“Made
in Azerbaijan”
Bu brendlə məhsullarımızın
dünya bazarlarına ixracında yeni mərhələ başlanacaq
Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabətqabiliyyətliliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin son illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.
Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Aparıcı reytinq agentlikləri 2015-ci ildə müsbət reytinqlərimizi təsdiq ediblər. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Son illər ərzində qeyri-neft sektorunun inkişafı aparılan uğurlu islahatların nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun da yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir.
Sosial-iqtisadi inkişafın yeni mərhələsi həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu, təsadüfi olmayıb, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən cənab İlham Əliyev iqtisadi inkişaf prosesində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malikdir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerli və xarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır.
Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzində olacaqdır.
Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ölkədə iqtisadi liberallaşma və demokratikləşmə istiqamətində mühüm addım olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə qəbul olunmuş qanunla 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması da bu islahatların praktik davamı kimi xüsusi vurğulanmalıdır. Bu addımlar, mahiyyətcə qlobal maliyyə böhranı dövründə təkcə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına deyil, həm də demokratik inkişafın, sabitliyin qarantı olan orta burjuaziyanın formalaşmasına yönəlmişdir.
Azərbaycan bu gün qeyri-neft
sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun
inkişafı, sənaye
müəssisələrinin yaradılması, respublikamızın
xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına,
münbit turizm məkanına çevrilməsi
üçün bütün
imkanlar səfərbərliyə
alınmışdır. Xüsusən də regionların
sosial-iqtisadi inkişafı
tədbirlərinin genişlənməsi
ölkəmizin sənaye
potensialının gücləndirilməsi
zərurətini də
ön plana çıxarmış və
bu istiqamətdə müəyyən addımlar
atılmışdır.
Azad sahibkarlıq fəaliyyətinə
geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun
yeniləşdirilməsi, regionların
tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin
həyata keçirilməsinin
mümkünsüzlüyünü özünəməxsus rasional
yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Sahibkarlığın inkişafına böyük
diqqətin göstərilməsi, iş adamlarının
beynəlxalq bazarlara çıxması üçün
əlverişli imkanların
yaradılması aparılan
syasətin məqsədyönlülüyündən
xəbər verir. Qlobal böhranın səngimədiyi
bir şəraitdə
daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin
həllinə imkan yaradacaq.
Ötən müddətdə ölkə
iqtisadiyyatının əsas
hərəkətverici qüvvəsi
olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər
əldə olunmuş,
onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil
etmiş, rəqabətqabiliyyəti
və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənmişdir. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında ixracyönümlü
iqtisadi model əsas götürülərək yüksək
əlavə dəyər
yaradan ixracyönümlü
iqtisadiyyata transformasiya
mühüm məqsəd
kimi müəyyən
olunmuşdur. Bu çərçivədə əsas
vəzifələrdən biri
qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac imkanlarını genişləndirməkdir.
Prezident
İlham Əliyev qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması,
rəqabətqabiliyyətli qeyri-neft məhsullarının
istehsalı və ixracının, ənənəvi
və yeni bazarlara çıxış
imkanlarının artırılması,
bu sahədə əlverişli şəraitin
daha da genişləndirilməsi
məqsədi ilə
18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında” sərəncam
imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti aşağıdakı
məsələləri tənzimləyən
normativ hüquqi aktların layihələrini
hazırlayıb ölkə
başçısına təqdim
etməlidir. Bu sırada kənd təsərrüfatı
və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin
verilməsi mexanizmi, xarici ölkələrə
ixrac missiyalarının
təşkil edilməsinə,
xarici bazarların araşdırılması və
marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin xarici
bazarlarda təşviqinə,
yerli şirkətlərin
ixracla bağlı xarici ölkələrdə
sertifikat və patentlərin alınmasına,
ixracla əlaqəli tədqiqat-inkişaf proqram
və layihələrinə
çəkilən xərclərin
dövlət büdcəsi
hesabına ödənilən
hissəsi və ödənilmə mexanizmi,
potensial ixrac bazarları ölkələrində
logistika mərkəzlərinin
yaradılması ilə
bağlı təkliflərini
iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etməlidir.
Həmçinin ixrac məlumat
bazasının (elektron
portal) formalaşdırılması da nəzərdə tutulub.
Azərbaycanda həyata keçirilən
liberal iqtisadi siyasət,
makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin
edilməsi, dayanıqlı
iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək
verən siyasətin dərinləşdirilməsi qeyri-neft
sektorunun sürətlə
inkişafına stimul
verib. Ölkə başçısının “Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında” sərəncamı
rəqabətqabiliyyətli qeyri-neft məhsullarının
istehsalı və ixracının artırılmasına
imkan yaradacaq və daha böyük
iqtisadi dividendlərin
əldə olunmasına
gətirib çıxaracaq.
Elnur HACALIYEV,
Azərbaycan. - 2016.- 20 yanvar.- S.1, 3.