Azərbaycan
dindarları Prezident İlham
Əliyevin çağırışına vəhdət
namazı ilə cavab verdilər
Heydər məscidindən bütün
İslam dünyasına
vəhdət mesajı
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Multikulturalizm ili” çərçivəsində yanvarın 15-də Bakıda Heydər məscidində cümə namazı qılınıb. Vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər.
AZƏRTAC xəbər verir ki, bu tədbir Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması fonunda mühüm əhəmiyyət daşıyır və Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.
Min ildən artıqdır ki, İslam dünyasının iki böyük məzhəbinin – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb.
Müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimdə Allah-Təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır. Bu isə dini zəmində ixtilafların baş verdiyi müasir dövrdə xüsusilə aktualdır. Belə bir zamanda Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım atdı.
Dünyada sünni-şiə məsələsinin qabardığı, daha doğrusu, süni şəkildə qabardıldığı bir zamanda Heydər məscidində şiələrlə sünnilər hər gün olduğu kimi, müqəddəs günlərdən olan bu cümə günündə də növbəti dəfə vəhdət namazı qılmaq üçün bir araya gəldilər. Bu təşəbbüs Ulu Öndərin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı hal alıb. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir.
Minarədən müsəlmanlara canlı səslənən, onları ibadətə və eyni zamanda, vəhdətə çağıran azan bir həftə şiə, digər həftə isə sünni məzhəbinə məxsus azançı tərəfindən icra olunur.
Məsciddə şiələrlə sünnilər qardaş kimi bir yerdə, yan-yana namaz qılırlar. Bu, əslində sadə görünə bilər, amma mahiyyətinə vardıqda çox əhəmiyyətli və tarixi bir səhnə təsiri bağışlayır. Bu məsciddə hər gün olduğu kimi, cümə namazları növbəli şəkildə - bir həftə əhli-sünnə imamının, növbəti həftə isə əhli-şiə imamının rəhbərliyi ilə keçirilir. Əminliklə demək olar ki, Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.
“Heydər” məscidinin dini rəhbəri Hacı Sabir deyib:
“Ən fərəhli hal odur ki, biz Azərbaycan təcrübəsində və ümumiyyətlə dünya təcrübəsində nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli namazdır, Uca Tanrı qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah-Təala Qurani-Kərimdə bizi bir olmağa, təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən İslamın daxilində müxtəlif məzhəblərin də olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə ki, çox təqdirəlayiqdir. Lakin hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir”.
Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi. Məğzi isə odur ki, məzhəbindən asılı olmayaraq müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məsciddə namaz qılırlar. Çünki bütün müsəlmanların bir Allahı, bir Quranı və bir Peyğəmbəri var.
“Heydər” Məscidinin imamı Hafiz Abbasov deyib:
“Mən burada əhli-sünnə üzrə
aparılan namazlara rəhbərlik edirəm. Mənim yanımda
dayanan məscidin axundu isə əhli-şiə üzrə
aparılan namazları
idarə edir. Biz burada hər
iki məzhəbin nümayəndəsi olaraq,
bu gün qılınan cümə namazında iştirak etdik. Mən bir sıra müsəlman ölkələrində
də olmuşam, orada əhli-sünnə üzrə qılınan namazların icra olunduğu məsciddə əhli-şiənin namaz qılması görünməmiş
haldır. Eyni zamanda,
əhli-şiə məscidində
əhli-sünnənin namaz
qılması da görünməyib. Amma Azərbaycanın
əksər məscidləri
məzhəbindən asılı
olmayaraq, hər kəsin üzünə açıqdır, hər
kəs namazlarını
burada rahat şəkildə, heç
bir təzyiqə məruz qalmadan icra edə bilir.
“Heydər” Məscidinin axundu Rüfət Qarayev deyib: “Mən cümə günü, eyni zamanda, vəhdət günü münasibətilə
xalqımızı təbrik
edirəm. Burada, əslində, cümə
namazının birlikdə
qılınması xalqımızın
öz istəyidir, hər iki məzhəb
nümayəndələrinin təklifidir. Allaha həmd
olsun ki, biz buna nail olduq. Bu gün hər
iki məzhəb nümayəndələri namazlarını
birgə qılırlar”.
