TANAP-ın bütün iştirakçıları siyasi və iqtisadi dividend əldə edəcəklər
Nazirlər Kabinetinin iclasında bu
layihənin əhəmiyyəti bir daha vurğulanıb
Ötən il Transanadolu Qaz Boru Kəməri - TANAP üçün uğurlu olub. Layihəyə aid nəzərdə tutulan bütün tədbirlər yüksək səviyyədə həyata keçirilərək planlaşdırılan işlər vaxtında yerinə yetirilib. Ən başlıcası, kəmərin inşasına start verilib.
Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev TANAP-ın əhəmiyyətini bir daha vurğulayaraq demişdir: “Keçən il TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni, bu layihənin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər”.
TANAP “Cənub” qaz
dəhlizinin üç
əsas seqmentindən
ikincisidir. O, dəhlizin ən böyük hissəsidir, uzunluğu
1900 kilometrə yaxın
olacaq. Bu kəmər
Türkiyənin Gürcüstanla
sərhədindəki Ərdəhan
vilayətinin Pofos mahalından başlayaraq
21 bölgəsindən keçəcək.
Qars, Ərzurum, Gümüşhanə,
Ərzincan və digər bölgələri
arxada qoyaraq Türkiyənin Yunanıstanla
sərhədindəki Ədirnə
vilayətinin Upsala qəsəbəsinədək uzanacaq.
TANAP-ın ilkin illik ötürücülük
qabiliyyəti 16 milyard
kubmetr olacaq. Nəql edilən
qazın 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri Türkiyə üçün
nəzərdə tutulub.
Kəmərin ötürücülük gücünün 2023-cü ildə
23 milyard kubmetrə,
2026-cı ildə 31 milyard
kubmetrə çatdırılması
gözlənilir.
Xatırladaq ki, TANAP üzrə
Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar.
O vaxtdan bəri layihə ilə bağlı bütün danışıqlar və
işlər uğurla
irəliləyir.
2015-ci il də
TANAP-ın salnaməsinə
bir çox əhəmiyyətli hadisələrlə
yazıldı. Fevral ayında
Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin görüşü
keçirildi. Həmin
tədbirin iştirakçısı
olan Türkiyənin o
vaxtkı energetika və təbii sərvətlər naziri Taner Yıldız çıxış edərək
əsas fikrini dəhlizin ölkəsinin
ərazisindən keçəcək
hissəsi -
TANAP üzərində cəmləşdirərək
dedi: “İndiyə qədər ərsəyə
gətirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və digər layihələrimiz kimi son dərəcə əhəmiyyətli
olan bu layihənin
də uğurla reallaşacağına heç
kimdə şübhə
yoxdur. Artıq bu layihə
siyasi, texniki, iqtisadi və maliyyə baxımından
bütün tərəflərin
dəstəyini alıb
və ortaq faydaya əsaslanan bir layihə halına gəlib”.
Ötən il martın 17-də isə Qars vilayətinin Səlim rayonunda TANAP-ın tikintisinin təməli qoyuldu. Mərasimdə Azərbaycan Prezidenti
İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak etdilər.
Təməlqoymadan sonra nəzərdə
tutulan bütün işlər qrafikə uyğun davam edir. Belə ki, keçən il boruların
düzüləcəyi ərazilərdə
yolaçma işləri
aparıldı, kəmərin
marşrutu boyu “saxlama sahələri” adlanan obyektlərə gətirilən polad borular qaynaq edildi. Borular tikinti sahələrinə
daşınaraq xətt
boyunca düzüldü
və digər işlər görüldü.
İndiyədək daxil olmuş
boruların 20 faizi Çinin, qalanları isə Türkiyə istehsalıdır.
Məlum olduğu kimi, kəmər böyük bir məsafə qət edəcək və keçdiyi ərazilərin coğrafi
şəraiti müxtəlifdir. Tikinti eyni
zamanda texniki cəhətdən də mürəkkəbdir. Qazı nəql
edən boruların diametri kəmərin ayrı-ayrı hissələrində
müxtəlif ölçüdə
olacaq. Türkiyənin sərhədləri daxilində biri Əskişəhərdə, digəri
Trakyada olmaqla qazın şəbəkəyə
qoşulması üçün
iki çıxış
nöqtəsi inşa
ediləcək. Odur
ki, inşaatçılar
məsuliyyətli və
mürəkkəb bir
iş yerinə yetirirlər. Lakin bütün bunlara
baxmayaraq, kəmərin
tikintisinin müvəffəqiyyətlə
başa çatacağına
şübhə yoxdur.
Xatırladaq ki, TANAP təbii qazı Türkiyənin Şərq sərhədindən
Qərb sərhədinə
daşıyaraq bütün
ölkədə sabit
tranziti təmin edəcək. Bu boru xəttinin bir ucu başlanğıcını
Azərbaycandan götürən
və hazırda genişləndirilməkdə olan
Cənubi Qafqaz Boru Kəməri, digər ucu isə qazın Avropaya nəqli üçün nəzərdə
tutulan TAP-la
(Transadriatik Qaz Boru Kəməri) birləşəcək. TANAP-ın
5 il ərzində
reallaşması və
dəyərinin 10 milyard
ABŞ dolları olacağı
gözlənilir. Layihə dörd
mərhələdə həyata
keçiriləcək. İlk mərhələnin 2018-ci ildə
başa çatacağı
planlaşdırılıb.
Nazirlər Kabinetinin sözügedən
iclasında Prezident İlham Əliyev bir daha bu
layihənin təşəbbüskarının
Azərbaycan olduğunu,
əsas iqtisadi yükün bizim üzərimizə düşdüyünü
və onu tərəfdaş ölkələrlə
birgə həyata keçirdiyimizi
vurğulamışdır. Dövlət
başçısı
TANAP-da işlərin
uğurla davam etdiyini də bildirmişdir.
Flora SADIQLI,
Azərbaycan. - 2016.- 17 yanvar.- S.5.