Teatr vurğunu

 

XIX əsrin 70-ci illərindən bəri uzun, çətin və şərəfli yol keçən Azərbaycan teatrının tarixinə nəzər salanda bir-birinin ardınca nəhəng simaların olduğunu görürük. Heçdən belə bir ecazkar sənət yaratmış insanları ehtiramla yad edirik. Nəzərə alsaq ki, o zaman müvafiq binalar və səhnələr yox idi, rolları oynayacaq aktyorlar yetişməmişdi, bu sənətin necə çətinliklə yarandığı bir daha aydın olar. Üstəlik, yazıçılar da qələmə aldıqları əsərləri hələ səhnəyə uyğunlaşdırmamışdılar. Digər tərəfdən də şəriət qaydaları, köhnə baxışlar əngəllər törədirdi.

Belə ağır zamanda və şəraitdə teatrın cığıraçanları çətin və əzablı yolla irəliyə gedirdilər. Bu yolda yaranmaqda olan teatr sənətinin böyük yükünü öz çiyinlərində daşıyan cəfakeşlər az da olsa var idi. Bu insanlar xalqın tərəqqisinə çalışırdılar, hər cür yeniliyin tərəfdarı olanlar idilər. Mütərəqqi etiqadları, xalqın inkişafına kömək edən məsləki əsas tutaraq qaranlığı, geriliyi, cəhaləti ifadə edən mühitin dar görüşlü, zamanını keçirmiş köhnə düşüncə və təsəvvürlərin qatı düşmənləri idilər. Onlar inkişafı, müasirliyi alqışlayır, tərənnüm edir, onun müdafiəsinə qalxır, yüksək ideallar, qayələr uğrunda mübarizə aparırdılar. Eyni zamanda tarix yazırdılar, xalqın mədəni inkişafının tarixini.

Belə fədakar və mərd insanlardan biri türk dünyasının sənət qurucularından olan Cahangir Zeynalov idi. O, tarixə milli teatrın ilk professional aktyorlarından biri, bu sənətin nəzəri estetik prinsiplərini qələmə alan ilk teatrşünas kimi daxil olmuşdur. Görkəmli sənətkar sözügedən sırada eləcə də realist aktyor məktəbinin banisi kimi sayılıb-seçilirdi. Ən əsası isə, Cahangir Zeynalov milli mədəniyyətimizin salnaməsinə böyük şərəf gətirənlərdən idi.

Müasirləri onu “teatr vurğunu” adlandırırdılar. Çünki bütün qəlbini və həyatını bu sənətə həsr etmişdi. O, bu adı təkcə aktyorluğu və rejissorluğu ilə deyil, teatra göstərdiyi hərtərəfli köməyi və qayğısı sayəsində qazanmışdı. Kərbəlayı Cahangir Zeynalovun ömürnaməsini vərəqlədikcə bunu bir daha aydın görmək olur. Burada bir məqam da xüsusi vurğulanmalıdır: Cahangir Zeynalov həm də Azərbaycan peşəkar teatr tarixində qüdrətli nəsil şəcərəsini yaradan ilk aktyor olmuşdur.

1873-cü il martın 10-da Bakıda Realnı məktəbin şagirdləri özlərinin qurduqları səhnədə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasını göstərdilər. Həmin gün böyük milli-mənəvi sərvətin təməli qoyuldu, bu, zəngin bədii-estetik ənənələrin başlanğıcı oldu. Azərbaycan teatrının tarixi başlandı, mədəniyyətin, millətin intellektual səviyyəsinin inkişafına geniş bir yol açıldı.

“Mirzə Fətəlinin böyük istedadı dramaturgiyanı Azərbaycan ədəbiyyatının milli faktoruna çevirdi, xalq bu janrı qəbul etdi və sevdi. Bu yeni janr böyük ziyalılar, sənətkarlar zümrəsi yaratdı və bu ziyalılar, sənətkarlar eyni zamanda teatr xadimləri kimi Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında böyük rol oynadılar. Onların hamısı bu gün adbaad xatırlanmaq şərəfini və səlahiyyətlərini öz fəaliyyətləri və teatra sevgiləri ilə qazanıblar”. Azərbaycan teatrının 140 illik yubiley tədbirində səsləndirilən bu fikirlərdə diqqətçəkən məqam o idi ki, teatrın inkişafında müstəsna rolu olan bir çox insanların sırasında birinci Cahangir Zeynalovun adı çəkilirdi.