Heydər məscidində şəhidlərimizin
ruhuna da dualar oxundu, israf və qənaət
haqqında xütbə
deyildi. Bu vəhdət
namazı ölkəmizdə
İslam dininə olan sevgi və
hörmətin təkcə
sözdə deyil, həm də əməldə təsdiqidir.
Azərbaycanın bu təşəbbüsünün
bütün İslam aləmində böyük
rəğbətlə qarşılanacağı
heç kəsdə şübhə doğurmur.
Axı, Qurani-Kərimdə də deyildiyi kimi, “həqiqətən, bütün
müsəlmanlar bir-birinə
qardaşdırlar”. Qardaş olan
müsəlmanların vəhdət
namazının məhz
Ulu Öndərin adını daşıyan
Heydər məscidində
qılınması da
xüsusi məna daşıyır.
“Heydər” Məscidinin imamı Hafiz Abbasov:
“Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ili “Multikulturalizm ili” elan edib. Biz də burada qıldığımız vəhdət
namazları ilə bu ilə öz
töhfəmizi vermiş
oluruq”.
Məscidin axundu Rüfət
Qarayev: “İnşallah,
ümid edirik ki, bu vəhdət
namazları öz töhfələrini verəcək”.
Məscidə namaz qılmağa
gələn Ruslan Qurbanov: “Mən burada sünnə namazı qılmağıma
baxmayaraq, ətrafımda
şiə namazı qılanlara da böyük hörmətlə
yanaşıram”.
Rauf İsgəndərov: “Cümə günü bizim üçün sevincli gündür. Həm də ona görə sevincli gündür ki, sünni və şiə qardaşlarımız bir yerdə namaz qılırlar.
Ağəddin Kərimov: “Cümə namazı hər bir müsəlman üçün fərzdir. Ulu Tanrı bizə buyurub ki, bu gün məscidlərə yığışın, namaz qılın, bir-birinizlə hal-əhval tutun, bir-birinizə kömək edin. Allah bu məscidi tikdirənlərin də köməyi olsun. Çox gözəl məsciddir. Rahat şəkildə namazımızı qılırıq”.
Məscid kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunub və 2014-cü ildə istifadəyə verilib. Gözəlliyi ilə diqqəti cəlb edən məscid “Allahın evi – Ümid ocağı” kimi müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələrinin də üzünə açıqdır.
Heydər məscidinin dini rəhbəri Hacı Sabir:
Heydər məscidi Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metrdir. Demək olar ki, dünya ölkələrinin çoxunda bu hündürlükdə minarələr yoxdur. Gördüyünüz kimi, burada dörd minarə var və hamısında lift işləyir. Bundan əlavə, ibadət salonları da böyükdür. Burada təxminən 5000-7000 nəfər eyni vaxtda ibadət edə bilər. Onu da qeyd edim ki, Heydər məscidi bir məsələdə də yeganədir. Burada digər məscidlərdə olan kimi nəzir qutuları yoxdur. Dünyanın əksər məscidlərində nəzir qutuları qoyulub. Lakin belə razılığa gəldik ki, bu məsciddə nəzir qutusu olmasın. İşçilərimizin maaşları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilir. Məscidin Bakı Şəhər İcra Hakimiyyətinin balansında olması işlərimizin xeyli irəli getməsində bizə yardımçı olur”.
Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda dövlət tərəfindən həm də rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri aparılıb. Avropada radikal qüvvələrin, islamofob meyillərin güclənməsi fonunda Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olundu. “Multikulturalizm” bəlkə də ictimaiyyət üçün yeni termin olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə riayət edilir. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir.
Heydər məscidində vəhdət namazının artıq ənənə halını alması isə onu göstərir ki, “Multikulturalizm ili”ndə də ölkəmizdə bu sahədə uğurlu tədbirlər həyata keçiriləcək. Azərbaycanın multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq.
Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı möhkəm tarixi baza formalaşdırıb. Ölkəmizdə tarix boyu dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə unikal tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır. Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual meyarlarının tam formalaşdığını təsdiqləyir. Bu, eyni zamanda, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.