AZƏRTAC-ın kollektivi 20 Yanvar faciəsinin
ildönümünü qeyd
edib
Yanvarın
16-da AZƏRTAC-da 20 Yanvar faciəsinin 26-cı
ildönümünə həsr olunan anım mərasimi
keçirilib.
Mərasim
iştirakçıları əvvəlcə Azərbaycanın
ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin və
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıya yeridilmiş böyük kontingenti amansız cinayətlər və kütləvi qırğınlar törətdi. Milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 mülki şəxs qətlə yetirildi, 744 günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını qan gölündə boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız mübarizəni davam etdirərək sonda müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi qəlblərdə yaşayır və daim yaşayacaq.
Çıxış edənlər diqqətə çatdırıblar ki, həmin dövrdə Azərbaycan ətrafında yaranmış informasiya blokadasını ümummilli lider Heydər Əliyevin sayəsində aradan qaldırmaq mümkün oldu. O vaxt Moskvada yaşayan Ulu Öndər özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gəldi, bu ağır gündə xalqı ilə birlikdə olduğunu bəyan etdi. Bakıda kütləvi qırğın törədilməsini qətiyyətlə pislədi və 20 Yanvar haqqında həqiqətləri ilk dəfə dünya ictimaiyyətinə çatdırdı.
20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra verildi. Eyni zamanda, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə və hadisələr zamanı əlil olanlara qayğının artırılması ilə bağlı mühüm addımlar atıldı.
Anım mərasimində bildirilib ki, AZƏRTAC-ın kollektivi 20 Yanvar faciəsi haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində mütəmadi fəaliyyət göstərir, bunu özünün peşə və vətəndaşlıq borcu hesab edir. Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu bu baxımdan diqqət çəkən işlərdən biridir.
Çıxış edənlər deyiblər ki, agentlik bu
istiqamətdə fəaliyyətini davam
etdirəcək, 20 Yanvar hadisələri
haqqında həqiqətlərin daha geniş coğrafiyada
yayılması üçün səylərini
əsirgəməyəcək.
Azərbaycan. - 2016.- 17 yanvar.- S. 6.