...1885-ci ildə növbəti tamaşalardan biri göstərilir. Pərdə açılır və əsərin qəhrəmanı səhnədə görünür. Tamaşaya gələnlər çaşqınlıqla bir-birlərinə baxırlar. Rolu ifa edən 20 yaşlı gənc - Cahangir Zeynalov idi. Həmin gün o, aktyorluq sənətində debütünü edirdi, özü də qız rolunda.

Həmin an Cahangir fikirləşmirdi ki, 30 il sonra tale ona gec də olsa, yaşı 50-ni haqlayanda bir qız övladı bəxş edəcək və bu qız onun çox sevdiyi işini davam etdirəcək, sanki yarımçıq qalmış həyatını və gerçəkləşməmiş arzularını sözün əsl mənasında həqiqətə çevirəcək. Bu, Azərbaycan səhnəsinin ulduzu, Cahangir Zeynalovun genlərinin və soyadının daşıyıcısı, qeyri-adi istedada malik görkəmli aktrisa - respublikanın xalq artisti Nəsibə Zeynalova olacaq.

Deyirlər ki, yaradıcılıq sevincdir, həyəcandır, həm də iztirabdır. Sənətkar böyük olduqca gərginliyi də artıq olur. Hünər gərəkdir ki, bu uzun, hamar olmayan, daşlı-kəsəkli yolu fəlakətə uğramadan keçə biləsən. Cahangir Zeynalovun axtarışları həmişə uğurlu olub və onun yaradıcılıq axtarışları nəhayətsiz sevinclərlə başa çatıb, gurultulu alqışlarla qarşılanıb.

1885-ci ildə C.Zeynalov yenicə sənət yoluna qədəm qoymuşdu, bir-birinin ardınca uğurlar qazanırdı. O, həyatın, inkişafın zəruri tələbi olan prinsipləri böyük səylə müdafiə edirdi. Ən əsası isə, sənətin gücünə inanırdı, yaxşını yamandan seçə bilirdi. Xüsusən teatra yüngül bir yer kimi deyil, ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Cəhalətin, nadanlığın, mövhumatın, fanatizmin əleyhinə idi. Yaratdığı obrazlarda zəmanənin qaranlığını, zülmünü, məşəqqətlərini açıb göstərirdi. O, zülmkar dünyadan insanların xilas olacağına böyük ümid bəsləyirdi. Yaxşı adamlar, nəcib, tərəqqipərvər ziyalılar artıq XIX əsrin sonlarında başlamış fırtınalardan çox şey gözləyirdilər: köhnə zəmanəni yola salmağı, dünyanı çirkablardan təmizləməyi, Yer üzünə azadlıq və səadət gətirməyi... Cahangir Zeynalov bu amal və məslək uğrunda çalışırdı və deyirdi: “Kaş ki mənim min canım olaydı, minini də millətimə qurban verəydim...”

C.Zeynalov 1865-ci ildə Bakıda, varlı-dövlətli, əsil-nəcabətli bir nəsildə, tacir Məşədi Rzanın ailəsində dünyaya göz açmışdı. Atası ilə birlikdə tacirlik edirdi, böyük hörmət sahibi idi. Bununla belə, geniş mütaliəsi vardı. İbtidai təhsil almış, rus və fars dillərini dərindən mənimsəmişdi. Şəhərdə həm də xeyirxahlığı, səxavəti ilə tanınırdı. Maarifin, mədəniyyətin inkişafına yorulmadan böyük əmək sərf edirdi.

Əlbəttə, o, başqa bir həyat da yaşaya bilərdi. Nəyi yox idi ki?.. Malı, mülkü, pulu ona hər cür qayğılardan uzaq bir ömür vəd edirdi. Lakin Cahangir Zeynalov yolun çətinini seçdi. Ömrünü teatra həsr etdi.

