Ölümün gözünə dik baxdı

 

Azərbaycanın müstəqillik tarixinə qanlı, eyni zamanda şanlı hadisə kimi yazılan 20 Yanvar hadisələrindən 26 il keçsə , xalqımız həmin günlərdə şəhid olmuş övladlarını daim xatırlayır, ehtiramla yad edir.

Bakıda baş verən hadisələrdən bir gün əvvəl Ermənistanın Naxçıvanla sərhəd bölgələrinə də hücumlar təşkil olunmuşdu. Məqsəd qarışıqlıqdan istifadə edərək Naxçıvanın Azərbaycanla əlaqəsini kəsmək, onu blokada vəziyyətinə salmaq, daha sonra isə işğal edərək Ermənistana birləşdirmək idi. Ümumiyyətlə, 1989-cu ilin son günlərindən başlayaraq muxtar respublikanın Sədərək, GünnütHavuş kəndləri müxtəlif aralıqlarla atəşə tutulurdu. Xüsusən Sədərək istiqamətində hücumlar daha da artdı. Ermənilər muxtar respublikanın bütün istiqamətlərində hücuma başlamışdılar. Lakin Naxçıvanın qəhrəman oğulları düşmən gülləsindən qorxmayaraq onun müdafiəsinə qalxdılar. Sədərək istiqamətində hücumların daha intensiv və kəskin xarakter aldığı ərəfədə Naxçıvanın hər tərəfindən köməyə gəldilər.

Belə igidlərdən biri İdris Məmmədov idi. 1959-cu il sentyabr ayının 23-də Naxçıvan şəhərində anadan olan İdris o vaxt çilingər işləyirdi. 1989-cu ilin dekabr ayının ortalarından etibarən Sədərəyə gələn İdris düşmən həmlələrinin qarşısının alınmasında iştirak edirdi.

Yanvarın 19-da Sədərək kəndindəki Koroğlu bulağının yanında yerləşən Qaraburun postunda növbədə ikən kəndə aramsız hücumlar başlayır. Sədərək kəndinin bir çox evləri top atəşindən dağılır, iki körpə - ElvinMalik Nəsirov qardaşları şəhid olur. Atışma zamanı düşmən gülləsi İdrisin sinəsinə də tuş gəlir.

İdris Məmmədovun cəsədini atəş altından çıxarmaq da iki şəhid qardaşın atası Tofiq Nəsirovun qismətinə yazılır. Tofiq kişi o günləri belə xatırlayır:

- Yanvar ayının 19-u, günorta vaxtı idi. Düşmən kəndi top atəşinə tutur, muxtar respublikanın ən böyük kəndi olan Sədərəyi ələ keçirmək istəyir. Düşmənin hücum xəbəri hər yerə yayıldığından Şərurdan Ordubadadək, Şahbuzdan Culfayadək hər tərəfdən Sədərəyin müdafiəsinə axışırdılar. Biz də əlimizə düşən ov tüfəngi ilə, çox az sayda avtomatla kəndin müdafiəsinə qalxmışdıq. Həmin gün ön postda növbədə İdris Məmmədov idi. Mən onu dəyişmək üçün posta yaxınlaşanda gördüm ki, tərpənmir. Yaxınlaşanda gördüm ölüb. Bu, çox ağır bir mənzərə idi. Onu çiynimə alıb Koroğlu bulağına kimi gətirdim. Daha sonra döyüş bölgəsindən çıxara bildik. Dediyim odur ki, məhz İdris kimi igid oğulların sayəsində düşmən Naxçıvanın bir qarış torpağını da ələ keçirə bilmədi.

İdris Məmmədov Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında öz səngər yoldaşları ilə yan-yana uyuyur. Naxçıvan şəhərindəki küçələrdən biri şəhid İdrisin adını daşıyır. Həmin küçədə onun böyük bir barelyefiqoyulub.

Naxçıvan şəhərindəki Xatirə Muzeyində qəhrəmanlıq tariximizi özündə qoruyub saxlayan eksponatlar arasında İdris Məmmədov və digər şəhidlərimizə aid əşyalar, döyüş yolunu əks etdirən məlumatlar qorunub saxlanılır.

 

Elxan MƏMMƏDOV,

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 10.