“Qayıdacağam” - dedi... qayıtmadı

 

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda, ondan bir neçə saat əvvəl Kərki və Sədərək kəndlərində baş verən qanlı hadisələr heç zaman yaddaşlardan silinməyəcək, daim xatırlanacaq. Həmin gün yanvar ayının 19-da Sədərək kəndi ətrafında gedən döyüşdə 31 nəfər mərd, qeyrətli oğlumuz qanına qəltan oldu.

Şəhid olanlar arasında Məhərrəm Seyidov da var idi. Onu yaxından tanıyırdım. Sadə, təvazökar, səmimi mehriban bir insan kimi. Ən böyük arzusu Vətənin azadlığı, ərazi bütövlüyü, bölünməzliyi idi. Elə bu arzu, bu istək uğrunda canını fəda etdi. Bir istəyi vardı: dörd körpə övladını böyüdüb ərsəyə çatdırmaq... Təəssüf ki, bu, ona qismət olmadı.

Polis kapitanı Məhərrəm Seyidov 1952-ci ildə Şərurda Mirəziz kişinin evinə özü ilə bahar nəfəsli sevinc gətirdi. Böyüdü, boya-başa çatdı. Təhsil yolları Şərur şəhərindəki orta məktəbdən keçərək Bakı Xüsusi Polis Məktəbində tamamlandı. 1978-ci ildə həmin məktəbi bitirib Ordubad rayonunda zabit kimi işə başladı. 1984-cü ildə doğulub boya-başa çatdığı rayona göndərildi. Bir müddət sahə müvəkkili işlədi, sonra rayon polis şöbəsində baş inspektor vəzifəsinə təyin edildi.

Yanvar ayının o ağrılı-acılı günlərində bütün Şərur gəncləri kimi, Məhərrəm od-alov içərisinə atıldı.  Ömür-gün dostu Şəkər xanım onun sağ-salamat qayıtması üçün nəzir dedi. Ana qəlbi 4 körpə balasına baxdıqca qubarlandı. Məhərrəmin evdən çıxarkən uşaqları bir-bir bağrına basıb dediyi sözlər bütün vücudunu silkələdi: “Atamdan, anamdan, uşaqlardan muğayat ol, məndən ötrü narahat olma. Darıxmayın, qayıdacağam, mütləq qayıdacağam!..

Getdi, amma Vətən naminə bir parça torpaq olub Vətən torpağına qarışdı. Neçə-neçə saf arzusu, diləyi, istəyi özü ilə bərabər torpağa gömüldü.

Dözümlü olurmuş ana ürəyi. Həsrət dolu köksü qubar bağlamış, yol çəkən nisgilli gözlərində yaş donmuş Zeynəb xala hərdən gecələr ata həsrətli nəvələrini ovundurmaq üçün gah laylay, gah da astadan bayatı dedi onlara...

Sədərək kəndi ətrafındakı döyüşlərdə şəhid olanlar yanvarın 20-də torpağa tapşırıldı. Onlardan ikisi - sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Məhərrəm Seyidov oğlanqalalı Mirhəşim Seyidov Şərur şəhərində Şəhidlər xiyabanında uyuyur.

... Xeyirxah işləri, əməlləri zaman da silə bilmir, nəsildən-nəslə keçir, yaşayır, tarixə qızıl xətlərlə yazılır. Şəhidlərimiz əbədiyaşardırlar, onlar daim bizimlədir, ad-sanı, xatirəsi həmişə qəlbimizdədir.

 

Elman MƏMMƏDOV,

Şərurun səsiqəzetinin redaktoru, əməkdar journalist

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 9.