Ustad sənətkar teatr səhnəsində onlarca obraz canlandırdı. Əvvəlcə Həbib bəy Mahmudbəyovla Soltanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynadı. 1900-cü illərdə Müsəlman Dram Artistləri Şirkətinin təşkilində böyük xidmətlər göstərdi. Cahangir Zeynalov teatra məhəbbətilə öz həyatını axıradək xalqın xidmətinə həsr etdi. Ürəkdən sevdiyi və mütərəqqi əhəmiyyətinə inandığı bu sənətdən heç nəyi əsirgəmədi. Yaratdığı surətlərə ciddi, dərin münasibət, onu gərgin zəhmətlə işləyib ərsəyə gətirmək Cahangir Zeynalova xas olan keyfiyyət idi. M.F.Axundzadənin “Hacı Qara”sında Hacı Qara, “Müsyö Jordan və dərviş Məstəli şah”da Şahbaz bəy və Məstəli şah, Nəcəf bəy Vəzirovun “Hacı Qənbər”ində Hacı Qənbər, “Müsibəti-Fəxrəddin”də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində Tavad Maqobeli, Nəriman Nərimanovun “Dilin bəla”sında Şamdan bəy və Hacı İbrahim, eləcə də digər yazıçı və dramaturqların əsərlərində onlarca obrazlar, sanballı surətlər, xarakterlər yaratdı. Bu aktyorun sənət eşqi, yaratmaq həvəsi daim közərən ocaq idi. Orada böyük də, kiçik də eyni hərarətlə qızınırdı.

Cahangir Zeynalov Azərbaycan səhnəsində Tolstoyun, Şillerin, Molyerin, Şəmsəddin Saminin və digər əcnəbi müəlliflərin qəhrəmanlarına da həyat verib. Geniş diapazona malik olan aktyor bəzən bir tamaşada iki obraz yaradıb. Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettasında həm Rza bəy, həm də Rüstəm bəy obrazlarını yaratmağa müvəffəq olmuşdu. Cahangir Zeynalovun fəaliyyətində diqqəti çəkən digər məqamlar da var. Bəzi tamaşalarda bir neçə quruluşda oynayıb. Hamısında da eyni məharəti nümayiş etdirib. Aktyor kimi çıxış etdiyi əksər əsərləri sonralar özü də rejissor kimi tamaşaya qoyub.

C.Zeynalov daim öyrənən, öyrəndikləri ilə kifayətlənməyən sənətkar idi. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxın əlaqəsi vardı. Şəhərə qastrola gələn aktyorların göstərdikləri tamaşaları izləyir və onlara maraqla baxırdı. Gördüklərini özlüyündə təhlil edir, orada yaxşı nə varsa, əxz edirdi.

Azərbaycan Dövlət Teatr Muzeyində Cahangir Zeynalovun bəzi vərəqləri itmiş dəftərçəsi saxlanılır. Bu həmin dəftərçədir ki, aktyor orada “Əxz etdiyim həqiqətlər”i yazıb. “Teatr dəftərçəsi” adlanan əsərdə Cahangir bəy 1916-1918-ci illərdə baxdığı tamaşalar haqqında fikir və rəylərini traktat şəklində qələmə alıb.

Cahangir Zeynalov Azərbaycan teatrının yolunda istedadını və zəhmətini sərf etməklə kifayətlənməyib. O həm də milli teatrımızın himayədarı, xeyirxahı olub. Aktyorlar onun əliaçıqlığından çox bəhrələniblər.

Evi indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində - “Şahmat klubu”nun yerində idi. Cahangir Zeynalov otaqlardan birini aktyorların sərəncamına vermişdi ki, orada məşq etsinlər. Otağın yuxarı başında öz vəsaiti hesabına səhnə düzəltdirmişdi. Burada kimlər olmamışdı? Dövrün mütərəqqi ziyalıları, müəllimləri, teatr fədailəri... Adlarını çəkmək kifayətdir ki, Cahangir Zeynalovun çevrəsinin kimlərin zəkasının nuruna qərq olduğunu təsəvvürə gətirəsən. Bunlar Hacağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar idi. Soltanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi səhnə fədailəri də burada tez-tez olur, tamaşaların hazırlanmasında yaxından iştirak edirdilər. Bu insanların fəaliyyəti qəhrəmanlıq idi. Bu yolda onlar qaranlıq mühitin müqavimətinə, cahil, avam və nadanların hücumlarına sinə gərmiş, usanmamış, geri dönməmiş, öz müqəddəs işlərini davam etdirmişlər. Onların ədəb-ərkanına da söz ola bilməzdi. Mənəvi saflıq, mədəniyyət və şəxsi ləyaqət duyğusu bu ziyalıların sənətində də, ictimai mövqeyində də üstünlük təşkil etmişdir.

