Multikulturalizmin Azərbaycan
arenasında vəhdət, bərabərlik və həmrəylik
nümayişi
Bu, ölkəmizin
tolerantlıq mərkəzi kimi bütün dünyada
nüfuzunun daha da artmasına xidmət edir
Multikulturalizmin mahiyyətinə diqqət yetirsək, o, beynəlxalq anlayışda eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət deməkdir. Məsələyə bu prizmadan yanaşdıqda deyə bilərik ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə müstəqilliyin bərpasından sonra göstərilən dövlət dəstəyi də dünyada nümunə sayılacaq dərəcədədir.
Azərbaycan bu gün hər bir dünya vətəndaşı üçün multikultural məkana çevrilib. Dövlətimiz və xalqımız öz multikultural həyatını, təhlükəsizliyini yaradır və onun prinsiplərini müəyyənləşdirir. Bu baxımdan multikulturalizm anlayışını həm bəşəri, həm də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələndirmək olar.
Bunu ən gözəl və əyani surətdə həyata keçirən məkan isə Azərbaycan cəmiyyətidir. Xalqımızın multikultural dəyərlərlə yaşadığını təsdiqləyən amillər sırasında birinci yeri tolerantlıq tutur ki, onun da bariz nümunəsi Prezident İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan dindarları tərəfindən Heydər məscidindən bu günlərdə bütün İslam dünyasına verilən vəhdət mesajıdır.
Noyabrın 15-də Bakıdakı Heydər məscidində qılınan cümə namazı nəinki İslam dünyasının, eyni zamanda xalqların diqqətindən yayınmadı. Çünki vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün müsəlmanlar bir araya gəldi. Onlar bununla Azərbaycanın əsl tolerant məkanı olduğunu göstərdilər: eyni vaxtda, birlikdə namaz qılıb, dualar etdilər.
Əlbəttə, bununla xalqımız bir daha yüz illər boyu qoruyub saxladığı ənənəyə sadiqliyini nümayiş etdirdi. Dövlət və xalq hakimiyyətinin vəhdətinin nümayişi olan tədbir Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması fonunda çox mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, həmin tədbir Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.
Min ildən artıqdır ki, İslam dünyasının iki böyük şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və müxtəlif məkanlarda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də bu, davamlı xarakter almayıb.
Müqəddəs kitabımız olan “Qurani-Kərim”də bütünlüklə müsəlmanlar sülhə, birliyə və vəhdətə çağırılır. Təbii ki, bu da dini zəmində ixtilafların baş verdiyi çağdaş dünyamızda çox aktualdır.
İnkar eləmək qeyri-mümkündür ki, belə bir dövrdə Azərbaycan bütün dünyaya nümunə göstərilən növbəti addımını atdı. Bu təşəbbüs ulu öndər Heydər Əliyevin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davam edir. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin əsl nümunəsidir.
Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, əslində, bütün dünya üçün olduqca əhəmiyyətli bir ənənənin əsasını qoydu. Məscidin dini rəhbəri Hacı Sabirin fikrincə, Azərbaycan xalqı nümayiş etdirdi ki, vəhdət ən sevimli, Uca Tanrı qarşısında qəbula yetən namazlardan biridir: “Çünki Allah-Təala “Qurani-Kərim”də bizi bir olmağa, təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən İslamın daxilində müxtəlif məzhəblərin də olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə ki, çox təqdirəlayiqdir. Lakin hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir”.
Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində vəhdət namazının qılınması eyni zamanda bəşəriyyətə bir sülh mesajıdır.
Multikulturalizm ictimaiyyət üçün yeni məfhum olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə əməl edilir: dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın artıq adi həyat tərzi və dövlət siyasətinə çevrilib.
Heydər məscidində vəhdət namazının artıq ənənə halını alması isə onu göstərir ki, “Multikulturalizm ili”ndə də ölkəmizdə bu sahədə uğurlu tədbirlər həyata keçiriləcək. Azərbaycanın multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq.
Azərbaycan Prezidenti İlham
Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasındakı nitqində də bir daha tolerantlığa, dini
ayrı-seçkiliyə ölkəmizdə yol verilmədiyinə,
dünyada isə bu problemin hələ də
yaşandığına diqqət ayıraraq bildirdi ki, əsrlərdir
başqa dinlərə və mədəniyyətlərə
hörmət prinsiplərini həyat tərzinə çevirərək
xalqımız bu prosesə mühüm töhfələr
verib: “Azərbaycan multikulturalizmlə bağlı çox
böyük işlər görüb. Azərbaycan nümunəsi
göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi
siyasətçilər deyirlər ki, multikulturalizm iflasa
uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda
yaşayır və bu meyillər, bu ideyalar güclənir,
ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə,
bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.
Xatırlatmaq yerinə düşərdi ki, hələ
2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin Bakıda keçirilən toplantısına
İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirləri də dəvət
olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verirdi. 2009-cu ildə Bakıda keçirilən İslam
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
mədəniyyət nazirlərinin toplantısına isə
Avropa Şurasından mədəniyyət nazirləri
qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs
sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə
görüşünün, mədəniyyətlərarası
dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının
keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin
təbliğində Azərbaycanın əvəzsiz rolunu
göstərdi. Prezident İlham Əliyevin
sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə
dönmədən sadiq qalmasının bariz nümunəsinə
çevrildi.
