İstiqlal mücadiləsinin qürur rəmzi

 

Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Çünki bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu.

 

Azərbaycanın ərazi bütövlüyünə qəsdin başlanğıcı

 

Faciəyə gedən yolun başlanğıcı isə onun törədilməsindən xeyli müddət əvvələ, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə başlamışdı. Çünki Qorbaçovun simasında daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə daha yaxın olan himayədar tapa bildilər. Düzdür, ilkin vaxtlarda ermənilər Azərbaycanla bağlı bədnam niyyətlərinin həyata keçirilməsində hər hansı ciddi addımlar atmaqda acizlik çəkirdilər və hətta əsas himayədarları belə onlara yardım göstərə bilmirdi. Çünki həmin vaxt ümummilli lider Heydər Əliyevin Sov.İKP MK-nın Siyasi Bürosunda olması ermənilərə və Qorbaçova Azərbaycanla bağlı planların reallaşmasına, o cümlədən Qarabağ münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə bu səbəbdən həm ermənilər, həm də onların mərkəzi hakimiyyətdə olan himayədarları o vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan bu Azərbaycan bölgəsi ilə bağlı məkrli planlarını həyata keçirmək üçün M.Qorbaçovun vasitəsilə Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasına nail ola bildilər.

Təsadüfi deyil ki, ümummilli liderin Siyasi Bürodan getməsindən sonra 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı daşnak A.Aqanbekyanın Parisdə “Humanite” qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair Moskvanın artıq razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında “Dağlıq Qarabağ Ermənistana verilməlidir”, - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm”.

SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi.

Məhz bundan sonra erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunkgizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən “Miatsumadlanan hərəkat da formalaşdırıldı.

Bütün bunlar 1988-ci ilin fevralından etibarən, hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə silsilə mitinqlər başladı. SSRİ rəhbərliyi tərəfindən heç bir ciddi müqavimət görməyən və bundan daha da ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etdilər. Baş verənlərə paralel olaraq Ermənistanda da azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilirdi.

 

Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti

 

Azərbaycanın ovaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdi. Kreml isə həm Azərbaycana göndərdiyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə Azərbaycana qarşı daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da hazırlanmasında yaxından iştirak etdiyi bu ssenarinin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi.

Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla artıq siyasi dünyanın yeni səviyyədə gündəminə gətirilmiş “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi üçün ermənilərə çox lazım idi. Bu məsələdə sovet DTK-nın da özünəməxsus rolu oldu. Beləliklə, əvvəlcədən planlaşdırılmış Sumqayıt olayları törədildi və o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar SSRİ rəhbərliyinin, ermənilərin niyyətini, qlobal hadisələrin mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki, olaylar baş verən yerlərdə öncədən çoxlu telefoto operatorlar, jurnalistlər yerləşdirilmişdi. Bunun nəticəsində düşünülmüş, ssenarisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda belə bir əhval yaratdılar ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli Azərbaycan torpaqlarında yaşayan 250 min soydaşımız 1988-ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olunmaqla ən qəddar formada deportasiya olundular.

Dağlıq Qarabağda da vəziyyət getdikcə gərginləşirdi və bu işdə yenə əsas rol oynayan tərəflərdən biri Azərbaycan rəhbərliyinin acizliyindən istifadə edərək hadisələri istədiyi kimi istiqamətləndirən SSRİ rəhbərliyi idi. Bütün bunlara qarşı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım atılmadı. M.Qorbaçov isə tədbir görmək əvəzinə, DQMV-nin sosial-iqtisadi inkişafının geridə qalması barədə ermənilərin uydurduqları yalanı müdafiə edərək ittifaq büdcəsindən oraya 400 min rubl vəsait ayrılmasına göstəriş verdi. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman Azərbaycandan olan deputatlarla yanaşı, qanunazidd olaraq Ermənistandan olan deputatlar eyni hüquqda orada iştirak etdilər. Bu isə Qorbaçovonun ətrafının Ermənistan üçün yaratdığı yeni imkan demək idi.

İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xəyanəti özünü növbəti dəfə 1989-cu ilin yanvarında göstərdi. Belə ki, həmin il yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” SSRİ Ali Soveti qərar qəbul etdibu, ermənilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski burada yaşayan bütün soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddətdə 50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. Halbuki, Azərbaycanın o dövrkü siyasi rəhbərliyi sözügedən idarənin yaranmasını böyük uğur kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdi. Yalnız xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat komitəsinin sədri təyin edilən V.Polyaniçko, əslində, öz sələfinin siyasətini davam etdirir və azərbaycanlılar sıxışdırılırdı.

Ümumiyyətlə, 20 Yanvar hadisəsinə qədər SSRİ və respublika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi.

 

Yeni təxribata hazırlıq

 

1989-cu ilin noyabrından səbir kasası dolmuş xalq Bakının mərkəzi meydanında mitinqlərə başladı. Yanvarın 18-də Bakıda və Azərbaycanın 11 rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan edildi. Lakin genişlənməkdə olan xalq hərəkatına ilk dövrlərdə səriştəsiz rəhbərlik, edilən xəyanətkarlıq isə ölkəni daha ağır vəziyyətə salırdı. Bununla belə, Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsinə şərait yaradan Qorbaçov hakimiyyəti ölkəyə genişlənən milli-azadlıq hərəkatının boğulması üçün müxtəlif vasitələr üzərində baş sındırırdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəzirov isə Moskvanın marionetkası olaraq həm Dağlıq Qarabağın ermənilərin əlinə keçməsinin qarşısını almaq, həm də ölkədəki vəziyyəti sabitləşdirmək üçün heç nə edə bilmirdi. Əksinə, özünün səhv addımları, yarıtmaz üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurumu daha da dərinləşdirirdi. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdü. Təəssüf ki, bu dövrdə xalq hərəkatına rəhbərlik edənlər də böyük səriştəsizlik nümayiş etdirir, çox vaxt DTK-nın istədiyi ssenarilərə uyğun hərəkət edirdilər.

1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. SSRİ rəhbərliyi isə Azərbaycanı növbəti dəfə cəzalandırmaq üçün Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi. Milli-azadlıq hərəkatının mərkəzi olan Bakıda ilk olaraq yerli milis tərk-silah edildi, mərkəzdən isə daxili qoşun hissələri şəhərə gətirildi. Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsi fitnəkarlıqlar üçün əsas olduiki gün ərzində Bakıda süni şəkildə erməni talanı təşkil edildi. Mərkəz tərəfindən düşünülmüştaktiki baxımdan hərtərəfli hazırlanmış bu məkrli plan hazır ssenari üzrə aparıldı. Elə bu səbəbdən də ayrı-ayrı dəstələrin əməllərinin qarşısını almaq üçün ali hakimiyyət və hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmədi. Halbuki Bakıda SSRİ Daxili İşlər Nazirliyinin 12 min nəfərlik silahlı qüvvəsi var idi. Bu dövrdə ölkəyə rəhbərlik edən Vəzirov isə yaranan vəziyyətdən istifadə edərək sovet qoşunlarının müdaxiləsinə şərait yaratmağa, bununla həm də xalq hərəkatını boğmağa çalışırdı.

Yanvarın 14-də Azərbaycan KP MK-nın bürosunda vəziyyət müzakirə olundu və Vəzirovun təkidi ilə çağırılan Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV-də və zəruri olarsa, ona bitişik rayonlarda, eləcə də sərhəd boyunca fövqəladə vəziyyət elan edilməsi, lazım gələrsə, mərkəzdən kömək göstərilməsi haqqında qərar qəbul olundu. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin müraciəti ilə SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 15-də “Dağlıq Qarabağ və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. Həmçinin SSRİ Ali Soveti Bakı, Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsini və digər zəruri tədbirlər görülməsini Azərbaycan SSR Ali Sovetinə təklif etdi.

 

(ardı var)

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.- 17 yanvar.- S. 6.