Cahangir Zeynalovun bu və digər əməlləri indi illərin arxasından baxanda onun əsl sənətkar, ziyalı, böyük xeyriyyəçi olduğunu deməyə əsas verir. Çünki yardımları təkcə teatra göstərdiyi köməklə bitmirdi.

Xalq artisti Cahangir Novruzov - babasının adını fəxrlə və şərəflə daşıyan nəvəsi vaxtilə nənəsi Hüsniyyə xanımdan eşitdiyi maraqlı xatirələri həmişə yada salır: “Nənəm danışırdı ki, Kərbəlayı Cahangir Bakıda kasıb, kimsəsiz uşaqların oxuması üçün açılan Cümə məktəbinə daim yardım edirdi. Evdə 6 qulluqçu olmasına baxmayaraq, o, “Zinger” tikiş maşınını Hüsniyyə xanımın qarşısına qoyub deyirdi: “Bunları sən tikəcəksən, savabdı”. Hüsniyyə xanım 300 torba tikirdi, Kərbəlayı Cahangir onların içərisinə Cümə məktəbində oxuyan uşaqların illik qiyafətlərinin parçasını, Novruz bayramı şirniyyatı, kitab, bir dənə də qızıl yüzlük qoyurdu”.

Çox təəssüf ki, ovaxtkı tamaşaları günümüzədək çatdıran texnika olmayıb. Lakin nəsildən-nəslə keçən yazılardan, söhbətlərdən bəhrələnən tədqiqatçılar Cahangir Zeynalov sənətinin məziyyətini, ömrünün səhifələrini araşdırıb öyrənə biliblər. Belə ki, onun yaratdığı hər obrazda böyük bir insan qəlbinin çırpıntısı vardı. Ona görə də istər xırda, istərsə də böyük rolları həmişə dərin məna ilə dolu idi. C.Zeynalovun yumoru Azərbaycan folklorundan mayalanıb. Obrazlar sünilikdən uzaq olub, oyununda, nitqində pafosdan, ritorikadan, qeyri-səmimi monoloqlardan yan keçib. Nəticədə rol da həyati olub və inandırıcı təsir bağışlayıb. Həmişə yaratdığı xarakterin daxili məntiqinə əsaslanıb. Mütəxəssislər onun müxtəlif üslubları sintez etmək bacarığını xüsusi vurğulayıblar. Odur ki, Cahangir Zeynalovun öz forma və prinsipləri ilə seçilən aktyor məktəbi olduğunu qeyd edirlər.

Rollarını coşqun temperamentlə oynayırdı. Bununla belə, personajın daxili inkişaf ahəngindən çıxmırdı. Həmin obrazla təqdim etmək istədiyi fikrin mahiyyətindən uzaqlaşmır, bu həqiqətə həmişə sadiq qalırdı. İlk növbədə yaratdığı xarakterin, məsələn, Hacı Qaranın, Mirzə Həbibin, Hacı Qənbərin, Şahbaz bəyin... sosial-ictimai mənşəyini öyrənir və ondan çıxış edirdi. Başqa sözlə, obrazın geyimini, hərəkətlərini, nitqini onun mənşəyinə, həyat tərzinə uyğunlaşdırırdı. Bayağı əyləndirmənin, oyunbazlığın əleyhinə çıxan aktyorun komikliyi öz təbiətində, qanında-iliyində idi. Teatr onun üçün çox müqəddəs bir ocaq, məbəd idi.

Cahangir Zeynalovun yaradıcılığının bir qolu da rejissorluqla bağlıdır. XIX əsrin sonlarında sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman Dram Artistləri Şirkətinin təşkilində Zeynalovun müstəsna rolu olub. “Nicat” (1906) və “Səfa” (1912), “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər, həm də tamaşalara quruluşlar verərdi.