Dövlət
başçısı 2015-ci il mayın 18-də Bakıda
keçirilən III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılışındakı nitqində məsələnin
mahiyyətinə toxunarkən bildirdi ki, bizim ölkədə
multikulturalizm ənənələri hər zaman güclü olub
və Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması bu dəyərlərin təşviqi istiqamətində
hökumətimizin atdığı daha bir addım idi:
“Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm
ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim
etmək təhlükəlidir, əksinə, səylərimizi
dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.
Yeri gəlmişkən,
multikulturalizmin Azərbaycanda həyat tərzi olması barədə
fikrini bildirən dövlət başçısı İlham
Əliyev 2014-cü il oktyabrın 2-də
IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi
açılış mərasimindəki nitqində bu barədə
belə dedi: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli
cəmiyyətlər mövcud olub. Xalqlar
arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir.
Biz bu gün də çalışırıq
ki, öz təşəbbüsümüzlə regionda və
dünyada gedən proseslərə müsbət təsirimizi
göstərək”.
III
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda çıxışı zamanı Azərbaycan
Prezidenti yüzdən artıq dövlət nümayəndələrinin
Bakıda olduğunu bildirdi: “Bu isə bir daha belə
müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası
münasibətlərə müsbət dinamika verilməsi
üçün Forumun keçirildiyi günlərdə dəyərli
fikirlər səslənəcək. Azərbaycan
bu sahədə öz səylərini hər zaman göstərir
və xalqları, dövlətləri, sivilizasiyaları bir
araya gətirməyə çalışır”.
Dövlət
başçısı onu da bildirdi ki, Azərbaycan
sivilizasiyaların, mədəniyyətlərin və dinlərin
kəsişməsində yerləşir: “Biz Avropa və Asiya
arasında yerləşirik. Əlbəttə
ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni
müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər,
dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda
sülh və ləyaqət şəraitində bir ailə
kimi yaşayıblar. Biz fəxr edirik ki, bu
müsbət meyillər müstəqillik illərində daha
da güclənib. Bizim tarixi abidələrə
nəzər salmaq yetər ki, Azərbaycanın mədəni
müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr
edirik. Dünyanın ən qədim məscidlərindən
olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın
qədim Şamaxı şəhərində yerləşir.
Dünyanın ən qədim kilsələrindən
biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər
qədim Şəki şəhəri
yaxınlığındadır. Pravoslav və
katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər
məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və
biz bununla fəxr edirik”.
Ölkə
başçısının çıxışında o da
xüsusi olaraq vurğulandı ki, bu gün Azərbaycanda
bütün dinlərin və etnik qrupların nümayəndələri
yaşayır və dövlətimizin uğurlu
inkişafına öz töhfələrini verirlər:
“Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir.
Təəssüflər olsun ki, bu gün
dünyanın müxtəlif yerlərində baş verənlər
dərin narahatlıq doğurur. Biz mənfi
istiqamətdə cərəyan edən meyillərin şahidi
oluruq. Gərginliyin və nifrətin
azaldılması beynəlxalq gündəmin ən
mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri
hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması bu dəyərlərin təşviqi istiqamətində
hökumətimizin atdığı daha bir addım idi”.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın ölkəmizin tolerantlıq ənənələrinin
dünya miqyasında təbliğinə böyük dəstək
verməsi də xüsusi qeyd edilməlidir. Heydər
Əliyev Fondunun xətti ilə dünyanın bir neçə
ölkəsində bu qəbildən silsilə tədbirlər
keçirilir. Məsələn, birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə Parisdə “Dini
tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti”
mövzusunda keçirilən konfransda xüsusi
vurğulandı ki, ekstremizm və terrorçuluğa qətiyyətlə
yox deməklə biz cəmiyyətlərimizdə
dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin
təbliğinə geniş fikir verməliyik:
“Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli
amillər bəşəriyyət tarixində
sivilizasiyaların və xalqların fəlakətinə səbəb
olub. Dərin multikulturalizm köklərinə
malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin
təşviqi üçün vacib rolunu oynamağa
hazırdır”.
Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən
demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi qəbul
edilir. Bu çərçivədə keçirilən tədbirlər
isə ölkəmizdə multikultural təhlükəsizliyin
intellektual göstəricilərinin artıq
formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda
keçiriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin
Azərbaycandakı multikultural mühitə olan münasibətinin
real ifadəsidir. Digər tərəfdən, bu,
Azərbaycanda multikultural təhlükəsizliyin təmin
olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər
verir.
Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və
Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə “Teatr sənətinin multikulturalizm-universal dəyərlər
sistemində yeri” mövzusunda keçirilən III Bakı Beynəlxalq
Teatr Konfransı da dünyanın səhnə sənətində,
həmçinin Azərbaycanın mədəni həyatında
önəmli hadisə sayıldı. Belə tədbirlər
Azərbaycan dövlətinin mədəni inteqrasiya,
multikulturalizm kimi dəyərləri yüksək qiymətləndirməsinə
əyani sübutdur.
Üçüncü Bakı Beynəlxalq Teatr
Konfransında xüsusi olaraq bildirildi ki, aktuallığı
ilə seçilən belə tədbirlər, eyni zamanda tarixi
mahiyyət daşıyan mövzu qloballaşma dövründə
xalqlararası və dinlərarası mədəni əlaqələr
baxımından da diqqətçəkəndir. Məsələyə
mütəxəssislər tərəfindən göstərilən
münasibət və yanaşmalar məram baxımından bir
nöqtədə birləşir: mədəniyyətlərarası
dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin
prioritetlərindəndir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 17 yanvar.- S. 2.