Prezident İlham Əliyev Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçin etimadnaməsini qəbul edib.

Səfir İqor Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

İqor Yukiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Sloveniyanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin uğurla inkişaf etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkəmizin iqtisadiyyatının müxtəlif sektorlarında çalışan Sloveniya şirkətlərinin və Sloveniyada çalışan Azərbaycan şirkətlərinin işindən danışan dövlətimizin başçısı onların fəaliyyətlərinin daha da genişləndirilməsi üçün səmərəli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini bildirdi. Səfir İqor Yukiçin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona işində müvəffəqiyyətlər arzuladı.

Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri İqor Yukiç əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Diplomat hər iki ölkənin biznes nümayəndələrinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dedi. Sloveniyalı səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə ölkələrimiz arasına ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulandı.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.-19 yanvar.-  S.2.