Rejissor kimi parlaq istedada malik C.Zeynalov 1913-cü ildə “Səfa”da M.F.Axundzadənin “Hacı Qara”, Nəcəf bəy Vəzirovun “Vətən”, Zülfiqar bəy Hacıbəyovun “Evli ikən subay” əsərlərini tamaşaya qoyub. 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin “Millət dostları”, Molyerin “Zorən təbib”, 1915-ci ildə Namiq Kamalın “Əhdə vəfa” əsərlərinə quruluş verib. O, növbəti illərdə də müxtəlif truppalarla əməkdaşlıq edərək səmərəli rejissorluq fəaliyyəti ilə məşğul olub.

“Səfa”nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranmışdı. “Səfa”nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan “Səfa” məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyatzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. Dəfələrlə “Səfa” teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilmişdi. Hətta 1914-cü ildə sədr vəzifəsini C.Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutmuşlar.

Görkəmli sənətkarın ictimaiyyət arasında, həmkarları, tamaşaçıları, ümumiyyətlə, xalq arasında böyük hörməti vardı. 1910-cu il noyabrın 30-da, Qurban bayramı günündə teatr ictimaiyyəti Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini təntənə ilə qeyd edir. O vaxtadək hələ heç bir aktyor üçün belə bir yubiley keçirilməmişdi. Tədbir Tağıyev teatrında baş tutur. Rəsmi hissədən sonra xanəndələr konsert verirlər. Yubiley çərçivəsində M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası oynanılır və burada Mirzə Həbib rolunda Cahangir Zeynalov çıxış edir.

Yubiley ictimaiyyət arasında böyük əks-səda doğurur. Belə ki, o dövrdə nəşr olunan “Günəş”, “Kaspi”, “Nicat”, “Səda”, “Bakı”, “Bürhani-Tərəqqi” qəzetləri yazılar dərc edirlər. Bu qəzetlərdə Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Bayerski truppası aktyorlarının, eləcə də öz redaksiya heyətlərinin təbrikləri çap olunur. “Nicat”ın adından Səməd bəy Acalov, Gürcü Nəşri-Maarif Cəmiyyəti adından Nasidze, müsəlman dram ictimaiyyəti adından Qulamrza Şərifzadə təbrikə gəlirlər. Aktyoru o dövrün “Kulturnıy soyuz”, “Prosvita”, “Nəşri-maarif”, “İttihad”, “Yəhudilər” cəmiyyətləri təbrik edir. “Yeni Füyuzat”, “Molla Nəsrəddin” kimi məcmuələrin, “Səda”, “Tərcüman” kimi qəzetlərin də aktyoru təbrik etməsi onun ziyalılarla dostluğunun daha bir təzahürü olur. Bu yubiley münasibətilə Cahangir bəy təkcə şifahi təbriklər deyil, həm də qiymətli hədiyyələr alır.

Yubilyarı Nəriman Nərimanov da təbrik etmişdi. O, təntənəli mərasimdə iştirak edə bilməsə də, göndərdiyi məktubda yüksək dəyərləndirdiyi Cahangir Zeynalovun milli teatrın inkişafı yolunda xidmətlərinin heç zaman unudulmayacağını, teatr tarixində adının əbədi qalacağını uzaqgörənliklə bildirmişdi: “Əziz və möhtərəm yoldaş! 25 il milli teatra qulluq etmək böyük xidmətdir. Ələlxüsus sizin xidmətiniz. Çünki siz artist namını qəbul edən vaxt bakılılar artistə “oyunbaz” deyib həqir nəzərlərlə baxırdılar. ...Siz isə teatrın xalqa nəfini anlayıb camaatın nəzərində həqir olan bir işə şüru etdiniz! Bu fikir ilə ki, vaxt olar, camaat səhvini anlar. Bu gün mənə həqir nəzərlə baxan camaat, mənə “oyunbaz”, kəndirbaz söyləyənlər, məni bu səhnənin üstə alqışlayar, təşəkkürlər edərlər... Həqiqət, 25 ildən sonra da belə oldu. Sizi alqışladılar, təbrik etdilər. 25 il ərzində çəkdiyiniz zəhməti millət unutmadı və haman zəhmətin meyvəsini anlayıb teatra həqir nəzərini dəyişdi”.

