Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹8, maddə
478; 2001, ¹12, maddə 736; 2002, ¹5, maddələr 237, 241; 2003, ¹1, maddə
11, ¹6, maddə 256, ¹ 8, maddə
423; 2004, ¹2, maddə 59, ¹6, maddə
415, ¹10, maddə 761; 2006, ¹2, maddə 67, ¹6, maddə
478, ¹8, maddə 657, ¹11, maddə
932; 2007, ¹1, maddə 3, ¹8, maddə
745; 2008, ¹5, maddə 348, ¹6, maddə 460, ¹8, maddə
707, ¹12, maddə 1048; 2009, ¹2, maddə 36; 2012, ¹6, maddə
497; 2013, ¹6, maddə 621; 2015, ¹ 4, maddə 358) 46-cı maddəsinin
2-1-ci bəndinə aşağıdakı
məzmunda altıncı
və yeddinci cümlələr əlavə
edilsin:
“Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2015-ci il.
Azərbaycan. - 2016.- 16 yanvar.- S.3.