Qürur ünvanı
20 yanvar 1990-cı il.
O gecə qırmızı
imperiyanın qara niyyətləri Bakıya doğru tuşlanmışdı.
Bu tarix xalqımızın
qan yaddaşına əbədi həkk olundu. Həmin gündən 26 il
ötsə də, sovet ordusunun Azərbaycan xalqına qarşı planlı
terror aktı bəşər
tarixində insanlığa
sığmayan ən ağır cinayət kimi qaldı. Öz milli azadlığı, ərazi bütövlüyü
uğrunda qətiyyətlə
mübarizəyə başlayan
xalq kütləvi terrorla üz-üzə oldu. Yüzlərlə günahsız insan
totalitar sovet rejiminin cinayətlərinin
qurbanına çevrildi.
Ən dəhşətlisi
odur ki, bütün bu hadisələrin başında
məhz həmin il “Sülhə
göstərdiyi xidmətlərə
görə” Nobel mükafatı
qazanan keçmiş
SSRİ -nin rəhbəri
Mixail Qorbaçov dayanırdı.
O Qanlı Yanvar gecəsində qırmızı
imperiyanın hərbi
hissələri həm
quru, həm dəniz yolu ilə Bakı şəhərinə hücum
edərək görünməmiş
vəhşiliklər törətdilər.
Müdhiş şənbə gecəsinin
qan izləri şəhərin çox
yerinə hopmuşdu.
Bakının 20 yanvar dairəsi
- şəhərin giriş
qapılarından biri
də o dəhşətlərə
şahidlik etmişdi.
O gecə imperiya ordusu dinc əhaliyə
zərrə qədər
də güzəşt
etmədi. Qocaları, xəstələri, uşaqları fərq qoymadan hədəf seçdi. Şəhid balasının fəryadı,
anaların ah-naləsi
ərşə qalxmışdı.
Amma zalım dünya haqq səsimizə hay vermirdi. İmperiya qəzəbinə tuş gəlmiş Azərbaycan bir qanlı gecənin qurbanlarını sayırdı,
vətən ağı
deyirdi.
O gecə sinoptiklər Bakıya qərənfil yağışı deməmişdi.
Amma qərənfillərin
göz yaşları dolu kimi süzülürdü,
elə bil şaxtalı-sazaqlı gecənin
sərtliyini əridirdi...
Adamlar bir-birinə sığınıb
zalımın zülmünü
sovuşdurmaq üçün
Tanrıdan güc, qüvvət, səbir, təmkin diləyirdilər.
Ayaq üstə qalan şəhər sabahın
açılmasını gözləyirdi.
Gözləyirdi ki, xalq öz qəm
karvanını sonuncu
mənzilə yola sala bilsin...
O gecə 20 Yanvar dairəsi də şəhid qanına boyanmışdı. Həmin yerdə
şəhid olanların
əziz xatirəsinə
memorial abidə kompleksi
ucaldılıb. Eni
50, hündürlüyü 7 metrdir. Ölüm məqamında da
bir-birinə dayaq olan bu günahsız
vətən övladları
qranit lövhə üzərində hamıdan
uca, hündür görünürlər. Ona görə
ki, onların amalı, əməlləri
müqəddəs bir
istəkdən yoğrulmuşdu.
O şəhidlər imperiya
ordusunun sərt qanunlarına təslim olmadılar. Sübut etdilər ki, azadlığı qazanmaq üçün canından
da keçməlisən...
O qanlı gecənin şəhidləri yeni bir nəslin azadlıq himnini, vətən nəğməsini yazdılar. İmperiya buxovlarından xilas olmağın yolu qanlı-qadalı günlərdən keçirdi. O Qanlı Yanvar gecəsində bizim harayımıza əxlaqi sərvət kimi qazandığımız bir milli meyar - cəsarətimiz çatdı. Biz halal haqqımızı - azadlığımızı qorxa-qorxa, çəkinə-çəkinə tələb etmədik. Xalqımız mərdliyini göstərdi.
Azadlıq yolunu seçənlər imperiyanın sərt təpkisinə-topuna, tüfənginə, mərmisinə tuş gələcəklərini bilirdilər. Bilirdilər ki, kommunist rejiminin sərt qanunları, saxta humanist şüarları hər an unudub onları məhv edə bilər. İmperiyanın üzdə görünən tərəfləri ilə daxili hegamonluğu arasında hər şey açıq-aydın görünürdü. Nə qədər pərdələnməyə, ört-basdır etməyə çalışsalar da, bu xalq halal haqqını, öz müqəddəratını həll etməyə, taleyini qorumağa hazır idi. Artıq elə bir mərhələ yetişmişdi ki, heç bir müqavimət, sərt təpki xalqı azad yaşamaq istəyindən döndərə bilməzdi. Bu, zamanın tələbi idi. Millətin daxili səsi, harayı bizi itirdiklərimizi tələb etməyə vadar edirdi...
O müdhiş yanvar gecəsində Bakının indiki 20 Yanvar dairəsində, imperiya ordusunun vəhşilikləri ilə üz-üzə qalan adamlar həlak olurdular. O yerdə ucaldılan abidə kompleksinin divarları üzərində 147 nəfərin adı həkk olunub. Özü də qızılı hərflərlə! Abidə önündə dayanıb bu adları oxuyanda qəribə hisslər keçirirsən. İlahi, nə qədər insanın yarımçıq taleyi qırılıb, arzuları, istəkləri tamamlanmayıb. Amma o gecə şəhid olanlar nəyin uğrunda həlak olduqlarını yaxşı bilirdilər. Bilirdilər ki, vətən belə oğulların qüruruna, təəssübkeşliyinə, cəsarətinə güvənir. Neçə əsrlər ötsə də, bu qranit lövhədə, bir də yeni nəsillərin yaddaşında o adamların adı və əməlləri yaşayacaq. Bizim hər birimiz o şəhid övladların yarımçıq qalan arzularını göyərtmək üçün mənəvi məsuliyyətimzi dərk etməli, onların ruhu qarşısında borcumuzu ödəməliyik.
Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşlar Azad Əliyev, Cavanşir Dadaşov bitkin bir əsər, dolğun kompazisiya yaratmaq üçün müxtəlif mənbələrdən faydalanıblar. Amma xalq ruhu, əyilməzlik simvolunun təcəssümü başlıca meyar kimi əks olunub. Təxəyyüllə həqiqətin simvolu, insan xarakterinin, mətinliyinin qranit lövhədə həlli hər kəsdə o günlərə qayıdış əhvalı yaradır, faciənin ağrısını-acısını yaşadır.
Totalitar sovet rejimi o gecə Bakıda tarixin qanlı bir səhifəsini yazdı. Hələ də bu qara səhifəni yazanlar qanunla mühakimə olunmayıb.
Bir gecədə 134 nəfər
mülki vətəndaş
öldürülüb, 600 nəfər yaralanıb.
Amma bu bəşəri faciədən bir müddət dünya xəbərsiz qalıb.
Azərbaycan informasiya blokadasında
öz dərdlərinə
yalnız daxildə əlac axtarırdı.
Yalnız ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra Qanlı 20 Yanvar hadisələrinə
hüquqi-siyasi qiymət
verildi. Əlaqələrimizin meridianı xeyli
genişləndi. Bu istiqamətdə məqsədyönlü
addımlar atıldı,
ciddi işlər görüldü. Dünya dərdimizə
şərik olur, səsimiz beynəlxalq qurumlarda eşidilir.
Bəşir ŞƏRİFLİ,
Azərbaycan. - 2016.- 20 yanvar.- S. 10.