər. Təcili xəstəxanaya çatdırdılar. Ata amansız və vaxtsız ölümün pəncəsindən xilas edilsə də, Larisa adını azadlıq aşiqləri qurbanlarının siyahısına yazdırdı. O gecənin qaliblərindən biri sayılan 13 yaşlı şəhid Larisa Məmmədova “Azadlıq uğrunda fəxri mübariz” adını qazandı!

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşlərinin birində demişdir: “20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma, eyni zamanda, 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir”.

Bəli, Azərbaycan xalqı bu zirvəyə qalxmağı bacardı. 13 yaşlı məktəbli balalar da sübut etdilər ki, onlar da xalqın azadlığı, gələcəyi üçün lazım gələrsə, göz qırpmadan canlarından keçməyi bacarırlar.

Həmin görüşdə “20 Yanvar Cəmiyyəti”nin sədri, Larisanın atası, o məşum gecədən sinəsində bala dağı saxlayan Fərman Məmmədov ulu öndərə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib: “Mən şəhid Larisa Məmmədovanın atasıyam. Özüm də II qrup əliləm, 20 Yanvar hadisələri zamanı yaralanmışam. Sizə inanırıq, dediyiniz işlərin hamısı görülür, biz də kömək edirik, çalışırıq, 1994-cü ildə Sizin verdiyiniz qərar əsasında Şəhidlər xiyabanında “20 Yanvar Cəmiyyəti”nə yer verilibdir. Biz oranın təmiri ilə də məşğul olmuşuq. Hazırda orada 20 Yanvarda şəhid və əlil olanların balaları üçün pulsuz ingilis və fransız dilləri kursları açmışıq”.

Ukraynanın Donetsk vilayətindən öz səadətinin ardınca Azərbaycana gəlmiş Qalina Urvaçova-Məmmədova (Larisanın anası) o gündən ümumxalq kədərini qəribə bir özünəməxsusluqla, suallar fırtınasında yaşayır: “...kim idi balalarımızı hədəf seçən. Bizi niyə gülləbarana tutmuşdular o günlər?!”

Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisadan danışılır. Xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 134 nömrəli məktəbdə onun adını daşıyan şagird təşkilatı da fəaliyyət göstərir. Bunlar bir daha əminlik yaradır ki, bu balaca qız ürəklərdə yaşayır.

...20 Yanvarda hələ ölümünolduğunun fərqində olmayanlar şəhidlik zirvəsinə yüksələcəklərini ağıllarına belə gətirmirdilər. Günlərini məktəbli dostları ilə keçirən bu balaların ovuc boyda ürəklərindəki böyük Vətən sevgisi, azadlıq arzusu onları da həmin gecə odun, alovun içinə çəkib apardı. O ayazlı-şaxtalı gecədə 13 yaşlı İlqar dostları Zakir və Pərvizlə qonşuları NaziminZaporojets” markalı maşını ilə sinəsini düşmən tanklarına sipər edən soydaşlarımıza ocaq qalayıb isinmək üçün odun aparırdı. Qəfildən tanklarla üz-üzə gəldilər. Maşınlarını saxlayıb kənarlaşmaq məcburiyyətində qaldılar. Düşmən tankı əvvəlcə maşının üstündən keçərək onu yerə yapışdırdı. Sonra bu fidanlar atəşə tutuldu. İlqar arxada olduğundan, ağır yaralandı. Xəstəxanaya çatdırsalar da...

İbrahimov İlqar Rəşid oğlu Bakının Yasamal rayonundakı 167 nömrəli məktəbin VII sinfində oxuyurdu. Yadigar qalan şəklindən görünür ki, yaraşıqlı, gülərüz olub. Tay-tuşları artıq gənclik illərini arxada qoyduqlarından, İlqarı da belə təsəvvür eləmək asan deyil. Onun nə yaşı böyüdü, nə də boyu. Amma ürəklərdə boy atdı, yaşadı. Tay-tuşlarından uzunömürlü oldu İlqar. Deyirlər ki, sakit təbiətli olan bu uşaq ədəbiyyatı, xüsusən də poeziyanı çox sevirmiş. Kim bilir, yaşasaydı, bəlkə də tanınmış ədəbiyyatçı, yaxud şair, nasir... olacaqdı. Bunlar sonrakı illərdə qazanacağı peşə, sənət idi. Ömrü yetmədi, vaxtı olmadı. Amma İlqar milyonlardan yox, Vətənin azadlıq aşiqlərindən biri kimi tarixə yazıldı. Qanlı şənbənin qurbanlarından, Şəhidlər xiyabanının əbədi sakinlərindən biri olaraq, o, ən müqəddəs və şərəfli sayılan şəhid adını qazandı. Bir vaxtlar hər gün qapısını açdığı məktəbdə indi 20 Yanvar faciəsinə, İlqarın xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2016.- 15 yanvar.- S. 6.