Bir sözlə, aktyorun yubileyi əsl bayrama çevrilmişdi. Bu da onun xalq arasında, şəhər ictimaiyyəti, ziyalılar və həmkarları içərisində qazandığı hörmətin göstəricisi idi.

Cahangir Zeynalovun bir çox üstün məziyyətləri ona cavan ikən əsl ağsaqqal nüfuzu qazandırması idi. Qeyd etdiyimiz kimi, xeyirxah işləri görkəmli sənətkarı insanların gözündə ucaltmışdı. Belə ki, Mirzağa Əliyev, Hacağa Abbasov, Məmmədəli Vəlixanlı kimi aktyorların sənətə gəlişinə Kərbəlayı Cahangir böyük təkan vermişdi. Bütün bunlarla yanaşı, onun hər zaman barışa çağıran səsi, kəsərli sözü vardı. Məhz bunun sayəsində “Nicat”, “Səfa”, “Müsəlman Artistləri İttifaqı”, Hacıbəyov qardaşlarının “Opera və dram truppası”nın bir-biri ilə çəkişmələri səngimişdi. Cahangir Zeynalov onları barışdırmış və Azərbaycan mədəniyyətinin inkişafı naminə birləşməyə çağırmışdır.

Məkrli və namərd qonşularımız olan ermənilərin törətdikləri qırğınlar və bəd əməllər bu və ya digər formada xalqımızın görkəmli ziyalılarının əksəriyyətinin taleyindən qara kabus kimi keçib. O cümlədən, unudulmaz aktyorumuz Cahangir Zeynalovun da.

1918-ci il martın 17-də erməni daşnakları Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gediblər. Oktyabrın əvvəllərində ara sakitləşəndə ailəsi ilə birgə “Ardahan” gəmisi ilə Bakıya qayıdarkən dənizdə fırtına qopub. Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi yaranıb. Kərbəlayı Cahangir də bu xəstəliyə tutulub. Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib.

Teatr salnaməsi onun sonuncu dəfə “İsmailiyyə” zalının səhnəsində “Hacı Qara” tamaşasının baş rolunda oynadığını xəbər verir. Bu, aktyorun son yaradıcılıq akkordu olub.

Amma yox... Bu, son akkord olmayıb. İllər sonra səhnəyə Cahangirin yeganə yadigarı olan qızı Nəsibə xanım gəlib.

Cahangirin ölümündən sonra ailəsi çox əziyyət çəkib. Taleyin gərdişinə bax ki, 40 otaqdan, 300 nəfərlik salondan ibarət mülkü qalan kişinin ailəsinə yaşamaq üçün kiçik bir otaq verirlər. Sonra həmin otağı da onlara çox görüb əllərindən alırlar.

Nəsibə xanım böyüdükdən sonra dolanışığını təmin etmək üçün müxtəlif işlərdə çalışmalı olur. Ancaq qeyri-adi istedadı üzə çıxandan sonra uzun illər xalqa layiqincə xidmət edir.

Nəsibə xanım xatırlayırdı ki, valideynlərinin övladı gec olub. Onun dünyaya gəlməsini Cahangir Zeynalov çox gözləyib, nəzir-niyaz paylayıb. Amma təəssüflər olsun ki, atasını kiçik yaşlarında ikən itirib. Nəsibə xanım bütün varlığı ilə C.Zeynalovun arzularını davam etdirib, soyadını da, sənətini də yaşadıb. Təkcə teatr sənətinə deyil, bütün Azərbaycana gülüş, yumor, xoş əhvali-ruhiyyə dolu bir çələng bəxş edib. Sonra bu sənət yoluna Nəsibə xanımın oğlu Cahangir qoşulub. İndi bu kökdən ayrılan çoxlu budaqlar - nəvələr, nəticələr, kötükcələr var... Bir də Cahangir Zeynalovun çox sevdiyi, yolunda canını qoyduğu Azərbaycan teatrı və onun bugünkü şöhrəti var.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan. - 2016.- 15 yanvar.- S.7.