Xalqımızın qəhrəmanlıq tarixi

 

Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 1990-cı ilin 20 Yanvarıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edən, azadlıq, müstəqillik və suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədi ilə həmin gün imperiya qüvvələri Bakı şəhərinə tərkibində ermənilər də olan qoşun yeritdilər. Təcavüz nəticəsində 140-dan çox mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə insan həbs edildi, ya da ömürlük şikəst oldu. Günahsız vətəndaşların üzərinə sovet qoşunlarının bu hücumu 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının davamı idi.

1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsi, respublikamızın ərazi bütövlüyünün pozulmasına edilən cəhdlər, İttifaq rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, buraxılan kobud səhvlər Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Bu kəskinləşmənin əsas səbəblərindən biri isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ probleminin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. Ölkəmizdə milli-azadlıq mücadiləsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda baş qaldıran erməni separatizmi həm də qədim türk torpaqları sayılan indiki Ermənistan ərazisindən 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulmasına səbəb oldu. Həmin dövrdə nümayiş və mitinqlərdə əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq İttifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zorla öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi və Moskvaya itaət göstərməsi idi.

Respublikada yaranmış özbaşınalıqdan və hərc-mərclikdən məharətlə istifadə edən SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif iğtişaşlar törətdilər. Azərbaycanı informasiya blokadasına aldılar. Dəhşətli faciədən az öncə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Radio işləmir, qəzetlər nəşr edilmirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuşdur. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə, qan axıdılması ilə müşahidə edilmişdir.

Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti pisləyən bəyanat verdi. Ulu öndər bununla da, Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya bəyan etdi, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün ümummilli lider Azərbaycan KP MK-ya, respublikanın Ali Sovetinə və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla, ulu öndər bütün dünya qarşısında 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin bünövrəsini qoydu.

Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələnin yenidən gündəmə gətirilməsinə nail oldu. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qanla yazılan 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Hələ 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu öndər 1993-cü ilin iyununda ölkədə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsünburada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu...

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini vacib vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına tikilən fərdi və yaşayış evlərinin sayı ildən-ilə artır.

Xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fonduonun prezidenti Mehriban xanım Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da bu istiqamətdə həyata keçirdiyi tədbirlər yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ münaqişəsi, xalqımızın qanlı tarixi 20 Yanvarla bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Xalqımız 20 Yanvar faciəsinin 26-cı ildönümünü qeyd edir, canlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban verən mərd oğul və qızlarımızın fədakarlığı, onların əziz xatirələri ehtiramla yad olunur.

Prezidentin 16 yanvar 2016-cı il tarixli fərmanına əsasən 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, eləcə də həmin tarixli digər sərəncamı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği cari il fevralın 1-dən 10 faiz artırılmışdır. Bir neçə gündür ki, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı görüşlər, konfrans və toplantılar keçirilir, mühazirələr söylənilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılır. Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçirilir, xalqımızın qəhrəmanlıq tarixinə çevrilmiş 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar verilir, Azərbaycandakı əsas dini qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə mərasimlər təşkil edilir.

Bundan əlavə, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlər keçirilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar genişliyi ilə gündəmə gətirilir.

Azadlıq, istiqlaliyyət, müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divan, sanki dünən baş vermişdir. Xalq o günü heç vaxt unutmur. Dinindən və irqindən asılı olmayaraq on minlərlə Azərbaycan vətəndaşı, ölkəmizdə səfərdə olan xarici ölkə başçıları, turistlər və qonaqlar Bakının ən uca yerində hamımız üçün müqəddəs sayılan, xalqımızın qəhrəmanlıq tarixini özündə yaşadan Şəhidlər xiyabanına gedir, müstəqillik uğrunda sinələrini sipər etmiş mərd oğul və qızları böyük ehtiramla yad edir, məzarları önünə tər gül-çiçək dəstələri düzürlər.

 

Rəhman SALMANLI,

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 10.