Azərbaycan Londonda keçirilən Dünya
Təhsil Forumunda uğurla
təmsil olunur
Londonda ənənəvi Dünya Təhsil Forumu işə başlayıb. Azərbaycan Forumda təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə uğurla təmsil olunur.
Bu Forumda dünya əhalisinin 80 faizinin yaşadığı ölkələr nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı, təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər.
Forum Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin “British Council” və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir.
Açılış mərasimində İngiltərənin təhsil naziri xanım Nikki Morqan və digər çıxış edənlər Forumun əhəmiyyətindən bəhs ediblər. N.Morqan iştirakçılara uğurlar arzulayaraq, tədbirin dünya təhsil sistemindəki ümumi məsələlər, problemlər və ayrı-ayrı ölkələrdəki tədris siyasəti baxımından faydalı olacağına əminliyini ifadə edib.
Daha sonra
Forum sessiyalarla işini
davam etdirib.
Nazir Mikayıl
Cabbarov Forum çərçivəsində
bir sıra ölkələrin nümayəndələri
ilə ikitərəfli
görüşlər keçirib. Görüşlərdə
Azərbaycanda təhsilin
prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq
imkanları ətrafında
müzakirələr aparılıb.
Forum yanvarın 20-dək davam edəcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
Azərbaycan. - 2016.- 19 yanvar.- S.7.