Yaponiya televiziyasında 20 Yanvar faciəsi barədə xüsusi veriliş yayımlanıb

 

Yaponiyanın “World Investors TV” internet televiziyasında 20 Yanvar hadisələrinə həsr olunan xüsusi veriliş yayımlanıb.

Bildirilib ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdi.

Vurğulanıb ki, xalqımız o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada olmaması günün ən böyük həqiqəti kimi dərk olundu. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola hadisələrdən dərhal sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Verilişdə qeyd edilib ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Veriliş zamanı faciənin əks olunduğu fotolar da yapon tamaşaçılara təqdim olunub.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 7.